Siyasət

Fransa Ermənistanı masaya qoydu - Xankəndi bəhanədir: İrəvan VURULACAQ

23 Yanvar 2023 18:28
Baxış: 4 156

Rusiyanın Qarabağa göndərdiyi adamı elə Moskvanın baş bəlasına çevrilməkdədir. Söhbət Ruben Vardanyandan gedir. Belə ki, erməni əsilli bu milyarder eyni zamanda Qarabağ ermənilərini adam yerinə qoymur.

Əgər vəziyyət Xankəndidə həqiqətən də onun dediyi kimi dözülməz həddədirsə, o zaman separatçı qurum niyə Azərbaycanın onlara olan tələblərini erməni əhaliyə açıqlayıb demir?! 

Bu tələbləri qəbul etmək Laçın yolundakı aksiyanın sona çatmasına kömək edə bilər. Vardanyanın bunu etməməsi, əksinə olaraq bölgədə vəziyyəti daha da gərgin saxlamağa hesablanmış destruktiv qərarlarının bir-birini əvəzləməsi əslində gün kimi aydındır. Çünki Ruben Vardanyan Qarabağın erməni əhalisinə Bakının açıqlamadığı tələbləri sırasında məhz onun ilk olaraq şələ-şüləsini yığıb bölgəni tərk etməsi məsələsi dayanır. 

Əgər Ruben Vardanyanda həqiqətən də özünü xilaskar, fədakar göstərmək niyyəti, cəsarəti varsa Qarabağ ermənilərinin sayını 5 dəfədən çox süni şəkildə artıraraq dünya ictimaiyyətinə çatdırmağa çalışdığı 120 min şəxsin ona görə əziyyət çəkməsinə necə razı olur bəs?! 

Amma bu vəziyyət zaman keçdikcə Bakının əlini gücləndirməklə yanaşı, Rusiyanın da bölgədən çıxışına zəmin hazırlamaq adına çox böyük zərbəyə çevrilir. Faktiki olaraq sülhməramlı kontingentin müvəqqəti nəzarətindəki ermənilərdən tutmuş, İrəvandakı ermənilərə və siyasi dairələrə kimi Ruisyaya olan etimad günü-gündən itməkdədir. Çünki ermənilər, erməni lobbiçiləri Rusiyadan Azərbaycana qarşı təzyiq gözlədikləri halda Bakı Laçın yolundakı aksiya ilə Moskvaya qanunsuz heç bir hərəkət etmədiyini izah edərək, əl-qolunu bağlamağa müvəffəq olub. 

Belə vəziyyətdə onsuz da hakimiyyətə gəldiyi ilk vaxtlardan Ermənistanı Qərbə inteqrasiya siyasətindən ağız dolusu danışan Paşinyan üçün verdiyi vədləri icra etmək adına fürsət yaranmış olur. Vardanyan isə beləcə, qaş düzəltdiyi yerdə göz çıxarır. Rusiya ondan sülhməramlıların Qarabağda daha uzun müddətə qalması məqsədi ilə istifadə etməyi planlaşdırdığı məqamda, ortaya Avropa İttifaqının Ermənistanın Azərbaycanla sərhəddinə daha uzun müddətli missiya göndərməsi məsələsi çıxdı. 

Belə ki, Avropa İttifaqı (Aİ) Şurası bu gün Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti çərçivəsində Ermənistanda Aİ-nin mülki missiyasının yaradılmasına razılıq verdi. Təbii ki, bu proses Rusiyanın regiondan çıxarılması prosesinin başlanğıcı kimi də xarakterizə edilə bilər. 

Bu qərarın açıqlaması:

✔️ Moskvanın Vardanyan layihəsi fiaskoya uğradı

✔️ Ermənistan rəsmən Rusiyanın hərbi və siyasi yardımından imtina edərək, Qərbdən umacağını ummaq istəyir

✔️ Aİ-nin yeni missiyası bölgədə vəziyyəti daha gərginləşdirərək Fransa başda olmaqla Cənubi Qafqaza soxulmaq üçün imkan əldə edib

Əvvəlcədən bəlli idi ki, "müvəqqəti" adlandırılsa da, əsas məqsəd missiyanı "daimi" etməkdir. İndi uzunmüddətli missiyanın göndərilməsi də bunu göstərir. Çünki 44 günlük müharibənin ardından Azərbaycanın Ermənistanla münasibətlərin tənzimlənməsi istiqamətindəki proseslərdən ATƏT-in Minsk Qrupunu oyundan kənar vəziyyətə salması həmsədr dövlət, özünü Ermənistanın bacısı elan edən Fransanı ciddi narahat edirdi. Rəsmi Paris bölgədəki proseslərdən kənar qalmamaq, hadisələrə müdaxilə etmək üçün yeni yollar arayırdı ki, bu da İrəvanın əli ilə Ruisyanın bölgədən kənarlaşdırılması bahasına nəzərədə tutulub.

