Qalibi təbrik edən çox olur, hamı qələbədə öz əməyini sübut etməyə çalışır. Kimsə qələbəyə gedən yolda keçilən çətinlikləri, itkiləri nəzərə almır. Çoxları düşünür ki, uğur asanlıqla əldə olunur. Halbuki, qələbənin yolu çətinliklərdən, əziyyətdən, itki verməkdən keçir. Bu reallıq tək sosial həyata yox, eləcə də döyüş meydanına da aiddir.
Azərbaycan bu gün separatizm üzərində qələbəsini qeyd etməyə yaxındır. Aparılan uğurlu siyasət nəticəsində separatizm son nəfəsini verir. Ermənistanın ərazimizdə qondarma "respublika" yaratmaq planları suya düşüb. Qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası başlanıb. Azərbaycan pasportu almaq istəməyən qarabağlı ermənilərin istədikləri zaman Ermənistana yollanmaları üçün humanitar dəhlizlər yaradılıb.
Vətən müharibəsindən sonra Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə Ermənistan silahlı qüvvələrinin çoxsaylı hərbi birləşmələri qalmışdı. Müdafiə Nazirliyi bir neçə gündür ki, görüntülər yayaraq gizlədilmiş silah-sursat və hərbi texnikaları nümayiş etdirir. Görüntülərdən də aydın olur ki, sözügedən ərazidə kifayət qədər böyük həcmdə silah sursat və ağır texnika saxlanılıb. Bu gün isə Xankəndindəki separatçı xuntanın "ordu"su yoxdur. Həmin hərbi birləşmələr tərksilah olunub.
Bu yuxarıda sadalananlar Müdafiə Nazirliyinin 24 saatdan az bir vaxtda həyata keçirdiyi lokal antiterror tədbirlərinin nəticəsidir. Son zamanlar baş verən təxribatlar, eləcə də, xain mina hücumu proseslərin bu istiqamətdə irəliləməsinə gətirib çıxardı. Separatçıların törətdikləri saysız-hesabsız təxribatların qarşısını almaq üçün Azərbaycanın antiterror tədbirlərindən başqa yolu qalmamışdı. Dəfələrlə barışıq təklifindən imtina edən separatçılar bir sutkalıq antiterror tədbirləri nəticəsində ağ bayraq qaldırdı.
Bir sutkadan da az vaxt dedikdə, çoxları elə düşünə bilər ki, bu çox rahatlıqla əldə olunmuş qələbədir. Halbuki, sentyabrın 20 də keçirilən antiterror tədbirləri də 44 günlük müharibədə olduğu kimi çox ağır şəraitdə reallaşdırılıb. Real şəraitdə vəziyyət Müdafiə Nazirliyinin yaydığı videolardakı PUA ilə hərbi texnikanın vurulmasına baxmaq qədər zövqlü deyildi. Hətta, tədbirlər başlanarkən, hava şəraiti münasib olmadığına görə aviasiya və dronlardan istifadə etmək çox çətin idi. Hərbçilərimiz çalışırdı ki, mülki obyektlərə, mülki şəxslərə ziyan dəyməsin. Baxmayaraq ki, Ermənistan Silahlı Qüvvələrinin hərbi birləşmələri silah-sursatı mülki obyektlərdə, yaşayış binalarında gizlədirdilər.
24 saatdan da az bir vaxt ərzində çətin hava şəraiti və mürəkkəb coğrafi relyefdə, yaxşı silahlanmış Ermənistan SQ birləşmələrinin güclü müdafiə xəttini darmadağın edərək strateji hədəflərə çataraq əraziyə nəzarəti təmin etmək heç də yazıldığı qədər asan deyil. Belə ağır vəzifənin ən qısa zamanda icrası yalnız böyük itkilər hesabına başa gələ bilərdi, lakin Azərbaycan Silahlı Qüvvələri qarşıya qoyulmuş vəzifəni mümkün olan az itki ilə yerinə yetirməyə nail olub. Bu isə SQ-nin fəaliyyətinin ən müasir standartlara uyğun qurulduğunu və yüksək peşəkarlıq səviyyəsində olduğunu deməyə əsas verir.
Sentyabrın 20-də keçirilən lokal xarakterli antiterror tədbirləri müharibə sayılmasa da, şərtləri onun qədər ağır idi. Döyüş isə itkisiz olmur, yuxarıda da qeyd etdiyim kimi, qələbəyə gedən yolda itkilər həmişə olub, amma, qarşıya qoyulmuş vəzifələrin miqyası, əhəmiyəti ilə müqayisədə itkilərimizin sayı olduqca azdır. Suverenliyimizin tam bərpasına nail olmaq üçün öz canlarını fəda edən, igidlik, qəhrəmanlıq, şücaət göstərəşəhidlərimizlə qürur duyuruq.
Bəxtiyar Umarlı
Milli.Az