Siyasət

Paşinyan xoflanıb – Müharibə olacaq?

13 Sentyabr 2023 11:58
Baxış: 2 168

Putinin sonuncu açıqlaması Rusiyanın son 30 ildə Azərbaycan Ermənistan münaqişəsi ilə bağlı siyasi mövqenin dəyişmədiyini göstərdi. Rusiya prezidentinin çıxışından belə məlum olub ki, ölkəsi həmişə Ermənistana Laçın və Kəlbəcəri  təqdim etməklə münaqişəni bitirməyi təklif edib. 

"Ermənistan özü Qarabağın Azərbaycanın bir hissəsi olduğunu qəbul edibsə, biz daha nə deyə bilərik? Ermənistan qəbul edibsə ki, Qarabağ Azərbaycanın bir hissəsidir, söhbət nədən gedir?", - deyə o bildirib.

Paşinyan bir müddət öncə Rusiyanı Cənubi Qafqazda gedən proseslərə biganə qalmaqda və bütün fikrini Ukrayna ilə müharibəyə yönəltməkdə təqsirkar bilmişdi. Bununla o, münaqişənin uzadılmasında və vəziyyətin ermənilərin lehinə getməməsində məsuliyyəti öz öhdəsindən atmaq istəyirdi. Rusiya tərəfi isə iddia edir ki, onlar həmişə "Böyük qardaş" olublar və münaqişə gedən ərazidə son sözü başqasına vermək niyyətində deyillər.

Paşinyanın Rusiyadan soyumasında Qərbin rolu varmı?

Siyasi şərhçilər Paşinyan hakimiyyəti ilə Rusiya arasında münasibətlərin uzaqlaşmasında əsaslı Qərb amilinin olduğunu vurğulayırlar. Burada isə vəziyyət bir qədər fərqlidir. Ermənistan tarixi boyu əldə edə bilmədiyi suverenliyi indi tətbiq etmək istəyir. Paşinyan öz maraqlarını hər şeydən üstün tutaraq, ölkəsinin siyasi xəttini buna uyğun istiqamətləndirmək niyyətindədir.

Qondarma rejimdəki hakimiyyət dəyişikliyinə də müstəsna rol yükləmək istəmir. Bunu belə əsaslandırır ki, qondarma rejmdəki rəhbər dəyişikliyi Ermənistan üçün elə bir siyasi əhəmiyyət kəsb etmir. Yeni lider - Şahramanyanı da təbrik etməməsi ilə bağlı açıqlamasında vurğulamışdı ki, "O, "prezident" deyil, o sadəcə Qarabağdakı ermənilərin bir növ rəhbəridir. Onların başçısıdır. Biz beynəlxalq prinsiplərlə davam etməliyik."

Münaqişənin növbəti mərhələsi kimi, müharibə olacaqmı?

İkinci Qarabağ müharibəsi erməni siyasi elitası da daxil olmaqla, bütövlükdə erməni toplumunu elə qorxudub ki, onlar çətin ki, növbəti dəfə buna cəhd etsin. Ermənilərlə yanaşı, Qərb və Rusiya da regionda yeni bir münaqişədə maraqlı deyillər. Bu səbəbdən, münaqişənin, gərginləşməyən, stabil xətlə inkşafı daha çox gözləniləndir.

Ülkər Vəliyeva
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.