Maraqlı

Sehrbazlığın hoqqa olduğunu bilə-bilə, onu niyə xoşlayırıq?

13 Aprel 2019 19:18
0 Şərh     Baxış: 898
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sehrbazlığa tamaşa etməyi niyə xoşlayırıq? Hamı bilir ki, bu, hoqqadır və "gerçək" deyil, lakin izləməyə davam edir və nəyisə gözləyir.

Londondakı Goldsmiths Universitetinin psixologiya fakültəsi nəzdində "Magic Lab" adlı psxiloji tədqiqatlar laboratoriyası fəaliyyət göstərir.

Burada sehrbazlığın da elmi təhlili aparılır.

Psixologiya üzrə universitet müəllimi Gustav Kuhn Magic Lab-a rəhbərlik edir.

"Səhv istiqamətləndirmə"

Sehrbazlıq effektinin kökləri qavrama, diqqət və məlumatın təhlili kimi psixoloji amillərlə bağlıdır.

Goldsmiths universitetiGustav Kuhn (soldan üçüncü) və psixologiya fakültəsinin tələbələri. Tələbələr seçdikləri ixtisas çərçivəsində fokusların nümayiş etdirməyin yollarını öyrənə bilirlər.

Sehrbazlıq qavrama qabiliyyətimizə təsir göstərir, idrakımızdakı boşluqlardan istifadə edir, doktor Kuhn deyir.

"Səhv istiqamətləndirmə" sehrbazlığın əsas elementidir - insanın diqqəti əsas obyektdən yayındırılaraq az əhəmiyyətli digər obyektə yönəldilir.

"Bu effektdən yol hərəkatı təhlükəsizliyini sınaqdan keçirərkən istifadə edirlər, - doktor Kuhn deyir. - Necə olur ki, insanlar göz qabağında olanı görmür?"

Saxta xəbərlər

Gustav Kuhn bu məsələnin "saxta xəbərlər" və sosial mediada saxta məlumatların yayılması ilə də bağlı olduğunu qeyd edib.

O deyir ki, hətta nəyinsə saxta olduğu məlum olduqdan sonra da, həmin nəsə bizə təsir etməkdə və diqqətimizi çəkməkdə davam edir.

Tədqiqatçılar sehrbazlıq effektini öyrənməklə konspirasiya nəzəriyyələrini və saxta məlumatları daha dolğun araşdıra biləcəklərinə ümid edirlər.

Dinamo adlı sehrbazDinamo adlı sehrbaz kütlənin diqqətini özünə cəlb edə bilir.

Sehrbazlığın digər mühüm elementi "məcburetmə texnikasıdır".

Misal üçün, kartlarla bağlı fokuslarda iştirakçı zənn edə bilər ki, təsadüf prinsipi əsasında kart seçib, əslində isə sehrbaz onun qərarı ilə manipulyasiya edir və iştirakçının "seçimi" saxtadır.

"Azad seçim xülyadır. İnsanlar düşündüklərindən qat-qat çox təsir altına düşür. Onların qavrama qabiliyyəti, onlarda formalaşan təsəvvürlər dəyişkəndir, - doktor Kuhn qeyd edir.

- Təsir altına düşməkdən və saxta seçim effektlərindən siyasi məqsədlər üçün istifadə oluna bilər".

Sehrbazlıq tamaşası - 1937İlk televiziya proqramlarının yayımında sehrbazların çıxışlarına da xüsusi yer ayrılıb - 1937-ci ilə aid televiziya yayımından kadr

Qavramanın təbiəti

Bu həftə Londondakı Wellcome Collection muzeyində Sehrbazlıq Psixologiyası adlı sərgi açılıb.

Sərgi sehrbazlığın insan şüuruna təsiri və "qavrama təbiəti" mövzusuna həsr olunub.

London Universitetində də sehrbazlıqda illüziyaların rolu mövzusunda sərgi keçirilib.

Doktor Kuhn deyir ki, psixologiyanı öyrənməkdən əvvəl sehrbazlığa maraq göstərib.

Sehrbazların çıxışı"İnsanın mişarlanması" fokusunun müasir variantı

"Mən sehrbazların çıxışını, onların texnikasını, fəndlərini izləməyi xoşlayırdım", - o deyir.

