Maraqlı

İstanbulun ən qədim qalası - FOTOSESSİYA

26 Yanvar 2020 21:59
0 Şərh     Baxış: 1 656
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İstanbulun ən qədim tarixi abidələrindən biri də yaşı 900 ildən çox olan Qız qalasıdır.

Milli.Az bildirir ki, AZƏRTAC-ın xüsusi müxbiri bu günlərdə Bosfor Boğazında yerləşən qalada olub.

Onun hazırladığı fotosessiya bu nadir tarixi abidənin özəllikləri barədə əyani təsəvvür yaradır.

Əsrlərboyu fərqli məqsədlər üçün istifadə edilmiş qala haqqında bir çox rəvayətlər dolaşır. Tarixçilər qalanın yerləşdiyi ərazi haqqında ilk məlumatın eramızdan əvvəl 400-cü ildə qeydə alındığını bildirirlər.

Tarixi mənbələrə əsasən, o zaman dəniz ticarətində istifadə edilməsi məqsədilə Afinalı komandir Alkibiades tərəfindən burada kiçik bir abidə inşa edilir. Əsrlər sonra, təxminən 1110-cu ildə isə bu adada Roma İmperatoru Manuel Komnenos tərəfindən ilk qala ucaldılır. Tarixçilərin fikrincə, İmperator Manuelin bu qalanı inşa etməkdə iki məqsədi var idi: Boğazı idarə etmək və ticarət gəmilərindən vergi almaq. Bunu dəstəkləmək üçün də qala ilə Avropa sahilləri arasında qalın bir zəncir çəkilir və zəncirin batmaması üçün onlarla dirək istifadə edilir. Lakin bu abidə zəncirin ağırlığına tab gətirməyib dağılır.

İstanbulun fəthindən sonra isə Fateh Sultan Məhmətin əmri ilə bu ərazidə yeni qala inşa edilir və bura toplar yerləşdirilir. Lakin, qala 1509-cu ildə İstanbulda baş vermiş, "Kiçik qiyamət" adlandırılan zəlzələdən sonra ciddi zərər görür və o dövrün tanınmış memarı olan Hayrettin tərəfindən bərpa edilir. Bundan təxminən 200 il sonra qala mayak olaraq istifadə edilir. Sonralar qala yanır və bu dəfə yenidən daşla tikilir.

Osmanlılarda olduğu kimi, romalıların dövründə də qala zaman-zaman sürgün üçün istifadə olunurdu. Lakin tarixdə buranın müxtəlif dini və diplomatik mərasimlərdə top atışı üçün istifadə edildiyi və bəzi sultanların sadəcə istirahət yeri olduğu da qeyd edilir. Eyni zamanda, qala XIX əsrdə İstanbulda yayılmış vəba epidemiyası zamanı xəstələrin təcrid edildiyi yer kimi istifadə olunub.

Türkiyə Cümhuriyyəti qurulduqdan sonra qala təkrar mayak olaraq fəaliyyətə başlayıb. 1940-cı illərdə qalanın torpağı möhkəmləndirilib və 80-ci ilin əvvəllərindən buradan hərbi radar stansiyası kimi istifadə edilməyə başlanılıb. Hazırda isə Qız qalası restoran kimi fəaliyyət göstərir. Xüsusi qayıqlarla gedilən bu üçmərtəbəli tikilinin hər mərtəbəsində müxtəlif dövrləri özündə əks etdirən şəkillər və rəvayətlərə rast gəlmək mümkündür. Qalanın ən üst qatında yerləşən eyvandan hər iki qitəyə gözəl mənzərə açılır.

Yunanlar, romalılar və osmanlıların bu tarixi abidə haqqında müxtəlif rəvayətləri mövcuddur. Misal üçün, yunanlar buranı "Damalis", romalılar isə "Leandros" qalası adlandırırdılar. Osmanlılar tərəfindən danışılan rəvayətlərdə isə bura Qız qalası olaraq adlandırılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.