Maraqlı

Müsəlman kosmonavtlar - SİYAHI

21 Aprel 2018 22:05
6 Şərh     Baxış: 4 121
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12 aprel 1961-ci ildə ilk insanın kosmosa uçuşu reallaşdıqdan sonra ötən 57 il ərzində təqribən 500 nəfər Yer orbitini adlayaraq kosmosa uçmuşdur. Bu 500 nəfərin doqquzu müsəlmandır.

Kosmik uçuşa qatılmış ilk müsəlman Səudiyyə Ərəbistanının şahzadəsi Sultan ibn Salman ibn Əbdüləziz olmuşdur. O, 1985-ci ildə, 29 yaşında ikən Discovery kosmik gəmisinin komanda heyətinin tərkibində "faydalı yük üzrə mütəxəssis" kimi Yerətrafı səfərə çıxmışdır. Arabsat təşkilatını təmsil edən və bu təşkilatın rabitə peykinin kosmosa buraxılmasını həyata keçirən Sultan ibn Salman 7 gün kosmosda qalmışdır.

Milli.Az islam.az-a istinadən bildirir ki, iki ildən sonra (1987-ci ildə) Suriya Hərbi Hava Qüvvələrinin 36 yaşlı polkovniki Mühəmməd Faris kosmosa uçuş tarixinə öz adını ikinci müsəlman kimi daxil etmişdir. Sovet İttifaqının "Soyuz" kosmik gəmisinin ekipajının üzvü kimi Mühəmməd Farisin uçuşu bir gün davam etmişdir. O, uçuş zamanı kosmik tibb və materialşünaslıq üzrə müşahidələr aparmışdır. M.Faris Suriyanın yeganə kosmonavtıdır. Suriyada baş verən son hadisələr zamanı müxalifətə qoşulmuşdur.

Kosmosa səfər etmiş üçüncü müsəlman Dağıstan mənşəli, milliyyətcə lak olan Musa Xiramanoviç Manarovdur. Qeyd edək ki, Manarov 1951-ci ildə Bakıda anadan olmuş, sonra ailəsi ilə birlikdə Azərbaycanı tərk etmişdir. Musa Manarov 1987-ci il dekabrın 21-də "Soyuz" raketində bort mühəndisi kimi uçuşa başlamış, "Mir" orbital stansiyasında düz 1 il (366 gün) qalmaqla o zaman üçün kosmosda ən uzunmüddətli uçuş rekordunu vurmuşdur. Manarov 1990-91-ci illərdə daha bir dəfə kosmosu fəth etmiş, onun bu dəfəki uçuşu 175 gün sürmüşdür. O, uçuşlar zamanı 7 dəfə açıq kosmosa çıxmış və üst-üstə 34 dəqiqədən artıq açıq kosmosda qalmışdır.

1988-ci ildə 29 yaşlı əfqanıstanlı Əbdüləhəd Momand sovet kosmik gəmisində dördüncü müsəlman kosmonavtı kimi uçuş etmişdir. Maraqlıdır ki, 1988-ci ildə bir neçə gün ərzində "Mir" orbital stansiyasında iki müsəlman kosmonavt - Manarov və Momand - yanaşı fəaliyyət göstərmişlər. Momand uçuş zamanı özü ilə iki ədəd Quran nüsxəsi də götürmüşdü. Onun kosmosa uçuşu 9 günə yaxın davam etmişdir. Uçuş zamanı yaranmış texniki nasazlığı təkbaşına həll etməklə Momand bütün ekipajı ölümdən xilas etməyə nail olmuşdu. Momand sonralar qısa müddət ərzində Əfqanıstanın mülki aviasiya nazirinin müavini vəsifəsində çalışmış, radikal qüvvələrin hakimiyyətə gəlişindən sonra ölkəni tərk edərək Almaniyaya köçmüşdür.

1991-ci ildə kosmosa uçmuş milliyyətcə qazax olan Toktar Onqarbayeviç Aubakirov Qazaxıstanın ilk, SSRİ-nin isə son kosmonavtıdır. 45 yaşlı Aubakirovun kosmosa uçuşu təqribən 8 gün davam etmişdir.

