Maraqlı

Yalançılar zirəkdirmi?

19 Sentyabr 2021 23:45
0 Şərh     Baxış: 517

Çox təəssüf ki, bu gün cəmiyyətdə doğruluq ilə yalanın yeri dəyişmişdir. İnsanlar yalançıları zirək hesab edirlər. Hətta o kəsi ki, düzgün danışır və rəftar edir, onu sadəlövh adlandırırlar. Dəyərsiz bir mövzuya görə yalan danışmaq bizim üçün çox asan olmuşdur. Misal üçün, aldığımız bir malın qiymətini aşağı və ya yuxarı qiymətlə rahat deyə bilirik. Yaşımızdan tutmuş çəkimizə qədər yalan danışa bilirik.

Halbuki, əxlaqi fəzilətlərdən - ən üstünü düzgün danışmaqdır. Allaha doğru gedən yol - düz danışmaqla və rəftar etməklədir. Əgər insanın bütün işləri düzgün üzərində qurularsa, insan heç bir zaman insanlıqdan çıxmaz. Allah möminləri təqvaya dəvət edərkən, sədaqətli olmağa, yəni düzgün danışmağa çağırır. "Ey iman gətirənlər, Allahdan qorxun və doğruçularla birgə olun (ki, onların ən bariz nümunəsi Peyğəmbərin məsum Əhli-beytidir)". ("Tövbə" 119).

"Həqiqəti gətirən və onu təsdiq edən kəs, (özlərinin haqq dinlərini təsdiq edən tək-tək bütün peyğəmbərlər, bəli,) əsl təqvalılar (və məsumluq məqamında olanlar) onlardır. [Yaxud: (İslam Peyğəmbəri kimi) həqiqəti gətirən və (bu ümmətdən) onu təsdiq edən kəs, onların hamısı əsl təqvalılardır]". ("Zumər" 33).

İmam Sadiq (ə) bütün peyğəmbələrin dəvətinin sərlövhəsinin düzgünlük və əmanətdarlıq olduğunu diqqətə çatdırır. Həzrət (ə) buyurur: "Həqiqətən, Allah Təala peyğəmbərləri məbus etmədi, məgər düzlük, əmanəti yaxşılara və pislərə əda etməklə".

İmam Əli (ə) düz danışmağı imanın möhkəm dayağı, dinin meyarı və Allah tərəfindən olan ilham hesab edir və buyurur: "Düzlük - imanın ən güclü sütunudur".

O zamana qədər ki, insanın həqiqi imanı olmaz, o, düz danışmaz. Çünki o kəs ki, Allah Təalaya iman gətirməmişdir və Onu öz əməlinin Naziri hesab etmir, rahat şəkildə yalan danışa bilir. Yalanı öz inkişafı bilir.

Ona görə də Allah düz danışan bəndələrini çox sevir. "O zaman ki, Allah bəndəsini sevər düzlüyü ona ilham edər". Həzrət Peyğəmbər (s) buyurur: "Üç şeydə düz danışmaq bəyənilmir: söz gəzdirmək, kişi ilə həyat yoldaşının xoşuna gəlməyən tərəfi haqqında danışmaq, xəbəri inkar etmək".

İmam Sadiq (ə) buyurur: "Əgər bir müsəlmandan başqa bir müsəlman haqqında soruşsalar, düzünü desə və həmin müsəlmana ziyan dəysə, yalançı kimi yazılar. Əgər bir müsəlmandan başqa bir müsəlman haqqında sual versələr və o, yalan deysə və həmin müsəlmana mənfəət çatsa, Allah yanında düz danışan kimi yazılar".

Bu hədislərin mənası budur ki, müsəlman gərək ayıq və zirək olsun. Fayda ilə ziyanı görə bilsin. Əhəmiyyəti olan tərəfi seçsin, nəinki şəxsi mənfəəti üçün yalan danışsın.

Düz danışmağın əhəmiyyəti haqqında nə qədər danışsaq, yenə də azdır. Yalanın ziyanından hər nə qədər söz desək, yenə də az olar.

Lakin bu gün çoxumuz elə rahat yalan danışırıq ki, heç hiss də etmirik. Biz bundan qafilik ki, yalan bir zəhər kimidir və hər yalan dedikdə bədənimizə zəhər daxil edirik.

Yalan çox sayda günahların köküdür. İnsanın dünya və axirət səadətini aradan aparır və insanı İlahi rəhmətdən məhrum edir. İnsanların etimadını zəiflədir və cəmiyyəti nifaqa salır.

İmam Səccad (ə) buyurur: "Yalandan - istər kiçik, istər böyük, istər ciddi, istərsə də zarafatla - çəkinin. Çünki o zaman ki, insan kiçik şeyə görə yalan deyər, böyük yalan danışmaq üçün cürət əldə edər".

Əmirəl-möminin (ə) buyurur: "Yalana adət etmək yoxsulluq gətirər".

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.