Kulinariya

Günün təamı - beşamel souslu makaron - FOTO

11 Fevral 2012 07:00
0 Şərh     Baxış: 6 728
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Beşamel sousu avropa mətbəxində bir neçə xörəyin hazırlanmasında istifadə olunur. Əsasən süddən və ru-dan (ərinmiş kərə yağı və unun qarışığı) hazırlanır. Oxucumuzun xahişi ilə beşamel souslu makaronun bir neçə hazırlanma qaydasını təqdim edirik.

Ətsiz makaron piroqu

Tərkibi:

50 q makaron
10 q kərə yağı
10 q un
1/2 st süd
10 q pendir
3 q duz
15 q suxarı

sous üçün:
5 q un
5 q kərə yağı
1/4 - 1/2 st. ət suyu və ya süd
yumurta

Makaronu duzlu qaynar suda bişirin. Tavaya kərə yağı, sonra bir qədər bişmiş makaron düzün. Üzərinə beşamel sousu gəzdirin. Bir neçə sıra bu əməliyyatı təkrar edin. Axırıncı layın üzərinə sous tökün və sürtgəcdən keçirilmiş pendir səpin. Üzərinə yağ və suxarı qoyaraq sobada qızaranadək bişirin.

Beşamel sousu üçün: unu tavada qurudun. Soyudun, sonra qazançaya tökün, üstünə süd töküb qarışdırın. 30 dəqiqə saxlayın. Qarışdırın. 10-15 dəqiqə, qarışdıra-qarışdıra və sous çox qatılaşarsa, süd əlavə edərək qaynadın. Yağ adətən süfrəyə verilən zaman əlavə olunur. Amma ocaqdan götürəndən sonra da qarışdırmaq olar. Bəzən yumurtanı bişirir, xırda doğrayır, sousu ayrılıqda süfrəyə verərkən içinə qatırlar. Həmçinin çiy yumurtanı 1 ç.q. qaymaq və 1 ç.q. limon şirəsi ilə qarışdırıb qaynayan sousa əlavə edirlər.

İtalyan üsulu beşamel souslu makaron

Tərkibi:

ümumi:
500 q makaron
ət raqusu
beşamel sousu
sürtgəcdən keçirilmiş pendir
zeytun yağı
duz

ət raqusu:
500 q pomidor konservi (qabıqsız)
1 baş soğan
2 yerkökü
1 budaq kərəviz
300 q mal əti qiyməsi
1 st. qırmızı süfrə şərabı
4 x.q. zeytun yağı
duz və istiot

beşamel sousu:
1 l süd
100 q kərə yağı
100-120 q un
muskat cevizi (istəyə görə)
duz

Ümumi hazırlama qaydası:
Dərin sinini zeytun yağı ilə yağlayın. Dibinə azca beşamel sousu tökün. Yarımbişmiş makaronları düzün. Üzərinə ət raqusunu qoyun və beşamel sousu tökün. Qarışdırın. Üzərinə sürtgəcdən keçirilmiş pendir səpin və 180-200 dərəcə qızdırılmış sobada 45 dəqiqə bişirin. Hərdən qarışdırın ki, yanmasın və üzərində sərt qazmaq əmələ gəlməsin. Makaronlar bişəndə sobadan çıxarıb boşqablara çəkin, üzərinə yenidən pendir səpə bilərsiniz.

Ət raqusunun hazırlanması:
Soğanı, yerkökü və kərəvizi xırda doğrayın. Tavaya azca zeytun yağı töküb ocağın üstünə qoyun. Yağ qızanda tərəvəzləri içinə töküb vam odda 10 dəqiqə bişirin. Onlar yumşalmalıdır. Qiymə əlavə edin. Qarışdırıb daha 5 dəqiqə bişirəndən sonra 1 st. şərab əlavə edin. Şərab tam buxarlananda doğranmış pomidor konservini əlavə edin, tavanın qapağını örtüb 30 dəqiqə bişirin. Arada qapağı açıb qarışdırın ki, yanmasın. Hazır olandan sonra duz və istiot vurun.
Qeyd: raqunun hazırlanma müddəti 30 dəqiqədən az olmamalıdır, o nə qədər gec bişirsə, bir o qədər dadlı olur. Onu çox zəif odda bişirirlər.

