Maraqlı

Ramazan ayinda nə baş vermişdir?

1 May 2021 22:10
Baxış: 922
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmam Həsənin (ə) nəslindən olan Seyyidə Nəfisə vəfat etmişdir (hicri 208 - miladi 824).

O, 30 dəfə piyada həccə getmiş, bütün sərvətini kasıblara paylamışdı. Əri ilə (İmam Sadiqin (ə) oğlu İshaqla) birlikdə Misrə köçmüş və orada vəfat edib dəfn olunmuşdu. Şafii məzhəbinin banisi Şafii onun yanına dərsə gəlir və ondan hədis rəvayət edirdi. Seyyidə Nəfisə öz evində özünə qəbir qazmışdı, hər gün qəbrin içində Quran oxuyur, namaz qılırdı. Həyatı boyunca bu qəbrin içində 6 min dəfə Quran xətm etmişdi.

Məşhur müsəlman filosofu və təbib, "Şeyxür-rəis" (rəhbər şeyx) ləqəbli Əbu Əli ibn Sina vəfat etmişdir (hicri 428 - miladi 1037). Onun "Şifa" kitabı elmlərin ensiklopediyası sayılır, "Qanun" əsəri isə orta əsrlərdə Avropada Bibliyadan sonra ən çox tirajla nəşr edilən kitab idi.

2 ramazan
Məşhur fiqh və kəlam alimi Şeyx Müfid vəfat etmişdir (hicri 413 - miladi 1022). Şeyx Müfid cəfəri məzhəbinin inkişafı naminə misilsiz xidmətlər göstərmişdir. Onun müxtəlif dini mövzulara həsr olunmuş 170-dən artıq irili-xırdalı əsəri vardır. Bu risalələrin bir çoxu ona verilən sualların cavabından ibarətdir. Şeyx Müfid elmi mübahisələr aparmaqda mahir idi və bu mübahisələrdə həmişə qalib gəlirdi.

3 ramazan
Həzrət İbrahim Peyğəmbərə (ə) səhifələr nazil olmuşdur. Ümumiyyətlə, Allah-Taala Öz peyğəmbərlərinə 4 səmavi kitab (Tövrat, Zəbur, İncil və Quran) və 100 səhifə nazil etmişdir (Həzrət Adəmə 10, Şeysə 50, İdrisə 30 və İbrahimə (ə) 10 səhifə). Bunların hamısı mübarək ramazan ayında nazil olmuşdur.

4 ramazan
Kufə valisi qəddar Ziyad ibn Əbihi ölmüşdür (hicri 53 - miladi 673). Ziyad bir müddət Kufə və Bəsrə valisi olmuş, bu illərdə Əhli-beyt dostlarına çox əziyyət vermişdi. İmam Həsənin (ə) qarğışı nəticəsində barmağına yara çıxmış, sonra yara böyüyərək bütün bədəninə yayılmış və bu xəstəlikdən ölmüşdü. Aşura cinayətkarı Übeydullah ibn Ziyadın atasıdır.

6 ramazan
Həzrət Musa Peyğəmbərə (s) Tövrat nazil olmuşdur.

Səkkizinci imam Rzaya (ə) vəliəhd kimi beyət edilmişdir (hicri 201 - miladi 817). İmam Rza (ə) Abbasi xəlifəsi Məmun tərəfindən Mədinədən Xorasana gətirilmiş və vəliəhdliyi qəbul etməyə məcbur olmuşdu.

Məşhur sufi Səriyy Səqəti vəfat etmişdir (hicri 253 - miladi 867). O, böyük sufi Bişr Hafinin və Məruf Kərxinin şagirdi, Cüneyd Bağdadinin ustadı və dayısı idi.

7 ramazan
Həzrət Mühəmməd Peyğəmbərin (s) əmisi və himayədarı Əbu Talib vəfat etmişdir (besətin 10-cu ili). Əbu Talib İslamı qəbul edib müsəlman olmuş, amma Peyğəmbəri (s) qoruya bilmək üçün öz imanını gizli saxlamışdı. Onun iki oğlu - Əli və Cəfəri-təyyar da İslamın yayılmasında müstəsna xidmət göstərmişlər.

10 ramazan
Həzrət Mühəmməd Peyğəmbərin (s) həyat yoldaşı, Fatimeyi-Zəhranın (ə) anası, ümmül-möminin Xədicə dünyasnı dəyişmişdir (besətin 10-cu ili). O, Peyğəmbərə (s) iman gətirmiş ilk müsəlmandır. Həzrət Xədicə bütün əmlakı ilə İslamın yayılmasına kömək etmişdir.

