Siyasət

106 illik yol: parçalanmadan və xəyanətdən Zəfərədək…

30 Mart 2024 20:36
Baxış: 1 748

Tanrının qüdrəti sonsuzdur, lakin bəndə yaşadığı məmləkətin rifahını istəyirsə, xalq olmağı bacarmalı, sonra millətə çevrilərək liderini müəyyənləşdirməlidir.

Tarixdə şəxsiyyətin rolu hər zaman gərgin mübahisələrə səbəb olub. Texnologiyalar nə qədər inkişaf etsə də, şərait və şərtlər nə qədər dəyişsə də, tarixi proseslərin formalaşmasında və istiqamətlənməsində şəxsiyyətin rolu mübahisəsizdir.

Lider - yalnız irəliyə doğru yolu görən yox, həm də ətrafındakı insanları, xalqı bu yolla irəliləməyə ruhlandıran, sövq edəndir. O, böyük qətiyyətə, iradəyə, ambisiyalara, müdrikliyə, intellektə malik insan, cəmiyyətin can atdığı hədəfləri görə bilən şəxsdir.

Əsl liderin xalqın və cəmiyyətin inkişafında, dəyişməsində fərdi yeri əvəzsizdir. Lakin şəxsiyyət vakuumda olmur: o, daim cəmiyyətlə, insanlarla ünsiyyətdədir. Lider həmişə dəyişikliklərin təkanverici qüvvəsi olsa da, məhz cəmiyyətin və xalqın dəstəyi ona uğur əldə etməyə imkan verir.

Azərbaycan cəmiyyətində də liderin yeri və rolu fundamentaldır. Lider cəmiyyətimizi ruhlandırır, idarə edir, istiqamətləndirir.

Tarixin hökmü, talenin xalq vasitəsilə seçimi ilə Azərbaycanı indi lider idarə edir.

Qlobal geosiyasətə "xalqa arxalanan güclü hakimiyyət", "neft gəlirlərinin iqtisadiyyatı dirçəltməsi", "Azərbaycan paradoksu" kimi ifadələrin gəlməsinə səbəb olan insan ötən əsrin əvvəllərində üç imperiya arasında sıxılıb qalan, tarixin gərdişi ilə müstəqillik əldə edib dünyanın böyük güclərinə meydan oxuyan kiçik ölkə Azərbaycan indi dünyanın ən qüdrətli geostrateji mərkəzləri ilə bərabərtərəfli təmaslardadır.

Bu, əsl paradoks, siyasi möcüzə deyilmi?!

... "Bizə fəlakət və səfalətdən başqa bir şey verməyən ədavət və ixtilafı bir tərəfə qoyaq" deyərək Məhəmməd Əmin Rəsulzadə Azərbaycandakı ermənilərə əl uzatmışdı.

Azərbaycan Demokratik Respublikasının (ADR) parlamentində erməni və "Daşnaksütyun" fraksiyaları var idi. Amma ermənilər onlara uzadılan əli tutmadılar. Bolşevik Rusiyası sifarişlə Qarabağdakı separatçı erməniləri bizə qarşı qaldırdı. Xalq Cümhuriyyəti də öz ordusunu Qarabağa göndərməli oldu. Məhz Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 29-da qədim Azərbaycan şəhəri İrəvanı ətrafındakı 9 min kvadrat kilometrlik ərazi ilə birlikdə ermənilərə güzəştə gedib. Faktiki olaraq, bağışlayıb.

O dövrdə Bakı və İrəvan arasındakı anlaşmalara görə, erməni tərəfi Batum danışıqları və müqavilələrinə əsasən, İrəvan və ətrafındakı Azərbaycan torpaqlarının onlara verilməsi müqabilində üzərinə bir neçə öhdəlik götürmüşdü. Batum danışıqları zamanı əldə olunmuş razılığa əsasən, ermənilər Azərbaycana qarşı ərazi iddialarından imtina edəcəkdilər. Həmin öhdəliklər sırasında Ermənistan hökumətinin erməni silahlı qüvvələrinin ən tez bir zamanda Bakıdan çıxarılması üçün bütün qüvvələrini səfərbər edəcəyi, Azərbaycan qəzalarında erməni silahlı birləşmələri tərəfindən müsəlmanlara qarşı həyata keçirilən kütləvi qırğınların dayandırılması dururdu. Bundan başqa, Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməyi öhdəsinə götürmüşdü.

