Maraqlı

Müsəlman türk dünyasının ən məşhur dilçi alimi

9 Avqust 2020 23:55
Baxış: 1 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Mahmud Kaşğarinin bir neçə missiyası (məqsədi) olub. O, Kaşğarda doğulub və boya-başa çatıb. İndi bu şəhər Çinin ən qərb tərəfdəki əyalətində - Sintszyanda yerləşir. XX əsrdə uzun müddət Tyan-Şan dağları boyunca yerləşən bu məntəqə Çin ilə Sovet İttifaqı arasında sərhəd zonası sayılıb. XI əsrdə burada İslam, buddizm və köçəri animizmi (heyvanlara pərəstiş) bir-biri ilə çulğaşmışdı. Mahmud Kaşğari mömin müsəlman olduğu üçün 1072-ci ildə zəifləmək üzrə olan xilafətin paytaxtı Bağdada köçdü. Bu amillər onun birinci missiyasının formalaşmasına təsir etmişdi.

Kaşğari bundan bir neçə il əvvəl də Bağdada səfər etmişdi. Hamı bilirdi ki, xəlifə hətta qoruyub-saxlaya bildiyi öz məhdud hakimiyyətinə görə də ətrafındakı türklərə borcludur. 719-cu ildə Abbasi hakimləri öz ömrünün sonunu yaşamaqda olan Əməvi xilafətini ələ keçirmək üçün Orta Asiyaya soxulduqları zamandan bəri türk xalqları İslam siyasətində aparıcı rol oynayırdı. Əsgərlərin bir çoxu və bəzi sərkərdələr Mərv və Nişapur yaxınlığındakı kəndlərin yetirməsi idilər. Sonrakı illərdə xəlifələr Buxara və Nişapur bazarlarında türk kölələri alırdılar ki, onların hesabına ordunun sayını artırsınlar. Xəlifələrə, onları tez-tez baş verən saray sui-qəsdlərindən, üsyan və çevrilişlərdən qoruya biləcək qüvvələr etibarlı lazım idi. Həm kölə, həm də azad vətəndaş olan çoxlu türk xilafətin yüksək dairələrinə yol tapırdı. 900-cu illərin əvvəllərində məlum oldu ki, xəlifələr milliyyətcə ərəb olsalar da, Bağdadın mədəniyyəti Orta Asiya və İrandan olan farsların təsiri altında formalaşır, xilafətdə real hakimiyyət isə Orta Asiyalı türklərin əlində cəmləşib.

Bu cür "vəzifə bölgüsü" demək olar ki, bütün müsəlman dünyasında mövcud idi. Qərb tərəfdə - Misirdəki Fatimi dövləti get-gedə daha çox öz türk kölələrinin (məmlüklərin) nəzarəti altına düşürdü; elə onlar da axırda hakimiyyəti ələ keçirdilər. Hətta Buxaranın müstəqil düşünən hakimləri də öz əsarətləri altında olan türklərdən asılı vəziyyətə düşürdülər; çünki onlar olmadan öz ordularını qura bilmirdilər. Samani dövlət xadimləri "vəzifə pilləkəni" sistemini yaratmışdılar. Bu pilləkənlə türk kölə mehtər vəzifəsindən sarayda ən yüksək məqamlara kimi yüksələ bilərdi. Romanın "cursuz honorum" (şərəf yolu) sistemindən fərqli olaraq, bu sosial pilləkən əyanlar üçün deyil, kölələr üçün nəzərdə tutulmuşdu. Elə Samanilər sülaləsinin hakimiyyətdən devrilməsi (1002-1004) də dövlət daxilindəki bu dəyişikliklərin, eləcə də, xarici təzyiqin (şərqdə güclənməkdə olan türk mənşəli Qaraxanilər dövləti tərəfindən) nəticəsində baş verdi.

Orta Asiyada və ümumilikdə bütün müsəlman dünyasında müxtəlif türk tayfaları nəhəng qüvvəyə malik olsa da, qəribədir ki, yerli əhali türklərə qarşı müsbət münasibət bəsləmirdi. Bağdadda türklərin əksəriyyəti ayrıca məhəllələrdə yaşayırdı. Şəhər əhalisinin çoxunu təşkil edən farslar, ərəblər və başqaları türkləri hiyləgər və təhlükəli hesab edirdilər. Harada qarışıqlıq yaranırdısa (belə hallar tez-tez baş verirdi), bunu türk mənşəli qiyamçıların və quldurların etdiyini söyləyirdilər. Bağdadda bir çoxları üçün "türk" və "cinayətkar" sözləri eyni məna kəsb edirdi.

Böyük şəhərlərin türk əhalisini qəzəbləndirən bu idi ki, niyə yerli sakinlər onların dilini öyrənmək istəmirlər. Çox güman ki, bazarda meyvə alveri ilə məşğul olanlar türk dilində bir neçə söz öyrənə bilmişdilər, amma əyanlar qətiyyən belə deyildilər. Onlar niyə də türk dilini öyrənməli idilər? Həm fars, həm də ərəb dilli əyanlar bu fikirdə idilər ki, türk dili yalnız hərbçilərə və kasıb kəndlilərə lazımdır, alimlərə, şairlərə, mütəfəkkir insanlara yox. Onlar türkləri siyasətçi qismində çətinliklə qəbul edir, dövlətin inkişafında onların hər hansı rolunu danırdılar. Kaşğari bunu ən pis münasibət sayırdı və mövcud vəziyyəti dəyişməyi öz qarşısına məqsəd qoymuşdu. Bu məqsədlə o, yenilikçi və cəsur ideyalar irəli sürürdü; bu ideyalara görə sonrakı nəsillər də ona minnətdardır.

Amma ola bilər ki, Kaşğarinin başqa bir məqsədi da var idi. "Ola bilər" deyirik, çünki alim öz yazısında bu məqsədə işarə edən yalnız bir eyham qoyub. Kaşğarinin Bağdada gəlişindən 17 il əvvəl - 1055-ci ildə Səlcuqların çoxsaylı türk ordusu Orta Asiyaya daxil olaraq irəlilədi, xilafət torpaqlarını fəth edib, xəlifəni özündən asılı vəziyyətə saldı. Səlcuqlar özlərini mömin müsəlman sayırdılar. Xəlifəyə də onların xilafəti şiəlik əqidəsindən təmizləmək niyyətini yalnız alqışlamaq qalırdı. Hakimlər istər-istəməz öz yeni türk ağalarına ehtiram göstərməli idilər. Xəlifə mütiliklə öz qızını türk (Səlcuq) sultanına ərə verərək onu "şərqin və qərbin hökmdarı" adlandırdı...

Xilafətin davam etməkdə olan tənəzzül mərhələsi orta yaşlı, istedadlı və səyahət etməyi sevən Kaşğari üçün gözəl imkanlar açırdı. O, əsas türk dillərində olduğu kimi, ərəb və fars dillərində də sərbəst danışırdı. Kaşğari öz əsərində eyham vurmuşdu ki, kitabı xəlifəyə ithaf edərkən qarşıda açılan perspektiv imkanlarından xəbərdar idi; - o xəlifə ki, qəlbində əmirəlmöminin (möminlərin hakimi) olaraq qalsa da, faktiki olaraq, "dünya hökmdarının köməkçisi" statusuna enmiş, yəni Mahmud Kaşğari kimi bir türkün (sultanın) təbəəsinə çevrilmişdi.

Milli.Az islam.az-a istinadən bildirir ki, onun planı bundan ibarət idi: xəlifəni və onun arxasında dayanan ərəblərlə farsları buna məcbur etmək ki, türk dilini öyrənməyin və türk mədəniyyəti ilə tanış olmağın zamanının gəlib-çatdığını etiraf etsinlər. Uzun illər boyunca türklərə qarşı yönəlmiş bir düşüncəni inkar etmək cəhdi üzərində qurulsa da, bu ideya, şübhəsiz, uğurlu oldu. Kaşğari öz oxucularını bu ideya ilə cırnatmaqla kifayətlənmir, onlara türk dillərini öyrənmək, bu dillərin daşıyıcılarının mədəniyyəti ilə tanış olmaq istiqamətində praktiki plan təqdim edirdi. Bu plan əsasında o, yalnız ayrı-ayrı söz və ifadələrdən deyil, həm də bütün türk dünyasına məxsus atalar sözləri, məsəllər, poeziya nümunələri və xalq müdrikliyinin zərrələrindən ibarət türk-ərəb lüğətini yazdı. Bütün bunlar orijinal türk dillərində, ərəb hərfləri ilə yazıldı və sonra ərəb dilinə tərcümə edildi. Bundan əlavə, Kaşğari öz əsərini müxtəlif türk tayfaları və onların adət-ənənələri barədə kiçik hekayələrlə bəzədi, hətta oxucunu hər tayfanın məskunlaşdığı yerlə tanış etmək üçün xəritə də tərtib etdi.

