Elm və din güzgüsündə TƏKAMÜL

4 Sentyabr 2017 11:00

Milli.Az İlkin İzzətin tanınmış yazıçı, teoloq Rövşən Abdullaoğlu ilə müsahibəsini təqdim edir: 

Sadə görünən bəzi sualların dərin mənalı fərqli cavabları

- Rövşən müəllim, bir qədər qəribə görünsə də, əvvəlcə sadə, nəyin nə olduğunu açıqlamaq üçün suallar verəcəm.

- Buyurun.

- Sizcə, ən dəqiq informasiya mənbəyi nədir?

- Ən dəqiq informasiya sırf əqli qaydalara söykənənidir. Ona görə riyaziyyat, həndəsə, fəlsəfə kimi əqli elmlər daha dəqiq elmlər hesab edilir. "2+2"nin cavabında 4-dən başqa bir ehtimal yoxdur. Bu, əqli faktdır. Əqli faktın əksini iddia etmək paradoksa səbəb olur. Təcrübi elmlər isə əqli deyil, empirik, yəni təcrübə yolu ilə müəyyən olunmuş məlumatlar üzərində qurulur. Buna görə də təbiətşünaslıq kimi təcrübə elmlərinin nəzəriyyələri etibarlılığına görə əqli elmlərin məlumatlarının dəqiqliyində deyildir. Həmçinin, təcrübi məlumatların əksini iddia etmək də paradoksa səbəb olmur. Bu qeyri-dəqiqliyinə görə də təcrübə yoluyla əldə olunmuş məlumatların müəyyən qeydlər qəbul etmək, yenilənmək, dəyişilmək xüsusiyyəti vardır. Elm fəlsəfəsi və epistemologiya elmi təbiətşünaslıq kimi hissi müşahidələrə dayanmış elmləri xəta etmə imkanı yüksək olan elmlərdən bilir. Məhz bu xüsusiyyətinə görədir ki, təbiətşünaslıq kimi elmlərdə nəzəriyyənin isbat problemi ən böyük elmi fakt olaraq qalır.

"İnamını və vicdanını itirmiş insan cəmiyyət üçün ən təhlükəli canlıdır"

- Bəs, onda fakt nədir?

- Fakt termini daha çox təcrübi elmlərdə işlədilir. Real olaraq baş vermiş, yaxud da baş verməsi qəti olan konkret bir hadisəni bildirir. Faktın verifikasiya, yəni yoxlanıla bilmə xüsusiyyəti olmalıdır. Dəqiqlik dərəcəsinə görə fakt nəzəriyyədən və fərziyyədən daha üstün və dəqiq hesab edilir. Ona görə də faktlarla hesablaşmamaq, onları danmaq olmur.

- Nəzəriyyə və fərziyyə nədir?

- Fərziyyə hər hansı bir məsələni izah etmək üçün irəli sürülmüş ilkin fikir və zəif ehtimaldır. Bu ilkin fikir hər hansı elmi araşdırmalarla möhkəmləndirilsə, olur nəzəriyyə. Nəzəriyyə fərziyyədən daha əsaslıdır. Bununla belə, nəzəriyyə tam isbat olunmamış, alternativ izahları olan və hazırda müzakirə mərhələsində olan məlumatdır. Nəzəriyyə qəti dəlillərlə isbat olunub, mütəfəkkirlər tərəfindən yekdilliklə qəbul olunduqda isə olur fakt. Məsələn, "Marsda həyat var". Bu bir fərziyyədir. Əgər hansısa təcrübələrlə Mars planetində həyatın izlərinə oxşar əlamətlər müəyyən olunsa, bu fərziyyə olacaq nəzəriyyə. Marsa gedib həyatı öz gözümüzlə görsək, bu artıq faktdır. Düzdür, bu üç anlayış arasında başqa fərqli və oxşar cəhətlər, müxtəlif izahlar da vardır. Amma mən indi onlara toxunmuram.

- Bəs faktlara subyektiv yanaşma necə, mümkündürmü?

- Təcrübə elmlərində faktlarda subyektivlik çoxdur. Hava müsbət 18 dərəcə selsidir. Bir insan buna soyuq, digəri isə isti deyir. Soyuq və istilik anlayışı şəxslərə görə dəyişir. Havanın müsbət 18 dərəcə olması faktı isə faktlığında qalır. Yer altından dimdiyində dişi, quyruğunda fəqərələri olan bir quş tapırlar. Bax bu, faktdır. Təkamülçülər "arxeopteriks" adını verdikləri bu quşun sürünənlərdən quşlara keçid etmiş bir canlı olduğunu iddia edirlər. Bu iddia isə fakta geydirilmiş subyektiv fikirdir.

Elm adətən bir qrup nüfuzlu insanın, yaxud totalitar dövlətlərin maraqlarının əsiri olub

- Alimin ideologiyası özünün elmi nəzəriyyələrinə təsir edə bilərmi? Elm tarixində belə hallara rast gəlinibmi?

"Quranla Allahı isbat etməzlər" - FOTO

- Əlbəttə. Təcrübi məsələlərin subyektiv yanaşma xüsusiyyəti ideoloji manipulyasiya üçün geniş şərait yaradır. Məsələn, nasional-sosialistlərin Almaniyada hakimiyyəti zamanı psixoterapiya, fizika, sosiologiya, siyasi fəlsəfə, fəlsəfə kimi elmlərə olan ideoloji müdaxilələri. Eynilə, SSRİ məkanında da müxtəlif elmi məsələlərə ideoloji yanaşmalar mövcud olmuşdur. Belə ki, mövcud fikrin əksinə çıxanlar represiyaya məruz qalırdı. Orta əsrlərdə mövcud olan inkvizisiya məhkəməsi də məhz katolisizmdə qəbul olunmuş "elmi fikirləri" qorumaq üçün qurulmuşdu. Biz Roma imperiyasında da ideoloji yanaşmanın elmə olan təsirini müşahidə edirik. VI əsrdə Bizans imperiyasına başçılıq etmiş I Yustinianın dövründə antik dövrdən qalma dinlərlə bərabər, bütün mədəniyyət və elmi irs də tamamilə məhv edilirdi. Bu səbəbdən, hətta Afina şəhərində olan məşhur Platon Akademiyası, həmçinin bir çox böyük elmi mərkəzlər də bağlanmışdı. Bundan sonrakı yeni elmi nəzəriyyələr də yalnız mövcud baxışlara uyğunlaşdırılırdı. Avropada katolisizmin nüfuzu aradan gedəndən sonra elm aləmi maddiləşməyə, ateistləşməyə başladı. Hazırda da bütün elmi struktur materialist fəlsəfə üzərində qurulmuşdur. Bu səbəbdən demək olar ki, bütün yeni faktları obyektiv deyil, materialist düşüncə əsasında izah etməyə çalışırlar. Biologiya, anatomiya, nevrobiologiya, zoologiya, arxeologiya, paleontologiya kimi bir çox elmlərdə bütün yeni faktlar məhz təkamül prizmasından dəyərləndirilməyə çalışılır.

XVIII əsrə qədər əgər katolik kilsəsi elmə zülm edib onu öz istəkləri əsasında "fırladırdısa", XVIII əsrdən sonra məhz ateist materializmi elmin bir çox məsələlərini təhrif etməklə ona zülm etməyə və özünün dar qəlibi içərisinə salmağa çalışır. Tarixə nəzər saldıqda görürük ki, elm demək olar ki, çox vaxt tam azad olmayıb, adətən bir qrup nüfuzlu insanın, yaxud totalitar dövlətlərin maraqlarının əsiri olub.

- Bəziləri təkamülə də fakt deyir. Buna necə yanaşırsız?

- Heç kəs təkamülü dəqiq elmlərdə olan əqli fakt mənasında fakt bilmir, hətta təkamülçülərin özləri belə. Təkamülü bu baxımdan fakt olaraq qəbul etmək qeyri-mümkündür. Belə ki, təkamülün içində onlarla fərqli fərziyyələrin olması, bu fərziyyələrin bəzilərinin zamanla rədd olunması, bəzilərinin isə dəyişikliyə uğraması və edilən müxtəlif qeydlər təkamülün fakt olmadığını göstərir. Təkamül nəzəriyyəsinin indiki vəziyyəti daha çox fərziyyəyə yaxındır.

- Təkamül ideyası yanlışdırsa, o zaman canlıların müxtəlifliyini necə izah etmək olar?

- Bu barədə biologiyada üç əsas fikir vardır. Bir qrup alimlər növlərin dəyişməzliyini qəbul edirlər. Onlar deyirlər ki, bitki və canlılar aləminin hər növü bir-birindən törəmədən, müstəqil olaraq yaranmışdır. Məsələn, ingilis təbiətşünası Con Rey, məşhur fransız təbiətşünası Jan Leopold Küvye kimi alimlərə görə ilk olaraq yaradılmış canlı növünün xüsusiyyətləri nəsildən-nəslə ötürülərək qorunur və canlıların ətraf mühitin təsirilə yalnız növdaxili dəyişikliyə uğraması mümkündür. İsveç təbiətşünası Karl Linney də eyni fikirdə idi. Karl Linney deyirdi ki, bizim hazırda müşahidə etdiyimiz canlı növlərinin sayı ilk dəfə yaradılmış müxtəlif növlərin sayı qədərdir. XX əsrin ortalarında yaşamış professor Frenk L. Marş tərəfindən irəli sürülmüş "Baramin nəzəriyyəsi" də bu fikrə əsaslanır.

İkinci fikir "ilahi təkamül"lə bağlıdır. Bu fikrə görə təkamül Allahın inkarına gətirib çıxardan bir nəzəriyyə deyildir. Belə ki, Yaradan canlıları məhz təkamül yolu ilə yaratmışdır.

Üçüncü fikir isə, Darvin kimi təbiətşünaslara məxsus olan, Yaradan kimi kənar təsir olmadan sırf təsadüf əsasında baş verən məqsədyönsüz təkamüldür. Əslində, təkamül nəzəriyyəsinin teizmi inkar edən elmi bir iş kimi önə sürülməsi də məhz Darvindən sonra başlanılmışdı.

- Biologiyada, təbitəşünaslıqda çoxlu nəzəriyyələr vardır. Maraqlıdır, onların arasından nəyə görə məhz təkamül nəzəriyyəsi bu qədər səs-küyə səbəb oldu?

-  Çünki ateistlər bu nəzəriyyədə Yaradan və dinlərin inkarı üçün güclü bir arqument gördülər. İnanclıların bəziləri də eynilə, ateistlər kimi təkamülün onların dinlərini hədəfə aldığını düşündüklərindən onu hallandırmağa başladılar. Bir qisim inanclılar isə bu nəzəriyyənin onların dinlərinə aidiyyatı olmadığını başa salmaq üçün təkamülü hallandırdılar. Nəticədə də təkamül məşhur bir nəzəriyyəyə çevrildi.

Təkamülün Yaradanın inkarı ilə qətiyyən əlaqəsi yoxdur

- Bəs, sizcə, təkamül Yaradanın yoxluğu üçün dəlil ola bilərmi?

Cinsi inqilab - Ondan nə gözləyirdilər, nəticə necə oldu?

- Təkamülün Yaradanın inkarı ilə qətiyyən əlaqəsi yoxdur. Təkamülü, yaxud da hər hansı bir elmi nəzəriyyəni əldə rəhbər tutaraq "bu, Tanrının inkarı üçün dəlildir" demək çox yanlışdır. İnsanlar adətən mövzuları bir-birinə qarışdırırlar. Ona görə də əsassız nəticələrə gəlirlər. Hərçənd, mövzunu xırdalasaq alınan mühakimənin nə qədər gülünc olduğu dərhal ortaya çıxar. Baxın, təkamül biologiya kimi bəzi təcrübə elmlərinə aid bir fikir, canlıların necə formalaşdığını izah edən bir fərziyyədir. Buna görə də təkamül öz mövzusundan kənarda olan bir məsələ ilə əlaqələndirilə bilməz. Təkamülə əsasən, Yaradanı danmaq rəsm əsərində tətbiq olunmuş hansısa qanunauyğunluğa əsaslanıb "baxın bu şəkilin rəssamı yoxdur" deməyə bənzəyir. Yaxud da bir heykəltəraşı təsəvvür edək. O, iki insan heykəli düzəldir. Heykəllərdən birini tədricən düzəldir. Məsələn, əvvəlcə gildən balıq düzəldir. Bir həftədən sonra balıq heykəlini timsaha çevirir. Bir həftədən sonra timsahı poni atına çevirir. Sonra isə ponini meymun edir. Daha sonra meymundan insan heykəli düzəldir. İndi iddia etmək olar ki, bu insan heykəli formadan formaya keçid edərək düzəldiyinə görə o heykəltəraşsız öz-özünə təsadüfən yaranıb?! Yaxud da heykəlin quruluşunda tətbiq olunmuş incəsənət qanunauyğunluğuna əsaslanıb, demək olar ki, bu qanunauyğunluq heykəlin heykəltəraşsız, öz-özünə düzəldiyinə dəlildir?!
Ateistlər Yaradanın inkarında bu formalı qüsurlu sillogizmlərə əsaslanırlar: "Kiçik müqəddimə-  Təkamül canlı təbiətin inkişafını izah edən yeganə elmi nəzəriyyədir. Böyük müqəddimə - Bütün canlılar təkamül nəticəsində yaranmışlar. Nəticə - Deməli, Yaradan yoxdur, canlılar kənar müdaxilə olmadan yaranıblar".

Bu sillogizmi sağlam düşüncəli heç bir kəs qəbul etməz. Sillogizmin şərtləri, formaları, düzgün nəticə alınması üçün riayəti vacib olan qaydaları vardır. Onların qurduqları bu cür sillogizmlərdə bu qaydaların heç birinə riayət olunmamışdır. Gəldikləri nəticələr də təbii ki, düzgün olmayacaqdır.

- Əslində, biz bir çox alimlərin Allaha inandıqları halda təkamülü də qəbul etdiyini görürük.

- Bəli, doğurdan da elədir. Bu, təkamülün Yaradan anlayışı ilə ziddiyyət təşkil etmədiyinə görədir ki, bəzi alimlər həm Yaradanı qəbul etmişdir, həm də təkamülü. "Teoloji təkamül", "kreasionist təkamül" ifadələri də buradan yaranmışdır.

- Bəs sizcə təkamül nəzəriyyəsindən Allahın deyil, dinlərin yanlışlığı nəticəsini almaq necə, mümkündürmü? Çünki təkamül dinlərin insanın Adəm və Həvvadan yaranışı düşüncəsi ilə ziddiyyət təşkil edir. Buradan da sizcə, dinlərin yanlışlığı nəticəsi çıxmırmı?

Maska geymiş cəmiyyət və onun arxasında gizlənən həqiqətlər

- Xeyr. Belə ki, dinlər ilk insan olan Adəmin torpaqdan, canlıların isə sudan yarandığını deyir. Bu da təkamül ilə ziddiyyət təşkil etmir. Təkamül düz olduğu halda belə izah etmək olar ki, dinlər yaradılış halqasının ortasına işarə edir, bəzən də "sudan, torpaqdan yarandı" deməklə əvvəlinə. Çünki dini mətnlər canlıların təkamül etmədən yaranması mövzusuna aşkar deyil, zahir əsasında toxunur.

Sizə tanınmış Amerika genetiki Frensis Kollinzdən sitat gətirim. O, deyir: "Darvin aqnostik idi. Ancaq təbii seçmə nəzəriyyəsini dəstəkləyən və "Darviniana" kitabını yazmış böyük Amerika botaniki Eysa Qrey isə inanclı xristian idi. Əlli il irəli gedək. Börces şistlərində fosilləri aşkar etmiş Çarlz D. Uolkot qatı darvinist idi və eyni dərəcədə də sərt xristian idi. O, inanırdı ki, Allah təbii seçməni özünün planları və niyyətlərinə uyğun olaraq həyatın tarixini qurmaq üçün müəyyən etmişdir. Bir əlli il də irəli getdikdə nəslimizin iki böyük təkamülçüləri ilə qarşılaşırıq - humanist-aqnostik olan Simpson Corc Heylord və rus pravoslav kilsəsinin üzvü olan xristian Feodosi Dobrjanski. Ya mənim həmkarlarımın yarısı tamamilə axmaqdırlar, ya da ki, elmi darvinizm ənənəvi dini inanclarla tamamilə uyğundur. Eynilə ateizmlə də uyğundur".

İslam mətnlərinin bəzi biliciləri təkamülün Quran ayələri və hədislərlə tam zidd olduğunu deyiblər. Çünki onlara görə dini mətnlər aşkar olaraq insanın təkamül etmədən yaranışından danışır. Digər bir qrupa görə isə İslamın insanın təkamül etmədən yaranışı barədə dedikləri aşkar bəyan formasında deyil, zahir əsasındadır. Ona görə də dini mətnlər təkamüllə birbaşa və tam ziddiyyət təşkil etmir. Mən də hesab edirəm ki, dini mətnlər məxsusən insanın yaranışının başqa bir canlıdan təkamül etmədən, müstəqil bir canlı növü kimi yaranışını bildirir. Ancaq bu bəyan zahir əsaslı olduğuna görə, təkamül dini mətnlərlə birbaşa və tam ziddiyyətdə deyildir.

- Zəhmət olmasa, "aşkar" və "zahir" dedikdə nəyi nəzərdə tutduğunuzu da izah edərdiniz...

- Aşkar elə dini mətnlərdir ki, onun nə mənaya gəldiyi açıq-aşkar bilinir. Aşkar yalnız bir məna bildirən və başqa heç bir məna ehtimalı verilməyən ayə və hədislərdir. Məsələn, İslama görə namazın vacib olması, donuzun və şərabın qadağan olması aşkar dəlillər əsasında isbat olunmuşdur. Bəzi dini mətnlər isə hansısa mövzuya yüzə-yüz deyil, çox böyük ehtimalla, belə deyək ki, 90-95 faiz toxunur. Buna da "zahir" deyirlər. İslamın insanın təkamül etmədən, birbaşa müstəqil yaranması barəsindəki fikri də məhz ayə və hədislərin zahirindən anlaşılır.

- Nəyə görə Quranda təkamül nəzəriyyəsindən aşkar formada danışılmayıb?

- Quran bir biologiya kitabı olmadığına görə, onun göndərilməsindən də məqsəd insanlara elmi nəzəriyyələri başa salmaq deyildir. Buna görə ondan belə elmi məsələləri gözləmək də düzgün olmaz. Quranın bəzi ayələrində ilk insanın yaradılışından danışılır. Ancaq bütün bu ayələrdə məqsəd, əsas köklənmə Allahın qüdrətinə, insanın əzəmətinə, Qiyamətin, dirilişin mümkünlüyünədir. Ayələr canlıların necə yarandığını, təkamülün gedib-getmədiyini izah etmək məqamında işlədilməmişdir. Təfsir alimləri sadəcə bu ayələrdən çıxarışlar edərək təkamül mövzusuna tətbiqlər etmişlər.

Təkamül hələlik bir psevdoelmi nəzəriyyə səviyyəsindən kənara çıxa bilməmişdir

- Ümumiyyətlə, bir elmi-təcrübi nəzəriyyə hansı xüsusiyyətlərə malik olmalıdır?

