Cəmiyyət

Maaş, pensiya və sosial ödənişlərlə bağlı yeni xəbər

11 Sentyabr 2026 09:38
Baxış: 732
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub.
Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?

Milli.Az Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, büdcəyə yenidən baxılması ilə bağlı hər hansı qadağa yoxdur:

"Hökumət istədiyi vaxt büdcəyə yenidən baxa bilər. Hətta qanunvericilikdə müəyyən hallarda, xüsusilə gəlirlərin kəskin azalması zamanı büdcəyə məcburi yenidən baxılmasını nəzərdə tutan qaydalar və tələblər də var. Yəni hökumətin öz təşəbbüsü ilə büdcəyə yenidən baxması da mümkündür. Lakin hesab edirəm ki, bu il büdcəyə yenidən baxılmayacaq. Səbəb isə ilin sonuna yaxınlaşmağımızdır. Artıq sentyabrdır və hazırda əsas diqqət 2027-ci ilin dövlət büdcəsinin hazırlanmasına yönəlib. Büdcənin razılaşdırılması və Milli Məclisə təqdim edilməsi ilə bağlı hazırlıq prosesi gedir. Buna görə də 2026-cı ilin büdcəsinə yenidən baxılması gözlənilmir".

İqtisadçı bildirib ki, maaş, pensiya və digər ödənişlər isə növbəti ildən arta bilər:

"Pensiyaların artımı əsasən indeksasiya yolu ilə həyata keçirilir. Belə ki, pensiyalar hər il əvvəlki ildə orta aylıq əməkhaqqının artım faizinə uyğun olaraq indeksləşdirilir. 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artıb. Minimum əməkhaqqının artırılması məsələsinə də baxılacaq. Bu ilin fevral-mart aylarında qəbul edilən qanunla minimum əməkhaqqının məbləğinə hər il yenidən baxılması nəzərdə tutulub. Burada onun mütləq artırılması deyil, yenidən nəzərdən keçirilməsi tələb olunur. Sonuncu dəfə minimum əməkhaqqı 2025-ci il yanvarın 1-dən artırılıb. Ona görə də növbəti baxış zamanı minimum əməkhaqqının artırılması ehtimalı yüksəkdir. Çünki artıq iki ilə yaxındır bu məbləğ dəyişməyib. Ötən il inflyasiya 6 faizdən bir qədər çox olub, bu il də inflyasiyanın yüksək qalacağı gözlənilir. Buna görə minimum əməkhaqqının təxminən 10-15 faiz artırılacağını düşünürəm".

Ekspert qeyd edib ki, minimum əməkhaqqı artdıqda digər ödənişlərə də təsir göstərir:

"Ünvanlı sosial yardımın məbləğinin artması da gözlənilir. Bunun üçün ilk növbədə yaşayış minimumu müəyyənləşdirilməlidir. Yaşayış minimumu haqqında qanun qəbul edilərkən minimum istehlak səbətinin həcmi nəzərə alınır. Ölkədə inflyasiyanın yüksək olması fonunda yaşayış minimumunun da artırılması gözlənilir. Bu isə öz növbəsində ünvanlı sosial yardımın məbləğinə təsir edəcək. Digər təqaüd və sosial ödənişlərin, eləcə də maaşların artırılıb-artırılmaması isə Prezidentin səlahiyyətində olan məsələdir və bununla bağlı qərar veriləcək.

Neftin bahalaşmasının Azərbaycanda yanacaq qiymətlərinə birbaşa təsiri yoxdur. Çünki ölkədə benzin və dizel yanacağının qiymətləri Tarif Şurasının qərarı ilə müəyyənləşdirilir. Məsələn, dünya bazarında neftin qiyməti dəyişməsə belə, ötən ilin dekabrında dizel yanacağının qiyməti 10 faiz, benzinin qiyməti isə 5 faiz artırıldı. Bu baxımdan dünya neft qiymətləri ilə Azərbaycanda benzin qiymətləri arasında birbaşa əlaqə yoxdur. Yanacağın qiymətinin artırılıb-artırılmaması hökumətin qərarından asılıdır. Lakin dünya bazarında neftin bahalaşmasının başqa təsiri var. Neft qiymətlərinin artması ölkəyə idxal olunan məhsulların bahalaşmasına və nəticə etibarilə idxal inflyasiyasının yüksəlməsinə səbəb ola bilər".

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.