Beşamelin hazırlanması:
Tavaya yağ və ələnmiş un tökün, nə çox iti, nə də çox zəif ocağın üstünə qoyun. Bir neçə dəqiqə qarışdıraraq qovurun (qızarmamalıdır). Qarışdıra-qarışdıra, ehtiyatla süd əlavə edin, çalışın, lopalar əmələ gəlməsin. Əgər lopalar varsa, süzgəcdən süzün və yenidən qaynadın. Təxminən 20 dəqiqə qaynadın. Beşamel qatılaşanda azca duz və sürtgəcdən keçirilmiş muskat cevizi əlavə edin.  

Misir lazanyası

Tərkibi:

ümumi:
400 q makaron
bolonez sousu
beşamel sousu
80-100 q sürtgəcdən keçirilmiş pendir

bolonez sousu:
500 q qiymə (qoyun və ya mal əti)
1 iri baş soğan
1 iri diş sarımsaq
1 pomidor
2 x.q. tomat pastası
duz
istiot
cəfəri
reyhan

beşamel sousu:
40 q kərə yağı
2 dolu x.q. un
400 ml süd
duz
istiot

Bolonez sousunun hazırlanması:
Soğanı xırda kubik doğrayaraq qızardın, qiymə, sürtgəcdən keçirilmiş pomidor, tomat pastası, xırdalanmış sarımsaq, duz, istiot, göyərti əlavə edin. Ət hazır olanadək və suyu quruyanadək bişirin.

Beşamel sousunun hazırlanması:
Yağı əridin, içinə un səpin, eynicinsli kütlə alınanadək qarışdırın. Qaynar süd əlavə edin, duz, istiot vurun. Qatılaşanadək qarışdıra-qarışdıra bişirin.

Ümumi hazırlama qaydası:
Beşamel sousunun 2/3-ni bolonez sousuna (qiyməyə) əlavə edib qarışdırın, 1/3-ni isə makaronların üzərinə tökəcəksiniz.
Makaronu suda qaynadın, amma lap çox bişməsin, əzilər.
Makaronun yarısını siniyə düzün. Üzərinə bolonez sousunu qoyun, yerdə qalan makaronu üzərinə əlavə edin. sürtgəcdən keçirilmiş pendiri bərabər qaydada üzərinə səpib, beşamel sousunu üstündən gəzdirin. 200 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin.

Ətirli lazanya

Tərkibi:

300-500 q mal əti qiyməsi
1 baş soğan
1 yerkökü
1 şirin bibər
2 diş sarımsaq
3 pomidor
150 q pendir
400 q makaron
3 x.q. bitki yağı
qara istiot
duz

beşamel sousu:
500 ml süd
20 q kərə yağı
2 x.q. un
1 ç.q. muskat cevizi

Soğanı, sarımsağı, yerkökü və şirin bibəri xırda doğrayın. Pomidorların qabığını soyub doğrayın. Tavada bitki yağında tərəvəzləri 2-3 dəqiqə bişirin. Sonra qiymə əlavə edin. O, rəngini dəyişəndə (ağaranda) pomidorları əlavə edib qarışdırın. Suyu quruyanadək bişirin. İstiot və düz vurun.
Makaronları bişirib süzün.
Beşamel sousunu hazırlayın (hazırlanma qaydası, demək olar ki, eynidir).
Pendiri sürtgəcin iri gözündən keçirin.
Dərin siniyə makaronun yarısını tökün. Qiyməni əlavə edin. Üzərinə yenə makaron qoyun. Qarışdırmayın. Sürtgəcdən keçirilmiş pendir səpin və beşamel sousu gəzdirin. 180 dərəcə qızdırılmış sobada 20-30 dəqiqə, üzəri qızaranadək bişirin.

Nuş olsun!

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.





























Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.