Siyasət

Gecikmiş missiya - "Qonaqlar"a Bakıdan "sürpiz siyahı"

13 Oktyabr 2023 12:12
Baxış: 2 428

44 günlük müharibədə döyüş meydanında, sonrakı proseslərdə diplomatik sahədə məğlubiyyətə düçar olan Ermənistan vəziyyətdən çıxış yolları axtarmaqdadır. Onların "Blokada" yalanı ifşa olduqdan sonra "etnik təmizləmə" iddialarını ortaya atması da bunun bariz nümunəsidir. Görünür Rusiyadan "üz çevirən" Paşinyan çıxış yolunu Cənubi Qafqazdan kilometrlərlə uzaq ölkələri bu regionun məsələsinin müzakirəsinə qatmaqda görür.

Məlum olduğu kimi Ermənistan Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycana qarşı iddialar qaldırıb, bizə qarşı ittihamlar səsləndirilib.Sözügedən məhkəmədə həmin iddialara baxılıb. Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov dinləmələrdə çıxış edərkən iddialara tutarlı cavab verib. O, bir sıra faktlarla erməni təxribatlarının üstünü açıb, lokal xarakterli antiterror tədbirlərininin başlama səbəbini açıqlayıb. Elnur Məmmədov Azərbaycanın Qarabağın mülki əhalisinə qarşı heç vaxt etnik təmizləmə həyata keçirmədiyini və gələcəkdə də keçirməyəcəyini söyləyib. O bildirib ki, sentyabrın 20-də Ermənistanın 30 illik qanunsuz hərbi işğalından sonra Azərbaycan, nəhayət, öz beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində tam suverenliyini bərpa edib. Həmçinin, nazir müavini BMT missiyasının Qarabağdakı fəaliyyəti mövzusuna da toxunub.

30 ildən çox bir müddətdə regionda ilk dəfə beynəlxalq missiya olub. Belə ki, BMT missiyası həm oktyabrın 1-də, həm də 9-da Qarabağa gəlib. Missiyanın üzvləri Ağdamdan keçərək, Əsgəran-Xankəndi istiqamətində hərəkət edib. Onlar vəziyyətlə tanış olmaq, sakinlərin humanitar ehtiyaclarını müəyyənləşdirmək məqsədi ilə Qarabağda olublar. Missiyanın tərkibinə BMT-nin müxtəlif qurumlarının nümayəndələri daxildir. Nümayəndə heyətinin səfəri üçün bütün lazımi şərait yaradılıb.

BMT missiya göndərməkdə 30 il "gecikib". İşğal müddəti ərzində və 44 günlük müharibə nəticəsində bu ərazilərin azad olunmasından sonra UNESCO və digər BMT institutlarının bu ərazilərə səfər etməməsi bunu deməyə əsas verir. Mədəni və dini irsimizin məhv olunmasına, hərşeyin dağıdılmasına, şəhərlər və kəndlərin yer üzündən silinməsi faktlarına göz yumanlar indi qarşı tərəfə bəraət qazandırmaq üçün əraziyə missiya göndəriblər və üstəlik qalıb monitorinqə davam etmək istəyirlər. Halbuki, işgal zamanı Azərbaycan dəfələrlə bu ədalətsizliklərlə bağlı beynəlxalq təşkilatlara çağırış etmişdi.

BMT missiyasının Azərbaycanda qalıb monitorinq etmək istəyi ayrıseçkilikdir və ikili yanaşmanın göstəricisidir. Əgər nümayəndə heyəti qalmaq istəyirsə onda baxılacaq digər məsələlər də var. Məsələn, 30 illik işğal nəticəsində məscidlər və digər abidələrin dağıdılması, azərbaycanlılara dəymiş zərər, 1 milyon qaçqın və məcburi köçkün problemi, mina problemi, itkin düşmüş şəxslər məsələsi və Qərbi Azərbaycan məsələsini bu siyahıya aid etmək olar. Bu sadalananları görmək üçün isə uzağa getməyə ehtiyac yoxdur, elə Ağdamdan keçəndə avtomobilin pəncərəsindən xarabalığa çevrilmiş şəhərə baxmaq kifayət idi.

Bəxtiyar Umarlı
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.