Siyasət

Qorxaq Tehran rejimi özünü məhv edəcək

31 Mart 2023 15:46
Baxış: 2 081

İstisnasız olaraq bütün qonşu dövlətlərə qarşı özünü meqagüc, hegemon dövlət və "hami" kimi təqdim etməyə çalışan, əslində isə gil ayaqlı "nəhəng" olan İran İslam Respublikası regional təhdid mənbəyidir.

Dünyanın digər teokratik rejimləri, barbar hakimiyyətləri və ya diktaturalarından fərqli olaraq Tehran mollakratiyası həddən ziyadə təhlükəlidir.

Bəsitdir səbəb: Tehrandakı klerikal rejim homogen, yekcins deyil - müxtəlif qruplaşmalar, düşərgələr və dəstələr arasında gedən bitmək bilməyən qarşıdurmalar sui-qəsdlərə, amansız intriqalara və sonucda təsir dairəsini genişləndirmək üçün ən riskli, təhlükəli vasitələrə də əl atırlar.

O vasitələr bəzən həddən ziyadə iyrənc təsir bağışlayır.

Tehran teokratiyasının siyasi, mənəvi və ideoloji əsaslarının çürük, məqsədlərinin riskli və qonşu dövlətlər üçün təhlükəli olduğunu nəzərə alsaq, hələ də dünyanı orta əsrlər prizmasından görən, daim düşmən əli arayaraq vətəndaşları vasiləsiz aldatmağa çalışan rejimlə davranış modeli seçilməlidir.

Postfaktum yox, preventiv tədbirlər görülməlidir və Azərbaycan bunu görür də.

İranın Azərbaycana qarşı küdurət və düşmənçilik hissləri ilə yoğrulmuş münasibəti, daha doğrusu, münasibətsizliyi o həddə çatıb ki, rəsmi Tehran Bakının xarici siyasət müstəvisindəki qərarlarına da müdaxilə etməyə can atır.

"İran İsrailin xarici işlər nazirinin Azərbaycan xarici işlər naziri ilə "İrana qarşı vahid cəbhənin yaradılması"na dair razılaşmaya dair bəyanatlarını İsrailin Azərbaycan ərazisini İrana qarşı təhdid və təhlükə məkanına, İranın İranın milli təhlükəsizliyinə təhdid məkanına çevirməyə yönəlmiş mənfur niyyəti kimi qiymətləndirir, bunu qəti şəkildə pisləyir".

Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani deyib.

O, "İsrail və Azərbaycanın xarici işlər nazirlərinin bəyanatlarını onların əməkdaşlığının anti-İran yönümlü olmasının səssiz təqdiri adlandırıb və Azərbaycan hakimiyyətindən bu məsələ ilə bağlı izahat tələb edib".

Fikir verin: "səssiz təqdir" ifadəsini dilə gətirən iranlı diplomat özünü o qədər müqtədir və qəvi hesab edir ki, Bakıdan "izahat tələb etməyə" cürət göstərir.

Kənaninin açıqlaması təbii ki, rəsmi Tehranın mövqeyidir.

Belədə sual yaranır: nə baş verir?

Azərbaycanla münasibətləri fasiləsiz gərginləşdirən, situasiyanı açıq qarşıdurma müstəvisinə sürükləyən İranın yürütdüyü aqressiv, az qala isteriya səviyyəsinə çatan siyasət Cənubi Qafqaz üçün ciddi təhlükə mənbəyinə çevrilib.

Tehrandakı molla rejimi Bakıya qarşı apardığı hibrid savaş çərçivəsində proksi qüvvələrindən geniş istifadə etməyə başlayıb.

44 günlük İkinci Qarabağ Müharibəsində qalib gələrək 30 illik işğala son qoyan və Ermənistanı kapitulyasiyaya vadar edən Azərbaycan diplomatiya və iqtisadiyyat sahələrində də ciddi uğurlara nail olub.

Qərblə Şərq arasında tarazlaşdırılmış siyasət yürüdərək bütün ölkələrlə üfüqi qarşılıqlı münasibətlər paradiqmasını seçən Bakı Rusiyanın Ukraynada apardığı işğalçı müharibə nəticəsində kəskin enerji qıtlığı ilə üzləşmiş Avropa İttifaqı üçün etibarlı, ciddi tərəfdaşa çevrilib.

Xam neft və təbii qaz icracı layihələrinin marşrutları ilə həcmini dayanmadan artıran, Avropa İttifaqı dövlətlərinin enerjidaşıyıcıları təminatı mənbələrinin diversifikasiyası strategiyaının reallaşmasında həddən ziyadə önəmli strateji tərəfdaşa çevrilən Bakının güclənməsi, geosiyasi çəkisini artırması İranı qıcıqlandırır.

Bunun qarşısını almaq üçün malik olduğu bütün vasitələrə əl ataraq mexanizmləri işə salan Tehran rejimi Ermənistanla əlaqələri möhkəmləndirməyi, Zəngəzur nəqliyyat dəhlizi layihəsinin gerçəkləşməsinə imkan verməmək üçün "Sünik bizim üçün strateji önəmlidir, bölgədə sərhədlərin dəyişməsinin yolverilməzliyi qırmızı gizgimizdir" tipli marazmatik bəyanatlar verməklə Azərbaycanı hədələyərək çəkindirməyə çalışır.

Molla rejimi hədəflərini reallışdırmaq üçün dünyanın bir sıra ölkələrində terror qruplarını və ekstremist dəstələri dəstəkləməyə yönəlmi strategiyasını Azərbaycana da tətbiq edir.

Hələ 1990-cu illərdə Azərbaycanda konstitusion hakimiyyəti devirmək üçün "Azərbaycan İnqilabçılar Dəstəsi" adlı terror qruplaşması yaradan İran ölkəmizdəki dövlət və hökumət qurumlarını, xüsusilə də neft-qaz infrastrukturunu hədəfə almıhdı.

"Hizbullah"ın Azərbaycanda yaratdığı bölməsini idarə edən Tehran rejimi ölkəmizdə qətllər və terror aktları da törətməyə çalışmışdı. Akademik Ziya Bünyadovun, yazıçı Rafiq Tağının sui-qəsd nəticəsində qətlə yetirilmələrinin arxasında məhz Tehran mollakratiyasının durduğu sirr deyil.

Eyni zamanda, İran ölkəmizdə siyasi təşkilatlara, dindarların arasına və qeyri-hökumət təşkilatlarına da sirayət etmək üçün əlindən gələni əsirgəməyib.

Bakıda "İran Mədəniyyət Mərkəzi" illər boyu ölkəmizdəki "iranpərəstlər" kimi tanınan aktiv casuslarla passiv agentura şəbəkəsinin idarə olunduğu məkana çevrilmişdi.

Azərbaycan İslam Partiyasına "ciddi təsir imkanları" əldə edən, Nardaranı orta əsrlər qaydaları ilə idarə olunan lokal "yaşayış məntəqəsi"nə çevirməyə çalışan, ölkənin istisnasız olaraq bütün yaşayış məntəqələrində Tehrandan alınan əmrlərlə göstərişləri icra edən "yatmış hücrə"lər yaradan, vətəndaşlarımızı İran kəşfiyyatına çalışmaq üçün verbovka etməyə səy göstərən mollakratiya sözdə "dost", əslində isə daim düşmən mövqe tutub.

Azərbaycan İranla münasibətlərin mənfi məcraya yönələrək soyumasını heç zaman istəməyib, amma Tehranın düşmənçiliyi səngiməyib.

İran paytaxtında səfirliyimizə edilən terror hücumu, sonra terrorçunun dindirilməsi ilə bağlı şou, ən nəhayət həmin teraktın təhqiqatı və araşdırılmasının tragifarsa çevrilməsi Bakı üçün seçim imkanı qoymadı.

Hazırda İran ölkəmizlə vətəndaşlarımızın təhlükəsizliyinə qarşı yönəlmiş ciddi təhdiddir və bunu artıqt demək gərəkdir.

Livanda "Hizbullah" və HƏMAS, Suriyada ən müxtəlif silahlı qruplaşmalar, Yəməndə husilər, Oman, Bəhreyn və Kuveytdə yerli şiə icması, İraqda "Həşdi Şəəbi" silahlı dəstələr konqlomeratı və s. vasitəsilə qonşu ölkələrdəki situasiyaya əhəmiyyətli təsir rıçaqlarına yiyələnən ayətulla hakimiyyəti eyni strategiyanı Azərbaycanda da reallaşdırmaq istəyir. Həmin istiqamətdə görülən "tədbirlər" arasında terror aktları, sui-qəsdlər, pulla ələ almalar, qətllər də var.

Tehranın taktikası məlumdur:  güclü, nüfuzlu və inkişaf edən Azərbaycanı ayətullalar öz "vilayəti-fəqih" hakimiyyəti üçün ölümül təhdid bilirlər.

İrandakı 35 milyon soydaşımız, Güney Azərbaycan siyasi baxımdan çox fəal olduğundan Tehrandakı mərkəzi hakimiyətin çirkin siyasətinə daim etiraz ediblər.

35 milyon soydaşımıza doğma dilimizdə təhsil almaq kimi minimal hüququ belə, verməyən Tehran rejimi müstəbidliyini və hannibal siyasətinin məhz güneylilərin birləşərək təmərküzləşəcəkləri təqdirdə məhv olacağının fərqindədir.

Güclü və qüdrətli Bakı güneyli soydaşlarımız üçün ruh məkanı, güc mənbəyidir.

Tehranı qorxudan da budur.

Məzmun və mahiyyət etibarilə İran terroru dəstəkləyən ölkədir.

Tehran mollakratiyasının terrorçuluğundan Yaxın Şərq, Cənubi Qafqaz, hətta uzaq Yunanıstan, Kipr kimi Avropa ölkələri də məşqəqqətdədir.

Molla rejimi  heç vaxt müstəqil, suveren, azad və güclü Azərbaycan dövlətinin mövcudluğunuqəbul etmək istəməyib. Amma Tehrandakı xəbis, kinli rejim gözlərini açıb gerçəklərə diqqətlə baxsa daha yaxşı olar. 

Xislətində terror olan bu dövlət nə qədər qorxulu olsa da, mahiyyət və məzmun etibarilə  qorxaqdır.

Bəlli: terror qorxaq və rəzillərin murdar işidir.

Ölkəmizə qarşı istənilən qüvvə və dövlətlə ittifaq qura biləcəyini istisna etməyən Tehran rejimi olduqca təhlükəli məcrada irəliləyir.

İran tərəfinin bu təhdidləri Azərbaycanı heç zaman qorxuda bilməz. İran ərazisindən Ermənistana göndərilən hərbi dəstəyə baxmayaraq, Azərbaycan ordusu 2020-ci ildə işğalçı Ermənistan ordusunu darmadağın etdi. Bundan sonra da, Azərbaycana qarşı hər hansı bir təcavüzün və təxribatın qarşısı qətiyyətlə alınacaq.

Həmin irəliləyişsə uçuruma doğrudur.

Çünki Tehran mollakratiyasının əzbər bildiyinə şübhə etmədiyimiz bir deyim var: "Sirkə nə qədər tünd olarsa, öz qabını çatladar"

Elçin Alıoğlu

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.