Məkkə şəhəri müsəlmanlar tərəfindən fəth olunmuşdur (hicri 8 - miladi 630). Həzrət Mühəmməd Peyğəmbər (s) Kəbə evini bütlərdən təmizləmək üçün 10 min nəfərlik qoşunla Məkkə üzərinə yürüş etmiş və şəhər qan-qadasız ələ keçirilərək əhaliyə aman verilmişdi.

12 ramazan
Üxüvvət (qardaşlıq) əhli bağlanmışdır (hicri 1 - miladi 622). Peyğəmbərimiz (s) Məkkədən Mədinəyə hicrət etdikdən dərhal sonra müsəlmanlar arasında qardaşlıq əhdi bağladı. Onun göstərişi ilə hər mühacir (Məkkədən köçüb-gələn müsəlman) ənsardan (Mədinənin yerli əhalisindən) bir nəfərlə qardaş oldu. Peyğəmbər (s) özü ilə İmam Əli (ə) arasında qardaşlıq əhdi bağladı.

13 ramazan
Həzrət İsa Peyğəmbərə (ə) İncil nazil olmuşdur. Əsl İncil günümüzə kimi gəlib-çatmamışdır. Bu gün xristian aləmində Həzrət İsanın (ə) şagirdləi tərəfindən qələmə alınmış 4 fərqli İncil mötəbər sayılır.

Zalımlığı ilə ad qazanmış Həccac ibn Yusif Səqəfi ölmüşdür (hicri 95 - miladi 714). Həccac Əməvilər zamanında İraq valisi olmuş, 20 il ərzində 120 min nəfəri vəhşicəsinə qətlə yetirmişdi.

Görkəmli filosof Cahangir xan Qoşqayi vəfat etmişdir (hicri 1328 - miladi 1910). İsfahan məktəbinin yetirməsi olan bu alimi fərqləndirən əsas xüsusiyyət başına əmmamə deyil, papaq qoymasıdır. Ayətullah Birucerdi, İsfahani, Naini, Ağa Ziya Əraqi, Ərbab, Şahabadi, Müdərris kimi böyük alimlər ondan dərs almışlar.

14 ramazan
Əhli-Beytin müdafiəçisi Muxtar Səqəfi şəhid olmuşdur (hicri 67 - miladi 687). Muxtar Yezidin ölümündən sonra Mədinədə qiyam qaldıraraq, İmam Hüseynin (ə) qatillərindən intiqam almağa başladı. Qısa müddət ərzində Kərbəla faciəsində əli olan bütün canilər Muxtar tərəfindən ələ keçirilib cəhənnəmə vasil edildi.

15 ramazan
İkinci imam Həsən Müctəba (ə) doğulmuşur (hicri 3 - miladi 625). O, Həzrət Mühəmməd Peyğəmbərin (s) ilk nəvəsi, İmam Əli (ə) ilə Həzrət Fatimənin (ə) böyük oğlu idi. 10 il imamlıq etmiş, hicri 50 - miladi 670-ci ildə Müaviyənin əmri ilə zəhərlədilib şəhid olmuşdur.

İmam Hüseyn (ə) kufəlilərin dəvət məktublarına cavab olaraq, öz əmisi oğlu Müslim ibn Əqili Kufəyə yollamışdır (hicri 60 - miladi 680). Kufəlilər əvvəlcə Müslimə beyət etsələr də, sonra ona arxa çevirib tənha buraxdılar.

Hicri 145-ci il ramazan ayının ortalarında (miladi 762) İmam Həsənin (ə) nəslindən olan Mühəmməd Nəfsüz-zəkiyyə şəhid olmuşdur. O, Abbasilərə qarşı Mədinədə qiyam qaldırdı, lakin tərəfdarlarının xəyanəti nəticəsində məğlubiyyətə uğrayıb döyüşdə həlak oldu.

Məşhur alim, "şəhidi-sani" (ikinci şəhid) ləqəbi ilə tanınan Şeyx Zeynəddin Cəbəi Amili qəddarlıqla şəhid edilmişdir (hicri 965 - miladi 1558). O, fərqli elm sahələ¬rində 70-dən artıq əsər qələmə almışdı. Şəhidi-sani beş məzhəbin (cəfəri, hənəfi, şafii, maliki və hənbəli) hökmlərini mükəmməl şəkildə bilirdi.

