İran

İranda həbslər və edamlar aksiyaların qarşısını ala bilmir

24 Yanvar 2023 16:24
Baxış: 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İranda hakimiyyətin bütün təzyiq, təqib, edam və həbslərinə baxmayaraq etiraz aksiyaları davam edir.

Milli.Az report-a istinadən bildirir ki, bunu yayılan məlumatlar da təsdiqləyir.

Məlumata görə, ötən gecə Tehran, Kərəc və Bəndər Abbas şəhərlərində etiraz yürüşləri keçirilib. Güney Azərbaycanın Təbriz və daha bir neçə şəhərində divarlara İran rejiminə qarşı şüarlar yazılıb:

"SEPAH cinayət edir, Xameneyi himayə edir!", "Nə şahlıq, nə rəhbər, azadlıq və ədalət!", "Xameneiyə ölüm!"

İsfahanda etirazçılara qarşı vəhşilik edən İran İnqilab Keşikçiləri Qvardiyasının əsas kadr bazası sayılan yarımhərbi BƏSİC qüvvələrinə məxsus baza "Molotov kokteyli" ilə yandırılıb.

İranın şərqində, Pakistan və Əfqanıstanla sərhəddə yerləşən Sistan-Bəlucistan əyalətinin Bəmpur şəhərində gecə saatlarında iki polis əməkdaşı öldürülüb. Bildirilib ki, Bəmpur bölgə polis idarəsinin əməkdaşları xidmətdə olan zaman silahlı şəxslərin hücumuna məruz qalıb. Atışma nəticəsində mayor Muxtar Mömini və leytenant Əbuzər Ümidvar ölüb, daha bir polis isə yaralanıb. Hücum edən silahlı dəstə üzvləri hadisə yerindən qaçıb.

İranın Bəndər Xomeyni Neft-kimya şirkətinin işçiləri əməkhaqları və müavinətlərinin verilməməsinə etiraz olaraq aksiya keçiriblər. Etirazçılar "Fəhlənin haqqını yemək haramdır!", "Səriştəsiz rəhbər istəmirik!" şüarlarını səsləndiriblər.

Güney Azərbaycanın Ərdəbil şəhərində Rabitə idarəsinin işçiləri də etiraz aksiyası keçirib. Onlar əməkhaqlarının verilməməsinə və əlavə yardımların kəsilməsinə etiraz ediblər.

Tehran hakimiyyəti aksiyalarda iştirak etməkdə ittiham etdiyi yeni insanları həbs edir. Ötən gün Güney Azərbaycanın Urmiya şəhərində 8-i qadın olmaqla 25 nəfər "casusluqda" ittiham edilərək həbs olunub. Onlar həm də "sosial mediada gəncləri" etiraza təhrik etməkdə ittiham olunurlar. Məlumata görə, "Urmiya Məhəllələrinin Gəncləri" adlı qrup üzvlərinin 16-na qarşı cinayət işi açılıb və onlardan bir-birlərinə qarşı etiraf almaq üçün işgəncə verilib. Qeyd olunub ki, biri 15 yaşlı yeniyetmə qız olmaq şərti ilə həbs edilənlərin hamısı məktəblidir.

İranın oxatma üzrə yığmasının qadın üzvü hökumət qüvvələrinin açdığı atəşlə bir gözünü itirib. Kermanşah şəhərinin Tağbostan bulvarında sol gözündən güllə yarası alan Mehbanu Xoşnudi Kia bir gözündən məhrum olub. O, 2021-cü ildə oxatma üzrə Asiya turnirində ikinci yeri tutub.

Yayılan xəbərlərə əsasən, son aylar İranın hərbi-polis qüvvələri vətəndaşların gözlərini kor etmək niyyəti ilə məqsədyönlü şəkildə dəfələrlə ov tüfəngi və peyntbollarla aksiyaçıların üz nahiyəsinə atəş açıb. İndi bu idmançı xanım da hakimiyyətin xalqı qorxutmaq və sıxışdırmaq üçün bu qəddar, insanlıqdan uzaq metodunun qurbanı olub.

Güney Azərbaycanın Zəncan şəhərindən olan milli fəal Cəmşid Əşrəfi əyalətin Apellyasiya Məhkəməsi tərəfindən 7 ay həbs cəzasına məhkum edilib. O, hakimiyyət əleyhinə təbliğat aparmaqda ittiham olunur.

Bundan əlavə, Qaşqay türklərindən olan fəal edam edilə bilər. Rejim Qaşqay türklərindən olan fəal fəhlə Arəş Qənbərini şərləyərək edam etmək istəyir. İsfahanın Şəhriza şəhərində yaşayan 30 yaşlı Arəş Qənbəri barədə "Peyğəmbəri təhqir etmək" ittihamı irəli sürülüb. İnsan haqları təşkilatları isə Arəş Qənbəriyə qarşı rejimin irəli sürdüyü ittihamın onun edamı ilə nəticələnəcəyinə dair xəbərdarlıq yayıb.

Qeyd edək ki, İran İnsan Haqları Təşkilatının son məlumatına görə, 2022-ci ilin dekabr ayının əvvəlinə kimi İranda 11-i qadın və 5-i uşaq olmaqla 565 nəfəri edam edilib.

Söz azadlığından qorxan Tehran hakimiyyəti jurnalistləri həbs edir. Ötən gün İranda üç qadın jurnalist saxlanlıb. Bildirilib ki, Melika Haşimi, Səidə Şafii və Mehrnuş Zarii adlı jurnalistlər Tehranda tutulublar. Məlumata görə, onlar Tehrandakı Evin adlı həbsxanada saxlanılır. Jurnalistlər rejim əleyhinə "təbliğat aparmaq və milli təhlükəsizliyi təhdid etmək"də itiham olunurlar.

İran insan hüquqları fəallarının məlumatına görə, 2022-ci ilin sentyabr ayından başlayan etiraz aksiyaları zamanı 79 jurnalist tutulub.

Güney Azərbaycanın Təbriz, Üskü və Tufarqan şəhərlərinin İran parlamentindəki millət vəkili, keçmiş səhiyyə naziri Məsud Pezeşkiyan növbəti dəfə İran hakimiyyətini düzgün xarici siyasət yürütmədiyi üçün tənqid edib. O, hakimiyyətin xüsusilə Qərb ölkələri ilə münasibətdə aqressiv davrandığını vurğulayıb:

"Gecə-gündüz müxtəlif ölkələri söyür, onlara qarşı iddialar səsləndiririk. Bütün dünya ilə savaşmaq olmaz".

Onun sözlərinə görə, İran hakimiyyəti bütün dünya ilə savaşsa, iqtisadi və ictimai problemlər həll olunmamış qalacaq: "Bu gün iqtisadiyyat yalnız bir dövlətə deyil, bütün dünyaya aiddir və bütün ölkələr bir-birindən asılıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.