Azad sevgiyə dəvət və ya "bir stəkan su" - "Seksual inqilab"ın əsl mahiyyəti haqqında

- Çox maraqlı və yerində sualdır. Elm aləmində ümumi qəbul olunmuş elmi meyarlara və standartlara görə, hər bir əsaslı, təcrübi nəzəriyyə bir sıra xüsusiyyətlərə malik olmalıdır. Birincisi, verifikasiya, yəni yoxlanıla bilmə, ikincisi isə, hissi müşahidə olma xüsusiyyəti olmalıdır. Təkamül təlimi çərçivəsində irəli sürülən nəzəriyyələri eksperimental olaraq yoxlamaq mümkün deyildir. Əgər bir nəzəriyyəni təcrübə etmək olmursa və insanın hissi müşahidəsindən də uzaqdırsa, o, elmi-təcrübi fikir yox, psevdoelmi nəzəriyyə hesab edilir. Məsələn, mən iddia edirəm ki, 530 milyon il bundan əvvəl balıqlarda təkamül prosesi baş verib və balıqların çənəsi formalaşmış ilk canlılara keçid vermişdir. Bu iddianı müxtəlif latın terminləri ilə bəzəyib, o zamanın adına Kembri erası qoysam belə, qarşımda böyük bir sual yaranacaqdır: "Sən bu prosesi necə müşahidə etmisən, o zamanda baş verənləri hansı təcrübə yolu ilə dəqiqləşdirmisən?". Burada kimdəsə belə bir sual yarana bilər ki, məgər hər nəzəriyyənin düzlüyünü demək üçün onu mütləq təbiətdə müşahidə etmək lazımdır? Əlbəttə ki, xeyr. Ancaq nəzəriyyənin özünü təbiətdə müşahidə etmək mümkün olmasa da, laboratoriyalarda müşahidə imkanı, yaxud da nəzəriyyənin təbiətdə baş verdiyini təsdiqləyən birbaşa və tam dəlillər olmalıdır. Halbuki, biz heç zaman iddia olunan formalı təkamül prosesini nə təbiətdə, nə də laboratoriyalarda təcrübə edə bilmirik. Əlimizdə olan yer altından tapılmış, qədim canlılara aid olduğu iddia olunanlar isə sadəcə sümük qalıqlarıdır. Bu tapıntıların zahiri cəhətlərində bəzi oxşarlıqları göstərərək, çöl siçanının mühitin təsirilə, seleksiya yolu ilə rənginin dəyişməsi kimi halları əsas gətirərək bütün yaradılışa hakim olan makrotəkamülün baş verməsindən danışmaq isə çox əsassız və yersizdir. Bu, elmi təcrübi nəzəriyyənin qəbulu üçün heç də kifayət deyildir.

Üçüncüsü, təcrübədə nəzəriyyənin bütün cəhətləri o dərəcədə aşkar olmalıdır ki, onunla nəzəriyyəni tam əsaslandırmaq mümkün olsun. Halbuki, təkamül nəzəriyyəsinin qaranlıq qalan sualları məlum suallarının yanında qat-qat çoxdur. Təkamül işığında ən azı bir hüceyrənin daxili quruluşunu, DNT-nin xüsusiyyətini belə dəqiq elmi formada izah etmək qeyri-mümkündür. Mən bununla bağlı onlarla tanınmış genetik alimlərin fikirlərindən sitat gətirə bilərəm. Mən hələ şüur, idrak, yaddaş, psixoloji prosesləri demirəm. Təkamül nəzəriyyəsi bu qəbildən olan məsələlər qarşısında ümumiyyətlə susur.

Dürdüncüsü, nəzəriyyənin aid olduğu elm sahələrində təsdiqlənməsidir. Təkamül misli görünməmiş əhatədə baş vermiş makroyaradılış dəyişkənliyidirsə, o, demək olar ki, bütün təcrübi elmlərdə öz dərin və aşkar izini qoymalıdır. Götürək hüceyrə nəzəriyyəsini. Bu nəzəriyyənin izləri biologiya, parazitologiya, epidemiologiya, anatomiya, zoologiya, botanika, mikrobiologiya, bakteriologiya, təbabət kimi elmlərdə müşahidə olunur. Ancaq bir çox elmlər təkamül barədə tamamilə sükut etmiş, bəziləri isə yarımçıq dəlillər irəli sürmüşdür.

Beşincisi, nəzəriyyənin potensial olaraq təkzibolunma xüsusiyyəti olmalıdır. Mən iddia etsəm ki, qarajımda tərkibi makarondan olan canlı bir əjdaha var, qarajımın ünvanını isə nəinki siz, heç özüm də bilməsəm, aydındır ki, heç kəsdə sözümün yalan və ya düz olduğunu müəyyən etmək imkanı olmayacaqdır. İddiaya görə, təkamül ya çox çox uzaq keçmişdə baş vermiş, ya da çox çox uzaq gələcəkdə baş verəcəkdir. Əfsus ki, elmin bu iddianın doğru və ya yanlışlığını müəyyən etmək imkanı yoxdur.

Nəhayət, altıncısı, nəzəriyyənin aid olduğu məsələləri, gələcək prosesləri proqnozlaşdırma xüsusiyyəti olmalıdır. Ümumiyyətlə, təkamül çox elastik bir iddiadır.

- Prosesləri proqnozlaşdırma dedikdə nəyi nəzərdə tutursunuz?

- Əsaslı elmi nəzəriyyələr öz düsturları, qanunauyğunluqları ilə müəyyən prosesləri proqnozlaşdırma xüsusiyyətinə malik olmalıdır. Bu da çox mühüm bir cəhətdir. Məsələn, Faradeyin elektromaqnit induksiya qanunu empirik yolla müəyyən olunmuş bir qanun kimi müəyyən proseslərin təhlilində istifadə oluna bilir. Transformatorların, elektrik generatorlarının, elektrik mühərriklərinin iş prinsiplərini bununla izah edirlər. Nəticədə də bu sistemlərdə hansı şəraitdə, nə zaman problemin yaranacağını, gələcək fəaliyyətinin necə gedəcəyini proqnozlaşdırmaq olur. Həmçinin, Mendelin prinsipləri, genetikaya aid olan elmi nəzəriyyələr, hüceyrə nəzəriyyələri, ekoloji nəzəriyyələr də bu cürdür. Bunların hamısının əsasında müəyyən proqnozlaşdırma aparmaq, təhlillər etmək mümkündür. Təkamül nəzəriyyəsi əsasında isə bioloji varlıqların növbəti vəziyyətini proqnozlaşdırmaq, yaxud da aid olduğu sahələrdə bu nəzəriyyənin əsasında təhlillər aparmaq mümkün deyildir. Məsələn, filan tarixdə hazırki flora və fauna hansı vəziyyətə düşəcək, təbiət hansı dəyişikliklərə uğrayacaq, hansı istiqamətdə hansı mərhələləri keçəcəkdir? Bütün bunlara görə demək lazımdır ki, təkamül hələlik bir psevdoelmi nəzəriyyə səviyyəsindən kənara çıxa bilməmişdir.

Təkamülçülərin hər şeyə hazır elastik cavabları var

- Söhbətimizdə "təkamül elastik bir nəzəriyyədir" kimi bir ifadə də işlətdiniz. Zəhmət olmasa, bunu da geniş izah edin.

"İndiki insanların çoxu "qızıl buzov" sindromuna tutulub"

- Böyük məmnuniyyətlə. Empirik elmlərdə irəli sürülən nəzəriyyələrin elmiliyini müəyyən etməyin meyarları vardır. Bu, müasir elmin qəbul etdiyi standartlardır. Biz bu barədə az əvvəl geniş danışdıq. Bu standartlardan biri də Karl Popperin meyarı, yaxud da nəzəriyyənin falsifikasiya, yəni təkzibolunma xüsusiyyətidir. Bu meyara görə elmi nəzəriyyə prinsipcə təkzibedilməz olmamalıdır. Falsifikasiya ilə elmlərin demarkasiya problemi də həll olunur, yəni elmi məlumat qeyri-elmi məlumatdan ayrılır.

Elmdə kimsə istədiyi fikri elmi nəzəriyyə kimi gündəmə gətirə bilməz. Məsələn, kimsə fakt adı ilə iddia edə bilməz ki, Kosmosdakı qara dəliklərdən o tərəfdə paralel aləm vardır. Yaxud da Günəş Tanrı Ranın astral proyeksiyasıdır. Çünki bu iddianı təcrübi qaydalar əsasında yoxlamaq, bu fikrin yanlışlığını göstərə bilmək imkanımız yoxdur. Buna görə də belə fikirlər elmdə keçərsizdir.

Elmi nəzəriyyənin təcrübi çərçivəsi, üzərində qurulduğu qanunlar bilindikdə hər hansı bir alimin bu nəzəriyyənin səhv və ya düzgün olduğunu da göstərmək imkanı olur. Məsələn, Alman alimi Rudolf Klauzius termodinamikanın ikinci qanununu belə ifadə edir: "İstilik özbaşına olaraq aşağı temperaturlu cisimdən daha isti cismə keçə bilməz". Deməli, bir fizik bu qanunu səhv çıxartmaq istəsə, istiliyin özbaşına olaraq aşağı temperaturlu cismdən daha yüksək temperaturlu cismə keçmə halını təcrübə yolu ilə sübut etməlidir. Sübut etsə, bu qanun qüvvədən düşür. Həmçinin, digər qanun və elmi nəzəriyyələrin də öz formulu, məlum və dəqiq ifadə forması vardır. Təkamülün isə prinsipcə falsifikasiya olunma imkanı yoxdur. Bu nəzəriyyə elə xüsusiyyətə malikdir ki, ona bütün ehtimallara, bütün şəraitlərə uyğun olaraq izahlar verilir. Təkamül nəzəriyyəsi fonunda istənilən eksperimentin istənilən nəticəsini təkamülün çərçivəsində nəzəriyyənin lehinə izah etmək mümkündür. Bu isə elmi-təcrübi nəzəriyyələrin elmdə qəbul olunmuş standartlarına uyğun gəlmir.

Təkamülçülər deyir ki, insanlar meymunabənzər əcdadlardan törəmişlər. Sual olunur ki, nəyə görə o meymunabənzər canlıların hamısı deyil, bəziləri insan, digərləri isə meymun olmuşdur? Cavab verirlər ki, hər bir növün təkamül taleyi çoxlu sayda səbəblərdən asılıdır. Təkamül insan və meymun üçün fərqli xətt cızmışdır. Təkamülçülər iddia edirlər ki, zürafənin boynunun uzanması təbii seçmə, yaşamaq uğrunda mübarizə və münasib şəraitə görədir. Yaxşı, zürafə ilə birgə yaşamış digər canlılarda niyə boyun uzanmadı? Burada da onların elastik cavabları var. Deyirlər ki, çünki onların boyunlarının uzanması üçün münasib şərait yox idi, yaxud da, təkamülün təbii sistemində zürafə digərlərindən bu cür fərqlənməli oldu. Hətta zürafənin boynu uzanmamış olsaydı, o zaman təkamülçülər yenə də deyərdilər ki, ətraf mühit onun boynunun uzanmaması üçün daha münasib idi, bioloji qanunauyğunluq belə tələb etdi və s. Soruşur ki, niyə hazırda təkamül getmir? Cavab verirlər ki, çünki bunun üçün milyon illər lazımdır və təkamül çox asta və tədrici olduğu üçün hazırda biz onu müşahidə edə bilmirik. Əgər bu zaman desək ki, uzun illər ərzində təkamül etmədən gəlib dövrümüzə qədər çıxmış parazitlər, balıqlar və sair canlılar vardır, görəsən onlar niyə bu uzun müddət ərzində təkamül etməmişlər? Buna da elastik cavabları hazırdır. Deyirlər ki, çünki mühit və təbii seçmə onlar üçün effektli olmadı və s. Yaradılış hər nə cür inkişaf etsəydi, təbiət hər nə cür formalaşsaydı, onu təkamül fonunda izah etmək olardı. Belə ki, elə bir variant yoxdur ki, bu, təkamülü təkzib edə bilsin. Stenford universitetinin biologiya professoru Pol Erlixin bu barədə belə bir fikri sözü var: "Bizim təkamül nəzəriyyəsini heç bir müşahidələrlə təkzib etmək mümkün deyildir. Belə ki, istənilən müşahidələri onun çərçivəsinə sığışdırmaq olar". Sidney universitetinin biologiya professoru Çarlz Birçin də eyni məzmunlu fikirləri vardır.

Bunun əsl səbəbi isə odur ki, bu nəzəriyyənin işləmə mexanizmini izah edən elmi qanunları yoxdur, elmi çərçivəsi müəyyənləşməyib, məntiqi boşluqları həddən çoxdur. Təkamül barədə yaranan bütün suallara elastik cavablar vardır. Edilən iradlar da yalnız təkamülün arqument olaraq irəli sürdükləri məsələlərədir, əsas elmi çərçivəsinə deyil. Təəssüf ki, təkamülün elastikliyi orada da özünü göstərir və o iradlara da əsassız elastik cavablar artıq hazır formadadır.

- Əgər deyilsə ki, təkamülün hazırda dəlilləri yoxdur, ancaq gələcəkdə əsaslı dəlilləri olacaqdır. Bəs onda necə?

- Bilirsiniz, elmi qaydalar konkretlik istəyir. Bu sözlər elmi dairələrdə keçərli deyildir. Biz istədiyimiz fikri gələcəkdə isbat olunacaq ehtimalla qəbul elətdirə bilmərik. Bu ehtimal hazırkı şəraitdə nəzəriyyənin isbatı üçün faydalı olmayacaqdır. Elmi parametrlərə görə, nəzəriyyə hazırda təsdiqlənmiş faktlara söykənməlidir.

Bu nəzəriyyənin hazırkı vəziyyəti qətiyyən ürəkaçan deyildir

- Əgər nə zamansa, təkamül nəzəriyyəsi danılmaz faktlarla isbat olunsa, onu qəbul edərsinizmi?

