Maraqlı

On milyonlarla müsəlmanı bəladan, yüz minlərlə müsəlmanı ölümdən xilas edib... - Elçin Alıoğlu yazır

3 İyun 2020 12:49
0 Şərh     Baxış: 1 994

Bu gün iyunun 3-dür. Dünya tarixinə "Mahatma" kimi düşmüş Mohandas Karamçand Qandinin "Zorakılığa qarşı zorakılıq Şərdir!" dediyi gündür.

Onu "Mahatma", yəni "Möhtəşəm qəlb" adlandırdılar. Tam haqlı olaraq.

Lakin Mahatma həm də on milyonlarla müsəlmanı bəladan, yüz minlərlə müsəlmanı ölümdən xilas etmiş insan idi.

... 1918-ci ildə Britaniyanın müstəmləkə üsul-idarəsi Hindistanda xüsusi komitə yaradır. Həmin komitə ölkədəki terrorçuluqla Almaniya hökuməti və Rusiya bolşevikləri arasındakı əlaqələri araşdırmalı idi.

Qurumun sədri də qəddarlığı və irqçiliyi ilə ad çıxarmış hakim Sidney Roulett təyin edilmişdi. Bir qədər sonra "Roulett qanunu" hazırlandı ki, ona görə, Hindistanda "dövlət və hakimiyyətə qarşı qanunsuz əməllər"də şübhəli bilinən istənilən adamı məhkəmə qərarı olmadan tutmaq, istənilən müddətdə həbsxanada saxlamaq olardı.

Qanun Hindistanı qəzəbləndirdi. 1919-cu ilin fevralında Qandi ölkənin vitse-kralına teleqram yollayaraq bildirdi ki, əgər qanun qəbul olunarsa, ölkədə kütləvi vətəndaş itaətsizliyi alovlana bilər.

Martın 21-də qanun qəbul olundu.

Dinc etiraz aksiyaları başlandı. Martın 30-da nümayişçilərə atəş açıldı və etirazlar artıq dinc məcradan çıxdı. İnsanlar qəzəblərində haqlı idilər.

Amma Qandi onları anlamadı, anlamaq istəmədi.

Aprelin 6-da o, tərəfdarlarını zorakılığa yol verməməyə, britaniyalılara hücum etməməyə, etirazlarını sadəcə, Britaniya geyimlərini yandırmaq, Britaniya mallarını boykot etməklə izhara çağırdı.

Bu ideologiyanı Qandi "satyaqraha" adlandırdı. Qucarati dilindən tərcüməsi "həqiqətdə durmaq, həqiqətdən yararlanmaq" olan bu kəlmənin maraqlı tarixçəsi var.

Mohandas Qandinin xatirələrindən: "Nə qədər fikirləşsəm də, Britaniyaya qarşı dinc müqaviməti səciyyələndirəcək söz tapa bilmirdim. Çarəsiz qalıb "İndian Opinion" qəzetində ideyamı səciyyələndirəcək ən yaxşı sözə müsabiqə elan etdim. Maqanlal Qandi adlı şəxs "sataqraha" kəlməsini təklif etdi.

Qucarati dilində "Sat" - "həqiqət", "aqraha" isə "qətiyyət və iradə" deməkdi. İfadəni daha anlaşılan etmək üçün dəyişərək "satyaqraha" etdim. O gündən sonra qucarati dilindəki bu kəlmə mübarizəmizin adına döndü".

"Satyaqraha"nın əsas ideyası düşmənin vicdanına və məntiqinə iki yolla təsir etməkdi:

1. Zorakılıqdan imtina, yəni "Ahimsa" vasitəsilə
2. Əzablara və ağrılara dözməyə hazır olmaqla.

"Satyaqraha"nın məqsədi düşmənə təsir edərək onu müttəfiqə və dosta döndərməkdir. Mohandas Qandi hesab edirdi ki, vicdana və məntiqə xitab istənilən halda hədələrdən və zorakılıqdan effektivdir. Qandinin fikrincə, zorakılıq gec-tez zorakılığın artmasına səbəb olur. Zorakılıqdan imtina isə bu məşum yolun qarşısını alır, düşməni müttəfiqə və həmfikirə döndərməyə imkan verir.

Qandinin fikrincə, "satyaqraha" zəiflərin və məzlumların yox, ruhən güclü və iradəli insanların silahıdır.

Məşhur hind yazıçı, Nobel ədəbiyyat mükafatı laueratı Robindranat Taqor bu ideya ilə tanış olandan, Qandini yaxından tanıyandan sonra Hindistandakı milli-azadlıq mübarizəsinin liderini "Mahatma", yəni "Möhtəşəm qəlb" adlandırdı.

Yaşam tərzinə görə abid, əxlaqına görə zahid olan Mohandas Qandi "Mahatma kəlməsi məni rəncidə edir" deyərdi.

Amma Hindistan onu özünə rəhbər seçmişdi artıq.

Məşhur hind tarixçisi və siyasətçi, Hindistan Milli Konqresinin liderlərindən biri Lokamanya Bal Qanqadhar Tilak isə ölümündən az öncə Qandini siyasi varisi elan etdi.

