Siyasət

İsveçrə Prezidenti erməniləri pərişan etdi

9 Dekabr 2022 12:59
Baxış: 2 755

"Ermənistanın suverenliyi təhdid altındadır".

İsveçrə parlamentinin iki palatasından biri olan Kantonlar Şurasının dünənki iclasında Cenevrədən seçilmiş sosialist deputat, aşkar və ifrat ermənipərəstliyi ilə tanınan Karlo Sommaruqanın səsverməyə çıxardığı qətnamə layihəsinin adı belə idi.

K.Sommaruqa 46 üzvü olan Kantonlar Şurasını layihəni dəstəkləməyə və qəbul etməyə çağırıb.

İsveçrə Sosial-Demokrat Partiyasının funksioneri olan 63 yaşlı K.Somaruqanın qətnamə layihəsini təqdim edərkən "Cənubi Qafqazda stabil sülh və dayanıqlı təhlükəsizliyin bərqərar olmasında maraqlı olmalıyıq" deyib.

Fəqət, onun İsveçrədə və Fransada fəaliyyət göstərən erməni diaspor təşkilatlarından aldığı göstəriş Somaruqanın indiyədək təqdim etdiyi 12 qətnamə layihələrinin həmkarları tərəfindən dəyərləndirilməsi - yəni "ifrat primitiv və əsassız" - təki konkretdi: "Azərbaycana qarşı sanksiyalar tətbiq olunmalı, Azərbaycanın SOCAR Dövlət Şirkətinin İsveçrədəki fəaliyyətinə maksimum problemlər yaradılmalıdır".

Berndəki Federal Sarayda Somaruqanın ifrat pafoslu, daha çox Cenevrənin məşhur sirkindəki tapyor klounun monoşousundakı xitabını yada salan çıxışından bir hissəni təqdim edirik: "Tam bir əsr əvvəl Tiçinonun federal müşaviri Cüzeppe Motta Millətlər Liqasının tribunasında sərt sözlər söylədi: "Ermənistan məsələsini birdəfəlik həll olunmaması mübaliğəsiz, bəşər sivilizasiyası üçün murdarlıq, rüsvayçılıq olardı". Daha sonra o, iclasın sədrinə üz tutaraq söyləmişdi: "Siz şübhəsiz ki, Cenevrə meydanlarının birində milli qəhrəmanımız Filiber Bertelyenin heykəlini görübsünüz. Cenevrənin azadlığı uğrunda mübarizə aparmış bu qəhrəman işgəncələr altında demişdi: "Non moriar sed vivam!". Yəni "Ölməyəcəyəm, yaşayacağam!"

Siz də erməni xalqına "Ölməyəcəksiniz, yaşayacaqsınız" deməyi istəməlisiniz.

Ermənistanın Azərbaycan tərəfindən təcavüzü zamanı, Ermənistan ərazisinin bir hissəsinin Azərbaycan silahlı qüvvələri tərəfindən işğal edildiyi bir vaxtda, Azərbaycan qoşunlarının Ermənistan vətəndaşlarına qarşı işgəncə və qətlə yetirilməsi, zorlama və zorlama yolu ilə hərbi cinayətlər törətdiyi bir vaxtda. erməni tibb bacılarının əsgərlərinin döyülməsi, erməni xristian mədəni sərvətlərinin dağıdıldığı və erməni kəndlərinin bombardman edildiyi bir vaxtda, bu faktların Amerika Birləşmiş Ştatlarının və Fransanın ən yüksək dövlət orqanlarından razılaşdırılmış mənbələr tərəfindən təsdiqləndiyi bir vaxtda susmamalıyıq.

Azərbaycanın Ermənistana təcavüzü parlamentimizin üzvləri, Ermənistana yollanmış həmkarlarımız Stefan Müller-Altermatt və Mişel Matterin tərəfindən də təsdiqlənib.

Belə bir şəraitdə Azərbaycanın SOCAR şirkəti irqçi və ermənilərə düşmənçilik ruhunda reklamlar yayır, İsveçrədə qazandığı vəsaiti maliyyə axını qismində Bakıya yollayır, müharibəni maliyyələşdirir. İsveçrə-Ermənistan parlamentlərarası dostluq qrupunun həmsədri kimi mən parlamentimizdə Cüzeppe Mottanın sözlərinə uyğun mövqelər görmək istəyirəm, ermənilərə dəstək sözləri eşitmək istəyirəm.

Təbii, Ermənistanla Azərbaycan arasında münaqişəni dinc yolla həll etmək məqsədilə dinc danışıqlar məkanı qismində Cenevrəni təklif etmək önəmli məsələdir. Lakin beynəlxalq hüququn prinsiplərinə riayətin dəyişməsi və korporativ məsuliyyətə formal yanaşma o həddə çatmamalıdır ki, Azərbaycanın SOCAR şirkəti ilə münasibətlərimizdə problemlərin yaranmasına çalışmayaq.

İsveçrədə təbii qaz və benzin çatışmazlığı fundamental dəyərlərdən imtinamıza səbəb olmamalıdır. Ümid edirəm ki, Federal Şuranın bəhs etdiyim məsələ ilə bağlı mövqeyi sürətlə dəyişəcək".

İsveçrə Mərkəz Partiyasının funksioneri Şarl Jyuyar ermənipərəst həmkarının təqdim etdiyi layihəni və ümumiyyətlə, K.Sommaruqanın mövqeyini sərt tənqid edib.

"Hesab edirəm ki, ölkəmizin üzləşdiyi çağırışların dəf edilməsi ilə məşğul olmalı, isveçrəlilər üçün ən aktual sayılmayacaq məsələlərin uzun-uzadı müzakirələrinə və xüsusilə də bu barədə sənədlərin qəbuluna can atmamalıyıq. Biz Azərbaycanla Ermənistan arasındakı gərginliyi, atışmaları yalnız pisləyə bilərik. Tərəfsiz olmalı, həmin problemdə tərəf tutmamalıyıq. İndi sizə sadəcə, bir sualım var: Cənubi Qafqazda beynəlxalq publik hüquqa sərt və ciddi riayətin tam təminatı üçün İsveçrə beynəlxalq təşkilatları, vasitəçiləri əvəzləməyə, bu prosesə maliyyə ayırmağa hazırdırmı? Mənim mövqeyim - yox!", - Ş.Jyuyar deyib.

Müzakirələrə "növqə qoyan" çıxışı isə İsveçrə Konfederasiyasının Prezidenti İnyasio Kassis edib.

Onun çıxışını təqdim edirik:

"Azərbaycanın bəzi strateji yüksəklikləri fəth etməsi barədə danışıldı. Bu, hərbi əməliyyatların məntiqi və normal nəticəsidir.

Ermənistanın fikrincə, bu yüksəkliklər Ermənistan ərazisində olsa da, Azərbaycan bəyan edir ki, onlar iki ölkə arasında sərhəd boyunca yerləşən və hələ də demarkasiya olunmayan sərhədin ermənilər tərəfindən pozulması nəticəsində onillər boyu işğalda olmuş areallar idi.

Sentyabrın 14-dən kövrək atəşkəs qüvvədədir. İsveçrə öz narahatlığını müxtəlif yollarla ifadə edir: ictimai, çoxtərəfli və ikitərəfli.

Biz Azərbaycanla Ermənistanı beynəlxalq hüquqa, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannaməyə və 14 sentyabr atəşkəsə hörmət etməyə çağırırıq. İsveçrə əmindir ki, münaqişənin uzunmüddətli həlli yalnız danışıqlar yolu ilə tapıla bilər. Bu, azlıqların, o cümlədən Qarabağdakı erməni azlığının hüquqlarının müdafiəsinə də aiddir. İsveçrə gələn ilin yanvar ayından etibarən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi eyni prinsipləri müdafiə etmək fürsətini əldən verməyəcək.

İsveçrə hər iki tərəfə danışıqlara ev sahibliyini təklif etdi, Azərbaycanla Ermənistan da təklifimizdən yararlandılar. Hər iki ölkənin xarici işlər nazirləri ikitərəfli fikir mübadiləsi üçün oktyabrın 2-də Cenevrədə görüşdülər. Cenevrənin ikitərəfli formatı daha sonra bir ay sonra, noyabrın 7-də Vaşinqtonda yenidən xarici işlər nazirləri səviyyəsində bərpa edildi.

SOCAR-a gəldikdə isə, biz ölkəmizdə fəaliyyət göstərən xarici şirkətlərdən insan hüquqlarına hörmət etmələrini, öz fəaliyyətlərini beynəlxalq səviyyədə tanınmış standartlar və təlimatlarla əlaqələndirmələrini, bununla da öz üzərilərinə götürdükləri öhdəlikləri tam yerinə yetirmələrini həmişə tələb etmişik.

Biz bunu təkcə Ermənistan və ya Azərbaycanla əlaqəsi olan şirkətlərdən deyil, bütün şirkətlərdən gözləyirik.

Onu da xüsusilə vurğulayım ki, SOCAR tələblərə riayət edir. Onun ölkəmizdəki fəaliyyətdən əldə etdiyi gəliri qanun çərçivəsində necə istifadə etməsi isə sərbəst seçimdir. Buna mane ola bilmərik.

İsveçrədən xaricə kapital transferi yalnız qanunla nəzərdə tutulduğu halda məhdudlaşdırıla bilər".

Beləliklə, Ermənistanın və erməni diaspor təşkilatlarının İsveçrədə Azərbaycana qarşı "sanksiyalar tətbiqi", xüsusilə də "SOCAR-ı cəzalandırmaq" cəhdi puç olub.

Orxan Hun
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.