Qorxaq cəmiyyətin yetişdirdiyi fərdlər də özünə bənzəyəcək

- Mən bütün məsələlərə həmişə məntiq və elmi prizmadan yanaşmağa çalışmışam. Təkamül nəzəriyyəsinə qarşı da heç bir təəssübüm yoxdur. Təkamül mənim üçün biologiyada olan minlərlə nəzəriyyədən biridir, onlardan heç nə ilə fərqlənmir. İsbat olunduğu təqdirdə belə, mənim heç bir inancımla, maddi və mənəvi marağımla ziddiyyət təşkil etmiş olmur. Mümkündür ki, uzaq gələcəkdə elmin yüksək inkişafı nəticəsində təkamülü dəstəkləyən əsaslı elmi faktlar ortaya qoyulsun. O zaman da həmin nəzəriyyəni elmi bir fakt kimi əlbəttə ki, qəbul edərəm. Ancaq nəzəriyyənin hazırkı vəziyyəti qətiyyən ürəkaçan deyildir.

- Az öncə qeyd etdiniz ki, təkamülün dəlilləri olaraq bəzi canlıların yeraltı qazıntılar zamanı tapılmış qalıqlarını təqdim edirlər. Yaxşı, bəz bu tapıntılar təkamülü isbat etmir?

- Bir mühüm məsələni də qeyd edək ki, yer altından uzaq keçmişdə yaşamış hər bir canlı qalığının tapıntısı təkamülə dəlil sayılmaz. Milyon illərdən sonra günümüzdə yaşayan insanın da yerin dərinliklərindən tapılan sümükləri həmin dövr üçün qədim tapıntı sayılacaqdır. Ancaq bu, qətiyyən təkamül üçün dəlil sayılmayacaqdır. Təkamülə həsr olunmuş bütün fosil muzeylərində saxlanılan tapıntılar da eynilə buna bənzəyir. Mən bütün o tapıntılar barədə ətraflı maraqlanmışam. Brüsseldəki Təbiət Elmləri Muzeyindəki və Niderlandın Xarlem şəhərində yerləşən məşhur Teylor Muzeyindəki nadir tapıntıları da şəxsən müşahidə etmişəm. Bunlar dünyada ən mühüm təkamül muzeylərindən sayılır. Həmin muzeylərdə təqdim olunan bütün eksponatlar kəllə sümuyu, yarımçıq çənə, dişlər, bədənin hansısa üzvünün sümüyü qəbilindən olan tapıntılardır. Bu tapıntılar sadəcə uzaq keçmişdə yaşamış müxtəlif heyvanlara və insana bənzər primatlara aid qalıqlardır. Bu tapıntılar qətiyyən keçid formaları deyildir. Bu tapıntıları makrotəkamülün dəlili kimi təqdim etmək qeyri-mümkündür.

- Yaxşı, təkamülə dəlil olması üçün necə bir tapıntı aşkar edilməlidir?

- Aydındır ki, əgər növlər bir-birindən keçid edərək formalaşmışlarsa, o zaman qazıntılar zamanı sonsuz sayda növlər arası keçid canlı qalıqlarına rast gəlinməlidir. Məsələn, quşlar kərtənkələdən keçid edərək yaranıbsa, o zaman əlimizdə həm quşun, həm də kərtənkələnin xüsusiyyətlərini özündə daşıyan çoxlu sayda bariz keçid formaları da olmalıdır. Bu keçid prosesinin neçə-neçə min illər ərzində baş verdiyini də nəzərə alsaq, onda məlum olur ki, bu keçid formalarının həddindən artıq çox sayda olması mütləqdir. Həmçinin, qısa ayaqlı, güvəni olmayan, balaca boyunlu dəvə, yarı kenquru yarı ona keçid verən digər başqa heyvan olan canlılar növü, ilan və ona keçid vermiş canlı forması və s... Bu əsasdan şir, pələng, meymun, inək, at, sıçan, ilan, sərçə, qartal, fil və minlərlə digər heyvanlara keçid olan heyvanların da qalıqları, hətta bu keçid heyvanlar üçün də keçid rolu oynamış digər keçid heyvanların qalıqları tapılmalı idi. Təbiətdə olan bu qədər növ çoxluğunu, onların da tədricən, milyon illər ərzində baş vermiş təkamülünü nəzərə alsaq, bu keçid formalarının təbiətdə tapılmalı olan çoxluğu bizi təəccübləndirməli idi. Müzeylər aşıb-daşmalı, əlimizi hara atsaq, bu keçid formalarına rastlamalı olmalıydıq. Əfsus ki, biz texnologiyanın, arxeologiya, paleontologiya elminin bu qədər inkişafına rəğmən, bu sonsuz sayda olmalı olan, bariz keçid formalarını hələ ki, müşahidə etmirik. Bir daha təkrar edirəm ki, bizə keçid kimi təqdim olunan bütün eksponatlar kəllə sümuyu, yarımçıq çənə, dişlər, bədənin hansısa üzvünün sümüyü qəbilindən olan tapıntılardır. Bu tapıntılar sadəcə uzaq keçmişdə yaşamış müxtəlif heyvanlara və insanabənzər primatlara aid qalıqlardır. Bu tapıntıları səthi zahiri oxşarlığına görə ara keçid hesab etmək çox məntiqsizdir.

Darvin özü belə dəfələrlə vurğulayırdı ki, eyni kökdən təkamül vasitəsilə müxtəlif növlərin yaranması prosesi çoxlu sayda keçid formaları ilə müşayiət olunmalıdır. Darvin kimi bütün digər təkamülçü alimlər də anlayırdılar ki, nəzəriyyənin düzlüyünü isbat etmək üçün bu keçid növlərinin varlığı mütləqdir. Ancaq əfsuslar olsun ki, tapılmış bütün fosillər tam inkişaf etmiş müstəqil canlılara məxsusdur. Geoloji dəlillərə görə zürafə kimi digər heyvanlar da təbiətdə olduğu kimi birdən-birə, təkamül etmədən əmələ gəlmişlər.

- Bəs, bu keçid tapıntılar olmadan Darvin öz nəzəriyyəsini nəyə əsaslandırırdı?

"Nəinki Azərbaycanda, hətta dünyada bir nəfər də olsun savadlı ateist alim yoxdur" - MÜSAHİBƏ

- Zamanında Darvinin özü belə bu keçid növlərinin olmamasını etiraf edirdi, lakin gələcəkdə tapılacağına ümid edirdi. Ondan sonra çoxlu sayda geoloqlar, paleontoloqlar əllərindən gələni etmələrinə baxmayaraq, bir dənə də olsun belə bir bariz keçid növünə rast gəlməyiblər.

Keçid canlı növlərinin yoxluğu paleontologiyanın ən böyük çətinliklərindən hesab edilir. Darvin özünün məşhur "Növlərin mənşəyi" kitabının VI fəslini təkamül nəzəriyyəsinin çətinliklərinə həsr etmiş, orada nəzəriyyəsinin həll etməli olduğu problemləri qeyd etmişdir. O, yazır: "Əgər nəzəriyyəm düzdürsə, nə vaxtsa mövcud olmuş keçid canlı növlərinin sayı (yüz milyonlarla davam etmiş zamanda olan bütün canlıları əhatə etmiş geniş əhatəli təkamülə uyğun olaraq) həddindən artıq çox olmalıdır. O zaman görəsən, nəyə görə hər bir geoloji təbəqə bu cür keçid halqaları ilə dolu deyil?! Həqiqətən də geologiya canlıların yaranması zəncirinin mərhələli ardıcıllığını bizə göstərə bilmir. Mümkündür ki, məhz bu, mənim nəzəriyyəmə qarşı edilmiş ən açıq-aydın və ciddi bir etiraz olsun. Bu vəziyyəti düşünürəm ki, geoloji məlumatların həddindən çox natamamlığı ilə izah etmək olar". 

Darvin özü belə bir çox məqamlarda nəzəriyyəsi barəsindəki şəkkini, şübhəsini ifadə edirdi. O, kitabının X fəslini isə bütünlüklə geoloji məlumatlarda keçid növlərinin olmamasına həsr etmişdir. Darvin yazır: "Əgər növlər tədricən təkamül edərək bir-birindən yaranmışlarsa, onda nəyə görə biz hər yerdə çoxlu sayda keçid canlı formalarına rastlamırıq?! Nəyə görə təbiətdə nizamsızlıq, hərc-mərclik əvəzinə, hər şey öz yerində qərarlaşmış, növlər də gözəl bir şəkildə bölünmüşdür?!"

Xarlemdə Teylor Muzeyində dünyada ilk tapılmış "arxeopteriks" adlandırılan canlının qalığı saxlanılır. Təkamülçülər bu quşu keçid canlı hesab edirlər. Həmin muzeydə olub o canlını tamamilə incələmişəm. Hətta muzeyin məsul işçilərilə ilə bu barədə diskusiyamız da olub. Daş üzərinə həkk olunaraq qalıqları qalmış arxeopteriks sadəcə qədimdə yaşamış müstəqil bir canlıdır.

Harvard Universitetinin zoologiya və geologiya professoru Stiven Cey Quld da deyir ki, arxeoloji qazıntılar tarixində keçid formaların həddən çox nadirliyi paleontologiyanın peşəkar sirri kimi qorunmaqdadır. Quldun həmkarı olan professor Nayls Eldridc müsahibələrin birində belə bir etiraf etdi: "İndiyə kimi heç bir kəsə hər hansı bir "keçid canlı" forması tapmaq mümkün olmamışdır... İndi əksər alimlər (daha da çox) bu keçid formalarının ümumiyyətlə heç zaman mövcud olmadığı fikrinə meyl edirlər". Professor Stiven Stenli isə yazır: "Həqiqətdə arxeoloji qazıntılar tarixində bir dənə də olsun bir növdən digərinə keçidi inandırıcı surətdə təsdiqləyəcək dəlil mövcud deyildir". 

Təkamül qiyafəşünaslığın elm hesab edildiyi mərhələni yaşayır

- Bəs, nəyə əsasən arxeopteriksin keçid canlı olduğunu iddia edirlər?

- Arxeopteriksin dimdiyinin ucunda dişi var, qanadının uclarında da caynaqları. Təkamülçülər iddia edirlər ki, quşlar sürünənlərdən yaranıb. Arxeopteriks də bir az sürünənə oxşayır. Çünki dimdiyində dişi, quyruğunda da fəqərələri var. Təbiətdə arxeopteriksə bənzər bir çox canlılar var ki, hansısa əlamətinə görə başqa bir heyvana oxşayırlar. Halbuki, bütün bioloqlar onu müstəqil canlı hesab edirlər. Zahirən bir neçə xüsusiyyətinə görə iki müstəqil canlıya oxşayan heyvanlara keçid canlı demək olmaz. Belə olsa, onda bütün canlılar keçid canlı hesab olunmalıdır. Eynilə, qədim meymunabənzər canlı olan driopitekin də insanla qohumluluğunu sadəcə olaraq onun çənəsi və dişlərinin zahiri quruluşu əsasında təyin etmişlər.
Qədimdə qiyafəşünaslıq adlı bir elm var idi. Qiyafəşünaslıq uşağın zahiri oxşarlıqlarına görə kimin övladı olduğunu təyin edirdi. Bir halda ki, zahiri oxşarlığa görə nəslin təyini sağlam məntiqə görə yanlışdır. Müasir elmdə valideynin təyini yalnız DNT analizi ilə müəyyən olunur. Təkamülçü paleontoloqlar da eynilə qiyafəşünaslar kimi sümüklərin zahiri oxşarlığına görə növlərin mənşəyini, əcdadlarını müəyyən etmək istəyirlər. Təkamül hələ elmin DNT analizinə qədərki, yəni qiyafəşünaslığın elm hesab edildiyi mərhələsini yaşayır. Araşdırmanın dəqiq forması kəşf olunandan sonra təkamülçülər bu cür primitiv metodlardan əl çəkəcəklər və o zaman bir çox yanlışlıqları üzə çıxacaqdır. Sadəcə onların əllərində hələlik daha əsaslı araşdırma üsulları yoxdur.

Özü də arxeopteriks artıq "quşların əcdadı" adından məhrum edilmişdir. Arxeopteriksin müstəqil canlı olması 2005-ci ildə yeni tapıntılar və elmi araşdırmalar nəticəsində təsdiqləndi. Linyi Universiteti tərəfindən belə bir tapıntı aşkar edilmiş, hətta bu barədə məşhur elmi jurnal olan "Nature"də məqalə dərc olunmuşdu. Dövrümüzdə yaşayan və elmi adı "Mergus merganser" olan böyük pazdimdik quşunun dimdiyində xırda kəsici dişləri vardır. Bu formalı dişlərə bəzi balıqlarda da rast gəlmək mümkündür. Cənubi Amerikada yaşayan "qoaçin" və "Afrika turako" quşlarının da qanadlarında caynaqlar vardır. Deməli, bəzi quşlarda dişin və ya qanadlarda caynaqların olması onları keçid canlı sinfinə daxil etməz. Bu heyvanların hər birini müstəqil növ kimi qəbul etmək lazımdır.

- Bəs nəyə görə bu qədər elmi zəifliyinə baxmayaraq, elmi dairələrdə təkamülü hələ də rədd etmirlər?

- Bu, təcrübi elm aləminə xas olan bir haldır. Onlar hər hansı bir məsələni daha uyğun formada izah edən nəzəriyyəni qəbul edirlər. Bu nəzəriyyənin arqumentləri zəif olsa belə. Çünki alternativ izahedici nəzəriyyə yoxdur. Mövcud nəzəriyyə də kənara qoyulsa, tədqiq olunan məsələ tam izahsız qalır. Hər hansı bir sahənin alimi düşünür ki, mənim vəzifəm öz sahəmdə qarşıma çıxan məsələləri izah etmək, aidiyyatı suallara cavab verməkdir. Bu izahlar əllərində olan ən üstün bilinən nəzəriyyələrlə edilir. Alim suala izah verən zaman artıq nəzəriyyənin nə dərəcədə zəif olduğunu önə çəkmir. O, əsaslandığı nəzəriyyəni fakt kimi təqdim edir. Vəziyyət əvəzləyici, daha uyğun nəzəriyyə gələnə qədər belə davam edir. Ona görə də qəti olaraq isbat olunmasa da, təkamül nəzəriyyəsi onlara görə yaradılışı izah edən ən uyğunudur. Elm aləmi bunu əvəzləyici, daha uyğun nəzəriyyə tapana qədər heç zaman kənara qoymayacaqdır. Buna görə də elm aləmi bir məsələni A nəzəriyyəsilə izah etdiyi halda, bir də görürsən ki, uzun müddətdən sonra onu B nəzəriyyəsi ilə əvəzləyir. Bu köklü dəyişiklikləri demək olar ki, bütün təcrübi elmlərin tarixində görmək olar. Darvinin təkamül nəzəriyyəsinə qədər təbiətşünaslıqda müxtəlif nəzəriyyələr aktual idi, hazırda təkamül onların yerini almışdır.

İndi maraqlı məqam ondan ibarətdir ki, bütün bunlar təcrübi elmlərin ictimaiyyətə gizli qalan pərdəarxasıdır. Cəmiyyət üçün isə elm adına irəli sürülən hər bir fikir təkzibolunmaz fakt xüsusiyyətini daşıyır.

Təkamül nəzəriyyəsinin yalançı elmi fərziyyə olduğunün üzə çıxacağı istisna deyil

- Belə çıxır ki, dünyanın məşhur universitetlərində, elmi mərkəzlərində bəzi məsələlərin təkamüllə əlaqələndirməsi məhz bununla izah edilməlidir?

- Əlbəttə! Təkamül dünyanın bir çox universitetlərində, elmi araşdırma mərkəzlərində yer alır. Bu, sadəcə onların dediyim kimi təkamülü hazırda alternativsiz və daha uyğun bir nəzəriyyə kimi görmələrindən irəli gəlir, nəinki təkamülü heç zaman təkzibolunmaz bir fakt kimi qəbul etmələrindən. Ona görə də biz o universitetlərin və dərsliklərin təkamülə əsaslandıqlarından heç bir elmi nəticə çıxarda bilmərik. Doktor Frans Qalın frenologiya nəzəriyyəsi uzun müddət elm aləmində, xüsusən də XIX əsrin I yarısında populyar idi. Ancaq sonradan neyrofiziologiyanın inkişafı ilə bu nəzəriyyənin sadəcə bir psevdoelmi, əsassız bir fərziyyə olduğu məlum oldu. Ptolemeyin geosentrik nəzəriyyəsi də uzun müddət elm aləmində qəbul edilir. O dövrlərdə bu nəzəriyyələr tədris olunur, elm də buna əsaslanırdı. Lakin bu nəzəriyyənin sonrakı aqibəti ürəkaçan olmadı. Ona görə də mümkündür ki, təkamül nəzəriyyəsinin də belə bir aqibəti yaşayacağı istisna deyil.

- Sizcə, Azərbaycanda təkamülə inananlar çoxdurmu?

- Hazırda təkamülə inananlar nəinki ölkəmizdə, heç dünyada elə də çox deyildir. Məsələn, Rusiyada keçirilən sorğu təkamülə inananların sayının xeyli azaldığını göstərir. Sorğulara görə, insanların çoxu hesab edirlər ki, hələlik elm insanın yaranışını izah etmək iqtidarında deyildir. Təkamül nəzəriyyəsinin vətəni olan İngiltərədə də Çarlz Darvinin doğumunun 200 illiyinə həsr olunmuş "Darvinə nicat verək" adlı bir sorğuda iştirakçıların 50 faizi təkamülə inanmadığını etiraf etmişlər. Sadəcə 25 faiz insan əminliklə Darvinin fikrinin düz olduğunu demişdir. Bu barədə "Gardian" qəzetində bir məqalə də dərc olunmuşdu. "Harris Interactive" şirkətinin Amerikada keçirdiyi sorğuya görə isə respondentlərin sadəcə 42 faizi təkamülə inandıqlarını qeyd etmişlər. Yaradana inananların sayı isə bundan ən azı iki dəfə çox olmuşdur. Həmçinin, müxtəlif sorğular dünyada təkamülə inananların bir çoxunun eyni zamanda Yaradana da inandığını göstərmişdir. Bəzilərinin təkamül seçimini etmələrinin əsl səbəbi isə elmi dəlillərdən deyil, ateist düşüncədə olmalarından qaynaqlanır. Onların təkamülü seçmələri isə psixoloji köklərə malikdir.

Təkamülü qəbul edənlərin əksəriyyəti bu barədə məlumatsızdır.

- Onda belə demək olar ki, ateist olmağın təkamülü qəbul etməkdə rolu böyükdür?

- İdeologiya insanın seçici davranmasına səbəb olur. Bəzilərinin təkamül seçimini etmələrinə səbəb də sadəcə ateist düşüncədə olmalarıdır. Onların təkamül barədə elmi məlumatları da yoxdur. Sadəcə təkamül onların ateist inanclarına daha çox uyğun gəlir və ona görə də onu qəbul edirlər. Sabah başqa bir nəzəriyyə daha uyğun olsa, onu da araşdırmadan düzgün qəbul edəcəklər. Təkamülü qəbul edənlərin əksəriyyəti bu barədə məlumatsızdır.

- Eyni yanaşma ilə ideologiyanın təkamülü rədd etməyə də təsir edə biləcəyini demək olar?

- Əlbəttə. Əgər Yaradana inanan şəxs heç bir elmi məlumatı olmadan təkamülü təkzib edirsə, bu da ideologiyanın elmi seçimə təsirinin bir nümunəsidir. Mən əslində, hər iki tərəfi qınayıram. Hər hansı bir məlumatın təsdiqi və ya inkarı yalnız elmi əsaslarla olmalıdır.

Söhbətləşdi:
İlkin İzzət

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində