Maraqlı

Öz infaqınızla özünüzü və mülkünüzü sığortalayın

14 Aprel 2019 23:25
0 Şərh     Baxış: 515

Allah-Taala Qurani-Kərimin "Bəqərə" surəsinin 195-ci ayəsində buyurur:

وَأَنفِقُواْ فِي سَبِيلِ اللّهِ وَلاَ تُلْقُواْ بِأَيْدِيكُمْ إِلَى التَّهْلُكَةِ وَأَحْسِنُوَاْ إِنَّ اللّهَ يُحِبُّ الْمُحْسِنِينَ

"Allah yolunda infaq edin. (İnfaqı tərk etməklə və ya onu Allah yolundan başqa bir yerə sərf etməklə) özünüzü öz əlinizlə təhlükəyə atmayın. Yaxşılıq edin ki, Allah yaxşılıq edənləri sevir."

Milli.Az maide.az-a istinadən bildirir ki, bu ayə infaq tövsiyəsi verməklə yanaşı, müsəlmanları istənilən ifratçılıq və təfritçilikdən çəkinməyə çağırır. Əgər sərvətlilər xəsislik göstərib məhrumlar haqqında düşünməsələr, təbəqələrarası ixtilaf günbəgün genişlənəcək. Bu isə cəmiyyətdə partlayışa və nizamın pozulmasına səbəb olacaq. Əgər infaqda orta hədd gözlənilməsə və insan nəyi varsa başqalarına bağışlasa, öz əli ilə özünü və ailəsini fəlakətə aparacaq.

Quran digər ayələrdə də müsəlmanları infaqda orta həddi gözləməyə çağırmış və Peyğəmbərə buyrulmuşdur: "Ey Peyğəmbər (s)! Nə əli bağlı qalma ki, bir şey bağışlamayasan, nə də elə olma ki, nəyin var bir yerdən əta edəsən." ("İsra" surəsi, ayə 29.)

İmam Sadiq (ə) bu ayə ilə bağlı buyurmuşdur: "Sizin infaqınız elə bir həddə olmamalıdır ki, əliniz boş qalsın və bədbəxtliyə düçar olasınız." ("Biharul-ənvar", c.93, səh.168.)

Allah-Taala "Furqan" surəsinin 67-ci ayəsində buyurur:  "(Rəhman Allahın həqiqi bəndələri Allah yolunda) infaq edəndə (xərcləyəndə) nə israfa yol verər, nə də xəsislik edər və ikisinin arasında orta həddi gözləyərlər."

Bu ayədən başa düşülür ki, ilahi övliyalar və bəndələrin daimi proqramlarından biri də yoxsullara kömək etməkdir. Bu ayədə "infaq"dan yox, "infaqda mötədillik və orta hədd"dən söz açılır.

"İnfaq" insanın sahib olduğu ilahi nemətlərə möhtacları şərik etməsinə deyilir. Tərifdə qeyd olunan "sahib olduğu ilahi nemətlər" dedikdə, insanın sahib olduğu hər bir şey aiddir: mal-dövlət, sərvət, qida məhsulları, elm və bilik, abır-həya, məqam, mövqe və vəzifə, bir sözlə, hər bir şey Qurani-Kərimdə buyurulduğu kimi, ruzi verilənlərdən Allah yolunda yoxsullara xərcləmək ilahi bəndələrə xas olan səciyyələrdəndir. (Bax: "Bəqərə" və "Ənfal" surəsi, ayə 3; "Həcc" surəsi, ayə 35; "Qəsəs" surəsi, ayə 54; "Səcdə" surəsi, ayə 16; "Fatir" surəsi, ayə 29; "Şura" surəsi, ayə 38.)

İnfaqda orta hədd ən səciyyəvi xüsusiyyətlərdəndir. Onun ifrat tərəfi "israf", təfrit tərəfi isə "xəsislik"dir ki, hər ikisi İslamda məzəmmət olunur. Allahın həqiqi bəndələri malını Allah yolunda xərclədiyi zaman orta həddi gözləyərək nə israfa yol verir, nə də xəsislik edirlər. İmam Sadiq (ə) yerdən bir ovuc çınqıl götürüb əlində sıxaraq buyurur: "Bu, xəsislikdir." Sonra o biri əlini çınqılla doldurub elə açır ki, hamısı yerə tökülür. Həzrət buyurur: "Bu da israfdır." Üçüncü dəfə ovcunu doldurub bir qədər açdıqda, çınqıllardan yerə töküldüyü qədər də əlində qalır. Həzrət buyurur: "Bu, Qurani-Kərimdə buyurulan səxavət və orta həddir." ("Nurus-səqəleyn", c.4, səh.29; "İlahi bəndələrin səciyyələri", Ayətullah Məkarim Şirazi, səh.95.)

İnsan sevilmək istəyindədir. Quran insanın bu fitrətinə əsaslanaraq buyurur: "Yaxşılıq et, yaxşılıq edənlər Allahın sevimlisidirlər."

Bildirişlər

1. Bütün hərəkətlərin arxasında iqtisadiyyat dayanır. İqtisadi dəstək olmadan cihad da mümkün olmur. Əgər düşmənin hücumu və haqqın müdafiəsi zamanı xalq iqtisadi imkanlarını işə salmasa, məğlubiyyətə düçar olar.

2. Öz infaqınızla özünüzü və mülkünüzü sığortalayın.

3. İslamda cəbhə, savaş və maddi yardımların ilahi rəngi olmalıdır. Bu işlər Allahın razılığı xatirinə həyata keçməlidir.

4. Allahın sevimlisi olmaq üçün ehsan və infaq ən üstün təşviqdir.

("Təfsiri-nur", Ustad Möhsin Qəraəti, 1-ci cild, "Bəqərə" surəsi, 195-ci ayənin təfsiri.)

Milli.Az

loading...

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.