Maraqlı

Tarixdə iz qoyanlar: “Mixaylo”nun bacısı oğlu - Üzeyir məktəbinin DAVAMÇISI

11 İyul 2019 20:29
0 Şərh     Baxış: 2 315

Milli.Az Modern.az-a istinadən Aqşin Əlizadə haqda yazını təqdim edir:

Keçən əsrin altmışıncı illərində Azərbaycan ədəbiyyat və incəsənətində yenidən canlanma, milli şüurun oyanması, xalqın özünə və tarixinə qayıtması prosesi gedirdi. Bu proses musiqimizə də sirayət etmişdi. Milli incəsənət ənənələrinə yeni nəfəs gətirən gənc bəstəkar nəsli yetişirdi. Aqşin Əlizadə bu nəslin nümayəndələrindən biri idi.

Aqşin Əliqulu oğlu Əlizadə 1937-ci ildə mayın 22-də Bakı şəhərində anadan olub. Gənc Aqşin özündə dayısı Mehdi Hüseynzadə kimi incəsənətə böyük bağlılıq hiss edirdi. Bildiyimiz kimi, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin yüksək rəssamlıq bacarığı vardı. Lakin qəhrəman döyüşçünün bacısı oğlu musiqiyə daha çox həvəs göstərirdi və bu da onu Bülbül adına orta ixtisas musiqi məktəbinə gətirdi. 1955-ci ildə həmin məktəbi bitirərək, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına qəbul olundu. Görkəmli bəstəkar Əhməd Cövdət Hacıyevin sinfində təhsil alması onun bir bəstəkar kimi formalaşmasında mühüm rol oynadı. Artıq o, ilk uğurlara da imza atmağa başladı. 1962-ci ildə Konservatoriyanı bitirdikdən sonra I Gənc Bəstəkarların Ümumittifaq Müsabiqəsində və "Zaqafqaziya Baharı" Festivalında I dərəcəli diplomlara layiq görüldü.

XX əsr çox səviyyəli və çox qütblü bəstə sistemləri dövrü idi. Azərbaycan bəstəkarları bu dövrün seçim bolluğundan əsrin ikinci yarısından bəhrələnmək imkanı əldə etdilər. Bu bolluq içində özünü tapan, dahi sələflərinin zəngin ənənələrini insanlara öz üslubunda çatdıran Aqşin Əlizadə Azərbaycan musiqisinin ən istedadlı və özünəməxsus simalarından biri idi.

Aqşin Əlizadə daim axtarışda olan, yaradıcılıq üfüqlərini genişləndirən, sənətkarlığını kamilləşdirməyə can atan bəstəkar idi. Onun musiqi üslubu zaman keçdikcə cilalanır, yeni təmayüllərin və həyat təcrübəsinin təsiri ilə yenilənir, lirik-pastoral boyalar yerini miqyaslı kompozisiyalara, dramatik-faciəvi ovqatlara verirdi. Lakin Aqşin Əlizadənin ən müxtəlif dövrlərdə yazılmış əsərlərinin hamısını bir ümumi cəhət birləşdirir: səmimilik, təbiilik, həyata inam və xalqına məhəbbət.

Aqşin Əlizadədoğma torpağının nəğməkarı idi.  Onun əsərləri Azərbaycan xalqının qəhrəmanlıq tarixinin səhifələrini canlandırır, füsünkar vətən təbiətini vəsf edir, sadə, qonaqpərvər, məğrur insanlardan söhbət açırdı. Kamera orkestri üçün şux, oynaq "Aşıqsayağı", odlu nəfəsli "Cəngi", fortepiano üçün yazılmış müdrik düşüncəli "Dastan", əziz xatirə səhifəsi olan "Qoca xanəndə" orqan pyesi, müşayiətsiz xor üçün yazılmış, xalq poeziyasının gözəlliyini tərənnüm edən "Bayatılar" silsiləsi, vətənəsonsuz sevgi vəvurğunluq hissi aşılayan "Kənd suitası", musiqisində ağrılı-acılı keçmişimizin, mübarizəmizin nəfəsini duyduğumuz Üçüncü, Dördüncü,  Beşinci simfoniyalar və ən nəhayət həm A.Əlizadə yaradıcılığının, həm də XX əsr Azərbaycan musiqisində tarixi səpkidə milli qəhrəmanlıq əsəri olan "Babək" baleti dediklərimizə əyani misaldır.