Bu işin daha bir çətinliyi də onda idi ki, o zamana kimi bu cür əsərlər yazılmamışdı, Kaşğarinin istifadə edə biləcəyi heç bir model mövcud deyildi. Əlbəttə, ərəb dilində yazıb-yaratmış coğrafiyaşünasların klassik məktəbi vardı. Bu məktəbin ən yaxşı nümayəndələri Kaşğaridən 150 il əvvəl yaşamışdılar (o cümlədən, Orta Asiyalı Əbu Zeyd Bəlxi). Onun coğrafiya haqqında yazdığı kitab (sonradan itmiş və günümüzə kimi gəlib-çatmamışdır) müsəlman dünyasının müxtəlif siyasi quruluşlarını təsvir etmək istəyən ərəblərin arasında geniş yayılmışdı. Bundan əlavə, müxtəlıif lüğətlər də vardı, amma onların heç biri türk dilində deyildi.

Bununla belə, Kaşğari bir məsələdə yenilik tərəfdarı deyildi. O, öz əsərinə daxil etdiyi  xəritəni dairəvi formada hazırlamışdı. Bu həndəsi sxem Avropada, ərəb aləmində və Çində hələ də istifadə edilirdi, amma faktiki olaraq köhnəlmiş sayılırdı. Onun yerini iki əsr əvvəl Xarəzmi və müasirlərinin işləyib-hazırladıqları, coğrafi uzunluğu və enliyi göstərən xəritələr tutmuşdu. Düzdür, Kaşğarinin xəritəsi köhnəlmiş sayıla bilər, lakin o, ilk şəxs idi ki, bu xəritədən müəyyən etnik və linqvistik qrupların məskunlaşmasını göstərmək məqsədi ilə istifadə etmiş, həmin qruplara məxsus dil və şivələrin lüğətini ona əlavə etmiş, daha sonra onların poeziyasından və hikmətli sözlərindən ən gözəl nümunələri təqdim etmişdi. Bütün bunlar bir kitabda toplanmışdı.

"Divanu lüğət əl-türk" üzrə mütəxəssis, isveçrəli alim Andreas Kaploni qeyd edir ki, Kaşğarinin məqsədi yalnız dillərin sadə təsvirindən ibarət deyildi. Öz əsərində o, bu dilləri öyrənməyin "açarını" vermək istəyirdi. Bu, ona bənzəyir ki, bu gün kimsə bir dərslik çərçivəsində yalnız fransız və ya ispan dilinin deyil, bütün roman dillərinin öyrənilməsi üçün bilikləri verməyi öz qarşısına məqsəd qoymuş olsun. Kaşğari öz doğma dilindən (xaqan və ya qaraxan dili - qədim uyğur türk ədəbi dilinə yaxın olan dil) başlayır. Kaploni bunu belə izah edir: "Bir dildən başqa dilə keçmək üçün Kaşğari öz oxucuna fonetik və morfoloji qaydalar təqdim edir, bu qaydaların istisna hallarını, yəni bu və ya digər tayfanın işlətdiyi sözləri göstərir. O, vurğulayır ki, bütün bu qaydaları və misalları yadda saxlayan oxucu türk dillər qrupuna aid olan istənilən dili anlaya bilər".

Kaşğari öz əsərini təvazökarlıqdan uzaq olan bu fikirlə başlayır ki, bu cür çətin işin öhdəsindən yalnız o gələ bilərdi: "Mən türk şəhərlərini və çöllərini gəzdim, onların şivələrini və ədəbiyyatını öyrəndim. Mən türklərin arasında ən bəlağətli, öz fikrini ən aydın ifadə edə bilən, ən savadlı, əsil-nəsəb baxımından ən nəcabətli, nizə atmaqda ən mahir şəxslərdən biriyəm. Mən bütün tayfaların şivələrini mükəmməl şəkildə bilirəm və bunları zərif bir ardıcıllıqla düzmüşəm".

Daha sonra o, etiraf edir, bu araşdırmada Allah özü ona yardım etmişdir və onun kitabı "əbədi abidə, ötüb-keçməyən (köhnəlməyən) dəyər" olacaq...

(yazı şərqşünas S.F.Starrın "İtirilmiş Maariflənmə: ərəb fütuhatından Teymurləngin dövrünə kimi Mərkəzi Asiyanın qızıl əsri" kitabının əsasında hazırlanmışdır)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.