Siyasət

Daha böyük QİSAS olacaq - Ermənilər növbəti təxribat hazırlığında ...

4 Avqust 2022 12:28
Baxış: 8 743

ABŞ-Çin qarşıdurması başladığı kimi də dayandı. Nensi Pelosinin Tayvan səfəri sıradan bir hadisə deyildi. Nəticə etibarı ilə Çinin xox gəldiyi, təhdid etdiyi hədə- qorxuların heç bir nəticəsi olmadı. Biraz konkretləşdirsək, ABŞ Çini bütün dünyanın gözü önündə geri addım atmağa vadar etdi.

Bunun özü dolayısı ilə ABŞ-dan Kremlə verilən mesaj idi. Yəni sənin ən çox arxalandığın Çindirsə, onu da öz yerinə otuzdurduq. Bir daha belə nəticə ortaya çıxır ki, kim güclüdür, o da diktə edən tərəfdir, o regionun, bölgənin geosiyasi gündəliyi təyin edən əsas aktordur.

Azərbaycan da Vətən müharibəsinin ilk günündən bu tərəfə sözügedən amilin dünyada çox önəmli bir təzyiq vasitəsi və diqtəedici qabiliyyətə malik olduğunun fərqindədir. Lakin bizim qarşımızdakı nə Çindir, nə də digər biri, onlar ermənidirlər. Nə edəcəkləri, nə vaxt, hansı addımı atacaqları heç bəlli olmayan bir toplum.

Necə ki, 44 günlük müharibədən sonra hərtərəfli, davamlı sülh üçün Avropa ittifaqının da iştirakı ilə Azərbaycan və Ermənistan arasında böyük irəliləyişlər əldə edildiyi təqdirdə erməni tərəfi götürdüyü öhdəliklərdən, gəlinən nəticələrdən yaxa qurtarmaq, məsuliyyətdən yayınmaq üçün Azərbaycana növbəti dəfə silah tutmağı seçdi. 

İki gün əvvəl V.Putin-Paşinyan, Lavrov-Mirzoyan arasında telefon danışığı oldu. Bundan cəmi 1 saat sonra Arayik Arutyunyan "Təhlükəsizlik Şurasını" təcili iclasa çağırdı.

Elə həmin gün Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı Azərbaycanın ünvanına daha bir təxribata yol verildi.

Rusiya Müdafiə Nazirliyinin yaydığı informasiya bülletenində yenə "Dağlıq Qarabağ" ifadəsi işlədildi. Habelə, bülletendə "Azərbaycan Ordusu tərəfindən atəşkəsin 3 dəfə pozulduğu" təki reallıqla heç bir əlaqəsi olmayan iddia yer alıb. Ermənilərlə sülhməramlıların bu təxribatları bir-birini kordinasiyalı şəkildə tamamladığı diqqətdən yayınmadı.

Bunun ardınca, dünən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin açdığı atəş nəticəsində əsgərimiz (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub - red.) şəhid oldu. Beləcə, Ermənistan kobud şəkildə Üçtərəfli Bəyanatı pozdu, dövlət başçıları arasında əldə edilən razılıqlara qarşı çıxdı. Şübhəsiz ki, bu, erməni terrorçularının dəhlizin yeni marşuta köçürülməsinə qarşı təxribatının nəticəsi idi. Separatçı rejim yaxşı bilir ki, onların Qarabağdakı ömrü hər ötən gün daha da qısalır. 

Erməni terrorçularının törətdiyi silahlı insidentin ardınca Ermənistan Təhlükəslik Şurasının rəhbəri A.Qriqoryanın Azərbaycanın Laçın dəhlizinə alternativ yolu təhvil verməklə, Laçın dəhlizini nəzarəti götürməsi təşəbbüsünü qeyri-legitim adlandırması deyilənlərin növbəti bariz təsdiqidir.

Lakin gələk məsələnin digər tərəfinə: burada Rusiya sülhməramlı kontingenti ilə ermənilərin bu kordinasiyalı fəaliyyəti diqqətdən yayına bilməz. Laçın və digər istiqamətlərdə suverenliyimizlə bağlı qəti addımların atılacağı gözlənilirdi. Çünki bununla bağlı Prezident İlham Əliyev öz çıxışlarında dəfələrlə bəyan edib ki, erməni təxribatlarına qarşı gərəkli sərt tədbirlər görüləcək: belə də oldu!

Azərbaycan bir əsgərinin şəhid olmasına qarşılıq başlatdığı "Qisas" əməliyyatı ilə erməni terrorçularına növbəti dəfə toy tutdu. Qısa müddətlik davam edən "Qisas" əməliyyatı erməni terrorçuların məhv edilməsi və strateji yüksəkliklərin nəzarətə götürülməsi ilə nəticələndi ki, bununla Azərbaycan istər separatçılara, istər rəsmi İrəvana , istərsə də onlara havadarlıq edən qüvvələrə bir neçə mesaj verdi:

⚫️ Azərbaycan Ordusu suverenliyimizə olacaq hər hansı bir təhdidə qarşılıq qarşıya qoyulan tapşırıqları daha dəqiq və çevik icra etmək potensialına malikdir

⚫️ Azərbaycan əsgəri Rusiya sülhməramlılarının məsuliyyət zonasında post quran separatçıları, onların hərbi texnikasını və nəqliyyat vasitələrini zərərsizləşdirmək iqtidarındadır, buna görə kənardan kimdənsə icazə gözləmək məcburiyyətində deyil

⚫️ Qondarma rejim qalıqları bundan sonra sülhməramlı kontingentin arxasında özlərini təhlükəsiz hiss edib yeni təxribatlara cəhd etməsinlər, növbəti cavab onalr üçün daha ağır nəticələnə bilər.

⚫️ Azərbaycan Respublikasının ərazisində yeganə legitim hərbi qüvvə Azərbaycan Silahlı Qüvvələridir

Qısa zamanda növbəti ağır zərbəni alan erməni separatçıları deyəsən bu baş verənlərdən nəticə çıxaracaq kimi görünmürlər. Qarabağdakı separatçı rejim qalıqlarının Azərbaycanın "Qisas" anti-terror əməliyyatından sonra qismən "səfərbərlik" elan etməsi növbəti insidentlərə hazırlığın xəbərçisidir. Buradan belə nəticə çıxır ki, terrorçular sona qədər döyüşmək niyyətindədirlər. Bu isə növbəti anti-terror əməliyyatının miqyasının daha böyük olacağından xəbər verir. Nəticədə isə Azərbaycan Ordusunun daha böyük "Qisas" anti-terror əməliyyatının şahidi ola bilərik.

Ona görə ki, Azərbaycanın suveren sərhədləri daxilində Azərbaycan dövlətinə qarşı "səfərbərlik" elan edilməsi suverenliyimizə qarşı təhdidin nə qədər böyük olduğunu bir daha sübut etməklə yanaşı, Ermənistanın 44 günlük müharibədən sonra bütün üçtərəfli və ikitərəfli bəyanatlarını, razılıqlarını ayaq altına atmasından, işğalçılıq ritorikasından əl çəkmək fikrində olmadıqlarından xəbər verir.

Bu anti-terror əməliyyatına görə Ermənistan XİN-in Azərbaycan tərəfini əsassız şəkildə ittiham edən 3 avqust tarixli bəyanatı da növbəti erməni hiyləsidir. Beləcə, Ermənistan bütün dövlətləri və beynəlxalq təşkilatları ayağa qaldırmağa çalışır ki, Azərbaycana təzyiq etsinlər. Lakin Ermənistan unudur ki, yeni dünya düzənində Avropa İttifaqının və ABŞ-ın Azərbaycana daha çox ehtiyacı var. Brüssel və Vaşinqtonun Rusiyaya sərt sanksiyaları fonunda bu paytaxtlar Azərbaycan neftinin və qazının köhnə qitəyə daha çox nəqlini istəyirlər ki, imzalanan sazişlər də bunun təsdiqidir. Üstəlik Çinin və Mərkəzi Asiya ölkələrinin Azərbaycanın tranzit imkanlarından istifadə etməsi də Brüssel və Vaşinqtonun maraqlarına cavab verir.

Təbii ki, Bakı o qədər sadaəlöhv deyil ki, Vaşinqton və Brüsseldən dəstək gözləsin. Bakının istəyi əsasən odur ki, kollektiv Qərb Azərbaycanın haqq işinə mane olmasın. Postkonflikt dövründə atılan diplomatik addımlar, müxtəlif əlaqələrin genişlənməsi deməyə əsas verir ki, Azərbaycan tərəfi bu məsələni qismən həll edib artıq. 

Ancaq zərrə qədər də şübhə edilmir ki, Qərbdə erməni lobbisi ilə bağlı olan ayrı-ayrı fərdlər və mərkəzlər Azərbaycan əleyhinə suyu bulandırmağa çalışacaqlar. 

Nikol Paşinyan isə Azərbaycanla həllini gözləyən məsələlərin həllini uzatmaqla özünü həm Qərbdəki və ABŞ-dakı erməni lobbisinin təhdidlərindən, həm də radikal müxalifətdən qoruyacağını düşünürdü. Amma Azərbaycan ordusu Qarabağda mövqelərini möhkəmlətdikcə Paşinyana qarşı yenidən etirazların artacağı istisna edilmir. "Qisas" anti-terror əməliyyatı həm də Paşinyana xatırlatma oldu ki, üzərinə götürdüyün öhdəliklərin həyata keçirilməsi müddətini uzatmağa çalışma, sülh sazişi imzala, qeyri-qanuni silahlı birləşmələrini Qarabağdan çıxart, əks halda daha böyük itkilərlə üz-üzə qalacaqsan.

Qarabağdakı gərginliklə bağlı Paşinyanın rəhbərliyi ilə bu gün Ermənistan hökumətinin iclasının keçirilməsi bir daha erməni baş nazirin daxildəki etirazların artacağı qorxusundan irəli gələn bir məsələdir.

 

Ermənistan baş nazirinin hökümət iclasında gah "Azərbaycan 9 noyabr bəyanatını ləğv etməyə çalışır. Qarabağda Ermənistan Silahlı Qüvvələrinin hərbçisi yoxdur" deməklə Azərbaycanı kollektiv Qərb qarşısında çətin durumda qoymaq istəməsi, gah da sülhməramlıların məsuliyyətinin artırılmasını təklif etməsi, Qarabağdakı çətin vəziyyətin sülhməramlıların fəaliyyəti ilə bağlaması Paşinyanın məsuliyyəti növbəti dəfə başqalarınıən üstünə atmaq cəhdindən başqa bir şey deyil. Erməni baş nazir bununla da daxildə ona qarşı güclənmək ehtimalı yüksək olan etirazları indidən deaktivləşdirmək istəyir, özünü bu aksiyalardan sığortalamaq üçün qabaqdangələnlik edir. 

Lakin Paşinyan və havadarları özlərini karlığa, korluğa qoymaqla, Azərbaycan tərəfinin dəfələrlə xəbərdarlığına məhəl vermirdilər. Halbu ki, rəsmi Bakı ard-arda bir neçə dəfə bəyan etmişdi ki, həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür.

Şübhəsiz ki, Azərbaycan ordusunun bugünkü dəqiq zərbələrindən sonra ermənilərin artan təzyiqindən, Qərbmeyilli şüarlarlarından yaxa qurtarmaq üçün Rusiya tərəfi yenidən Moskvada tərəflərin görüşünü təşkil etməyə çalışacaq. Kremlin Bakıya təzyiqi artırmaq cəhdinə də şahid ola bilərik. 

Lakin bölgədəki gərgin vəziyyətlə bağlı son proseslərə bir neçə gündən sonra Soçidə baş tutacaq Rusiya və Türkiyə prezidentləri arasındakı görüşdə böyük mənada aydınlıq gələ bilər. Çox güman ki, Kreml Ukraynada işğalçı müharibə və üzləşdiyi sərt sanksiyalar fonunda Azərbaycan və Türkiyə ilə münasibətlərin zəifləməsinin onun maraqlarına zidd olduğunu nəzərə alaraq Azərbaycana Qarabağda qanun-qayda yaratmağa mane olmayacağı ilə bağlı Ankara qarşısında öhdəlik götürə bilər. 

Erməni separatçıları təxribatlara və 120 noyabr üçtərəfli bəyanatının 4-cü bəndinə uyğun olaraq Azərbaycan ərazilərini tərk etməkdə yenə də tərəddüd edəcəkləri təqdirdə isə "Qisas" əməliyyatının davam edəcəyi istisna deyil. Qondarma rejim qalıqlarının tabeliyindəki terrorçu dəstələrin hələ də Qarabağda qaldığını, vəziyyətin bölgədə gərgin olaraq qaldığını nəzərə alsaq,  hələ də əməliyyatın tam başa çatmadığını, müvvəqəti dayandırıldığını və hadisələrin tələblərin icrası prosesinə uyğun cərəyan edəcəyi ehtimalları yüksəkdir.

Təhməz Əsədov
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics