Maraqlı

Təcili hallarda gözlərə ilkin yardım: Evdəki aptek qutusunda nələr olmalıdır?

8 Avqust 2020 22:40
Baxış: 1 227

İlin istənilən vaxtında rast gəlinən gözün iltihabı xəstəlikləri və travmaları zamanı həkim müayinəsinə gedənə qədər ilk yardım, yaranmış vəziyyətin ağrılarını, əlamətlərini azaltmaq üçün müdaxilələr edilir, dərman vasitələri istifadə olunur. Bəzən gözün və görmənin aqibəti məhz bu mərhələdə tətbiq olunmuş müdaxilədən asılıdır.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, bunu oftalmoloq, tibb üzrə fəlsəfə doktoru Aynurə Əliyeva deyib.

Mütəxəssis vurğulayıb ki, yanlış istifadə olunmuş preparatlar vəziyyəti daha da ağırlaşdıraraq müalicə və sağalmanı yubadır: "Bəzən ilk dəqiqələr ərzində göstərilməmiş yardım, məsələn, kimyəvi yanıqlar zamanı, gözün toxumalarının məhv olmasına, göz alması tamlığının pozulmasına səbəb olur. Buna görə kimyəvi yanığı törədən maddəni neytrallaşdıracaq vasitə lazımdır. Əksər hallarda həyəcandan bu nüansa fikir verilmir və ağır nəticələr müalicə olunmağa cəhd olunur".

Onun sözlərinə görə, yay aylarında daha çox uşaqlarda rast gəlinən konyunktivitlər (açıq və küləkli havada, qumda, dənizdə oynadıqdan sonra, çirkli əllərlə gözlərinə toxunduqlarına görə) zamanı da valideynlər aptekdən satıcı provizorların məsləhəti ilə müalicəyə başlayırlar: "Yanlışlıqla hormonal tərkibli damlaları istifadə edib sağalma perioduna təsir edirlər.
Bütün halları nəzərə alaraq ev aptek qutunuzda mütləq steril sarğılar, pambıq, antiseptik məhlullar olmalıdır. İstənilən növ travmada, xəstəlikdə gözə ilk yardım məqsədilə gözün ön səthinin yuyulması üçün distillə olunmuş su yaxud inyeksiya üçün su ampulası, fizioloji məhlul (9%), steril şpris, "furasilin" tabletkası olmalıdır. Dərman vasitələrindən eynilə gözün ön səthini yumaq məqsədilə  göz yaşı əvəzedicisi damlaları ("tears naturalis", süni göz yaşı, və s.), antimikrob, antibakterial təsirə malik damlalar ("omkasa", "tafazol", "vitabakt" və s.) və göz məlhəmləri olmağı vacibdir. Antibiotik damlalardan "levomisetin" (0.25%), məlhəmlərdən isə "tetrasiklin" yaxud "eritromisin" (1%) aptek qutusunda olmağı məsləhətdir.
Bu vasitələrlə gigiyena qaydalarına riayət etməklə göstərilmiş ilk yardımdan sonra həkim müayinəsi mütləqdir".

Milli.Az

loading...

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.