Ölkə

"Nəinki Azərbaycanda, hətta dünyada bir nəfər də olsun savadlı ateist alim yoxdur" - MÜSAHİBƏ

23 İyun 2016 21:17
89 Şərh     Baxış: 29 065
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış yazıçı-filosof Rövşən Abdullaoğlunun Milli.Az-a müsahibəsi:

- Rövşən müəllim, Allahın varlığını inkar edən ateist alimlər bu məqamda əsasən Çarlz Darvinin "təkamül nəzəriyyəsi"nə əsaslanırlar. Bu nəzəriyyə ateizmin sütunlarını nə dərəcə möhkəmləndirir?

- Mən bu nəzəriyyənin nə dərəcədə əsaslı olub-olmaması məsələsinə girmədən bu sualınıza cavab verəcəm. ˝Allah - mif, yoxsa həqiqət˝ kitabında "təkamül nəzəriyyəsi" barəsində geniş bir araşdırmamız mövcuddur. İndi bu mövzuya girsəm, söhbət xeyli uzanacaq. Burada isə mühüm bir məsələni qeyd edirəm. Bilmək lazımdır ki, "təkamül nəzəriyyəsi" heç bir halda ateizmin sütunlarını möhkəmləndirməyə xidmət edə bilməz. Təkamül canlılar aləmindəki növ müxtəlifliyinin necə əmələ gəldiyini izah etməyə çalışan bir nəzəriyyədir və bundan artıq heç bir şey demir. Hətta düz olduğu təqdirdə belə Allahın yoxluğunu qətiyyən isbat etmir və edə də bilməz. 

Darvinə qədər də "təkamül nəzəriyyəsi" mövcud olub. Ancaq bu ilahi təkamül olub. Yəni Darvinə qədərki alimlər canlılar aləmindəki təkamülün sırf Yaradanın iradəsi ilə baş verdiyini deyirdilər. Onlardan biri Jan Batist Lamark idi. O, "təkamül nəzəriyyəsi"ni Darvindən təxminən 50 il əvvəl irəli sürmüşdü. Ancaq Darvindən fərqli olaraq Lamark növlərin təkamül etməsini ilahi iradə ilə izah edirdi. Darvinin tanıdığı bəzi nüfuzlu elm adamları belə "təkamül nəzəriyyəsi"ni Allahın varlığını nəzərə alaraq qəbul edirdilər. Tanınmış ingilis geoloqu Çarlz Layel (1797-1875) və tanınmış ingilis təbiətşünası, bioloqu Alfred Rassel Uolles (1823-1913) də təkamülü Allaha olan etiqadlarını əldən vermədən qəbul edirdilər.  Ona görə də elmi cəhətdən təkamülün Allaha etiqadla heç bir ziddiyyəti yoxdur. Bu nəzəriyyə sadəcə kainatda, təbiətdə baş verən hər hansı bir prosesi göstərir və bu səbəbdən də qətiyyən Allahın inkarına dəlil ola bilməz.

- Bəs bu nəzəriyyənin elm aləmində bu cür geniş yayılmasının, onun ateizmin dəlili kimi təqdim olunmasının səbəbi nədir?

- Darvin ilə eyni dövrdə yaşamış bir ingilis bioloqu olub - Alfred Rassel Uolles. O, Darvinlə eyni vaxtda təkamülü irəli sürüb. Hələ o zaman Darvinin növlərin yaranması barədə məşhur kitabı çap olunmamışdı. Uolles Allaha inanırdı və bütün təkamülü Allahın işi kimi izah edirdi. Onun Darvinlə bu barədə məktublaşmaları da vardır. Maraqlıdır ki, o dövrün elmi dairələri Uolles, Lamark kimi ilahi təkamülə inanan alimlərin təqdim etdikləri təkamül modelini deyil, məhz Darvinin təkamül modelini qəbul edirlər. Çünki o dövrdəki elmi dairələr yeni inkişaf etməkdə olan öz ateist dünyagörüşlərini isbat etməyə dəlil olacaq bir nəzəriyyənin axtarışında idilər. Darvinin Allahı kənara qoyan nəzəriyyəsi isə bu məqamda çox münasib idi. Bildiyimiz kimi Avropa aləmi o dövrlər katolik kilsəsi ilə böyük böhranlar yaşayırdı. Kilsə dini onlara çoxəsrlik böyük bir dağ çəkmişdi. Avropa insanı din adına hər bir şeyi pis-yaxşı kənara qoymaq istəyirdi. Darvinin fikirlərinin bu qədər geniş yayılmasına təkan verən bir sıra amillər var idi. Bu, mövcud olan mənəvi, elmi boşluq, insanlar arasında dini etiqadlara qarşı yaranmış pessimist əhval-ruhiyyə və sair idi. Bu səbəblərdən dolayı Darvinin fikirləri insanların çox asanlıqla qəbul edəcəkləri yeni bir etiqad üçün ideoloji bir bazaya çevrildi. Elə bir ideologiya ki, onların Allaha qarşı aparacaqları fikri mübarizədə "elmi bir sistem" rolunu oynaya bilərdi. Artıq bu məqamda Darvinin fikirlərinin hələ isbat olunmamış ehtimallardan ibarət olan bir fərziyyə olduğu nəzərlərdən kənarda qalmışdı. Darvinin özü belə öz kitabında nəzəriyyəsini ehtimallar əsasında qeyd edir, dəlillərinin isə gələcəkdə tapılacağına, ona yönəlmiş iradlara isə gələcəkdə cavab veriləcəyini açıq-aşkar deyirdi. Yəni onun özü belə bu fikirləri nəzəriyyədən daha çox, fərziyyə bilirdi. O dövrün ateist dairələri üçün isə bu mühüm deyildi. Mühüm olan mövcud vəziyyətdə onları Allaha inananlara qarşı qoruyacaq yeni bir fikrin yaradılması idi.

