Maraqlı

NASA-da çalışan yeganə azərbaycanlı: "İki milyardlıq teleskopun mühəndisiyəm" - FOTO

15 İyul 2017 09:45
11 Şərh     Baxış: 6 105

Atilla Əsgərov 1987-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 6 saylı məktəbin məzunudur. Daha sonra İstanbul Texniki Universitetində təhsil alıb. Virciniya Universitetində təhsilini davam etdirib. Corc Meyson universitetində magistr təhsilinə yiyələnib. Hazırda həmin universitetdə doktrantura oxuyur. Atilla Əsgərov artıq bir ilə yaxındır ki, NASA-da (National Aeronautics and Space Administration - Milli Aeronavtika və Kosmos İdarəsi) mühəndis (ASİC Engineer-Application Specific İntegrated Circuit) vəzifəsində çalışır.

Milli.Az xəbər verir ki, qısamüddətli məzuniyyət üçün Azərbaycana gələn Atilla Əsgərov azvision.az ilə həmsöhbət olub və maraqlı məqamlardan söhbət açıb.

- Magistraturanı bitirdikdən sonra bir neçə start-up şirkətində çalışdım. Daha sonra "Deloitte", "İntelsat" kimi şirkətlərdə çalışdım. NASA-nın vakansiya elanını görəndə rezümemi göndərdim. 3 gün sonra mənə zəng edib müsahibəyə çağırdılar. Çox sevinirdim. NASA-nın Goddard Space Flight Center (GSFC) adlanan kampusunda (Merilend ştatı) müsahibədən keçdim. Hazırda elə orada müqavilə üzrə işləyirəm. Müsahibə zamanı mənə texniki sahə ilə bağlı çoxlu suallar verdilər. İki gündən sonra zəng edib dedilər ki, "Rəsmi olaraq sizə iş təklifi göndərmək istəyirik. Əgər təklifimizlə razılaşsanız, imzalayıb, geri göndərin".



- İşiniz nədən ibarətdir?

- NASA 2023-cü ildə Kosmosa WFIRST (Wide Field Infrared Survey Telescope) adlı yeni teleskop göndərəcək. Mən bu teleskopun detektor elektronikasının mühəndisiyəm. Mənimlə yanaşı orada xeyli sayda insan çalışır. Bütün günü laboratoriyada oluram. 



- Həmin teleskopdan hansı məqsədlə istifadə olunacaq?

- Bu teleskop başqa qalaktikaların kəşf, insanın yaşaya biləcəyi digər planetlərin aşkarlanması məqsədilə yaradılır. Həyatın mənşəyini öyrənmək də bu teleskop vasitəsilə mümkün ola bilər. Əslində teleskoplar bilmədiyimiz şeyləri kəşf etmək üçündür. Elə bil, insan ayağı dəyməyən bir yerə gedirsiniz. Sizin məqsədiniz bu ola biməz ki, məsələn, orada qızıl axtaracaqsınız. Sadəcə, oraları kəşf etmək istəyirsiniz. Qalanları sonrakı mərhələdir. NASA-nın da əsas məqsədi kəşfiyyat xarakterlidir. Ola bilsin ki, bu kəşfiyyatın nəticəsində çox faydalı bilgilər əldə ediləcək. Çox adam deyir ki, bizim Yer planetində günlərimiz sayılıdır, əvvəl-axır bu planetdən köçməli olacağıq. Biz, əlbəttə ki, bunu görə bilməyəcəyik. Bizdən sonrakı 50-ci nəsil bəlkə görə bilər. 



- NASA ilə müqavilənizin müddəti nə qədərdir?

- 2023-cü ilə qədər NASA-nın işçisiyəm. İstəsəm, 2023-dən sonra da NASA-da qala bilərəm. Orada çalışdığım heç bir il deyil, amma işimin nəticəsini çox bəyənirlər. Hiss edirəm ki, o layihə qurtarsa, mən başqa bir layihəyə də transfer ola bilərəm. Hətta o layihə bitməmiş daha iki layihə üzərində də işləyə bilərəm. Bunu gələcək göstərəcək. Əsas odur ki, işimin nəticəsindən razıdılar.

- Sizdən başqa NASA-da azərbaycanlı çalışırmı?

- Bildiyim qədərilə, hazırda orada çalışan tək azərbaycanlı mənəm. Bir nəfər də İran azərbaycanlısı çalışır. Buna görə də Azərbaycandan üzərimdə çox böyük diqqət var. Mən də bunu oradakı iş yoldaşlarıma deyirəm. Bu diqqətə görə hər kəsə öz dərin təşəkkürümü bildirirəm.



- Üzərində işlədiyiniz teleskopun dəyəri nə qədərdir?

- Təxminən 2 milyard dollardan çox olacağı gözlənilir.

- NASA-da iş yoldaşlarınız arasında Azərbaycana qarşı münasibət necədir?

- Yaxın dostlarım, iş yoldaşlarım tez-tez Azərbaycan barədə soruşular. Mən də onlara ölkəmiz haqqında məlumat verirəm. Onlar da Azərbaycana gəlib, buraları görmək istəyirlər. 



- NASA-da maaş sistemi necədir?

- Azərbaycandakı maaşlarla müqayisədə çox yüksəkdir. Amma Amerika ilə müqayisədə o qədər də çox deyil. NASA dövlət qurumudur. Əgər mənim tək istəyim pul olsa idi, daha çox maaş verən iş tapar və NASA-da qalmazdım. Hazırda da belə imkanlarım var. Amma NASA sözü "CV"-də çox gözəl görünür. Artıq oktyabr ayında orada işləməyimin bir ili tamam olacaq.

