Maraqlı

Stalinin əlindən qaçdı, Məkkədə yaşadı, üç arvad aldı - Leninin müsəlman qardaşı

19 İyun 2021 16:20
Baxış: 20 798
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az "525-ci qəzet"ə istinadən Almaniyada yaşayan yazıçı Orhan Arasın Lenin haqqında araşdırmasını təqdim edir.

Amerikada sərin bir payız günü "Dallas-Teleqraf" qəzetini oxuyanlar Lenin və əkiz qardaşı Sergeyin uşaqlıq, gənclik şəkillərinə böyük təəccüblə baxırdılar.

O vaxta qədər heç kim Leninin əkiz qardaşı olduğunu bilmirdi. Qəzet oxucuları Leninin, Sergey Lenin adlı əkiz qardaşı olduğunu öyrənməklə yanaşı, onun müsəlman olduğunu, hətta Həcc ziyarətinə getdiyini və bir neçə il Məkkədə qaldığını da öyrəndilər.

Çox qısa müddətdə bu xəbərlər və qəzetdə dərc olunan fotolar bütün dünyada yayımlanır və hamı bir-birinə Leninin müsəlman qardaşı Sergeyin qeyri-adi həyatı barədə danışır.

No description available.

Xəbərə görə, Sergey 22 aprel 1870-ci ildə əkiz qardaşı Vladimir İliçlə birlikdə Ulyanovskda dünyaya gəlir. Vladimir İliçlə əkiz olmasına baxmayaraq, mənəvi cəhətdən əksinə bir uşaq olur. O, uşaq olanda belə, ət yeməyib, heyvanlara sevgi ilə yaxınlaşıb, heç vaxt kiməsə zərər verməyib.

1886-cı ildə evdən ayrılan Sergey Lenin Ufaya gedir və orada evlənir. Evləndiyi qız müsəlmandır və adı Zühredir. Qardaşı Vladimirlə əlaqəsi az olsa da, o, yaşadığı bölgədəki kommunist hərəkatlarına qoşulur.

1905-ci ildə Vladimir ondan pul istəyir. Mum ticarətindən yaxşı sərvət əldə edən Sergey kommunist ideologiyasına kömək etmək üçün bütün pullarını qardaşına verir.

Sergey 1917-ci ildə fəhlə və kəndlilərlə ön cəbhədə vuruşur. Rusiyada inqilabın uğur qazanmasına töhfə verir.

No description available.

1924-cü ildə Vladimir İliç öldükdə, Stalin Leninin əkiz qardaşı Sergeylə əlaqədar bütün rəsmi qeydləri məhv etdirir. Sergey Lenin bir başqırd kəndinə geri çəkilir və orada üç qadınla evlənərək sakit bir həyat yaşamağa başlayır.

1930-cu ilə qədər Sovet İttifaqında qalan Sergey Lenin Stalinin təzyiqinə dözməyərək ölkəni tərk etdir və əvvəlcə Trotskiyə yaxın olmaq üçün Meksikaya köçür. Meksikada "Tarixin dönüşü" dastanını yazır. Köhnə fikirlərindən dönən Sergey kommunist sisteminin islamlaşaraq humanist bir ideologiyaya çevriləcəyini iddia edir.

Düşüncələrini daha da inkişaf etdirmək üçün o, Məkkəyə gedir, orada həm təhsil alır, həm də yenidən evlənir.

İki-üç il Məkkədə qalan Sergey Lenin, Kuba inqilabından sonra Fidel Kastro ilə görüşmək üçün Kubaya gedir. Kastro tərəfindən isti qarşılanan Sergey Lenin ömrünün sonuna qədər, yəni 1965-ci ilədək Kubada yaşayıb, orada da dünyasını dəyişir.

No description available.

Bu maraqlı hekayə dildən-dilə düşür və Müsəlman Lenin haqqında daha sirli şayiələrin yayılmasına səbəb olur.

Hekayənin əsas qəhrəmanı 1968-ci ildə Başqırdıstanda anadan olan sürrealist rəssam Rinat Voligamsidir (Rinat İsmagilov).

Rinat 1989-cu ildə Ufada memarlıq təhsili alır və daha sonra maraqlı, fantastik kolleksiyaları ilə Rusiya Federasiyasının Dövlət mükafatını qazanır. Xaricdə çox fərqli dizaynları ilə tanınan Rinat qısa müddətdə uğurlu əsərləri üçün Repin mükafatını alaraq Kandinski mükafatına namizəd olur.

2005-ci ildə "Qeyri-rəsmi albom" kolleksiyası ilə bütün dünyada danışılan bir hekayənin yaradıcısı kimi alqışlanır. Amerikadan Avropaya qədər hamı, "Qeyri-rəsmi albom"dakı fotoşəkilləri və hekayəni gerçək hesab edərək, Leninin bir müsəlman qardaşı olduğunu fərz etməyə başlayır. Sergey Leninin türbanlı fotoşəkilləri davamlı olaraq sosial mediada yayımlanır.

Rinat Voligamsi bu albom üçün 21 köhnə fotoşəkil üzərində işləmiş, onları fotomontajlarla əvəz etmiş və qondarma bir hekayə hazırlamışdı. Bu hekayə "əsl fantaziyaya" çevrilmişdi.

Sənətçi hadisələri öz fantaziyaları ilə şərh etməyin insan düşüncəsində yeniliklər yaradacağı fikrini müdafiə edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.