Hər gün həqiqi hesab etdiyimiz hər şeyi olduğu kimi qəbul edirik. Əslində isə bu "həqiqilik" hər hansı bir obyektiv reallığın əksi, onun, filtrlərimizdən keçərək təhrif olunmuş formasıdır. Bu reallıq nədir? Bədənimizi təşkil edən atom və molekullar həqiqətən mövcuddur; bizimlə qarşılıqlı əlaqələrə girən fotonlar enerji və impulsa malikdir; bədənimizi "dəlib-keçən" neytronlar - bütün bunlar kvant hissəciklərdir. Kainat isə kiçik subatom hissəciklərdən tutmuş nəhəng qalaktikalara qədər fiziki obyekt kimi mövcud olmaya bilər - daha dəqiq ifadə olunsa, digər bir reallığın simulyasiyası ola bilər.
Milli.Az yasilelm.com-a istinadən bildirir ki, XXI əsrin dini və ya texnomifi olmağa layiq bu mövzunu irəli sürən mütəxəssislər iki yerə bölünür: bəziləri ideyanı maraqlı hesab etsə də, skeptik yanaşır, digərləri isə bunun həddindən artıq diqqətəlayiq olduğunu vurğulayaraq, sübutları aşkara çıxarmaq üçün əlindən gələni edir.
Virtual reallığın və kainat simulyasiyası ideyasının nə olduğunu sadə şəkildə anlamaq üçün The Matrix və The Thirteenth Floor kimi elmi-fantastik filmləri izləməyiniz bəs edər. Lakin maraqlısı budur ki, bu ideya təkcə fantastikadan ibarət deyil, əksinə yaxşı elmi əsasa malikdir.
Təbiətin ən əsas müəmmalarından biri budur ki, niyə təbiət qanunları təbiət qanunlarıdır. Niyə ancaq qeydə alınmış elementar hissəciklər, fundamental konstantlar və qarşılıqli fiziki əlaqələr var - hansılar ki, kainatı izah edir. Əlimizdə kainatın nədən formalaşmalı olduğunu müəyyən edən və ya fundamental olaraq əslində nəyin mövcud olduğunu aydınlaşdırmaq şansı verən heç bir riyazi və fiziki prinsip yoxdur. Biz özlüyümüzdə kainatın içərisindəyik və öz məhdud bacarıqlarımızla onun yalnız məhdud bir hissəsini müşahidə edə bilirik. Bir qədər texniki imkanlarımız bunun üçün kifayət etmir, bir qədər də fundamental məhdudiyyətlər.
Biz, 46 milyard işıq ilindən aralı məsafəni görə bilmərik, çünki Böyük Partlayış anından sonraki zaman miqdarı işıq sürətilə birlikdə bundan uzağını görməyimizi mümkünsüz edir. Texniki məhdudiyyətlər ucbatından 10-19 metrdən o yana məsafəni araşdıra bilmirik. Hətta hədsiz inkişaf etmiş texnologiyalarla belə kainatın fundamental kvant hüdudunu aşmaq qeyri-mümkündür. Müxtəlif parametrlərin hesablanması cəhdləri eyni zamanda heç vaxt dəf edə bilməyəcəyimiz qeyri-müəyyənliklər ortaya çıxarır ki, bunlara da kvant hüdudlar deyilir.
"Niyə kainatın bu və ya digər qanunları məhz belədir?" - ehtimal ki, daha çox fəlsəfəyə aid olan bu sualı cavablandıran fiziki izahlar var və biz hələlik bunu anlamaq üçün çox gerilərdəyik. Bununla yanaşı bir də belə bir versiya var ki, kainat qanunlarının bu formada kodlaşdırılmış olduğunu irəli sürür - məcazi mənada yox, elə eşitdiyiniz kimi, həqiqi mənada - yəni, simulyasiyadır. Son 70 ildə hesablama gücümüz dəhşətli dərəcədə artıb və bunun nümunəsi göz qabağındadır - biz, sayılı dəqiqələr ərzində trilyonlarla hissəciklərdən simulyasiya yaradırıq. Böyük kalkulyatorlardan kiçik superkompüterlərə qədər böyük bir proqres yolu keçmişik.
Əgər hesablama gücümüz daha artıq inkişaf edib, lazımi qüvvəyə çatsaydı, prinsip etibarilə bütöv kainatın hər bir dövrünün hər bir hissəciyini simulyasiyaya çevirə biləcəkdik. Əgər yaradacağımız kompüter kvant olsaydı və hər ayrı hissəciyi qeyri-müəyyənlik vəziyyətində dəstəkləyə bilsəydi, simulyasiyamızda kainata məxsus kvant qeyri-müəyyənlik iştirak edə bilərdi. Və əgər bu simulyasiya daxilində formalaşmış planetlərdə həyat inkişaf etsəydi, hətta bu həyat intellektual mərhələrə keçsəydi, onlar bir gün simulyasiya içərisində yaşadıqlarını anlaya bilərdilərmi? Əlbəttə ki, "xeyr" cavabı verən alimlər çoxluq təşkil edir.