Görkəmli bəstəkar yeni əsri də yeni əsərlərlə qarşılamışdı. 2002-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində bəstəkarın ikinci baleti- "Qafqaza səyahət" tamaşaya qoyuldu və çox böyük uğur qazandı. Azərbaycan haqqında bu lirik-poetik hekayəti bəstəkar böyük fransız yazıçısı A.Dümanın dilindən söyləyir. Məlum olduğu kimi, Şərq ölkələrinə səyahətə çıxmış ata Aleksandr Düma Qafqazı gəzmiş, Azərbaycanın səfalı təbiətinə, xalqımızın adət-ənənələrinə, mədəniyyətinəvə tanış olduğu insanlara heyran olmuş, əsərlərində gördüklərini qələmə almışdı. Bəstəkar macəra romanları ustasının təssüratlarını baletin üç iri səhnəsində canlandırmış, milli musiqimizin rəngarəng qaynaqlarından, muğam, mahnı və rəqslərin tanış avazlarından hörülmüş musiqiçələngi yaratmışdı. Tanınmış yazıçını səciyyələndirən Avropa qiyafəli, fransız ruhlu musiqi ümumi musiqi axınında olduqca təbii və həmahəng səslənmişdi.

Aqşin Əlizadə yaratdığı baletlər, orkestr üçün bəstələr, kamera və vokal-simfonik əsərlərlə yanaşıəlliyə yaxın teatr tamaşalarına, sənədli, bədii və cizgi filmlərinə musiqilər bəstələmişdi.

A.Əlizadə ölkəmizin ictimai həyatında fəal iştirak edən ziyalılarımızdan idi. Azərbaycan SSR Ali Sovetinin xalq deputatı kimi o, daima öz vətəninin taleyüklü məsələlərində milli mənafedən çıxış etmiş, qanlı yanvar hadisələrindən sonra öz kəskin mövqeyi ilə xalqının yanında yer almışdı.

O, Azərbaycan musiqi mədəniyyətinin inkişafında ictimai xadim kimi də böyük işlər görüb. Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi (1979-1985) və birinci katibi (1985-1990) olub. Eyni zamanda, SSRİ Bəstəkarlar İttifaqının katibi kimi Azərbaycanı layiqincə təmsil edib. Otuz ildən artıq bir dövrdə Bakı Musiqi Akademiyasında, Yusif Məmmədəliyev adına Naxçıvan Universitetində eləcədə, Türkiyənin Trabzon Qaradəniz Texniki Universitetində dərs demiş bəstəkar böyük musiqiçilər nəslinin yetişməsində danılmaz xidmətləri olub. 

Bu gün onun sənət yolunu oğlu Əli Əlizadə həm bəstəkar, həm də pedaqoq olaraq davam etdirməkdədir.

Aqşin Əlizadənin musiqi sahəsində gördüyü işlər həmişə dövlət tərəfindən qiymətləndirilib. Görkəmli bəstəkar Azərbaycan SSR Xalq artisti fəxri adı (1987) ilə yanaşı Azərbaycan SSR Dövlət mükafatı(1978), "Şöhrət" ordeni (1997) və  "Şərəf" ordeni ilə təltif olunub.

Üzeyir məktəbinin layiqli davamçısı olan Aqşin Əlizadə 3 may 2014-cü ildə Bakı şəhərində vəfat edib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.