Siyasət

Azərbaycana etibarlı tərəfdaş kimi güclü inam var - Sevil Mikayılova

6 Fevral 2023 17:06
Baxış: 623

Azərbaycanın enerji ixracı coğrafiyası genişlənməkdədir və Prezident İlham Əiyevin təşəbbüskarı olduğu mega enerji layihələri ölkəmizi etibarlı tərəfdaşa çevirib.

Hazırda enerji təhlükəsizliyi milli təhlükəsizlik məsələsinə çevrilib və belə bir vəziyyətdə Azərbaycan bir sıra ölkələrin qarşılaşdıqları yeni çağırışların öhdəsindən gəlməsi üçün strateji tərəfdaş kimi əhəmiyyətli rol oynayır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Onun sözlərinə görə, fevralın 3-də Bakıda növbəti mötəbər tədbir Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasları baş tutdu.

"Avropa Birliyinin enerji təhlükəsizliyində önəmli faktora çevrilən Azərbaycanın paytaxtında belə bir tədbirin keçirilməsi təccüblü deyil. Azərbaycanın Avropaya, həm təbii qaz, həm də bərpaolunan enerji ixracı planları uğurla icra olunmaqdadır. Artıq Avropa ölkələri Azərbaycanın etibarlı tərəfdaş olduğunu birmənalı olaraq bildirirlər. Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə İtaliya, Yunanıstan və Avropa İttifaqının bir neçə ölkəsinə qaz ixrac edir. Bununla yanaşı, digər Şərqi Avropa ölkələri də bu gün Azərbaycandan "mavi yanacaq" almaq niyyətindədirlər. Bu da onu deməyə əsas verir ki, Azərbaycana etibarlı tərəfdaş kimi güclü inam var və ölkəmizin enerji ixracı coğrafiyası genişlənməkdədir".

Prezident İlham Əliyev tədbirdə çıxışı zamanı bir sıra vaclb məqamlara toxundu. Dövlət başçısı qeyd etdi ki, Azərbaycanda "Masdar" və "ACWA Power" kimi investorlarla birgə iki investisiya layihəsini həyata keçirir. Bu, günəş və külək enerjisinin istehsalına aiddir. Onların ümumi gücü 470 meqavatdır.

Hazırda 500 meqavatlıq günəş enerjisi stansiyasının tikilməsinə dair danışıqlar da aparılır. Göründüyü kimi artıq Azərbaycanın yaşıl enerji ixracatçısına çevrilməsi istiqamətində əməli addımlar atılmaqdadır".

S.Mikayılova onu da əlavə edib ki, Azərbaycan enerji təchizatınının şaxələndirilməsi istiqamətində də təşəbbüslərini davam etdirir.

"Azərbaycanda bərpaolunan enerji sahəsində görülən işlər, həyata keçirilən layihələr mühüm əhəmiyyətə malikdir. Azərbaycan Avropaya qaz ixracını artırmaqla yanaşı, növbəti illərdə "yaşıl enerji" təchizatında da təsirli rol oynayacaq.

Azərbaycan, çox böyük yaşıl enerji potensialına malikdir. Dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır, iki ildən də artıq müddət əvvəl Vətən müharibəsi zamanı azad edilmiş torpaqlarda 10 qiqavata yaxındır", - deyə S.Mikayılova qeyd edib.

S. Mikayılova bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən tədbirlər Azərbaycanın dünyada artan nüfuzunu bir daha nümayiş etdirdi.

"Tədbirdə iştirakçılığın miqyası, çıxışlarda Azərbaycanla bağlı səsləndirilən müsbət fikirlər və gözləntilər Azərbaycana olan etimadın əyani sübutudur. Bu tədbir növbəti dəfə təsdiq etdi ki, Azərbaycan hazırda ciddi enerji böhranı ilə üzləşmiş Avropa üçün xilaskara çevrilib", - deyə S.Mikayılova əlavə edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.