Siyasət

Xalqın dəyərləri ilə oynayanlar: Şərəfli ada ləkə yaxmaq istəyənlər

26 May 2022 14:06
Baxış: 1 115

"Hər bir müharibədən sonra dövlətlərin atacağı ən zəruri addımlar müharibənin vurduğu maddi ziyanları, dağıntıları bərpa etməklə yanaşı, həm də müharibədə şücaət göstərmiş, həyatını, canını, ömrünü fəda etmiş insanların Vətən qarşısındakı bu xidmətlərinə lazımı qiyməti verməkdən ibarətdir". 

Bunu Milli.Az-a açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, ictimaiyyətin saxta qazi adı altında fəaliyyət göstərən şəxslərin ifşasında çox fəal olmasına ehtiyac var:

"Bütün normal ölkələr, o cümlədən də Azərbaycan 44 günlük müharibədən sonra həm azad olunmuş və işğalçılar tərəfindən dağıdılmış ərazilərimizin bərpası yönündə addımlar atır, həm də dövlətin maddi imkanları səviyyəsində qazilərin, şəhidlərimizin, bütünlüklə bu müharibədə hansısa can, mal itkisinə məruz qalmış vətəndaşlarımızın itkilərini kompensasiya etmək yönümündə addımlar atılır. Bunlar sözsüz ki, qürurvericidir. Dövlətimizin siyasətində özünü göstərən addımlar kimi diqqəti cəlb edir və hər kəs qəbul edir ki, bu yöndə atılan addımlar ilk növbədə dövlətin maddi maliyyə imkanlarına bağlıdır və maddi maliyyə imkanlarının şans verdiyi həddə qədər bu işlər görülür.

Amma təəssüf ki, bəzən Vətən müharibəsində canını, sağlamlığını, ömrünü fəda etmiş həqiqətən qəhrəman qazi insanlarla bərabər, bunların kölgəsində yatmaq və onların kölgəsində, onların adı altında saxta işlərlə məşğul olan zümrə təmsilçilərinə də rast gəlinir. Deyim ki, bu, təkcə Azərbaycanda deyil, istənilən bir ölkənin təcrübəsində qalibiyyətli müharibədən sonra şahidi olmaq mümkündür ki, bu müharibədə öz haq etdiyi, müharibə zamanı ortaya qoyduğu haqqına sahib çıxan və çıxmaq istəyən adamlarla yanaşı, müəyyən fırıldaqçı dələduzlar zümrəsi də meydana çıxıb.

Dediyim kimi, başqa ölkələrin də timsalında bu kimi nümunələrə rast gəlmək olur və eləcə də Azərbaycanda da biz bunu gördük. Müxtəlif adlar altında, müxtəlif kamuflajlar altında pərdələnərək özünü qazi, Vətən müharibəsinin iştirakçısı kimi, ya birbaşa can itkisinə, ya da mal itkisinə məruz qalmış şəxslər kimi qələmə verənlərə çox təəssüf ki, rast gəlinir. Bu adamların saxta, süni hərəkətləri təbii ki, ziyanlıdır. Birinci növbədə Vətən uğrunda həqiqətən canından, malından və canının bir hissəsindən keçmiş həqiqi qazilərimizin, qəhrəmanlarımızın xidmətlərinə və adına kölgə salır. Ona görə ki, adını, canını, malını və ömrünü Vətən yolunda fəda etmiş şəxslərə heç bir halda şərik qoşmaq düşməz və bu, mənəvi bir cinayətdir. Demək, saxta qazilər adı altında fəaliyyət göstərən adamlar ilk əvvəl bu qaziliyə, qəhrəmanlığa haq etmiş insanların xatirəsinə, ruhuna xəyanət etmiş olurlar. 

İkincisi: bu, pis nümunədir. Çünki bəzi hallarda belə fırıldaqçılar bu yaramaz üsulla istədiklərinə nail olanda bu, istər-istəməz ziyanlı, yoluxucu bir pis nümunə kimi cəmiyyətə yayılmağa başlayır və onun özündən sonra davamçıları meydana gəlir. Bu mənada ziyanlıdır. Ona görə də bu ziyanlı təzahürlərə qarşı mübarizə çox ciddi bir dövlət və ictimai iş olmalıdır. Birinci növbədə müvafiq dövlət strukturlarının əli ilə buna qarşı mübarizə gedir və getməlidir. Çünki biz saxta qazi adı altında fəaliyyət göstərən şəxslərin ifşasının demək olar ki, bütün hallarda dövlət orqanlarının əli ilə getdiyini görürük. Bu, yaxşı haldır. DİN və digər orqanları belə şəxsləri ifşa edirlər. 

Digər tərəfdən, ictimaiyyətin özünün də bu məsələdə çox fəal olmasına ehtiyac var. Haradasa gözləmək lazım deyil ki, belə şəxslərlə rastlaşanda onu təkcə polis əməkdaşları ifşa etsinlər. Hər bir vətəndaş buna qarşı barışmaz olmalıdır və hər bir vətəndaş xüsusilə də belə hallarla üzləşəndə özünün çox güclü ictimai rəy silahının daşıyıcısı olduğunu gərək unutmasın. Ona görə də saxta və yaxudda ki, haq etməyən dələduz "qazilərlə" mübarizə ümumdövlət və ümumictimai iş olmalıdır.

Digər tərəfdən müvafiq dövlət orqanları da öz fəaliyyətlərini ciddi şəkildə gücləndirməlidirlər ki, ölkədə ümumiyyətlə, insanların öz tələbatlarını, ehtiyaclarını ödəmək, özlərini təsdiq etməsi üçün bu cür saxta və yaramaz üsullara əl atmasına ehtiyac qalmasın. Çünki çox yolverilməz və bağışlanmaz bir haldır ki, müəyyən hallarda insanlar hətta iş tapa bilmədiyi üçün qarnını doyuracaq bir tikə çörəyi məhz belə saxta və yaramaz yollara baş vurmaqla əldə etmək zorunda qalır. 

Mən əlbəttə, özünü saxta qazi kimi qələmə verən adamlara qəti şəkildə haq qazandırmıram, qazandırmağın tərəfdarı da deyiləm. Amma bəzi hallarda insanların bu cür yollarla bir qarın çöprək qazanmasına səbəb olan halların aradan qaldırılması da gərək unudulmasın".

Təhməz Əsədov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.