Hər il 31 may tütünlə mübarizə günü kimi qeyd edilir. Bu gün böyük problemlərdən biri kimi tütün dünyanın ən böyük probleminə çevrilib. Mütəxəssislərin onun zərərləri haqda nə qədər danışmasına baxmayaraq, hələ də tütünə qurşanan insanların sayı çoxdur. Tütündən istifadə edən insanlar nəinki özlərinə, eyni zamanda ətrafdakılara da böyük zərər verirlər. "Deyerler.org" araşdırmalar nəticəsində müəyyən etmişdir ki, mütəxəssislərin fikrincə, hətta passiv siqaret çəkmənin zərərləri aktiv siqaret çəkmədən heç də geri qalmır.
Siqaret tütün bitkisinin (Nicotina tabacum) qurudulmuş olan yarpaqlarından hazırlanır.Tütün müxtəlif vasitələrlə, yəni burunotu ilə, trubka ile çəkilə bilər. Tütün istər trubka, istərsə də müştüklə çəkilsin, istərsə də tütünün yarpaqlarından hazırlanmış uzun və qalın siqaretlərdən istifadə olunsun, bütün bunlar, nikotinin insan orqanizminə göstərdiyi zərərli təsirlərin qarşısını ala bilməz. Siqaretin tüstüsündə 4000-ə qədər kimyəvi maddənin olduğu müəyyənləşdirilmişdir. Goründüyü kimi, siqaretin tüstüsüsundəki elementlər heç birinin insan orqanizminə bir faydası yoxdur və bunların hamısı zərərlidir. Bunlardan ən zərərlisi olan nikotin, qatran, karbon monoksid (CO) və xərcəng yarada bilən maddələrdən ibarətdir .
Nikotindən tibbi məqsədlərdə istifqadə olunmur, çünki zəhərli maddədir. O, ən zəhərli maddə olan sianidlə müqayisə ediləcək dərəcədə təsirlidir. Əgər 100-120 mq miqdarında nikotin hər hansı bir adamin damarına vurularsa, bu halda həmin adam ölə bilər. Burada məsələnin maraqli cəhəti həmin həcmdə (100-120mq) maddənin cəmi 2 qutu siqaretin tərkibində olmasıdır. Nikotin böyrəküstü vəzlərdən adrenalin və noradrenalin hormonların ifraz olunmasına səbəb olur. Belə bir vəziyyət isə bir müddətdən sonra mədə yarasının yaranmasına gətirib çıxarır. Bundan başqa, siqaret çəkənlərin ürəyi daha sürətlə döyünür və bunun nəticəsində isə qan təzyiqi yüksəlir. Uzun illər boyu siqaret çəkənlərdə müxtəlif xəstəliklər özünü göstərə bilir. Belə xəstəliklərə aşağıdakılar aiddir: Siqaret çəkmək iştahanı pozur, həzm prosesini çətinləşdirir, dişləri saraldır, mədə yarasına səbəb olur, dodaq, dil və yemək borusu xərçənglərinə səbəb olur, öskürdür və bəlğəm əmələ gətirir, xroniki bronxitə ve emfizemaya səbəb olur, qırtlaq ve agciyər xərçəngləri siqaret çəkənlər arasında daha çox müşahidə edilir, ağciyər və qırtlaq xərçənginin əmələ gəlməsinin 90%-nin səbəbi siqaretdir və s.
Siqaretin çəkilməsi nə qədər zərər verirsə, o qədər də onu tərk etmək çətinlik törədir. Ekspertlər adamların siqareti tərgitdiyi zaman özlərini narahat hiss etdiklərini, bəzən stres keçridiklərini söyləyirlər. Bəzi adamlarda bu, baş ağrıları və mədədə ağrılarla müşayət olunur. Hər şey sizin psixoloji hazırlıqdan asılıdır. Əgər birdəfəlik siqareti atmaq fikrindəsinizsə, ümidinizi itirməyin. Özünütəlqinlə məşğul olun, çalışın gələcək həyatınızın daha xoşbəxt olacağını düşünəsiniz. Nikotinin bir daha həyatınıza hakim olmayacağınızı özünüzə söyləyin. Sağlam həyat keçirməyə çalışın. Həftədə heç olmasa iki dəfə qaçmağa, təmiz havada gəzməyə çalışın. Bir də gördünüz, bir gün gələcək və siz siqareti tamamilə atmış olacaqsınız. Amma burada əsas olan insan iradəsidir. İnsan iradə sərf edərək bu çətin mərhələni sözsüz ötə bilər.
Milli.Az