Siyasət

İran Azərbaycanı "vurmaq" üçün bu dövlətlərlə BİRLƏŞDİ

19 Sentyabr 2022 15:40
Baxış: 18 655

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri İrəvanın kartlarını açması ilə nəticələndi.

Məlum oldu ki, ABŞ konqresmeninin bu səfəri tək Azərbaycana qarşı təzyiqləri artırıb ölmüş Minsk Qrupunun dirildilməsi məqsədi daşımır, eyni zamanda region dövlətlərini ələ alaraq Cənubi Qafqazı tamamilə öz qütbünə cəlb edərək Rusiyanı daha acınacaqlı duruma salmaq niyyəti güdür. 

Pelosinin Ermənistana səfər edib oradan Azərbaycan əleyhinə heç bir fakta əsaslanmayan, reallığı əks etdirməyən böhtanlar, çirkin iftiralar yağdırmağı ABŞ siyasətinin mahiyyətini bir daha ortaya qoydu.

Gürcüstanın ardınca, Ermənistan kimi tərəfdaşını itirmək riski ilə üz-üzə qalan Rusiyanın reaksiyası isə özünü çox gözlətmədi. Mətbuatda Nensi Pelosinin Ermənistana səfərinin dərhal ardınca Rusiyanın eyniranqlı emissarını - Rusiya Federasiyası Dövlət Dumasının sədri Vyaçeslav Volodini Bakıya göndərəcəyi ilə bağlı məlumatlar əksini tapdı. Bunun ardınca Ermənistan KİV-də Moskvanın İrəvandan "Qazprom"a olan borcunu qaytarması üçün noyabra kimi vaxt verməsi ilə bağlı məlumatlar da iki gündür səngimək bilmir. 

Hətta ötən son 1 saat ərzində Kremlin mətbuat katibi Dmitri Peskov Amerika Birləşmiş Ştatları Konqresinin spikeri Nensi Pelosinin Ermənistana səfərinə münasibət bildirib: "Bakı ilə İrəvan arasında münasibətləri normallaşmağa aparan addımları alqışlamaq olar. Pelosinin ucadan bəyanatları buna kömək edəcəkmi, baxarıq". Bəli, Peskov "Pelosinin ucadan bəyanatları ..." kimi ifadə etdiyi fikir ABŞ-ın Ermənistana regiondakı gərgin vəziyyətlə bağlı yardımlarına və eyni zamanda bu proseslər fonunda Vaşinqtonun Moskvadan çox İrəvana dəstəyinin, xeyrinin dəyəcəyi ilə bağlı vədlərini nəzərdə tuta bilər. Çox güman ki, Peskovun bu açıqlaması Kremlin ABŞ Nümayəndələr Palatasının spikerinin İrəvan səfərinin Ermənistanda Moskvaya qarşı nəyisə ciddi şəkildə dəyişməyəcəyinə əminlikdən irəli gələn reaksiyadır. 

Amma ən azından Ermənistanın Moskvanın orbitindən çıxmaq üçün açıq şəkildə anti-Rusiya siyasəti Kremlin yaddaşından heç vaxt silinməyəcək. Xüsusilə də buna nail olmaq üçün ölkəyə Ukrayna ilə müharibə fonunda Rusiyanın əsas rəqibi ABŞ rəsmisinin dəvəti və orada səsləndirilən ikitərəfli bəyanatlar Moskvanın Ermənistana qarşı siyasətində bəzi korrektələr etməsini, ikitərəfli münasibətlərə yenidən baxılması məsələsini aktuallaşdıracaq. 

Amma ABŞ-ın Cənubi Qafqazda mövqe savaşında böyük üstünlük əldə etməsi üçün Ermənistanı tamamilə öz təsiri altına almaq məqsədilə etdiyi bu strateji gediş tək Rusiyanı yox, İranı da narahat etməlidir. 

Bəs görən, Rusiya kimi İran da son proseslərdən sonra Ermənistana istər 30 illik işğal zamanı, istərsə də ondan sonra Bakını qarşısına alaraq İrəvana açıq dəstəyinə görə peşmandır?

