Kulinariya

Mətbəx sirləri: Gavalı salatları

1 Avqust 2012 07:00
0 Şərh     Baxış: 18 422
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Küncütlü gavalı salatı



Tərkibi:

2 toyuq döşü
250 q (4 əd.) qırmızı gavalı
230 q (2 əd.) pomidor
kahı
2 x.q. mayonez
2 x.q. xama
1 ç.q. sirkə
0,5 ç.q. "mit masala" ədviyyatı (hil, qara istiot, keşniş toxumu, çili, sarımsaq, zəncəfil, sarıkök, darçın, mixək, muskat cevizi)
0,5 limon şirəsi
1 x.q. zeytun yağı
1 diş sarımsaq
duz
istiot
1 x.q. küncüt
bitki yağı (qızartmaq üçün)

Toyuq filesini doğrayıb duz, sirkə və "mit masala" ədviyyatının qarışığında basdırma edin.

Gavalının qabığını soyun (üstünə qaynar su töküb 5 dəqiqə saxlayın, sonra soyuq suya qoyun, soyun). Kahı yarpaqlarını yuyub suyu çəkilməsi üçün aşsüzənə qoyun.
Tavanı möhkəm qızdırın, toyuğu marinə etdiyiniz suyu ilə birlikdə içinə töküb qovurun.

Pomidor və gavalıları dilimləyin. Hər boşqaba kahı yarpağı, üstünə pomidor və gavalı dilimləri qoyun, azca duzlayın, toyuq ətini qoyun. Üstünə zeytun yağı və limon şirəsinin qarışığından sous gəzdirə, eləcə də qara istiot və küncüt səpə bilərsiniz.

Başqa cür sous: mayonez, xama, limon şirəsi, sarımsaq, 1 ç.q. şəkər tozu, duz, istiot.


Toyuq ətilə gavalı salatı



Tərkibi:

300 q gavalı
250 q toyuq filesi
1 armud
kahı
50 q zeytun yağı
1 ç.q. limon şirəsi
duz
qara istiot
 
Gavalıları yarıya bölün, dənəsini çıxarın, dilimləyin. Armudun çəyirdəyini çıxarın, xırda dilimlərə doğrayın.
Toyuq ətini suda ədviyyatla bişirin. Soyudun, doğrayın.

Kahı yarpaqlarını əlinizlə iri doğrayın, bütün ərzaqları qarışdırın, zeytun yağı və limon şirəsinin qarışığını əlavə edin. Duz vura bilərsiniz.


Kələmli gavalı salatı



Tərkibi:

300 q kələm
1 yerkökü
1 alma
200 q gavalı
0,5 st. kişmiş
2 x.q. xırda doğranmış göy soğan
2 x.q. mayonez
3 x.q. qatıq

Kələmi saman kimi doğrayın, duz və şəkər tozu ilə qarışdırın, əlinizlə şirəsi çıxanadək ovxalayın, şirəsini süzün. Sürtgəcdən keçirilmiş yerkökü və alma, kişmiş, doğranmış gavalı, göy soğan, mayonez və qatıq əlavə edib qarışdırın.
Salat qabına yığın, üstünə xırda doğranmış göy soğan səpin.


Pendirli gavalı salatı



Tərkibi (4 pay):

250 q gavalı
250 q yaşıl üzüm
1 xırda soğan
175 q pendir

sous:
1 limonun şirəsi
duz, şəkər tozu - istəyə görə
1 çimdik zəncəfil tozu
3 x.q. bitki yağı
kahı
20 q qoz

Gavalı və üzümü yuyub kağız salfetlə qurulayın. Gavalının dənəsini çıxarıb iki, yaxud dörd yerə bölün. Üzüm gilələrini də ikiyə bölüb dənələrini çıxarın.
Soğanı xırda kubik, pendiri isə 2 sm uzunluqda saman kimi doğrayın.
Limon şirəsini qazançaya töküb şəkər tozu və duzla, sonra isə zəncəfil və yağla qarışdırın.

Kahı yarpaqlarını yuyun, salat qabının içinə döşəyin.

Gavalı, üzüm, pendir və soğanı qarışdırıb kahı yarpaqlarının üstünə qoyun, üzərinə sous gəzdirin, doğranmış qoz səpin.

Süfrəyə qara çörək və kərə yağı ilə verə bilərsiniz.


"Sürpriz" salatı



Tərkibi:

200 q şampinyon
3 bişmiş yumurta
1 bişmiş kartof
1 baş soğan
2 sarı bolqar bibəri
1 iri pomidor
10 ədəd gavalı qurusu (yaxud dondurulmuş gavalı)
ədviyyat (quru sarımsaq, karri, xmeli-suneli - hərəsindən bir çimdik)
duz
1 x.q. alma sirkəsi
50 ml. qaynadılmış soyuq su
6-7 x.q. mayonez
1 çimdik şəkər tozu
1 x.q. bitki yağı
üyüdülmüş qara istiot

Şampinyonları duzlu suda bişirin.

Soğanı yarımhalqa doğrayıb su, sirkə və şəkər tozunda marinə edin.

Lay-lay düzün:

1. Siniyə əvvəlcə şampinyonları düzün, üstünə mayonez çəkin.
2. Sürtgəcdən keçirilmiş bişmiş kartof, üstünə marinadı sıxılmış soğan səpib, mayonez çəkin.
3. Doğranmış bolqar bibəri.
4. Doğranmış yumurta + mayonez.
5. Pomidor + mayonez (hər layı azca duzlaya bilərsiniz).

Salatın olduğu sininin üstünə qapaq qoyub soyuducuya qoyun.

Gavalıları iki bölün, yağlanmış, qızdırılmış tavaya qoyub, duz-istiot vurun, ədviyyat əlavə edib, tavanın qapağını örtün, vam odda 5-7 dəqiqə bişirin. Çevirməyin. Soyudun.

Soyumuş salatı soyuducudan çıxarın. Düz boşqabı sininin ağzına qoyun, sonra sinini ehtiyatla, amma çox çevik bu qaba çevirin.

Salatın üstünü gavalı və bibərlə, həmçinin göyərti ilə bəzəyin.


Çuğundurlu gavalı salatı



Çuğunduru qabığı ilə birlikdə suda bişirin. Soyudun, qabığını soyun.

Qara gavalı qurusunu isti suya qoyun, əgər varsa, dənəsini çıxarın, xırda doğrayın.

Qozu azca xırdalayın.

Gavalı, çuğundur, qoz və əzilmiş sarımsağı qarışdırın, mayonez vurun. Hazırdır.

Nuş olsun!

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.