Ateist Riçard Dokinz bu əhəmiyyətə işarə edərək deyir: "Darvinə qədər ateist biri Yumun məntiqinə əsaslanaraq, uzağı, deyə bilərdi: "Mənim həyatın bioloji mürəkkəbliyinə dair izahım yoxdur. Mən sadəcə deyə bilərəm ki, Allah inandırıcı izah deyildir. Mənim deyəsi başqa sözüm yoxdur. Ona görə bizə düşən yalnız kiminsə daha yaxşı bir izah gətirəcəyini gözləmək və buna ümid etmək idi". Bu yanaşma insanı tam qane etmirdi. Darvinin kəşfi ateistlərin daha sistemli bir mövqe tutmalarına imkan verdi".

Əvvəllər Allahın mövcudiyyətini sırf emosional olaraq inkar edən şəxs indi Darvinin nəzəriyyəsini ən yeni elmi kəşf kimi təqdim edə bilirdi. Aydındır ki, belə bir adam üçün fakt mühüm deyil. O, Darvinin nəzəriyyəsi olmasaydı da, Allahı inkar edəcəkdi. Sadəcə indi onda bunu daha əsaslı etmək şansı yarandı. Darvinin nəzəriyyəsi ateistlərin fikirlərini elmi qəlibə salaraq, əsaslandırmaları üçün ən son şansları idi. Əlində nicat halqası olan suda boğulan birini təsəvvür edin. Onun əlindən kimsə halqanı almaq istəsə, o, halqanı tutub saxlamaq üçün hər bir mücadiləyə hazır olacaqdır. Stalinin təbirilə desək: "Bizə nəzəriyyə lazımdır! Nəzəriyyəsiz biz ölümə məhkumuq!" Ateizm anlayırdı ki, hay-küylə dinə qarşı çıxmaq bir nəticə verməyəcək. Ona görə yalan-doğru hər hansı bir əsaslanma olmalıdır. Bu əsaslanma da müasir insanın pərəstiş etdiyi, elm adına edilməli, elmi bir nəzəriyyə formasında olmalıdır. Darvinin fikirlərini əsaslandırmaq üçün elm aləmində bu günə qədər edilən çoxlu sayda böyük şarlatanlıqlar, saxta dəlillərin təqdimatı, bir çox faktların ört-basdır edilməsi bu cəhdlərin miqyasından xəbər verir. Elm tarixi hələ də dünyaca tanınmış yapon arxeoloqu Siniti Fudzimuranın "təkamül nəzəriyyəsi"nin xeyrinə etdiyi fırıldaqları unutmayıb. Bu arxeoloq öz əli düzəltdiyi tapıntıları elm aləminə uzun müddət qədim qazıntı kimi təqdim edirdi. 2000-ci ildə gizli çəkiliş nəticəsində isə onun saxtakarlıqları ifşa olundu.

Ona görə deyirik ki, ateizmin dəlili kimi irəli sürülən bir çox fikirlərin, həmçinin "təkamül nəzəriyyə"sinin çox qaranlıq keçmişi, müəmmalı dəlilləri, yarımçıq özülü var. Lakin bütün bunlara baxmayaraq, yenə də  qeyd etmək istəyirik ki, bu nəzəriyyə hətta düz olduğu təqdirdə belə Allahın yoxluğu üçün əsla dəlil ola bilməz.

