Maraqlı

Allah kimləri sevir?

14 Aprel 2019 19:50
0 Şərh     Baxış: 3 242
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qurani Kərimdə və Muhəmməd peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhih hədislərində Uca Allahın müəyyən əməlləri, sözləri və müəyyən xislətlərə sahib olan bəndələrini sevdiyi xəbər verilir. Onun bu haqda bizə xəbər verməsi bizim dərhal Onun sevdiyi həmin xislətlərə sahib olmağımız, Onun sevdiyi əməlləri etməyimiz və tez-tez Onun sevdiyi sözləri söyləməyimiz üçündür. Bunları yerinə yetirməklə biz Onun məhəbbətini qazana bilərik.
Milli.Az zikr.az-a istinadən bildirir ki, Uca Allah müttəqi bəndələrini sevir. Müttəqilər Uca Allahın buyurduqlarını yerinə yetirən və Onun qadağan etdiklərindən çəkinənlərdir. Uca Allah buyurur: "Həqiqətən, Allah müttəqiləri sevir". (ət-Tovbə, 4).

O, yaxşılıq edənləri sevir: "Allah yaxşı iş görənləri sevir". (Ali İmran, 134).

O, tövbə edənləri və günahdan təmizlənənləri sevir: "Şübhəsiz ki, Allah tövbə edənləri də sevir, pak olanları da". (əl-Bəqərə, 222).

O, səbir edənləri sevir: "Allah səbir edənləri sevir". (Ali İmran, 146).

O, ədalətli olanları sevir: "Şübhəsiz ki, Allah ədalətli olanları sevir". (əl-Məidə, 42).

O, təvəkkül edənləri sevir: "Həqiqətən, Allah təvəkkül edənləri sevir". (Ali İmran, 159).
     
Muhəmməd peyğəmbər (salləllahu aleyhi və səlləm) Uca Allahın sevdiyi və razı qaldığı bütün əməllər, əxlaqı keyfiyyətlər və sözlər haqqında xəbər vermiş və o, özü bu xüsusiyyətlərə sahib olmuşdur. Ona görə də Uca Allah ümumi məna daşıyan bir ayədə Öz məhəbbətini Peyğəmbərə (salləllahu aleyhi və səlləm) tabe olmağa bağlamışdır. Uca Allah buyurur: "De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir". (Ali İmran, 31).

Allah yalnız Onun xatirinə edilən əməlləri sevir
Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah buyurdu: "Mənə görə bir-birlərini sevən­lərə məhəb­bətim vacib olmuşdur. Mənə görə bir-birlərinə bağlı olanlara mə­həb­bətim vacib olmuşdur. Mənə görə bir-birlərinə nəsihət edən­lə­rə (və səmimi olanlara) məhəbbətim vacib olmuşdur. Mənə görə bir-birlərini ziyarət edənlərə məhəbbətim vacib olmuşdur. Mənə görə bir-bir­lərinə qarşı fədakar olanlara məhəbbətim vacib olmuş­dur. Mənə görə bir-birlərini sevənlərə nurdan minbərlər vardır. Nəbilər, siddiqlər və şəhidlər onların olduqları yerə qibtə edər­lər".

Allah gözəl əxlaqı sevir
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demiş­dir: "Şübhəsiz ki, Uca Allah səxavətlidir və səxavətli olanları sevir, comərd­dir və comərd olanları sevir. Həmçinin, yüksək əxlaqı sevir, pis əxlaqı isə sevmir".
"Uca Allah hər bir işdə müla­yim olmağı sevir".
"Əgər Allah bir ailəni sevərsə, onlara mülayimlik bəxş edər".
"Uca Allahın ən çox sevdiyi qulları ətrafındakı insanlara qayğıkeş olanlar­dır".

Allahın sevdiyi kəlmələr
Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Allah üçün ən sevimli olan kəlmələr bu dörd kəlmədir. Bunların hansı birisi ilə başlamağının sənə heç bir zərəri yoxdur: "Subhəənəllaah, Əlhəmdulilləəh, Lə iləəhə illəllaah və Allahu Əkbər".
Həmçinin, o (salləllahu aleyhi və səlləm) demiş­dir: "Rahmənə se­vimli, tələffüzü asan və tərəzidə ağır gələn iki kəlmə var­dır ki, bunlar: "Sub­həənəllaahi və bihəmdihi, subhəənəllaahi-l-aziim!" kəlmə­ləridir". (əl-Bu­xari, 7563). Tərcüməsi: "Allah pak və müqəddəsdir! Həmd Ona məxsusdur! Böyük Allah pak və müqəddəsdir!"

Allah bir qulunu sevərsə...
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allah bir qulunu sevdiyi zaman Cəbrailə (aleyhi-s-sələm): "Allah filankəsi sevir, sən də onu sev!" - deyə buyu­rur, Cəb­rail (Ona Allahın salamı olsun) də həmin adamı sevir. Sonra Cəbrail (Ona Allahın salamı olsun) səma əhlinə xitab edib: "Allah filankəsi sevir, siz də onu sevin!" - deyir, səma əhli də onu sevir. Daha sonra yer üzərində olanların da ona rəğbət bəslə­məyə başlayırlar". (əl-Buxari, 3209).

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.