Maraqlı

Hamiləlik: günlər, həftələr, aylar...

16 Fevral 2019 20:45
0 Şərh     Baxış: 10 360
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hamiləlik - bu dövrdə qadının, onun yaxınlarının bilməsi vacib olan bir çox nüans var.

Bu yazıda körpənin formalaşdığı ilk gündən, doğulacağı ana qədər hər kəsin bilməsi vacib olan məqamlara toxunulub.

Hamiləliyin birinci ayı (1-4 həftə)

Tibbi baxımdan hamiləlik son aybaşının ilk günündən hesablanır. Bu ayda bədəndə hamiləliliyə hazırlıqlar gedir.

Aybaşı görməyə paralel olaraq yumurtalıqların birində artıq yeni folikul seçilir və böyüməyə başlayır. Müəyyən ölçüyə çatdıqdan sonra (təxminən aybaşının 14-cü günündə) ovulyasiya baş verir və folikulun içərisindəki yumurta hüceyrə qarın boşluğuna atılır, uşaqlıq borusunun ucları ilə tutulur və uşaqlıq borusuna daxil edilir. Burada onu gözləyən çoxsaylı spermalardan biri ilə mayalanma baş verir. Mayalanmış yumurta bir neçə gün ərzində bölünərək uşaqlıq boşluğuna düşür və uşaqlıq divarına yapışır.

Hamiləliyin ikinci ayı (5-8 həftə)

Bu ayda uşaqlıq boşluğuna yerləşmiş və döllənmiş tək hüceyrədən ibarət olan zigotdan embrion formalaşmağa başlayır. Mayalanmadan 21-22 gün sonra artıq ürək döyüntüləri əmələ gəlir. Sıra ilə sinir borusu, ağciyərlər, bağırsaqlar, sidik kisəsi və digər orqanlar əmələ gəlir. Bu ayın əvvəlində ölçüsü 1.5 mm olan embrion sonda artıq 12.5 mm uzunluğunda olur. Qadın bu ayda özünü xarici zərərli təsirlərdən (infeksiyalar, dərmanlar, şüalanma və s) maksimum qorumalıdır.

Artıq aybaşı gecikməsi baş verib. Bulantı, qusma, mədə yanğısı, tez-tez sidiyə getmə, yuxusuzluq, halsızlıq, köp, qarında ağrılar, süd vəzilərində böyümə və həssaslıq əsas şikayətlərdir.  Məhz bu ayda ilk dəfə həkimə müraciət edib körpənin ürək döyüntülərini eşitmək olar. Bundan sonra həkim lazımi analizləri təyin edəcək.

Hamiləliyin üçüncü ayı (9-12 həftə)

Bu ayda körpənin bədəni tam formalaşmağa başlayır. Əl-ayaq barmaqları əmələ gəlir.  Əvvəl daxili, sonra isə xarici cinsiyyət orqanları formalaşır. Artıq ananın hələ hiss etmədiyi kiçik hərəkətlər başlayır. Üçüncü ayda körpənin boyu 5-8 sm, çəkisi isə 50-70 qram olur.

Əvvəlki aylarda əmələ gəlmiş şikayətlər bu ayın sonuna qədər tədricən azalır. 12-ci həftənin sonunda uşaqlıq böyüyərək kiçik çanaqdan qarın boşluğuna çıxır.

12-ci həftədə həkim müayinəsi və ilk trimestr testləri vacib hesab edilir.  

Hamiləliyin dördüncü ayı (13-16 həftə)

Artıq bu ayda körpənin bütün orqanları formalaşır. Barmağını əmməyə başlayır.  Hərəkətləri artır və başı artıq çənəsinə doğru sıxılmış vəziyyətini dəyişir. Saçları uzanmağa başlayır və bütün bədənini örtən incə tükcüklər də bu ayda yaranmağa başlayır. Bu ayda USM ilə körpənin  cinsiyyətini təyin etmək olar. Dördüncü  ayda körpənin boyu 11 sm, çəkisi isə 100-200 qram olur.

Uşaqlıq artıq qarın boşluğuna doğru böyüyür  və qarnın aşağı hissəsində yumru şəklində ələ gəlir. Bu ayda əsas şikayət qasıqlarda ağrılardan olur ki, bu da uşaqlıq bağlarının gərilməsinə bağlı olub, normal hesab edilir. Süd vəziləri də böyüyür, üzərində damarlar daha aydın nəzərə çarpır və döş gilələrinin rəngi tündləşir. Bu aydan etibarən hamilələr üçün olan xüsusi paltarlara ehtiyac duyulur. Üçlü-dördlü test analizləri bu həftədə edilir.

Hamiləliyin beşinci ayı (17-20 həftə)

Bu ayda xüsusi ilə təkrar hamiləliklərdə körpənin hərəkətlərini hiss edilməyə  başlanır. Dərialtı piy təbəqəsi əmələ gəlir. Artıq bu ayda eşitmə siniri və daxili qulaq da tam formalaşır ki, bu da körpənin ananın səsini eşitməsi mənasına gəlir. Bu aydan etibarən böyrəklərin inkişafı tamamlanır, artıq körpə sidiyini edir, eyni zamanda udqunma aktı da formalaşır. Beşinci ayda körpənin boyu 22-24 sm, çəkisi isə 300 qram olur.

Bu ayda qadın özündə ciddi dəyişikliklər hiss edir. Ən əsası bu ayın sonlarından etibarən körpənin hərəkətlərini artıq hiss edilir. Bu hərəkətlər əvvəlcə yüngül  olub tədricən artır. Uşaqlıq böyüyür və göbək səviyyəsinə çatır, buna bağlı olaraq mədə yanması və qəbizlik, təngnəfəslik  şikayətləri də arta bilər. Qan dövranındakı dəyişikliklərə bağlı olaraq təzyiq aşağı olmağa meylli olur. Oturub-duranda və  ya uzanıb-qalxanda qarının aşağı hissəsində və beldə normal hesab edilən dartılma şəklində ağrılar olar bilər. Bu aydan etibarən qadında qanazlığı yarana bilər, ehtiyac olarsa həkim uyğun müalicə təyin edə bilər.

Hamiləliyin altıncı ayı (21-24 həftə)

Bu ayda körpə içində üzdüyü dölyanı mayeni udmağa başlayır. Dadbilmə formalaşır.  Bağırsaqlarda mekonium, yəni ilk nəcis əmələ gəlməyə başlayır.  Bu aydan etibarən əzələlər daha aktiv inkişaf edir və körpə istəyərək hərəkətlər edir, bu hərəkətlər doğum sonrası hərəkətlər üçün məşq xarakteri daşıyır. Bu ayın sonlarında ağciyərlər inkişafa başlayır və tənəffüs hərəkətləri formalaşır. Bu ayda oğlan uşaqlarında xayalar qarın içindən xayalığa doğru düşməyə başlayır, qız uşaqlarında isə uşaqlıq və yumurtalıqlar formalaşıb.  Altıncı ayın sonunda körpənin boyu təxminən 30 sm, çəkisi isə 600 qram olur.

Bu ayda qadının təzyiqi normaya görə daha aşağı ola, qan azlığı arta bilər. Hamilələrdə dəmir ehtiyacı hamilə olmayanlara görə daha çoxdur. Bundan başqa, qadının tənəffüs sayı artır. Bu aydan qarında yalançı ağrılar başlaya bilər.

Hamiləliyin yeddinci ayı (25-28 həftə)

Bu ayda körpənin əl və ayaq izləri, dırnaqları əmələ gəlməyə başlayır. Özünü toxunaraq kəşf edir. Qaş və kirpikləri əmələ gəlir, saçları uzanır və sıxlaşır. Dərialtı piy təbəqəsi qalınlaşır. Bu ayın sonunda doğulacaq uşaq yeni doğulmuş uşağa bənzəyir.  28-ci həftədə gözlərini açıb-bağlaya bilir və ana qarnında 30-60 dəqiqə yatır. Yeddindi ayın sonunda körpənin boyu təxminən 37 sm, çəkisi isə 1000 qram olur.

Bu ay artıq uşaqlıq göbəklə döş qəfəsi arasında olur, arterial təzyiq əvvəlki aylara nisbətən artır. Körpənin hərəkətləri  əvvəlki aylara nisbətən artır,  xüsusilə oturaq və ya uzanmış vəziyyətdə daha çox hiss edilir.  Bu ayda yalançı doğuş ağrıları artır, amma bu ağrılar qeyri-ritmik xarakter daşıyır və davamlı olmur.

Bu ayda hamiləlik şəkərini aşkarlamaq üçün şəkər yükləməsi testi və Rh/Rh uyuşmazlığı olan xəstələrdə xüsusi analiz götürülməli, iynə vurulmalıdır.

Hamiləliyin səkkizinci ayı (29-33 həftə)

Körpə sürətlə böyüməyə davam edir. Baş ölçüsünün nisbəti bədənlə münasibdir. Artıq bu ayda çox hallarda normal doğuşa uyğun vəziyyəti-baş aşağı vəziyyəti alır. Tənəffüs hərəkətlərinə diafraqma da qoşulur. Oğlan uşaqlarında xayalar xayalıqlara düşür. Bu ayda körpənin hərəkətləri nisbi olaraq azalır.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, artıq hamiləliyin üçüncü trimestridir. Qarnının böyüməsi və mexaniki təsirinə bağlı olaraq bel ağrısı, mədə yanması, qəbizlik, tez-tez sidiyə getmə, hemorroid, ayaqlarda varikoz damarlar, yorğunluq  kimi şikayətlər artır.

Hamiləliyin doqquzuncu ayı (34-37 həftə)

Bu ayın sonundan etibarən artıq gerisayım başlayır. Körpənin dərialtı yağ təbəqəsi qalınlaşır, çəkisi sürətlə artır.  Dəri qoruyucu təbəqə verniks ilə örtülüb. Başı kiçik çanağa doğru enir və vizual olaraq qarın aşağı düşmüş kimi görünür.

Körpənin başının çanağa enməsi ilə əlaqədar olaraq əvvəlki aylarda olan çox şikayətlər azalır. Artıq doğuş əlamətləri (ağrılar, su gəlməsi və s.) hər an ola bilər. Bu ayda həkim müayinəsi sıxlaşır.

Hamiləliyin onuncu ayı (38-42 həftə)

Normal hamiləlikdə doğuş, adətən, 38-40 həftələr arasında baş verir. Bəzi hallarda isə doğuş 41-42-ci həftələrdə baş verir. Əgər hamiləlik 42 həftədən çox davam edərsə, vaxtı ötmüş hamiləlik hesab edilir, bu halda körpənin ana qarnında ölüm təhlükəsi artır. Bu səbəbdən həkimə müraciət etmək vacibdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.