Mahamta Qandi bəşər tarixində misli olmayan mübarizəyə başladı.

O, ibadət və dini pəhrizlə müşayiət olunan birgünlük ümummilli etiraz nümayişi - "Hartal"ı elan etdi.

Paytaxt Nyu-Dehlidəki britan müstəmləkə administrasiyası ona xəbərdarlıq etdi ki, əsla şəhərə gəlməsin.

Qandi xəbərdarlığı eyninə də almadı, şəhərə yollandı. O, həbs olundu və Hindistanda üsyanlar başlandı.

Aprelin 10-da "satyaqraha"nın iki məşhur nümayəndəsi olan hindus Satya Pal və müsəlman Seyfəddin Kiçlou yaşadıqları Amritsar şəhərində müstəlməkə administrasiyasına çağırıldılar, orada döyüldülər, həbs olundular və indiki Himaçal-Pradeş şəhərindəki Dharamsetla şəhərinə sürgün olundular.

Bu, Amristarda 50 min insanın qatıldığı etiraz tətilinə və yürüşə səbəb oldu. Britaniya hərbçiləri insanların qarşısını kəsdilər, atəş açdılar. 28 nəfər həlak oldu, 31 nəfər yaralandı. İğtişaşlar zamanı kütlə 6 avropalını qətlə yetirdi.

Üç gün sonra, şəhərdəki Callianvəla bağına minlərlə müsəlman, siqh və hindus yığışmışdı. Onlar məhsul və Yeni İl bayramı olan Vaysakhini bayram edirdilər.

Az sonra bağda mitinq başladı. Britaniyalı briqada generalı Recinald Dayer insanlara bağın bütün giriş-çıxış qapılarının qarşısına əsgərləri düzdü, onlara atəş açmaq əmri verdi.

Gülləbaran 10 dəqiqə davam etdi və 1020 nəfər həlak oldu, 1500 nəfər yaralandı. Həlak olanlar arasında onlarla uşaq vardı ki, onların arasında ən kiçiyi 6 həftəlik körpə idi.

Amritsar qırğını Hindistanı alovlandırdı.

Mahatma Qandi isə britaniyalılara cavab olaraq zorakılığn yolverlməz olduğunu dedi. Ölkədəki qəzəbin səngimədiyini görən Mahatma aclıq elan etdi və dedi: "Qətllər, yanğınlar, qarətlər dayanmayınca aclıq edəcəyəm. Ya zorakılıq dayanacaq, ya da mən öləcəyəm".

Ümumiyyətlə, milli-azadlıq mübarizəsi zamanı Mahatma Qandi 17 dəfə aclıq elan etmişdi. Bəzən Britaniyaya, bəzən də tərəfdarlarının əməllərinə etiraz edərək.

1948-c ildə Hindistan müstəqillik qazananda ölkənin hər yerində hinduslarla müsəlmanlar arasında qanlı toqquşmalar, qırğınlar vardı.

Bundan xəbər tutan 79 aşlı Qandi 1948-ci ilin yanvarında yenə aclıq elan etdi.

O, paytaxt Dehlidə hindus məbədlərinə çevrilmiş məscidlərin müsəlmanlara qaytarılmasını, şəhərdə müsəlmanlara azad hərəkətin təmin olunmasını, Pakistana qaçmış müsəlmanlara istəsələr Hindistana qayıtmaq imkanını verilməsini, müsəlmanların istehsal etdikləri mal və məhsulların boykotuna son qoyulmasını, müsəlmanların boş qalmış evlərinə hindusların yerləşməsini yalnız yerli müsəlman icmalarının razılığından sonra gerçəkləşməsini tələb etdi.

Mahatma dedi: "Ölüm mənim üçün bu rüsvayçılıqdan qurtuluş olardı. Hindistanın özünü məhv etməsini görməkdənsə ölmək yaxşıdır".

Mahatma Qandinin hinduslar və müsəlmanlar arasında nüfuzu o qədər çox idi ki, onlar danışıqlara başlamağa qərar verdilər.

Lakin tərkibində müsəlmanlara qarşı aşkar terror və soyqırımla məşğul olan "Raştra dal" və "Raştriya svayam sevak" dəstələri olan radikal "Hindu Mahasabha" siyasi təşkilatı "mübarizə"ni, yən müsəlmanları qırmağı davam etdirəcəyini bəyan etdi.

"Hindu Mahasabha"nın başçısı, bombeyli milyonçu Vinayak Savarkar tərəfdarlarına müraciət edərək Mahatma Qandini "hindusların məkrli və murdar düşməni", onun "satyaqraha" ideologiyasını isə mənəviyyatsızlıq adlandırdı.

Daha sonra o, Mahatma Qandiyə "müsəlmanlara satılmış xəyanətkar" dedi və Mahatmanı aradan götürmək qərarına gəldi.

Savarkar sui-qəsdin hazırlanmasını ifrat sağçı "Hindu raştra" qəzetinin baş redaktoru Nathuram Qodze və həmin qəzetin direktoru Narayyan Apteyə tapşırdı.

Qodze və Apte hindus brahmanlardı.

1948-ci ilin yanvarın 30-da Mahatma Qandi qətlə yetirildi...

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.