"BBC News Azərbaycanca" hicabdan imtina edən qadından müsahibə alıb (video əlavə edilib - red.). Bu süjetdən irəli gələn bəzi qeydləri oxucularımızın nəzərinə çatdırmağı lazım bildik.
Hər hansı fikir söyləməzdən öncə vurğulamaq istəyirik ki, cəmiyyətin hicablı və qeyri-hicablı prinsipi ilə bölünməsini düzgün hesab etmirik. İndi isə keçək məsələnin məğzinə.
Əgər bir namaz qılan namazı buraxırsa, ötən il Ramazan orucu tutan bu il orucunu yeyirsə, dünənə qədər hicbalı olan bu gün hicabından imtina edirsə, dərin araşdırmalara varmayaraq buna bir dəqiq diaqnoz qoymaq olar - imanın zəifləməsi ya da tamamən qeybə çəkilməsi. Müsahibə verən qadının dediklərinə vardıqca bunu bir daha anlayırıq. İnsan Allahına bağlanıbsa, Allahın onun əbədi səadətinə yönələn bütün zəruri buyruqlarına beyət edibsə, onu bu yoldan nə döndərə bilər ki? Əgər rəqs etmək naminə hicabdan imtina edirsənsə, deməli iman əldən gedib, bəlkə də heç əvvəldən olmayıb, təəssüf.
Milli.Az islam.az-a istinadən bildirir ki, bir məsələ haqqında da düşünmək pis olmazdı. Çox güman ki, bu qadını hələ uşaq olarkən hicaba valideynləri bürüyüblər. Amma onun sonda ümumiyyətlə hicabdan imtina etməsi tərbiyə metodikasında, övlada Allahı tanıtmaq yolunda ciddi qüsurların olduğunu sübuta yetirir. Bu, övladlarını Allaha gedən yolda sabit-qədəm görmək istəyən digər valideynlərə bir dərs olmalıdır. 3-4 yaşında qızcığazı qara çadraya bürüməklə övlad qarşısında bu sahədəki borcun ödənildiyini düşünmək çox yanlışdır. Bu, yalnız hicaba aid deyil.
Doğruluq, səmimilik, ətrafdakılara və başqasının mülkiyyətinə hörmət və sair dəyərləri də övlada lazımi tərzdə aşılamaq, onun anlayacağı tərzdə izah etmək lazımdır. İndi 19-cu əsr deyil, beş iləmi, on iləmi, ancaq övlad mütləq bir gün həyatını tamamilə başqa dəyərlər üzərində quran toplumla üz-üzə gələcək. Özü də bu həyat tərzini şeytanın min bir bəhanəsi ilə əsaslandıran toplumla. Deməli, övladlarımızı bu görüşə, bu dünyagörüşlər toqquşmasına əsaslı şəkildə hazırlamalıyıq. Elə hazırlamalıyıq ki, daha qarşı tərəfin 1-2 iradı, 1-2 atmacası qarşısında sarsılıb Allahdan üz döndərməsin: hicabı açmasın, yalan danışmasın, rüşvət almasın, başqasının malına göz dikməsin, vətəninə sadiq qalsın. Valideynlər bu məsuliyyəti, Allah qarşısında övladının dini tərbiyəsi və ən əsası bu tərbiyənin hansı üsullarla həyata keçirdiyinə görə cavab verəcəklərini anlamalıdırlar. Bunun üçünsə ən əvvəl valideyn özü maariflənməli, zamanla ayaqlaşmalı, dini həyatını "1001 gecə nağılları" əsasında deyil, sağlam düşüncə və real İslam əsasında qurmalıdır. Əks təqdirdə övladların imanı şeytanın ilk həmləsindəcə süqut edəcək.
Milli.Az