17 ramazan
Həzrət Mühəmməd Peyğəmbər (s) meraca getmişdir (besətin 13-cü ili).

Müsəlmanlarla Məkkə müşrikləri arasında ilk ciddi döyüş - Bədr savaşı baş vermişdir (hicri 2 - miladi 624). Bu, həm də İslam tarixində ilk böyük qələbə sayılır. Bədr savaşında müsəlmanlar sayca özlərindən üç dəfə artıq və güclü olan düşmənə qalib gəldilər.

Həzrət Mühəmməd Peyğəmbərin (s) həyat yoldaşı, Əbu Bəkrin qızı Aişə vəfat etmişdir (hicri 58 - miladi 678).

Məşhur filosof, təbib və astronom Qütbəddin Şirazi vəfat etmişdir (hicri 710 - miladi 1311).

Böyük müctəhid Ayətullahül-üzma Fazil Şərabiyani vəfat etmişdir (hicri 1322 - miladi 1904).

18 ramazan
Həzrət Davud Peyğəmbərə (ə) Zəbur nazil olmuşdur. Zəbur 4 səmavi kitabdan biridir. Onun əsas məzmunu əxlaqi nəsihətlərdən və dualardan ibarət idi. Həzrət Davud (ə) məlahətli səsə malik idi və Zəburu gözəl avazla oxuyurdu.

19, 21, 23 və ya 27 ramazan
Bunlardan birinin Qədr gecəsi olması ehtimal edilir. Ramazanın son ongünlüyündəki tək gecələrdən birinin Qədr gecəsi olduğu rəvayət edilmişdir. Qədr gecəsində Qurani-Kərim bütöv şəkildə Peyğəmbərimizin (s) qəlbinə vəhy olunmuşdur. Bu gecələrdə oyaq qalmağın, ibadət və dua etməyin, Quran oxumağın çox savabı var.

19 ramazan
İmam Əli ibn Əbu Talib (ə) Kufə məscidində sübh namazı qılarkən xəvaricdən olan Əbdürrəhman ibn Mülcəm tərəfindən ölümcül yaralanmışdır (hicri 40 - miladi 661).

Məşhur din alimi, həmyerlimiz Mirzə Mühəmməd Şirvani vəfat etmişdir (hicri 1098 - miladi 1687). İsfahan şəhərində yaşayıb-yaratmış bu alim Əllamə Mühəmməd Baqir Məclisinin yeznəsi idi.

20 ramazan
Məşhur coğrafiyaşünas Yaqut Həməvi vəfat etmişdir (hicri 626 - miladi 1229). Onun 16 min toponimi əhatə edən "Möcəmül-buldan" əsərində və məşhur ədiblərin həyatından bəhs edən "Möcəmül-üdəba" kitabında Azərbaycanla da bağlı dəyərli məlumatlar verilmişdir.

21 ramazan
Həzrət Musa Peyğəmbər (ə), onun canişini Yuşə ibn Nun (ə) vəfat etmişlər. Həzrət İsa Peyğəmbər (ə) onu çarmıxa çəkmək istəyənlərin əlindən xilas olaraq səmaya ucalmışdır.

Həzrət İmam Əli ibn Əbu Talib (ə) məsciddə aldığı qılınc zərbəsi nəticəsində iki günlük ağır xəstəlikdən sonra şəhid olmuşdur (hicri 40 - miladi 661).

Məşhur hədis alimi, "Vəsailüş-şiə" kitabının tərtibçisi Şeyx Hürr Amili vəfat etmişdir (hicri 1104 - miladi 1693).

22 ramazan
Görkəmli hədis alimi İbn Macə vəfat etmişdir (hicri 273 - miladi 887). O, əhli-sünnənin mötəbər saydığı 6 hədis məcmuəsindən biri olan "Səhihi-İbn Macə"nin müəllifidir. İbn Macənin Quran təfsiri və "Qəzvinin tarixi" kitabı da vardır.

24 ramazan
Məşhur ərəb şairi Mütənəbbi vəfat etmişdir (hicri 354 - miladi 965). Onun şeir divanına 40-dan artıq şərh yazılmışdır. Bəzi məlumatlara görə, özünü peyğəmbər adlandırmış ("mütənəbbi" sözü də bu mənanı verir), Qurana tay olan kitab yazacağını vəd etmişdir. Şam valisi tərəfindən həbsə alınaraq tövbə etmişdir.

25 ramazan
Məşhur Quran tədqiqatçısı Fəxrəddin Razi doğulmuşdur (hicri 544 - miladi 1150). O, həm dini, həm də dünyəvi elmlərdə məharət sahibi olmuş, "Məfatihül-qeyb" adlı irihəcmli Quran təfsiri yazmışdır. Bu əsərə "Təfsiri-kəbir", yəni böyük təfsir deyirlər.

26 ramazan
Məşhur müsəlman sosioloqu, tarixçi və diplomat İbn Xəldun vəfat etmişdir (hicri 808 - miladi 1406). İbn Xəldunun öz tarix kitabına yazdığı irihəcmli müqəddimə orta əsrlərdə sosilogiya sahəsində ən mükəmməl mənbələrdən sayılırdı.

Böyük fəqih Ağa Camal Xansari vəfat etmişdir (hicri 1121 - miladi 1709). Ona "Camalül-mühəqqiqin", yəni tədqiqatçıların camalı ləqəbi verilmişdir.

27 ramazan
Məşhur alim Əllamə Mühəmməd Baqir Məclisi vəfat etmişdir (hicri 1110 - miladi 1699). Son dərəcə məhsuldar yaradıcılığa malik olmuş Əllamə Məclisinin müxtəlif dini və dünyəvi elm sahələrində onlarla əsəri vardır. Bunların ən məşhuru "Biharül-ənvar" külliyyatıdır. Əllamə Məclisi bu kitabı ona məlum olan 600-dan artıq mənbəyə əsasən tərtib etmişdir.

29 ramazan
Məşhur cəfəri fəqihi Əllamə Hilli doğulmuşdur (hicri 648 - miladi 1250). Onun müxtəlif dini mövzulara həsr olunmuş yüzlərlə əsəri qalmışdır. O, "Əllamə" və "Ayətullah" ləqəbləri ilə tanınan ilk alim hesab edilir.

30 ramazan
Elxani hökmdarı Mühəmməd Xudabəndə Ölcaytu vəfat etmişdir (hicri 716 - miladi 1316). Sultan Ölcaytu qardaşı Qazan xan kimi İslamı qəbul etmiş və ədalətlə hökm sürmüşdür. O, Əllamə Hilli və başqa alimlərin dəvəti ilə cəfəri məzhəbini qəbul etmiş, üzərində 12 imamın adı yazılmış pulların kəsilməsini əmr etmişdi.

Ramazan ayında baş vermiş, lakin fünü dəqiq məlum olmayan hadisələr

Hicri 181-ci ilin ramazan ayında (miladi 797) məşhur sufi Abdullah ibn Mübarək vəfat etmişdir. O, həm də dini elmlərdə şöhrət qazanmışdı. Süfyan Savri və Malik ibn Ənəsdən dərs almış, bir neçə əsər yazmışdır. Təsəvvüf aləmində xüsusi yerə malikdir.

Hicri 385-ci ilin ramazan ayında (miladi 995) böyük cəfəri alimi Şeyx Tusi doğulmuşdur. Müstəsna elmi xidmətlərinə görə ona "şeyxüt-taifə", yəni şiə məzhəbinin şeyxi ləqəbi verilmişdi. Ən məşhur əsərləri: "Təhzibül-əhkam" və "İstibsar" adlı hədis məcmuələri, "Tibyan" təfsiri.

Hicri 521-ci ilin ramazan ayında (miladi 1127) böyük cəfəri alimi İbn Zöhrə Hələbi doğulmuşdur. İmam Cəfər Sadiqin (ə) nəslindən olan İbn Zöhrə Hələbi məşhur fəqih İbn İdris Hilliyə dərs demişdir. İbn Zöhrə öz zamanında Şam şiələrinin lideri sayılırdı və bu məzhəbin ardıcıllarının vəziyyətini yaxşılaşdırmaq istiqamətində xeyli nailiyyətlər əldə etmişdi.

Hicri 762-ci ilin ramazan ayında (miladi 1360) görkəmli hədis tədqiqatçısı, ədib, tarixçi və fəqih Bədrəddin Mahmud Hələbi Eyni doğulmuşdur. Eyni Misirin qazılar qazısı olmuş, əl-Əzhər məscidinin yaxınlığında mədrəsə və kitabxana təsis etmişdi. Ən məşhur əsəri "Səhihi-Buxari"yə yazdığı "Ümdətül-qari" şərhidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.