- NASA-da rəhbər və işçilər arasında münasibətlər necə tənzimlənir?

- Hər kəs bəlli bir layihə üzərində çalışır. Və hər kəs də öz vəzifə öhdəliyini bilir. Hamının rəhbəri, yəni supervayzeri var. Supervayzerlər öz aralarında iclas keçirirlər və qərar verirlər ki, məsələn, bu gün ADC testi olmalıdır. Daha sonra mənim supervayzerim gəlir və öz qurupunu yığır, bizə qərarları barədə məlumat verir. Qoyulan tapşırığı icra edir və bu haqda report yazıb, supervayzerə göndəririk. 



- İşə gecikmə zamanı cəza tədbirləri olurmu?

- Xeyr. İş mühiti çox rahatdır.

- Rəsmi şəxslər gəlib işlərinizlə tanış olurlarmı?

- Bir dəfə İsveç kralı NASA-ya gəlib, işlərimizlə tanış olmuşdu. ABŞ prezidenti və vitse prezidenti tez-tez gəlirlər.



- NASA-nın gələcək layihələri haqqında məlumat verə bilərsinizmi?

- Bəlkə də mənə güləcəksiniz, amma siz bu haqda məndən daha çox bilirsiniz. Bu haqda NASA-nın daxilində çox danışılmır. Hər gün NASA haqqında məqalələr oxuyan insanlar bu barədə məndən daha çox məlumatlıdırlar. Mən sadəcə, mühəndisəm.

- "NASA" deyiləndə bizim gözümüzün önünə baxdığımız filmlər gəlir. Bəs ilk vaxtlar sizdə vəziyyət necə idi?

- Hətta bəzən indi də nəyə görəsə qəmgin olanda fikirləşirəm ki, mən Amerikadayam və NASA-da işləyirəm. Özümə belə bir təsəlli verirəm.



- Azərbaycanla bağlı hansı planlarınız var?

- Bura vətəndir. Təbii ki, qayıtmaq istəyərəm. İstəyərəm ki, orada aldığım təhsili, təcrübəni vətənimdə də tətbiq edim...

- Atilla özü necə bir ailədə böyüyüb?

- Atam Ramiz Əsgər Bakı Dövlət Universitetində (BDU) Türkologiya Kafedrasının müdiridir. "Şöhrət" ordenilə təltif olunub. Anam isə 6 nömrəli məktəbdə müəllimə işləyir. Mən də həmin məktəbin məzunuyam. Anam iki dəfə "İlin Müəlliməsi" seçilib. Əməkdar müəllimədir. İki bacım var - Leyla Azərbaycan Dövlət Televiziyasında müxbir, Ayla isə Türkiyədə həkim işləyir.



- Sonda gənclərə nə demək istərdiniz?

- Nə oxumaq istədiklərinə öncədən qərar versinlər. Daha çox texniki sahələrə yönəlsinlər. Fizika, kimya, biologiya və s. dəqiq elmləri oxusunlar. İmkanları dəyərləndirsinlər. Azərbaycanda yaxşı təhsil aldıqdan sonra öz üzərlərində işləyərək də böyük mütəxəssislər ola bilərlər. Sadəcə, özlərinə inanmalı və öz üzərlərində çalışmalıdırlar.
 
Milli.Az
 

Məqaləyə dair fotomateriallar:

Система Orphus * Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Şərh yaz:

11 Şərh:

  • Anonim
    Ayten · 15 İyul 09:5120

    Ela. Belelerine halal olsun.

    Cavab yaz
  • Anonim
    5555555 · 15 İyul 10:0430

    O NASA-da calishan yegane azerbaycanli deyil, Alen Mirkadyrov,HI-SEAS(Hawai'i Space Exploration Analog and Simulation) proqraminin ishtirakcisi! Vezifesi- NASA Aerospace Engineer in NASA Goddard Space Flight Center

    Cavab yaz
    • Anonim
      Ey elaci qardaw ya baciy · 15 İyul 11:2401

      O dediyin wexs miliyyetce Azeridi? 10 04 yazan sene deyirem

      Cavab yaz
      • Anonim
        111 · 15 İyul 11:3300

        bəli !!! (Sənə yox, sizə)

        Cavab yaz
        • Anonim
          1 ci qardaw ya baci · 15 İyul 12:1000

          He baqiwla size

          Cavab yaz
  • Anonim
    Sima · 15 İyul 10:0620

    Aferin!!! Kaw butun genclerimiz senin kimi olaydi! Ugurlar! Valideynlerine de tewekkurler ki, bele ogul terbiye edib!

    Cavab yaz
  • Anonim
    Aziz · 15 İyul 10:2920

    Fexr edirik! )

    Cavab yaz
  • Anonim
    asi · 15 İyul 10:3671

    Uğurlar..Bu şəxsin qiymətini bilmək lazımdır..Nasa kimi bir yerdə milətimizdən bir nəfər varsa, böyük fəxrdir..

    Cavab yaz
  • Anonim
    Məcid · 15 İyul 11:0330

    Sadəcə əhsən deyirəm. fəxr ediləsi insandır.

    Cavab yaz
  • Anonim
    Kovrek · 15 İyul 11:0840

    He milli.az bu ayri mesele , yoxsaki bawlamisan Kardaşyan ele geyindi , bele geyindi . Cehenneme geyindi

    Cavab yaz
  • Anonim
    55555 · 15 İyul 11:0923

    menim sherhim hani? Duzgun bashliq yazmirsiniz, size elave informasiya verdim axi

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.