Sonralar Qazaxıstanın milli qəhrəmanı olmuş Talqat Amangəldiyeviç Musabayev 1994-cü ildə 6-cı müsəlman kosmonavtı kimi Yer səthindən səmaya səfər etmişdir. İlk uçuşu zamanı 43 yaşında olan Musabayev 1998 və 2001-ci illərdə daha iki dəfə kosmosa uçmuşdur. Onun kosmik uçuşlarının ümumi müddəti 341 gündür.

Özbək əsilli Salican Şakiroviç Şaripov 1998-ci ildə ABŞ-ın Endeavour kosmik gəmisində uçuşa qatılmış, 8 gün uçuşda olmuşdur. 2004-05-ci illərdə "Soyuz" kosmik gəmisinin kapitanı kimi kosmosa səfər etmiş, bu dəfəki uçuşu 193 gün çəkmişdir. Şaripov 10 saat açıq kosmosda fəaliyyət göstərmişdir. Qeyd edək ki, 1998-ci ilin yanvarında da iki müsəlman kosmonavt - Musabayev və Şaripov kosmosda görüşmüşlər.

Müsahibələrinin birində Şaripov demişdir: "Bizim planetimiz gözəldir, hədsiz dərəcədə qəşəngdir. Mənə elə gəlir ki, əgər bütün insanlar Yer kürəsini kosmosdan görsəydilər, bizdə müharibələr olmazdı. Oradan sərhədlər görünmür, amma Yer üzərində həyatı qoruyan nazik atmosfer təbəqəsi aydın sezilir. İnsanların təbiətə necə pis münasibət bəslədikləri də çox yaxşı görünür, hətta neft ləkələri də seçilir. Yer kürəsi elə kiçik, kövrək və gözəldir ki... Biz onu qorumalı və müdafiə etməliyik".

XXI əsrdə kosmosa uçmuş birinci, ümumilikdə isə səkkizinci müsəlman Ənuşə Ənsari adlı qadındır. İran əsilli (onun səhvən azərbaycanlı olduğunu yazmışdılar) Ənuşə ABŞ-da təhsil almış, burada kosmik tədqiqat şirkəti yaratmışdır. 2006-cı ildə o, 40 yaşında ikən turist kimi kosmosa uçmuşdur, bununla da kosmosu fəth etmiş ilk turist qadın kimi tanınmışdır. Ənuşə Ənsari 8 gün davam etmiş uçuş zamanı kosmik gəmidə elmi tədqiqatlar aparmış, radiasiya və çəkisizliyin insan orqanizminə təsirini öyrənmişdir.

Nəhayət, bu gün üçün kosmosda olmuş sonuncu - doqquzuncu müsəlman malayziyalıdır. İxtisasca cərrah-ortoped olan Şeyx Müzəffər Şükür 2007-ci ildə 35 yaşında Rusiya-Malayziya müştərək layihəsi çərçivəsində kosmosa uçmuşdur. Təqribən 11 gün ərzində o, kosmosda qaraciyər xərçənginin və leykemiya hüceyrələrinin inkişafını öyrənmişdir. Maraqlıdır ki, Müzəffər Şükürün uçuşu mübarək Ramazan ayına təsadüf etmiş və o, kosmosda oruc tutmuşdur. Kosmik peyk Yer ətrafında sutkada 16 dəfə dövr etdiyi üçün kosmonavt namaz və oruc vaxtlarını təyin etməkdə problemlə üzləşəcəyini bilirdi. Buna görə də uçuşdan əvvəl din alimləri ilə məsləhətləşmə nəticəsində qərara alınmışdı ki, ibadət vaxtları kosmik gəminin havaya qalxdığı ərazinin, yəni Qazaxıstandakı Baykonur şəhəriyinin coğrafi şəraitinə uyğun olaraq hesablanacaq. Müzəffər Şükür çəkisizlik şəraitində namazın bəzi əməllərini işarə ilə yerinə yetirməyə məcbur olmuş, çəkisizlik şəraitində dəstəmaz almağın mümkünsüzlyünü və hər kosmonavta gündəlik ehtiyaclar üçün cəmi 4 litr su ayrıldığını nəzərə alaraq, dəstəmaz əvəzinə təyəmmüm etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.