Siyasət

Qazaxıstan yolayrıcında: seçkilər nəyi göstərəcək?

6 Oktyabr 2022 10:12
Baxış: 1 285

5 iyun tarixində Qazaxıstanda Konstitusiyaya düzəliş və əlavələrlə bağlı ümumxalq referendumu keçirildi və iştirak edənlərin 77 %-i düzəliş və əlavələr paketinin lehinə səs verdilər. 33 maddəyə 56 düzəlişi özündə ehtiva edən bu referendum Qazaxıstanın konstitusion əsaslarını və siyasi konyukturasını nəzərəçarpacaq dərəcədə dəyişdi. Ölkə super-prezident modelindən prezidentli respublika modelinə keçid etdi. Yeni Konstitusiyaya görə prezident, Konstitusiya, Ali və digər məhkəmə hakimləri, Mərkəzi Seçki Komissiyası və Hesablama Palatasının sədr və üzvləri səlahiyyətlərinin icrası dövründə heç bir siyasi partiyanın üzvü ola bilməzlər.

Milli.Az Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinə istinadən bildirir ki, Konstitusiya prezidentin yaxın qohumlarının dövlət qulluğunda və kvazi-dövlət sektorunda rəhbər vəzifələr tutmağı qadağan edir, prezidentin  rayon, şəhər və kənd rəhbərlərini vəzifədən azad etmək hüququnu əlindən alır. Prezidentin Senata nümayəndə təyin etmə kvotası 15-dən 10-a endirilir, Konstituisya və Ali Məhkəmə sədrlərinin təyinatı isə mütləq sürətdə Senatla razılaşdırılmış formada həyata keçirilir. İslahata görə Konstitusiya Məhkəməsinin 11 hakimindən dördü prezident, altısı (3-ü Senat, 3-ü Məclis) parlament tərəfindən, sədr isə prezident və Senatın birgə razılığı əsasında təyin edilir.

İcraedici hakimiyyət bir sferada səlahiyyətlərini məhdudlaşdırsa da digər sahədə funksiyalarını artırmışdır. Belə ki, hökümət "əhalinin həyatı və sağlamlığına, konstitusiya quruluşuna, ictimai asayişin qorunmasına və iqtisadi təhlükəsizliyə təhlükə yaradan şəraitə operativ reaksiya vermək" məqsədi ilə parlamentə qanun layihələri təqdim etmək səlahiyyəti qazanmış oldu.

Düzəlişlərlə parlamentin rolu gücləndi: bundan sonra Məclisin təxminən 30 %-i partiya siyahıları ilə deyil, Qazaxıstanın bütün bölgələrini təmsil etmələri vacib olan ərazi dairələri üzrə seçilən və seçicilər tərəfindən geri çağırıla bilən deputatlardan təşkil olunacaqdır. Aşağı palata qanunları qəbul edən, Senat isə onları təsdiq edən quruma çevrildi. Əvvəlki mətndə bütün sərvətlər dövlət mülkiyyəti hesab olunurdusa, yeni düzəlişə görə bütün sərvətlər xalqa məxsusdur, dövlət isə xalq adından bu sərvətlər üzərində mülkiyyət hüququnu həyata keçirir.

Faktiki olaraq dəyişikliklər qarşıda gələn prezident seçkilərinə hazırlıq mərhələsini özündə ehtiva edir. Düzəlişlər hakimiyyətdə olan qüvvələrin ölkə daxilində öz mövqelərini gücləndirmək və köhnə elitanın qalıqlarını siyasi səhnədən kənarlaşdırmaq məqsədi güdür. Vacib düzəlişlərdən biri də prezidentin təkrar seçilmək hüququ olmadan səlahiyyət müddətinin 7 ilə çatdırılmasıdır. Aydındır ki, düzəliş prezident Tokayevə şamil olunmayacaq və o qarşıda gələn seçkilərdə öz namizədliyini irəli sürəcəkdir.

Prezident seçkilərinin nəticələri bir çox faktorlardan asılıdır ki, bunlardan ən vacibi iqtisadiyyatdır. Rusiya ilə Qərb arasında geosiyasi qarşıdurma Qazaxıstan iqtisadiyyatına ikili təsir göstərir. Bir tərəfdən Rusiya Qazaxıstanın əsas ticarət tərəfdaşı olduğundan ona qarşı tədbiq edilən sanksiyalar Astanaya da dolayı olaraq mənfi təsirini göstərir. Rublun güclənməsi Qazaxıstanda Rusiyadan idxal edilən malların bahalaşmasına səbəb olub. Proqnozlara görə 2022-ci ilin ildə inflyasiya 13,2 % təşkil edəcəkdir. Rusiyaya ixracın təxminən yarısı metallurgiya məhsulları olduğundan mədənçıxarma və emal sənayesində istehsalın zəifləyəcəyi gözlənilir. Digər tərəfdən, Rusiya, Qazaxıstanın Avropaya neft daşımasına vaxtaşırı problemlər yaradır.

Bununla belə, Çinin Qazaxıstana iqtisadi yatırımları və onun ərazi bütövlüyünə dəstək verməsi Tokayevin növbəti seçkilərdə qələbəsinə zəmin yaradır. Proqnozlara görə 2023-cü ildə Qazaxıstan iqtisadiyyatı 4,8 %, 2024-cü ildə 4,5 % artacaqdır, inflyasiya 2023-cü ildə 5,8 % olacağı halda, 2024-cü ildə isə 4,4 % təşkil edəcəkdir. Bu rəqəmin yaxın iki ildə artacağı ehtimal olunur. Həm də Qazaxıstan nəinki özünü taxıl ehtiyatı ilə təmin edə bilib, həmçinin istehsalı ixrac səviyyəsinə qədər çatdırmağa nail olub. Bütün bu faktorlar Tokayevin 2024-cü il seçkilərində qalib gəlməsinə yardımçı ola bilər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.