- Allahın yoxluğunu sübut etməyə çalışanlar tez-tez bəzi elm adamlarının ateist dünyagörüşünə malik olmalarını gündəmə gətirir və bunu dini dünyagörüşünə əks arqument kimi təqdim edirlər. Sizcə, əgər Allahın varlığı möhkəm elmi dəlillərə əsaslanmış olsaydı, bu qədər alimlər ateist olardılarmı?

- Əvvəla, qeyd edim ki, say çoxluğu heç zaman, heç bir elmi dairədə həqiqətin meyarı, tutarlı bir arqument kimi qəbul edilməyib. Bu, heç də məsələyə elmi yanaşma deyil.

İkincisi, bu cür yanaşmanı düzgün hesab etsək, onda gərək biz də Yaradanın varlığını qəbul edən çoxlu sayda alim, kreasionist mütəfəkkirlərin adlarını sadalayaq və onların sayı heç də əks cəbhədə dayananlardan az deyil.
Üçüncüsü, ateist kimi təqdim olunan bir çox alimlərin əslində aqnostik olduğunu görürük. Belə ki, onların əsərlərini mütaliə etdikdə görürsən ki, onlar heç vaxt Allahın yoxluğu barədə dəqiq, əsaslı bir söz deməmiş, hətta əksinə, olma ehtimalını belə dilə gətiriblər. Bertran Rassel, Riçard Dokinz kimi Yaradan və din əleyhinə kəskin çıxışları ilə tanınmış şəxslərin belə sözlərinin ümumi nəticəsi bundan ibarətdir: "Biz Allahın yoxluğunu qəti şəkildə dəlillə sübut edə bilmirik". Dokinz isə əlavə edir: "Allahın varlığı böyük ehtimal ki, yoxdur". Dokinz "Allah bir illüziya" kitabında bir fəsli məhz belə adlandırıb. Bu barədə Rasselin 1952-ci ildə "Illustrated" jurnalında (Is There a God?) "Allah varmı?" adı ilə çap etdirdiyi məqaləyə də müraciət etmək olar. Buradan da aydın olur ki, onların özləri belə Allahın yoxluğu məsələsində yəqinə çatmayıblar.

Dördüncüsü, ateist hesab olunan bəzi alimlər Yaradanın əleyhinə deyil, əsasən din adına olunan sui-istifadələrə qarşı çıxıblar. Məsələn, XVIII əsrin böyük mütəfəkkiri hesab edilən Volter Allaha inanan şəxs olmasına baxmayaraq, o dövrün kilsə dininə qarşı kəskin çıxışlar edirdi. Ancaq digər tərəfdən o, ateizmi cəhalət və səfehlik hesab edirdi. Fikrimin isbatı üçün onun "Fəlsəfə lüğəti" əsərini oxumağı demirəm, sadəcə vərəqləmək, başlıqlarına baxmaq kifayət edər.

Beşincisi, bir şəxsin məsələn, geologiyada, astronomiyada, təbiətşünaslıqda mütəxəssis olması onun sözünün ixtisasına aid olmayan sahədə də avtoritet olması mənasına gəlməz. Bir geoloq və ya astronom alimin "Allah yoxdur" deməsi, adi bir insanın bu iddianı etməsindən heç nə ilə fərqlənmir. Çünki Allah yeraltı bir süxur, kosmosda hərəkət edən səma cismi deyil ki, biz onun barəsində bu alimlərdən soruşaq. Bu alimlərin sözləri yalnız öz sahələrində dəyərə malikdir. Yaradanın mövcudiyyətinin arqumentləri və atributları kimi sırf əqli-fəlsəfi mövzularda, din fəlsəfəsi kimi bir çox əqli və humanitar fənləri əhatə edən məsələlərdə isə o alimlərin sadəcə olaraq bir geoloq, bir astronom, bir təbiətşünas olduqlarına görə fikirləri keçərli deyildir.

Altıncısı, Yaradana münasibətdə bədbin düşüncəli alimlərin fəaliyyət sahəsinə baxanda görürük ki, onlar təcrübə, eksperimental elm sahəsinin adamlarıdırlar. Onlardan "Allah var, yoxsa yoxdur" sualının cavabını gözləmək ulduz falı əsasında həyatımızı qurmağa bənzəyir. Çünki bütün inanc məktəblərinin vurğuladıqları kimi, Allah transsendent bir həqiqətə malikdir. Bu, eksperimental, yəni təcrübi yanaşma ilə müşahidə edilməsi mümkün olmayan bir varlıq deməkdir. İmmanuel Kantın özü belə Yaradanı transsendent bilir və qeyd edir ki, o, hissi müşahidənin və təcrübi araşdırmanın əhatəsindən kənar olan bir həqiqətdir. Biz isə qədim dövrlərdə olduğu kimi hələ də Allahı teleskoplarla bir gün müşahidə edəcəyimizi düşünürük.

- Axı bir çox ateist alimlərin başqa sahənin mütəxəssisi olmalarına baxmayaraq, dinlər barədə də geniş mütaliələri var. Bu bilgilər onlara dinlər və Yaradan barədə bir söz deməyə icazə vermirmi?

- Aydındır ki, onlar teologiya və din fəlsəfəsi mövzularında yalnız səthi biliyə malikdirlər. Hər hansı bir sahədə, xüsusən də din kimi insan həyatı, cəmiyyət, tarix, hüquq, fəlsəfə, epistemiologiya, hermenevtika, bir çox humanitar elmlərlə sıx əlaqəlidirsə, söz demək üçün səthi mütaliələr, bazarda eşidilənlər, sosial şəbəkələrdə oxunulanlar, gündəlik həyati müşahidələr qətiyyən kifayət deyil. Dini mövzularda dəqiq və tutarlı söz demək üçün bu sahənin mütəxəssisi olmaq lazımdır.

- Bayaq adını qeyd etdiyiniz və müasir günümüzdə ateizmin geniş təbliğatçılarından sayılan Riçard Dokinzin necə, sizcə, din barədə geniş məlumatı yoxdur? Halbuki, o, din sahəsində çoxlu sayda kitablar yazıb, hətta bəzi sənədli filmlər də çəkib.

- Günümüzdə ateizm sözü ilə yanaşı Dokinzin adı tez-tez çəkilir. Deyə bilərəm ki, onun bütün mühüm əsərlərini oxumuşam, çoxlu sayda çıxışlarını, iştirak etdiyi sənədli filmləri izləmişəm. Dokinz ingilis bioloqudur. O, təhsilini bitirəndən sonra orta səviyyədə bir-iki elmi işi işıq üzü gördü. Bundan sonra isə elmi çalışmaları tamamilə tərk etdi və ideoloji mövzularda çalışmağa, ateizmi təbliğ etməyə, şou verilişlərində, debatlarda çıxışlara başladı. Dokinzin bir dənə də olsun onu, hələ heç böyük alim kimi heç demirik, sıradan bir alim kimi təsdiq edəcək sanballı bir əsəri yoxdur. "Eqoist gen" kitabı isə ona qədər deyilmiş bioloji təkamül barəsində olan fikirlərin sadə və ümumi dil ilə bəyanından başqa bir şey deyil. Bu isə elmi iş hesab edilməz. Kitablarını mütaliə edən insanlar da təsdiqləyərlər ki, onun yazıları daha çox bədii cəhətdən zəngin olan, elmi arqumentlərdən tam uzaq, sıradan bir kitabdır. Dokinzin dini biliyinə gəlincə, deyərdim ki, o, ömründə bir dənə də olsun dinin fundamental mövzularına aid olan sanballı bir əsər oxumayıb. Dinlər barəsində olan məlumatlarının natamlığını özü belə etiraf edir. "Əl-Cəzirə" telekanalının jurnalisti Mehdi Həsən ilə onun bir videomüsahibəsi var. Orada Dokinz müqəddəs kitablar barədə fikirlərini deyir, onları tənqid atəşinə tutur. Bu zaman Mehdi Həsən ondan "Quranın Allahı barəsində nə deyə bilərsiniz?" deyə soruşduqda Dokinz belə cavab verir: "Mənim Quranın Allahı barəsində elə də məlumatım yoxdur".  Dərin fəlsəfəyə malik, son və mükəmməl din olan islam barədə elə də məlumatı olmayan biri, görəsən, hansı ixtiyarla bütün dinləri tənqid edir, onları yanlış hesab edir?! Bir insan oxumadığı kitabı necə tənqid edə bilər?!

Dokinz bu vəziyyətdə olan yeganə nümunə deyil. Devid Yum, Bertran Rassel, Feyerbax kimiləri də oxşar vəziyyətdədirlər. İndiki dövrdəki ateistlər din fəlsəfəsi barədə yalnız sosial şəbəkələrdən məlumatlanırlar, orta əsrlərdəkilər isə bazarlardan, rastlaşdıqları dindarlardan eşitdiklərindən. Ona görə də hesab edirəm ki, nəinki Azərbaycanda, ümumiyyətlə dünyada bir nəfər də olsun savadlı, elmli bir ateist alim mövcud deyildir. Onlar hansısa bir sahədə mütəxəssis ola bilərlər, ancaq din sahəsindən qətiyyən yetərli məlumatları yoxdur. Bir-iki latın terminini əzbərləmək, bir-iki fizikaya, kimyaya aid qanunu dilə gətirmək, Eynşteyn, Spinoza, Devud Yum adlarını müqəddəs zikrlər kimi təkrarlamaq insanı hər bir sahədə söz sahibi etməz.

- Bəzən təxminən bir fikir də səsləndirilir ki, din adı altında çoxlu cinayətlər törədilmiş və törədilir, inanclı insanlar din pərdəsi altında min bir hoqqadan çıxırlar. Buna keçmişdə inkvizisiya məhkəmələri, səlib yürüşlərini, günümüzdə isə müxtəlif dini-terrorçu qrupların fəaliyyətini misal kimi göstərirlər. Buradan da dinin yanlışlığı və Allahın yoxluğu nəticəsini çıxarırlar. Onların bu mülahizələri barədə nə deyə bilərsiniz?

- Çox təəssüf olsun ki, bəziləri insanların əməllərinə görə məhz Yaradanı ittiham edirlər. Bu, çox yanlış düşüncədir. Belə ki, dindar ilə Allahı, həmçinin dindar ilə dini bir-birindən ayırmaq lazımdır. Eynilə tibb və təbib, təbiət və təbiətşünas, elm və alim kimi anlayışları bir-birindən ayırdığımız kimi. Bu günə kimi heç bir məntiqli insan həkimin şarlatanlığına görə bütün tibbi, alimin fırıldağına görə də bütünlüklə elmi puç və yanlış hesab etməyib. Bu çox gülüncdür. Bəs onda necə olur ki, hansısa inanclının etdiyi yanlışlıqlara görə bütünlüklə dini və Allahı sual altına alırıq?! Bilmək lazımdır ki, hansısa şəxsin, hətta özünü inanclı adlandırsa belə, etdiyi çirkin işin məsuliyyəti Allahın üzərində yox, məhz o şəxsin üzərindədir. İnsanların din adına etdikləri yanlışlıqlardan "Allah yoxdur" və ya "din səhvdir" nəticəsini çıxarmaq insafsızlıq və məntiqsizlikdir.

- Bəs onda sizcə, din adına törədilən bu qədər müharibələrin səbəbi nədir? Nəyə görə din adından bu qədər müharibələrə rəvac verilir?

- Din adına törədilən müharibələrin səbəbi digər adlarla törədilən müharibələrin səbəbindən heç nə ilə fərqlənmir. Müharibə törətmək, qan tökmək istəyən şəxs üçün onun hansı adla edilməsinin heç bir fərqi yoxdur. Bu insanlar hədəflərinə çatmaq üçün özlərinə lazım olan istənilən adı seçə bilərlər. Bu ad bəzən din və Allah olduğu kimi, bəzən isə məzlumun haqqını qorumaq, diktaturanı devirmək, bərabərlik, sülhü bərqərar etmək kimi qulağa xoş gələn gözəl sözlər də ola bilir. Zülmkar insanın öz hədəfinə çatmasına heç nə mane ola bilməz. Din olmasa, onlar bunu başqa yollarla edəcəklər.

Ümumiyyətlə, bir məsələni də qeyd edək ki, əgər bəşər tarixinə nəzər salsaq görərik ki, qeyri-dini zəmində olan müharibələr və qətllər dini zəmində olan müharibələrdən qat-qat çoxdur. Mən bir-bir onların adlarını və səbəb olduğu insan qətllərinin statiskasını vermək istəmirəm. Sadəcə olaraq, sözlərimin doğruluğunu bilmək üçün qədim dünyanın, orta əsrlərin, yeni dünyanın müharibələrinə və postindustrial müharibələrə baxmaq kifayətdir. Həmçinin, gündəlik həyatımızda baş verən kriminal hadisələrə də nəzər salsaq, onların 80-90%-nin qeyri-dini zəmində olduğunu anlayarıq. Əksəriyyətinin oğurluq, qarət, təcavüz, narkotik və silah satışı, əxlaqsız işlər olduğunu görərik. Hətta günümüzdə din adı ilə törədilən müharibələrin mahiyyəti belə dini deyil, hansısa ölkələrin siyasi məqsədlərinin din pərdəsi altında yürüdülməsidir. Ona görə dini əksər müharibələrin səbəbi, bütün cinayətlərin başı kimi göstərməyi dünya tarixindən, siyasi məsələlərdən məlumatsızlıq və ya bunu deyən şəxslərin sırf qərəzliliyi kimi dəyərləndirmək olar.

(ARDI VAR...)

İlkin İzzət

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.