Lakin ermənilər məqsədlərinə nail olduqdan sonra üzərilərinə götürdükləri bütün öhdəlikləri birtərəfli qaydada pozdu və işğalçılıq siyasətini davam etdirdilər. Bununla həm Batum müqavilələrinin müvafiq maddələri, həm də ADR Milli Şurasının 29 may 1918-ci il tarixli qərarı öz hüquqi qüvvəsini itirdi. Buna görə də Xalq Cümhuriyyəti Milli Şurasının qərarına yenidən baxılmalı, həmin qərar qüvvədən salınmalı və Azərbaycan xalqının İrəvan və ətrafındakı torpaqlara tarixi varislik hüququ bərpa olunmalıdır.

Bütün hallarda, bütün iddialara rəğmən ADR-in İrəvan və Zəngəzurda bağlı qərarı böyük bir tarixi cinayət idi.

Səhv yox, cinayət.

Birincisi, o vaxt İrəvanda yaşayan azərbaycanlılardan soruşulmadı; ikincisi, nə qaçaqaç idi, hara tələsirdilər? Yəni 28 mayda respublika elan olunur, 29 mayda İrəvan ermənilərə verilir. Onun izahatı heç bir məntiqə sığmır. Guya bunu verməklə ermənilər Azərbaycana ərazi iddialarından əl çəkir. Əl çəkdimi? Yox. Daha da azğınlaşdılar.

İrəvandan Azərbaycan Xalq Cümhuriyyətində təmsil olunan nümayəndələrin etirazı nəzərə alınmadı. Yəni böyük tarixi cinayət idi. Və o bir başlanğıc idi. 1920-ci ilin aprelində sovetləşmədən sonra, noyabr ayında artıq Sovet hökuməti Qərbi Zəngəzurun böyük bir hissəsini Azərbaycandan qoparıb Ermənistana verib. Bu da tarixi faktdır, xəritələr var, 20-ci əsrin xəritələrində görünür, Azərbaycan Xalq Cümhuriyyətinin, yəni ADR-in xəritəsi var və orada Qərbi-Şərqi Zəngəzur yoxdur, bütün Zəngəzur Azərbaycan ərazisidir.

... Hazırda ən ciddi müzakirələrdən biri də Qazaxın Ermənistan ərazisində qalan kəndlərinin Azərbaycana qaytarılmasıdır.

Bu anklavların Ermənistanın "mühasirəsi"nə düşməsi və sonradan zəbt edilməsinin səbəbkarı isə Azərbaycanın sabiq Kommunist Partiyasının Mərkəzi Komitəsinin keçmiş birinci katibi Kamran Bağırovdur.

Belə ki, 1983-də ermənilər Qazax rayonu ərazisindən torpaq qoparmaq sevdasına düşdülər. Bunun üçün bütün resurslarını işə saldılar. Həm Moskvada, həm də Bakıda bütün şəbəkə aktivləşdirildi. Böyük hissəsi Kəmərli kəndinin meşələri olmaqla, Əskipara dərəsinin, Cəfərlinin üstü, Sofulu və Bərxudarlı kəndlərini Qazaxa birləşdirən strateji yüksəkliklər ermənilərə peşkəş edildi.

Ümumilikdə 3 min hektardan çox ərazi...

Öncə Azərbaycan Kommunist Partiyasının katibi Şamil Rəsizadə Noyanberyan tərəfdən ermənilərlə birgə Kəmərli meşələrinə gəldi, burda yığışmış yerli əhaliyə ermənicə salam verdi.

Sinirlənmiş yerli sakinlər Ş.Rəsizadəni döyür, sonra Kəmərli kəndinə gətirirlər.

Təbii ki, həmin kəndlilər təqiblərə və həbslərə məruz qaldılar.

Daha sonra Mərkəzi Komitənin ikinci katibi, rus canişini Viktor Polyaniçko Qazax rayonuna gəlir, camaatı dilə tutmağa çalışır, vədlər verir.

Bir nəticə hasil olmur.

Sonunda Qazax rayonuna Azərbaycan KP MK rəhbəri Kamran Bağırov gəldi.

Rayon sakinləri qarşısında çıxxışında o, dedi: "Əziz həmvətənlər, mənə yazığınız gəlsin. Məni 8 saat Moskvada ayaq üstə saxladılar. Təzyiq edirlər. Elə bilin, mənə verirsiz. Mən ölüm, mənə bağışlayın!"

Bir qədər də keçdi, K.Bağırov rayonun Bala Cəfərli kəndinin ərazisində erməni restoranında Ermənistan KP MK-nın birici katibi Karen Dəmirçiyanla oturub toraqlarımızın ermənilərə hədiyyə edilməsini nəzərdə tutan sənədi imzalayıb.

Nəticədə Qazaxın 3 kəndi Ermənistan ərazisində anklava çevrildi, 4 kəndi isə işğal olundu.

... K.Bağırovdan sonra Azərbaycan KP MK-nın birinci katibi təyin edilmiş Əbdürrəhman Vəzirov respublikanı 1988-ci ilin mayın 21-dən 1990-cı ilin yanvarın 18-dək idarə etdi.

Daha doğrusu, idarə etməyə çalışdı.

Əvvəllər səfir, sonra isə Gəncədə vilayət partiya komitəsinin sədri işləmiş bu şəxs isterik, volüntarist, sürəkli olaraq qərarlarını və mövqeyini dəyişən fiqur kimi tanındı.

Həmin dönəmdə SSRİ-yə rəhbərlik edən Mixail Qorbaçovun təyin etdiyi Ə.Vəzirov o vaxtkı müttəfiq respublikaların başçıları arasında ən az nüfuzlu və zəif insan kimi tanınırdı. Sovetlər Birliyinin rəhbərliyində təmsil olunmuş şəxslər onu iradəsiz, qətiyyətsiz, respublikanı idarə etmək üçün yetərincə bilik və bacarıqdan xali insan sayırdılar. Fəqət, M.Qorbaçovun təyinatına aşkar etiraz etmək də olmurdu.

Əbdürrəhman Vəzirov o qədər cılız və tragikomik fiqur idi ki, Azərbaycanda onu "Bambılı" adlandırdılar.

Azərbaycan KP MK-nın sayca 13-cü katibi heç bir konseptual qərarı, ciddi fəaliyyəti iləyadda qalmadı. Onu xatirələrdə saxlayan yalnız lətifələr və ələsalma obyektinə çevrilməsi oldu.

Ə.Vəzirovdan sonrakı rəhbər - Ayaz Mütəllibov - iqtisadi və sosial islahatlara başlayacağını, əhalinin sosial rifah səviyyəsini yüksəldəcəyini vəd etsə də, deyilənlərin heç biri gerçəkləşmədi. Tam əksinə, Azərbaycanda vətəndaşlar arasında hakimiyyətə və xüsusilə də respublika rəhbərliyinə inamsızlıq az qala nifrətə çevrildi.

Kütləvi antipatiyanın Moskvadakı mərkəzi hakimiyyətin Azərbaycana qərəzli münasibəti, Ermənistanın aqressiv iddialarını tam dəstəkləməsi və ən nəhayət, Sovetlər Birliyinin dağılmağa başlaması kimi məqamların təmərküzləşməsi ağır vəziyyət yaratmışdı.

SSRİ-nin taleyi ilə bağlı "referendum"da məhz A.Mütəllibovun canfəşanlığı nəticəsində Azərbaycan sakinlərinin guya "yekdilliklə" müsbət cavab vermələri o zamanakı Bakı hakimiyyətinin tragifarslarından biri idi.

Sonrakı səhv A.Mütəllibovun Moskvada M.Qorbaçovu devirən və Forosa qaçmağa vadar edən QKÇP-ni dəstəkləməsi oldu.

Ayaz Mütəllibov siyasi iradədən, hadisələrin yaxın və orta perspektivdə inkişafını təxminləyə bilməyən, yalnız kürsüsünü qorumağı düşünən və ölkənin üzləşdiyi risklərlə çağırışların öhdəsindən gələ bilməyib təhlükələri zərərsizləşdirmək iqtidarında olmayan zəif siyasətçi, yarıtmaz idarəçi və çox pis rəhbər idi.

Onun idarəçiliyi, lider xüsusiyyətlərindən bilmərrə məhrum olması Azərbaycanın üzləşdiyi faciələri davam etdirib bəlaların sayını daha da artırdı.

A,Mütəllibovdan sonra Azərbaycan Xalq Cəbhəsiilə Müsavatın birgə hakimiyyəti, Əbülfəz Elçibəyin prezidentliyi oldu.

11 ay davam etmiş AXC-Müsavat tandeminin hakimiyyəti Azərbaycana qarşı erməni işğalının şiddətlənməsi, iqtisadiyyatın dərin böhranla üzləşməsi, aşkar Qərbyönümlü siyasət və idiomatik bəyanatlar nəticəsində bir sıra dövlətlərlə münasibətlərin ifrat dərəcədə pisləşməsi, absurd kadr təyinatları və ölkədə yoxsulluq səviyyəsinin pik həddə çatması ilə sonuclandı.

Duumviratın rəhbəri və ölkə başçısı Əbülfəz Elçibəyin türkçü, demokrat, şəfqətli insan və s. olduğu deyilirdi, indi də deyilir.

Lakin...

Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovdan fərqli olaraq, Ə.Elçibəy təyin etdiyi kadrların çoxundan çəkinirdi. Məsələn, onun iki nazirlə küsülü olması, bir nazirin isə Ə.Elçibəyin iş otağının qapısını təpiklə vurub açması barədə deyilənlər "şəhər rəvayətləri"nə çevrilmişdi.

Daha sonra isə o, Moskvanın agenti Surət Hüseynovun qarşısından geri çəkildi, dövləti və xalqı taleyin hökmünə buraxaraq Naxçıvana, Kələki kəndinə qaçdı.

Özü də Ermənistanın işğalçı qoşunlarını fəallığının kuliminasiya dövründə. O zamanda ki, Surət Hüseynov silahlı dəstələrini və tankları Bakıya yönəldərək dağlıq və düzən Qarabağı müdafiəsiz qoymuşdu. Ermənilər Qarabağı kəndbəkənd işğal edirdilər, hələ yeni yaranan Azərbaycan Ordusunun tankları Bakıya gəlirdi, Rusiya və İranla həmsərhəd bölgələrimizdə separatizm tüğyan edirdi.

Daxili qarışıqlıq və xarici təhlükələr burulğanında qovrulan Azərbaycan məhv olmaq təhlükəsi ilə üzləşmişdi.

Və onda Heydər Əliyev xalqın tələbi ilə Bakıya döndü, hücümdakı tankların qarşısını aldı. Küçələrində xaos, hərcmərclik və sahibsizliyin bərqərar olduğu, bisavad və radikal, amma silahlı insanların hakimiyyət kabinetlərini zəbt etdiyi, qanlı çevriliş qoxusunun gəldiyi Bakının siyasət zülməti yarıldı.

"Yaxşı insan", amma çox pis prezident və yarıtmaz dövlət başçısı Əbülfəz Elçibəyin qoyub qaçdığı, faktiki olaraq yerə atdığı hakimiyyəti qəsb etməyə çalışan qaraguruhla nepotist dəstələrin qarşısını alan Heydər Əliyev ölkəni, milləti xilas etdi.

Sistem stabilliyin olmadığı, qiyamçı polkovnik Surət Hüseynovun özünü hakimi-mütləq saydığı, separatçıların ölkəni parçalamağa hazırlaşdığı, ən müxtəlif ölkələrin kəşfiyyatçılarının və casuslarının özlərini asudə hiss etdiyi Azərbaycanda siyasi cırtdanların qarşısını geosiyasət nəhəngi kəsdi, onun da kölgəsində cırtdanlar yox oldular.

Heydər Əliyev əsl Lider idi - çünki onun özü sosial və siyasi stabilliyin fərdi təcəssümünə çevrilmişdi.

... Patriarxın oğlu İlham Əliyev artıq 21 ildir ki, Azərbaycanın gerçək lideri, ən güclü və publis siyasətçisidir. Sözü ilə əməli ayrılmayan, dövlət və xalq qarşısında məsuliyyəti tam hiss edən dövlət başçısı ölkənin yeni tarix, fəlsəfə və iqtisadiyyat qaydalarını bəlirləməklə yanaşı, 30 illik erməni işğalına son qoydu.

Azərbaycan 1918-ci ildən sonra yalnız 2023-cü ildə sərhədlərini, bütövlüyünü və tamlığını bərpa etdi.

Böyük güclər və qüdrətli fövqəldövlətlərin şikarına çevrilməmək, Cənubi Qafqazda torpaqlarının 20 faizini işğalda itirmiş ölkəyə dönmək üçün İlham Əliyev xalqın yeganə qarantına çevrildi.

Xalq və Tarix tərəfindən.

O, Xalq Cumhuriyyətinin rəhbərləri kimi torpaqlarımızın bir hissəsini ermənilərə vermədi, sonrakı rəhbərlər təki bələd olmadığı hakimiyyəti fərdiləşdirmək niyyəti ilə idarəolunma proseslərin bir hissəsinə çevrilmədi, dövlətlə xalqı bütünlüşdirdi, Zəfəri hazırladı və Qələbəyə nail oldu.

İlham Əliyevin ən böyük uğurlarından biri ona miras qalmış tamamən qütbləşmiş, protest ruhlu cəmiyyətin əks düşərgələrini birləşdirmək, homogenləşdirmək və xalqı orduya çevirmək oldu. Beləcə o, millət Lideri olduğunu artıq neçənci dəfə sübut etdi.

İlham Əliyev öz misalında göstərdi ki, əsl Lider sadəcə, insani keyfiyyətlərə və məcazlara malik olmamalı - dövlətin maraqları ilə xalqın mənefeyini birləşdirərək düşünməlidir.

O, sübut etdi ki, siyasətdə realizm, soyuqqanlılıq, intellekt, səbr və məntiq qalib gəlir.

O, Rəsulzadə kimi romantik, Elçibəy təki siyasətdə "el sənətkarı" deyil - realist və praqmatdır.

İlham Əliyevin siyasəti xalqın mənafeyi, strategiyası - dövlətin maraqları, idarəetmə stili isə meritokratiya, yəni ağıllıların hakimiyyətidir.

O, ABŞ-a sərt cavab vermək, Rusiya ilə razılaşmamaq, Avropa İttifaqının rəhbərliyinin absurd ittihamlarını rədd etmək, rəsmi səfərini ləğv etmək iqtidarında olan şəxsdir.

Fenomenal cəsarət, absolyuta çatdırılmış mənəvi və əxlaqi dəyərlər toplusu, tükənməz ruhi güc, böyük güclər arasında kiçik dövlətimizi tən saydıran qüvvə.

Bu, liderin yaşam və idarəetmə tərzidir.

Unutmayaq: küçədəki kütləyə güvənən siyasi primitivlərin 11 aylıq hakimiyyətinin fəsadlarını aradan qaldırmağımız üçün tam 30 il gərək oldu.

Bir daha belə səhv etməməliyik. Qlobal imperializmin vəhşiləşdiyi dövrdə asılı dövlət, vassal ölkə, satellit etnos olmamalıyıq.

Demokratiyanın demaqoqokratiyaya dönməsinin qarşısını alan, plebeylərin hakimiyyəti ələ alaraq xalqı əldən saldıqları dövrlərə qayıdışın mümkünsüzlüyünü şərtləndirən əsas amil də budur.

Və bu, yaxşıdır...

Elçin Alıoğlu
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.