Dünya artıq qütbləşib. Ermənistanla sərhəddinin bağlanılmasını özünün "qırmızı xətti" adınadıran İranın ABŞ-la Ermənistan arasındakı bu böyük yaxınlaşmanı necə şərh edəcəyi maraqla gözlənilsə də Tehran artıq iki gündür baş verən bu prosesləri sükutla qarşılayır, ağzına su alıb dayanmağı seçir. 

30 il torpaqlarımız işğal altında olarkən rəsmi Tehran bir dəfə sinəsini qabağa verib erməniyə demədi ki, "biz regionda sərhədlərin dəyişməsinə qarşıyıq. Azərbaycanın ərazi bütövlüyü bizim qırmızı xəttimizdir" demədiyi heç kimə sirr deyil.

Əvəzində Azərbaycan ordusu 44 günlük müharibədə şanlı zəfər çalarkən İran sərhədlərimizin dibində hərbi təlimlər keçirdi, Azərbaycana bu yolla hədə-qorxu gəlməyə çalışdı. Ancaq 30 il ərzində bir dəfə də olsun köçəri ermənilərə göz dağı vermədi. Ermənilər məscidlərdə donuz saxlayarkən Paşinyanla qucaqlaşıb görüşən İran dövlət rəsmiləri quyruqları qapı arasında qalanda "müsəlman, şiə qardaşı" olduğumuzu xatırlatmaqdan belə utanmadı. 

Dünənə qədər "Azərbaycan İsraili sərhədlərinə gətirib" adı ilə çığır-bağır salan Tehran, bu vəziyyəti özünə təhlükə adlandırırdı. Amma Ermənistan bu gün onun özünə düşmən, qırmızı xətt adlandırdığı Amerika ilə yaxınlaşan, özünü ona həvalə etməyə hazır olan İrəvana gözün üstə qaşın var deyəcək kimi görünmür.

Çünki son proseslər bir daha göstərir ki, Amerika İran sərhədlərinə daha da yaxınlaşır. Amma Tehran özünə "əbədi düşmən" hesab etdiyi ABŞ-ın qapısına qədər gəlib çıxmasını nədənsə "Qırmızı xətlərinə" zidd hesab etmir. Bu isə İslam qılığına bürünmüş bu şər tərəfdarların türkə, müsəlmana olan nifrətinin hər şeydən yüksək olduğunun növbəti göstəricisidir. 

Belə nətivə çıxır ki, ABŞ və Tehran zahiri olaraq bir-biri ilə "düşmən" obrazında çıxış edirlər. Türklər və özəlliklə Türkiyəyə qarşı olan bütün məsələlərdə Panfars-Paniranist rejimi hər zaman düşmən elan etdiyi Amerikanın yanındadır.

N.Pelosi İrəvan səfəri zamanı "Dağlıq Qarabağ" terminini işlədərək , Azərbaycanın ərazi bütövlüyünü növbəti dəfə şübhə altına aldı, suverenliyimizə qarşı təhdid olacaq nöqsana yol verdi. Amma mövzu Ermənistandırsa, Ermənistana gəldikdə isə rəsmi Tehran Ermənistanın ərazi bütövlüyünü öz qırmızı cizgisi  elan etməkdə davam edir. Biz görürük ki, bu məsələdə İranla ABŞ eyni mövqedən çıxış edirlər, bir-birinin səsinə səs verərək Azərbaycana təzyiqi artırmaqda həmrəylik nümayiş etdirirlər. Burada iki "düşmən" ölkənin Azərbaycana qarşı mövqeyində, verdikləri bəyanatlarda bir paralellik diiqqətdən yayına bilməz. 

Belə görünür ki, Pelosinin İrəvan səfəri orada Azərbaycana ünvanlanmış təhdid mesajları İranı tam qane etdi. Elə bu səbəbdəndir ki, "düşmən" göstərdiyi Amerikanın ikinci adamı düz qulağının dibinə kimi gəlsə də, Ermənistanı himayə etdiyini açıq bildirsə də, Tehran rejimi ağzına su alıb bölgəmizdəki gedişata hər hansı bir yolla bu və ya digər şəkildə münasibət bildirməyin o qədər də vacib olmadığı qənaətindədir. 

Burada haqlı suallar ortaya çıxır: Azərbaycan-İsrail münasibətlərinin yaxınlığını həzm edə bilməyən rəsmi Tehran, niyə Ermənistan-ABŞ yaxınlaşmasından o qədər narahat deyil? 

Hər halda ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfəri axı çox ciddi hadisədir. Bəs ABŞ İranın düşməni deyildi? 

Ola bilər ki, İran indiki məqamda bu çağırışların reallıqda qarşılığı olmadığını düşünsün. Bəlkə də Tehran Ermənistan hökumətinin Fransa və ABŞ-ın alternativliyini sadəcə Rusiyaya qarşı rıçaq kimi istifadə etmək, yəni Rusiyaya KTMT məsuliyyətini daha ciddi şəkildə yerinə yetirməli olduğu mesajını vermək istədiyini öncədən bilir.

Lakin Tehran onu da yaxşı bilir ki, hazırkı beynəlxalq situasiyada bir ölkənin edə biləcəyi ən böyük riski Ermənistan etdi - öz təhlükəsizliyi məsələsini qarşı cəbhələrdəki böyük güclər arasında "hərrac"a çıxardı. O hərrac zamanı isə İranın "qırmızı xətti" birmənalı şəkildə ayaqlar altında qalır. Bəs bu, niyə Tehranı narahat etmir?

İran Ermənitanın onun maraqlarını nəzərə almadığı ilə bağlı narahatlığını ifadə etmək əvəzinə isə belə görünür ki, yenə də işi Azərbaycanladır. İran ordusu Ermənistan və Azərbaycanla sərhəddə yerləşdirilib. Bu barədə İran ordusunun Quru Qoşunlarının "Tvitter" hesabı yazır:

"İran ordusunun zirehli texnika, çevik reaksiya birləşmələri və hücum helikopterləri ölkənin Ermənistan və Azərbaycanla sərhədlərində yerləşdirilib. İran İslam Respublikası bölgənin sərhədlərində hər hansı dəyişikliyə imkan verməyəcəyini vurğulayıb. İran ordusunun Quru Qoşunlarının komandanı general Kiyumərs Heydəri son bir neçə gündə sözügedən qüvvələrə baş çəkib".

Belə aydın olur ki, İran bütün dünyanı aldadıb, ona bu işdə ən böyük yardımı da məhz Ermənistan edib. Təəssürat ondan ibartədir ki, əslində ABŞ və İranın mövqeləri digər məsələlərdə nə qədər üst-üstə düşməsə də, mövzu türk dünyası ilə bağlı məsələdirsə, onlar birgə fəaliyyət göstərməyi əsas vəzifə bilirlər. 

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikerinin Ermənistan səfərinin daha böyük müzakirə ediləcəyi gözlənildiyi bir məqamda İranın Ermənistanın ədalətsiz mövqeyini dəstəkləməsinin daha bir sübutu bu ölkənin dövlət televiziyasında yayımlanan proqramda öz əksini tapdı:

Monitorda "Azərbaycanın Ermənistan torpaqlarına təcavüzü və NATO-nun Turan dəhlizi (Zəngəzur) qurma cəhdləri" ifadələrinin yer aldığı bu proqram tamamilə Azərbaycana qarşı qərəzli propoqandanın fəaliyyətinin növbəti nümunəsi idi. 

Amma İran bilməlidir ki, Azərbaycana qarşı atacağı hər yanlış addımın cavabını öz sərhədləri daxilindən verməli olacaq. Sərhəddimizə 45 min əsgər yığan İran bunu da mütləq yada salmalıdır ki, Azərbaycanın on minlərlə əsgəri məhz sərhədləri daxilindədir. 

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.