Maraqlı

Dünyanın ən çox satılan kitabları - Bestsellerlər

24 İyul 2018 13:40
3 Şərh     Baxış: 19 012
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az kitabsevərlər üçün dünyada ən çox tirajla satılan 10 kitab haqqında məlumatı təqdim edir.

10. "Düşün və varlan" (70 milyon nüsxə)

Napoleon Hill tərəfindən 1937-ci ildə ingilis dilində yazılan fərdi inkişaf kitabıdır. Kitab 1970-ci ildə yazıçının vəfatına qədər 20 milyondan çox satılıb, 2011-ci ilin göstəricilərinə görə isə satış sayı dünya miqyasında 70 milyona çatıb. Müəllif kitabda öyrədilən fəlsəfənin insanların bütün iş sahələrində uğurlu olmaları, istədikləri hər şeyə kömək olacağını iddia edir.

9. "Da Vinçi şifrəsi" (80 milyon nüsxə)

Den Braun tərəfindən 2003-cü ildə ingilis dilində yazılmış sirli detektiv janrında romandır. Roman satışa çıxdığı ilk həftənin sonunda böyük uğur qazanıb və "New York Times"ın "Ən çox satılanlar" siyahısına 1-ci yerdə daxil olub. Həmçinin, "The Wall Street" jurnalı, "San-Fransisko Chronicle",  "Publisher's Weekly"in "Ən çox satılanlar" siyahısında ilk sırada yer alıb.
Roman Luvr muzeyində qoca mühafizəçinin qətlini Robert Lenqdona xəbər verən gecə zəngi ilə başlayır. Cəsədin yanında açarı Leonardo da Vinçinin işlərində gizlənən şifrəli yazı tapılır.

8. "Narniya gündəlikləri: Aslan, cadugər və dolab" (85 milyon nüsxə)

Kliv Stepls Levis tərəfindən 1950-ci ildə ingilis dilində yazılıb. Piter, Suzanna və Lusi tilsimli bir dolabın içindəki keçiddən keçib özlərini Narniyada görürlər. Ancaq Narniya əvvəlki Narniya deyil. Çünki pislik saçan cadugər tərəfindən dondurulub, bütün fəsillərdə qış hökm sürür. Türk mifologiyasına aid izlərin olduğu kitabda aslanın əsl adı elə Aslandır. Yəni Kliv Stepls Levis aslana ad verərkən ingiliscə "Lion" əvəzinə, türkcə qarşılığı olan "Aslan" adından istifadə edib. Ayrıca Edmund Narniyada Ağ Cadugər ilə qarşılaşdıqda cadugər onu sehrli türk lokumu ilə aldadır.  

7.  "Aişə" (100 milyon nüsxə)

Henri Rider Haqqard tərəfindən 1905-ci ildə yazılmış fantastik romandır. Roman kembricli macərapərəst Horeyk Hollinin mənəvi oğlu Leo Vinseylə birlikdə Afrikanın dərinliklərinə etdikləri səfərdən nəql edir. Səfər zamanı ibtidai qəbilə və Şe adlandırdıqları, itaət etməli olduqlarını düşündükləri Aişə adında müəmmalı, ağ kraliça ilə rastlaşırlar. 

6.  "On zənci balası" (100 milyon nüsxə)

Aqata Kristi tərəfindən 1939-cu ildə ingilis dilində, detektiv janrında yazılmış əsərdir. Müəllifin bu əsərində keçmişdə verdikləri qərarları, səhvləri, laqeydlikləri ilə insanların ölümünə səbəb olan on nəfər bunları sirr olaraq saxlayır. Bu insanlar bir gün Una Nansi Oven adlı birindən məktub alırlar və istirahət məqsədilə Zənci adasında dəbdəbəli malikanəyə dəvət edilirlər. Hər şey də bundan sonra başlayır.

 

5. "Qırmızı otaqda yuxu" (100 milyon nüsxə)

Tsao Syuetsin tərəfindən 1759-1791-ci illərdə  yazılmış romandır. Bu roman çin dilində yazılmış dörd böyük klassik romandan biri sayılır. Çində xalq dilində yazılmış ən böyük əsərlərdən biri və çincə fantastika ədəbiyyatının şah əsəri kimi qəbul edilir. Əsər yarıavtobioqrafik  janrda yazılmış bir romandır. Tsao Syuetsinin burada öz ailəsinin və eyni zamanda Tsin sülaləsinin yüksəlişini və çöküşünü anladır. Həmçinin, kitab 18-ci əsrin Çin aristokratiyasının sosial quruluşu haqqında ətraflı təsəvvür yaratmaq baxımından da əhəmiyyətlidir.

4. "Hobbit" ( 140.6 milyon nüsxə)

Con Ronald Reuel Tolkin tərəfindən 1937-ci ildə ingilis dilində yazılmış povestdir. Faktiki olaraq "Üzüklərin hökmdarı" seriyası bu kitabın davamıdır. Kitabda Bilbo Baqqinsin başına gələn macəralardan - Baqqinsin sehirbaz Qandalf və gözlənilmədən 13 cırtdanın evinə gəlməsi ilə dəyişən həyatından, onun taleyini dəyişdirəcək olan tək üzüyün tapılmasından, ulu əjdaha Smauqun öldürülməsindən, qədim cırtdanlar şəhəri Ereborun qurtuluşundan bəhs edilir.

3. "Üzüklərin hökmdarı" (150 milyon nüsxə)

Con Tolkin 1954-1955-ci illərdə ingilis dilində epik fantastik janrda yazdığı romandır. Hekayə Tolkinin uşaqlar üçün yazdığı 1937-ci il tarixli "Hobbit"in davamı olaraq başlayır, daha sonra isə ondan da büyük bir əsər halına gəlir. 1937-1949-cu illərdə yazılmış əsər, əsasən, İkinci Dünya müharibəsi dövründə yaradılıb. Əvvəlcə bir cilddə planlaşdırılsa da, sonradan əsər üç hissədə dərc olunub - "Üzüyün qardaşlığı", "İki qala" və "Kralın qayıtması". Romanın məşhurluğu incəsənəti və çoxlu pərəstişkarlar cəmiyyətlərinin yaranmasını ilhamlandırıb, dünya mədəniyyətində dərin iz buraxıb.

2. "Balaca Şahzadə" (200 milyon nüsxə)

Antuan de Sent-Ekzüperi tərəfindən 1943-cü ildə Fransız dilində yazılmış alleqorik hekayədir. Əsərdə böyüklərin dünyası bir uşağın dilindən bəhs edilir. Çölə düşən bir pilotun Balaca Şahzadəylə qarşılaşmasıyla başlayan kitab iyirmi yeddi hissədən ibarətdir. Kitabda şəkilləri Ekzüperi özü çəkib. Bu illüstrasiyalar kitabın özü qədər məşhurdur, müəllifin özü və baş qəhrəmanlar tez-tez şəkillərə müraciət edir və hətta mübahisə edirlər.

1. "İki şəhərin hekayəti" (200 milyon nüsxə)

Çarlz Dikkens tərəfindən 1859-cu ildə yazılmışdır. Roman üç kitabdan ibarətdir və məşhur yazıçının yaradıcılığının özəyi hesab edilir. Kitabda günahsız olmasına baxmayaraq, Parisdə yerləşən həbsxanalardan birində 18 il keçirdikdən sonra köhnə dostunun köməyi ilə xilas olan Dr. Manettendən bəhs edilir. Sonrakı hadisələr onun təsadüf nəticəsində Londona qayıdışı, baş vermiş Fransa inqilabının həyatına təsirləri ilə cərəyan edir. 

Afaq Rza 
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.