Nəticədə, özü də sehrbazlıq sahəsində çıxışlar etməyə, fokuslar göstərməyə başlayıb.

Gustav Kuhn-un sözlərinə görə, nümayiş etdirdiyi fokuslar ona insanlarla əlaqə qurmağa, ünsiyyət yaratmağa kömək edib.

İncəsənət

Onun sözlərinə görə, məşhur sehrbazların nümayiş etdirdiyi fokusların insanlara təsirini incəsənət əsərlərinin göstərdiyi təsirə bənzətmək olar.

Gustav Kuhn ispaniyalı sehrbaz Juan Tamariz kartlardan istifadə edərək göstərdiyi fokusu qeyd edir.

Juan Tamarizİspaniyalı sehrbaz Juan Tamariz-ın tamaşası.

"Mən indiyədək bilmirəm, o, bunu necə edir. Onun çıxışlarına tamaşa etdikdə, özünü sanki hər şeyin sehrli göründüyü uşaqlıq dövründə hiss edirsən".

Doktor Kuhn deyir ki, fokus nümayiş etdirmək xüsusilə, utancaq və öz daxili aləmlərinə qapanmış adamlar üçün maraqlı olmalıdır.

Saxta əl müqəvvasıSehrbazlıq fokuslarında istifadə edilən saxta əl müqəvvası - Londonun Wellcome Collection muzeyində sərgilənən eksponat

Psixologiya fakültəsində bütün tələbələr sehrbazlıq fokuslarını nümayiş etdirməyi öyrənirlər və doktor Kuhn-un qeyd etdiyi kimi, bu, tələbələrdə "özünəinam hissini gücləndirir".

Birinci kurs tələbəsi Hannah Laurence-in qeyd etdiyi kimi, bir neçə fokusun necə nümayiş etdirməyin öyrənilməsi ona digər tələbələrlə görüşməyə və "rahatlıq zonasından kənara addım atmağa" imkan verib.

Anlama

Sehrbazlıq fokusunun cazibəliyi nədədir?

Dr. Kuhn deyir ki, qismən, burada gördüyümüzlə bildiyimizi barışdırmaq prosesi öz təsirini göstərir.

Tommy CooperTommy Cooper-in şousu sehrbazlıq və komediya çıxışlarından ibarət olub.

"Dovşanlar, birdən-birə, öz-özünə, papağın altında peyda ola bilməz. İnsan ortadan mişarlanaraq durub yeriyə bilməz".

Doktorun təbirincə, bu cür fokusları görən insanın beynində yaranan "anlama konflikti" beyinin müəyyən zonalarının reaksiya verməsinə səbəb olur.

"Kiçik yaşlarımızdan bizi daha çox anlaya bilmədiyimiz özünə çəkir, izah edə bimədiyimizi anlamağa çalışırıq, - Gustav Kuhn deyir. - İnsan bu yolla inkişaf etməyi öyrənir".

Kartlardan istifadə etməklə fokus

Dr. Kuhn sehrbazlığın cazibəsini dəhşət filmlərinin cazibəsinə də bənzədir.

Dəhşət filmlərində göstərilən qanlı hadisələr gerçək həyatda baş versəydi, insan qorxu hissinə tab gətirə bilməzdi, lakin həmin hadisələrə film vasitəsilə baxanda o, özünü təhlükəsiz hiss edir və bu halda yaranan qorxu hissindən həzz alır.

Sehrbazlıq fokuslarına da baxanda oxşar vəziyyət yaranır - bizim anlaya bilmədiyimiz, beynimizə sığmayan hadisələrlə gerçək həyatda üzləşsək, bu bizi dərindən narahat edə və qorxuda bilər, lakin həmin hadisəni sehrbazlıq fokusu kimi görəndə, bu bizi əyləndirir və heyrətə gətirir.

Bunun əyləncə kimi bizə təsir etməsinin əsas səbəbi baş verənlərin "gerçək" olmadığını bilməyimizdir.

"Sehrbazlığı tədqiq etmək çox maraqlıdır, - doktor Kuhn deyir - fokusların təhlili insan idrakının güclü və zəif tərəflərinə yeni nəzərlə baxmağa imkan verir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.