"Hətta müəyyən ölçüsü və uzunluğu olduğunu hesab etdiyimiz zaman, enerji, məkan, həcm kimi anlayışlar da məhduddur. Belə olduqda eyni zamanda bizim kainat da hesablanmış və məhdud olmalıdır. Bu kimi xüsusiyyətlər kainata simulyasiya olmağa şərait yaradır", - NASA-dan olan Riç Terril belə hesab edir.
Fizika nöqteyi-nəzərindən bu fikir yanlış da ola bilər. Kvant qeyri-müəyyənliyi real ola bilər, amma bu məkan və zamanın kvantlaşdığı və ya foton enerjisinin istənilən qədər kiçik ola biləcəyi mənasını vermir. Müşahidə oluna bilən kainatın bir sonu, həddi-hüdudu ola bilər, lakin əgər müşahidə olunmamış kainat da işin içinə qatılsa o, sonsuz da ola bilər. Modellərimizin hesablama yükünü azaltmaq üçün mümkün bütün hiylələrə gedirik, lakin kainatın da belə fəndlərə əl atdığının sübutu əldə edilsə belə, bu dəlillər əsaslı olmayacaq, çünki biz kosmik məkanın həddindən artıq az bir hissəsini araşdırmış olacağıq.
İnformasiya nəzəriyyəsinin nəticələri nəzəri fizikanın qabaqcıl tədqiqatlarında ortaya çıxır, bu isə buna görədir ki, hər iki sahə sistematik riyaziyyata tabedir. Bəzi arqumentlər irəli sürülür: "gələcəkdə şüuru yamsılamaq asan başa gələcək, demək ki üzvi şüuru da simulyasiya etmək mümkün olacaq, bu isə bizim də şüur simulyasiyası olduğumuz mənasını verir." Bu arqumentlər o dərəcədə zəif, dayanıqsız və tənqidə qapalıdır ki, arqument olduqlarını belə düşünmək çətindir. Bir neçə ay əvvəl müzakirə obyekti bu mövzu idi ki, bütov bir kainatı yarada bilmiş hər hansı bir şüur niyə anidən insan şüurunu da buraya əlavə etmək qərarına gəlib?
Yaxından baxsaq bu nəzəriyyənin insan ağlını uğurlu şəkildə "iştahlandırdığı" aydın olur. Kainatın simulyasiyadan ibarət olduğu fikri sadə və komfortlu olsa da, bu sualın bir daha meydana gəlməsini labüd edir: onda elm nəyə gərəkdir? Kainatın simulyasiya olduğu versiyasının bir qədər fərqli formasını əsrlərdir din də təklif edir. Beləcə anlamaq olar ki, bu fikir sadə və komfortlu olsa da, saxtadır.
Diqqətəlayiq başqa bir məsələ də budur ki, hətta əgər, məsələn, kosmik şüalarda məkan-zamanın diskret (çöxölçülü) olduğuna dair sübutlar əldə edilsə və bu sayədə kainat haqda biliklərimiz inanılmaz səviyyədə artsa belə, bu, kainatın modelləşdirilməsi hipotezini təsdiq etmiş olmayacaq. Çünki bunu təsdiq etməyin hər hansı bir üsulu yoxdur. Tapdığımız və ya tapmadığımız hər hansı bir kosmik "defekt" yaradıcılarımızın buraxdığı səhvlər ola bilər, amma kainatın öz xüsusiyyəti də ola bilər ki, bu daha elmi səslənir.
Hipotez adamı cəlb edir, lakin bu ideyanı elmi olaraq qiymətləndirə, bunun ehtimal payını hesablaya bilmirik. Məsələn, fizikanın cəlbedici xüsusiyyəti bundan ibarətdir ki, hərdən ağlasığmaz fikirlər ortaya çıxarsa da, çox güclü proqnozlaşdırma alətidir. Hətta əgər simulyasiyada yaşayırıqsa belə, təbiət qanunları və əsaslarını axtarma prosesimiz dəyişməyəcək - niyə fundamental konstantlar fundamental konstantlardır kimi əlavə suallara üz tutmayacağıq. "Niyə təbiət qanunları təbiət qanunlarıdır?" sualının cavabı "Çünki biz simulyasiyada yaşayırıq" ola bilməz.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində
Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin