Siyasət

Qarabağda erməniləri onlar əvəz edə bilər - Paşinyandan YENİ TƏKLİF

27 Yanvar 2022 15:46
Baxış: 5 549

Armen Sarkisyanın prezidentlik postundan istefa verməsi tək Ermənistanın daxili gündəminə təsir etməyəcək, eləcə də xarici siyasətinə, xüsusilə də Azərbaycanla gələcək münasibətlərin müəyyənləşdirilməsi baxımından Paşinyana bir xeyli imkanlar açmış oldu. Biz elə Sarkisyanın istefasından cəmi bir gün sonra Nikol Paşinyanın ilin ilk mətbuat konfransını təşkil etməsini bunun təsdiqi olaraq göstərə bilərik.

Bu, əslində erməni baş nazirin daxildə hər hansı bir çaxnaşmaya səbəb olacaq şayiələrə yol verməmək məqsədilə zamanında atılmış addımı kimi də şərh edilə bilər. Paşinyan mətbuat konfransı təşkil etməklə həm daxili, həm də xarici bir çox məsələlərin tənzimlənməsi istiqamətində korrektə edilmiş fikirləri ilə diqqət mərkəzinə düşdü ki, bunun da məhz istefa xəbərindən sonra reallaşması bir daha A. Sarkisyanın Paşinyan üçün nə qədər böyük maneə olduğunü nümayiş etdirir.

Sarkisyan əsasən xarici siyasət və diaspora quruculuğu sahəsində fəaliyyəti ilə nəzərə çarpsa da, dövlət idarəçiliyində qəbul edilən qərarlarda iştirakı bir o qədər arxa planda qalırdı. Eyni zamanda A. Sarkisyanın Nikol Paşinyanın hakimiyyətə gəlməsindən əvvəl prezident təyin olunması məsələsi də iki Ermənistan liderindən birinin əvvəl-axır postundan getməsinə səbəb olacağına işarə edirdi. Çünki Serj Sarkisyanın kadrı olan Armen heç cürə "Qarabağ klanı"nın tapşırıqları və istəklərinə qarşı gedə bilməzdi. Lakin Paşinyanın inqilabının kökündə məhz Sorosun dayandığını düşündükdə "iki qoçun başının bir qazanda qaynamayacağı" bəlli idi. Əvvəl gündən Paşinyanın qəbul etdiyi qərarlarda Armen Sarkisyanın fikirləri ziddiyət təşkil etməsi, bu deyilənlərin təsdiqidir. Onlar bir sıra məsələlərdə fikir ayrı-seçkiliyi yaşasalar da Paşinyan onunla ilkin dövrdə sövdələşmələrə getdi. Lakin artıq Türkiyə ilə münasibətlərin normallaşdırılması ilə bağlı praktiki addımlar atılmağa başlayandan sonra Sarkisyanın vəzifədən getməsi, onun türk düşməni olduğunu, sələflərinin izi ilə gedərək bu iki ölkə arasında münasibətlrin normallaşmasına istənilən yolla mane olacağına işarədir. Məhz bu maneəni aradan qaldırmaq üçün Paşinyan Sarkisyanın istefası üçün əlindən gələni etdi.  

Nikol Paşinyanın ilin ilk mətbuat konfransında müzakirələrə səbəb olacaq açıqlamalar verməsi diqqətdən yayınmadı ki, Armen Sarkisyanın artıq hakimiyyətdən getməsi də bunda öz təsirini göstərdi. Sarkisyanın istefası fonunda mətbuat konfransına zərurətin yarandığını hiss edən Paşinyan, bundan Qarabağ, Azərbaycanla sülh və sərhəd məsələsi ilə bağlı mövqeyini yeniləmək üçün də yararlandı.

Azərbaycanla sülh sazişinin əleyhinə olmadığını bildirən Paşinyan bu istiqamətdə bütün səyləri artırmağa hazır olduğunu qeyd edib. Onun xüsusilə sərhədlərin delimitasiya, demarkasiya məsələsinin həll olunması üçün sülh müqviləsinin imzalanmasını gözləməyin heç bir mənasının olmaması ilə bağlı fikirləri daha çox maraq doğurdu. Bəli, Paşinyanın ilin ilk mətbuat konfransında bu məsələni belə gündəmə gətirməsi tamamilə beynəlxalq hüquq prinsiplərinə uyğun hesab edilə bilər. Biz dünya təcrübəsinə baxsaq belə təcrübəyə başqa ölkələrin timsalında da şahid ola bilərik ki, onlardan biri də Rusiya və Yaponiyadır ki, bu vaxta kimi aralarında hələ də sülh müqaviləsinin imzalanmamasına baxmayaraq, bir-birlərinin ərazi bütövlüklərini de-fakto tanıyıblar. Məhz bu baxış bucağından məsələyə nəzər salsaq, təbii ki, rəsmi Bakı üçün əlverişli hesab edilə bilər. Çünki SSRİ-də tərtib edilmiş xəritələrə əsasən Qarabağ və dağlıq əraziləri məhz Azərbaycan torpağı kimi qeyd olunub. Məsələnin bu cür inkişafı şübhəsiz ki, Ermənistanı sonrakı mərhələdə həmin ərazilərin Azərbaycan torpağı kimi tanımasına səbəb olacaq, beləcə ermənilər Azərbayacana qarşı 10 illiklərdir sürdükləri ərazi iddiaları ilə bağlı təbliğat kampaniyası da iflasa uğramış olacaq. Paşinyan da anlayır ki, saziş sərhəd və ərazi bütövlüyünün tanınması deməkdir. 

Onun bu mətbuat konfransı zamanı sülh sazişi ilə bağlı açıqlamasına əvvəlki fikirləri ilə müqayisədə yenidən korrektələr etməsi diqqətdən yayınmadı. Onun burada xüsusilə bir dəfə də olsun "Dağlıq Qarabağ" məsələsini gündəmə gətirməməsi rəsmi İrəvanın Azərbaycanın istəklərinə uyğun olaraq bu məsələnin artıq gündəmdən çıxarılması üçün atılan addım kimi də dəyərləndirilə bilər. Bununla erməni baş nazir cəmiyyətinə mesaj vermiş olur ki, belə bir ərazi vahidi yoxdur, ora Azərbaycan torpaqlarıdır, razılaşın.

"Sülh sazişi" ilə bağlı İrəvanın riskli siyasəti fonunda Paşinyanın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyi bu mətbuat konfransında heç şübhəsiz ki, ən diqqətçəkən məqamlardan oldu. Onun Madrid prinsiplərində ərazi bütövlüyü prinsipini xatırlatması qarşılığında "öz müqəddəratını təyinetmə" məsələsinə toxunmaması, daxili auditoriyaya verilən çox önəmli mesajlar idi ki, Paşinyan bu mesajlardan gələcək siyasi yol xəritəsini cıxmaq üçün yararlanmaq niyyətindədir.

N.Paşinyanın bu açıqlamaları ilə erməni xalqına bir daha bəyan etmiş oldu ki, Azərbaycanın ərazi bütövlüyünü tanımağa məcburdurlar və belə bir yol tutduğuna görə məsuliyyəti ondan qabaqkılar daşıyır, günahı onlarda axtarsınlar. O bildirmək istədi ki, hazırki vəziyyətə görə məsuliyyət indiyə qədər qəbul edilmiş sənədləri (Paşinyan çıxışında MDB-yə üzv olarkən Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını xatırladıb, 1996-cı ilin Lissabon sammitində münaqişənin həlli ilə bağlı qəbul edilən üç prinsipi yada salaraq Azərbaycanın ərazi bütövlüyü bərpa edilməsi, Qarabağa Azərbaycanın tərkibində "yüksək muxtariyyət" statusu verilməsi, bölgənin erməni və azərbaycanlı icmalarının təhlükəsizliyi təmin olunması qərarlarını, eləcə də 1999-cı ildə İstanbul sammitində "Dağlıq Qarabağın" danışıqlardan çıxarılmasını xatırladıb və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə toxunub - red) imzalayanlar daşıyır və həmin sənədlər bunu tələb edir.

Son olaraq Kremlə yaxınlığı ilə seçilən RİA-nın məlumatında məhz Armen Sarkisyanın yerinə Arayik Arutyunyanın Ermənistan prezidentliyinə namizədliyinin irəli sürüləcəyi ilə bağlı xəbərin yayılması bir daha Paşinyanın "Artsax", "Dağlıq Qarabağ" kimi miflərin sona çatmasını təsdiq edən hadisə ola bilər. Bu isə Qarabağın dağlıq hissəsinə ərazi iddiasının əl dəyişməsinə də səbəb ola bilər. Bu gün sülhməramlıların səlahiyyət zonalarındakı "canfəşanlığı", humanitar yardım məsələlərindəki aktivliyi Rusiyanın orada hələ uzun müddət qalmaq istəyini ortaya çıxarır. Bunun Ermənistan prezidentliyinə namizədliyini irəli sürməyəcəyi ilə bağlı son qərarı uzun illər "Qarabağ klanı" olaraq rəsmi Moskvanın sifarişləri, əmrlərini icra edən Köçəryana Kremldən verilən göstəriş də hesab etmək olar. Bununla da ortada Rusiya onu axtarışa verən Arayiki Azərbaycanın caynağından xilas etmək sözü verə bilər ki, qarşılığında onun Qarabağın dağlıq hissəsi ilə bağlı iddialarından əl çəkməklə öz həyatını xilas etmək variantına üstünlük verməsini seçməyə məcbur qoya bilər.

İstənilən halda Azərbaycan ərazilərini heç kimə, heç bir qüvvəyə güzəştə getmək fikrində deyil. Ərazi iddiasına qalxan istənilən dövlətə qarşı lazımı tədbirlər görüləcək, "Şuşa bəyannaməsi" də məhz bu cür hallara qarşı imzalanmış taleyüklü bir sənəddir ki, Azərbaycan ərazilərinə göz dikən qüvvələr eyni zamanda qarşılarında Türkiyəni də görəcəklərini unutmamalıdırlar. Rəsmi Bakı bundan sonra da sülhməramlı kontingentin istənilən qanun pozuntusu hesab edilən hərəkətlərinə qarşı lazımı addımlar atacaq. Çünki o ərazinin bir ağası var - Azərbaycan!

Təhməz Əsədov
Milli.Az

 

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics