Siyasət

Siyasi dialoq mühitinin formalaşdırılması ilə Azərbaycanda siyasi sistem daha da möhkəmlənir - Sevil Mikayılova

28 Mart 2023 15:34
Baxış: 539

Mövcud siyasi sistemin təkmilləşdirilməsi günün tələbi idi və iki il əvvəl Prezident İlham Əliyevin rəhbərliyi ilə başlanan genişmiqyaslı islahatlar ölkənin siyasi həyatının sağlamlaşdılması üçün vacıb addım oldu.

Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan siyasi dialoq müasir siyasi mühitdə yeni, daha rasional münasibətləri formalaşadırmaq baxımından uğurlu oldu. Ardıcıl islahatlarla parallel olaraq reallaşan siyasi dialoq bu sahədə həllini gözləyən problemlərin və çatışmazlıqların müəyyən olunması və həlli üçün imkan yaratdı.

Prezident İlham Əliyev VI çağırış Milli Məclisin ilk iclasındakı çıxışında bildirmişdi ki, indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır: "Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Bir partiya - hakim partiya təkbaşına siyasi dialoq apara bilməz. Çünki dialoq üçün tərəf-müqabillər lazımdır və ilkin təəssürat müsbətdir. Bu təşəbbüs heç bir şərt qoymadan həyata keçirilir".

Yeni yaranan siyasi konfiqurasiyada öz yerini və məqsədlərini müəyyən etmək hər bir siyasi hərəkatın üzərinə düşən vəzifə kimi durur. Siyasi dialoq mühitinin formalaşdırılması ilə Azərbaycanda siyasi sistem daha da möhkəmlənir, sağlam siyasi münasibətlər yaranır. Təbii ki, hökumətlə müxalifət arasında, aparıcı partiya ilə digər partiyalar arasında normal, sivil münasibətlərin olması arzuolunandır.

Ötən 2 ildən artıq müddət ərzində atılan praktik addımlar, eləcə də qanunvericilik bazasının yenilənməsi fonunda Azərbacanın siyasi həyatı canlanmış, daha konstruktiv, işgüzar və məhsuldar münasibətlər formalaşmışdır. Yeni siyasi partiyaların dövlət qeydiyyatına alınması, qərargahı olmayan partiyalar üçün ofislərin ayrılması və bu kimi digər tədbirlər güclü siyasi system yaratmaq kimi hədəfə çatmaqda ilkin, lakin uğurlu mərhələ hesab edilə bilər. Belə ki, 2022-ci ilin əvvəlindən daha da intensivləşən siyasi dialoq bu sahədə dövlətin prinsipial islahat prosesinin davamlı olacağını söyləməyə əsas verir.

Cəmiyyətdə siyasi fikir və düşüncə azadlığının olması fundamental insan haqlarının tərkib hissəsidir.

"Siyasi partiyalar haqqında" yeni qanunun qəbulu isə bu istiqamətdə keyfiyyətcə daha təkmil qanunvericilik təşəbbüsü idi və bu partiyalar arasındakı fəallığı artırdı. Qanun layihəsi təqdim olunan dövrə qədər Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar və hökumət arasında dialoq və görüşülər belə bir qanun layihəsinin cəmiyyətdən gələn sosial sifarış olduğunu göstərdi. Parlamentdə təmsil olunan bütün siyasi partiyaların nümayəndələri "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması üçün Milli Məclisin sədrinə müraciət etdilər. Həmin müraciətdə ölkəmizin müasir inkişaf reallıqlarına və dövrün tələblərinə cavab verən yeni qanunverici sənədin hazırlanmasının vacibliyi öz əksini tapmışdı. Əlliyə yaxın siyasi partiya 250-dən çox təkliflərini rəsmi qaydada təqdim etdilər.

Qanun layihəsinin hazırlanması prosesi tam şəffaf şərtlərdə, geniş əhatəli diskussiya və açıq dinləmələr formatında həyata keçirilib. Sənədin ictimai əhəmiyyəti nəzərə alınaraq Qanun layihəsi ilə bağlı siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, politoloqların və media nümayəndələrinin iştirakı ilə 2 ictimai dinləmə keçirildi. Ümumilikdə, aparılan müzakirələrdən sonra qanuna 110 düzəliş edildi. Məsələn, Venesiya Komissiyasının sırf siyasi partiyanın statusuna və fəaliyyətinə aid olan 132 tövsiyəsindən 112-si qanun layihəsində nəzərə alınıb.

Vurğulamaq lazımdır ki, yeni qanun cəmiyyətdə yeni çağırışların, sürətlə baş verən hadisələrin, sosial-siyasi tələblərin fonunda Azərbaycanda hakimiyyətlə siyasi partiyalar arasında əməkdaşlığın güclənməsinə, siyasi dialoq mədəniyyətinin yüksəlməsinə mühüm töhfədir.

Prezident İlham Əliyev 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan müşavirə zamanı bildirmişdi - "Hakimiyyət tərəfindən atılan addımlar, siyasi dialoqun başlanması və müxalifət partiyaları tərəfindən buna müsbət reaksiya verilməsi müstəqillik dövründə tam yeni vəziyyətin yaradılmasına gətirib çıxarır".

Ölkəmizin inkişafında, beynəlxalq mövqeyinin möhkəmləndirilməsində, dünyaya təqdimatında siyasi partiyaların roluna önəm verən dövlətimiz siyasi partiyaların fəaliyyəti üçün bütün imkanların yaradılmasına davamlı səylər göstərir. Yeni qanunda partiyaların dövlət büdcəsindən maliyyələşməsinin prioritet məsələ kimi öndə saxlanılması dövlətimizin bu yöndə möhkəm iradəsinin olduğunu bir daha təqsdiqləyir.

"Siyasi Partiyalar haqqında" yeni qanun tərəflər arasında güclərin balansına və adekvat rəqabət mühitinin formalaşdırılmasına xidmət edir, neqativ halların yaranmasına şəraiti məhdudlaşdırmış olur.

Belə ki, müasir siyasi konfiqurasiyada formalaşan sağlam rəqabət mühiti bir sıra siyasi hərəkatlara özünün mövcud imkanlarını dəyərləndirmək, faydalı siyasi güc kimi öz çəkisini müəyyənləşdirmək üçün şərait yaratdı. Hüquqi əsaslarda fəaliyyətini davam etdirəcək partiyaların bundan sonra cəmiyyətin inkişafı, dövlətin möhkəmləndirilməsi və gələcək təhlükəsizliyin təmin edilməsi üçün öz səylərini əsirgəməməsi ölkə siyasətinin ana xətti kimi görülür.

Prezident İlham Əliyevin dialoq təşəbbüsləri ölkədə demokratik ənənələrin dərinləşdirilməsinə xidmət edir. Ölkəmizdə dialoq təşəbbüsü ilə çıxış edən tərəf məhz iqtidardır və ötən müddət ərzində təşkil olunmuş yüzlərlə görüş, iqtidar və siyasi müxalifət arasında yaranmış səmərəli və açıq əməkdaşlıq, eyni zamanda, cəmiyyətdə siyasi barış mühitinin mövcudluğunu göstərir.

Sevil Mikayılova
Milli Məclisin deputatı

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.