Amma Rusiya bunu nə Aİ-yə, nə də Ermənistana bağışlayacaq kimi görünür. 

Hələ günlər öncə Rusiya XİN başçısı brifinqdə bildirmişdi ki, ondan Rusiya hərbi bazasının çıxarılmasını tələb edən, rus sülhməramlılarının BMT hərbi birləşmələri ilə əvəz edilməsini istəyən Ermənistan tərəfi sərhəddə vəziyyəti gücləndirmək əvəzinə Aİ ilə danışıqlara üstünlük verməklə vəziyyəti özü üçün daha da qəlizəşdirir.

"Belə bir missiya Bakının razılığı olmadan yerləşdirilərsə, əks nəticə verə bilər", - deyən Sergey Lavrov üçün məlumdur ki, Azərbaycan sərhədlərində hər hansı bir missiyanın fəaliyyətinə razı deyil və bu proses yeni eskalasiya riskini artırmaq istiqamətində atılan addımdır. 

Lavrovun bu açıqlaması eyni zamanda Ermənistana ciddi xəbərdarlıq idi. Belə görünür ki, Moskva rəsmilərinin sözlərinə artıq İrəvanda da məhəl qoyan yoxdur. 

Ermənistan Azərbaycanla sərhəddə KTMT missiyasının göndərilməsinə dair sənədin qəbuluna mane olduğu təqdirdə Avropa İttifaqının Ermənistana yeni müşahidə missiyası göndərməsi üçün əlindən gələni edərək buna nail olması yaxın gələcəkdə bölgənin poliqona çevriləcəyi ehtimallarını artırır.

Bu hadisələrdə isə baş rolda Fransanın adını qeyd edə bilərəm. Çünki hələ keçən ilin 31  oktyabr tarixində Praqa görüşündə müsbət danışıqlar prosesindən də gözləntilər çox yüksək olduğu halda Emanuel Makron sülhə mane olacaq bəyanatlarla diqqət mərkəzinə düşdü. 

Həmin görüşdə ilk dəfə Ermənistan tərəfi Azərbaycanın suverenliyini tanıdı və bu, artıq faktiki olaraq bütün Qarabağın gələcəyi ilə bağlı danışıqların sonu olmalı idi. 

Praqa görüşündə Ermənistan ərazisinə, bizim sərhədyanı bölgələrə Avropa müşahidəçi missiyasının göndərilməsi məsələsi isə İrəvan tərəfindən razılıqla qarşılandı. Dövlət başçıları arasında Praqadkı görüşdə danışıldı və orada müzakirə olundu ki, bu missiya qısamüddətli olacaq, 40 nəfərdən ibarət olacaq və cəmi iki ay çəkəcək.

Ancaq sonra nədənsə bu danışıq, bu razılaşma Avropa İttifaqı, Fransa tərəfindən birtərəfli qaydada pozuldu. Bir müddət sonra Avropa İttifaqı elan etdi ki, missiya uzadılacaq. 

Dekabrın 19-da bu missiyanın müddəti başa çatmalı idi. Lakin biz bu gün fərqli proseslərin, qərarların şahidiyik. Təbii ki, bu addım eyni zamanda Bakını aldatmaq deməkdir. Bununla da həm Aİ, həm də Fransa Bakının onlara olan etimadını düzəlməyəcək şəkildə sarsıtdı. 

Faktiki olaraq özü-özünü 44 günlük müharibə zamanı və ondan sonrakı hadisələrdə ermənipərəst mövqeyi ilə bu prosesdən tamamilə təcrid edən Fransa indi bu şəkildə özünü hadisələrin episentrində görmək niyyətindədir. 

Azərbaycanın mövqeyi isə bəs-bəllidir:

Burnumuzun ucunda, sərhədlərimizdə hər hansı bir dövlətin və yaxud təşkilatın mülki missiya adı altında uzunmüddətli fəaliyyət planı qəbuledilməzdir. Çünki bunun arxasında Fransanın Cənubi Qafqaza soxulmaq və öz neomüstəmləkəçilik niyyətini bu coğrafiyada davam etdirmək niyyətindən başqa heç nə dayanmır. 

Ən azından bu qərar hazırkı dövrə kimi aparılmış danışıqların və xüsusilə Praqa görüşünün nəticələrinə tamamilə ziddir.

Lavrovun da qeyd etdiyi kimi, Aİ-nin qərarı bölgədə vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət edir. Bu gərginlikdən isə ən çox əziyyəti Qarabağ erməniləri və Ermənistan çəkəcək, gerisi təfərrüat...

Bu hadisələr fonunda Makronun siyasəti onun "Dərviş məstəli şah" obrazından kənara çıxmasına şərait yaratmır. Belə görünür ki, onun naşı, öz məqsəd və maraqları üçün dağıtmağa, silkələməyə hazır olduğu özfəaliyyətdən başqa bir şey olmayan qərarları İrəvanın başında çatlayacaq.

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics