Rusiyada fevralın 5-dən başlayaraq rejissor Andrey Zvyagintsevin ölkədə geniş müzakirələrə səbəb olmuş "Leviafan" filmi ekranlara buraxılacaq.
Ukrayna tamaşaçılarının bu filmə kinoteatr ekranlarında baxıb baxa bilməyəcəyi hələlik bəlli deyil.
Milli.Az BBC-yə istinadən bildirir ki, filmi istehsal etmiş "Non-Stop Production" şirkətindən bildiriblər ki, "Leviafan"ın Ukraynada kirayəyə buraxılıb-buraxılmaması məsələsi hələ həllini tapmayıb.
Yanvar ayında filmin oğurluq surəti İnternetdə yayılıb. Rejissorun dediyinə görə, "Leviafan"a İnternetdə 10 gün ərzində dörd milyon baxış olub.
Bundan əvvəl film, İMDB portalının məlumatına görə, 50-dək ölkədə nümayiş etdirilib və 30-dan artıq festivalda iştirak edib.
Fevral ayında filmin Yunanıstanda, martda isə Almaniya və İsveçdə nümayiş etdirilməsi planlaşdırılıb.
Necə qəbul olunacaq?
Filmin prodüserlərindən və "Non-Stop Production" şirkətinin şəriklərindən biri - Aleksandr Rodnyanski "Leviafan"ın Ukraynada göstəriləcəyinə şübhə ilə yanaşdığını bildirib.
"Qorxuram ki, hazırkı açıq münaqişə şəraitində "Leviafan" - bir publisist ifadə, "Rusiyadakı miskin həyatın" daha bir təsdiqi kimi qəbul edilsin" - deyib Rodnyanski "Zerkalo Nedeli" məcmuəsinə verdiyi müsahibədə.
O vurğulayıb ki, "Leviafan" insan taleyi, sevgi, xəyanət və kədər haqqında müasir Rusiya materialı əsasında nəql olunmuş müəllif düşüncəsidir".
Aleksandr Rodnyanski deyib ki, filmin Ukraynada kirayəsi ilə əlaqədar ona yalnız "Arthouse Traffic" yayım şirkəti müraciət edib.
"Non-Stop Production" şirkətindən BBC Ukrayna xidmətinə bu şirkətin filmin kirayəsi ilə maraqlanan yeganə qurum olduğunu təsdiq ediblər.
Şirkətin mətbuat katibi Anna Vasilyeva BBC Ukrayna xidmətinin sorğusuna cavab olaraq yazıb ki, "hazırda filmin Ukraynada kirayəsi məsələsi həllini tapmayıb".
Prodüser Aleksandr Rodnyanski və rejissopr Andrey Zvyagintsev "Golden Globe" mükafatının təltifi mərasimində "Arthouse Traffic" şirkətinin baş direktoru Denis İvanov BBC Ukrayna xidmətinə verdiyi şərhdə deyib ki, filmin İnternetdə yayılması onun kirayəsinə təsir edəcək faktor deyildir.
Onun sözlərinə görə, oğurluq surətlər bəzən filmlərin kassa xidmətinə yaxşı, bəzən də pis təsir edir.
"Bəzi "Mütləq baxılmalı" sayılan relizlər adamları kinoteatrlara gətirir. Filmin İnternetdə olub-olmaması rol oynamır. Çünki filmlə bağlı qalmaqal ona marağı daha da artırmış olur", İvanov deyib.
Digər tərəfdən, Ukraynada yaranmış vəziyyətlə əlaqədar filmin orada necə qəbul ediləcəyi bilinmir.
"Kimsə bunu informasiya müharibəsinin bir hissəsi kimi qiymətləndirəcək, kimsə daha dərin məna axtaracaq. Hər şey axır nəticədə bu filmə gəlib baxan hər bir konkret tamaşaçının mədəni səviyyəsindən asılı olacaq", Denis İvanov deyib.
O, Zvyagintsevin işini Ukrayna tamaşaçısı üçün maraqlı ola biləcək "mütləq müəllif filmi hadisəsi" adlandırıb.
Əgər "Oscar" mükafatı alarsa, filmə maraq daha çox olacaq, İvanov əlavə edib.
Rusiyada filmin tənqidi və prokatı
Rusiyada filmin ekranlara buraxılması ötən noyabr ayı üçün nəzərdə tutulmuşdu, lakin onun vaxtını dəyişib "mükafat mövsümünə" saxlayıblar.
"Leviafan" Rusiyadan "Oscar" mükafatına ən yaxşı əcnəbi dilli film kimi təqdim olunub. Amerikanın Kino Akademiyası qalibləri fevralın 22-də elan edəcək.
Film, həmçinin Britaniyanın Kino və Televiziya Mükafatına (BAFTA) təqdim olunub və nəticəni bu bazar, fevralın 8-də elan edəcəklər.
Ötən ilin mayında filmin ilk dəfə göstərildiyi Kann Festivalında rejissor ən yaxşı ssenari üçün mükafata layiq görülüb.
Andrey Zvyagintsev vurğulayıb ki, o, öz filmini Rusiyadakı həyatı dəqiq əks etdirən güzgü kimi qiymətləndirir.
"Burada...qərəzli şəkildə yol verilmiş şişirtmə və ya rənglərin tündləşdirilməsi yoxdur. Əksinə, burada dünyanı olduğu kimi göstərmək təşnəsi, nəyinsə dəyişəcəyinə ümid etmək istəyi var", Zvyaginntsev deyib.
O deyib ki, Rusiyada göstərilməsi üçün filmin səs cığırından "nalayiq söz və ifadələr" yığışdırılıb.
Rusiyada çıxan "Byulleten kinoprokatçika" məcmuəsinin verdiyi məlumata görə, Rusiya şirkətləri - "A Company" və "20 vek Foks SNG" filmin 638 nüsxəsini yayıblar. Rusiyada təxminən bu sayda ekranda "İmitasiya oyunu" nümayiş etdiriləcək.
Rusiyanın "İzvestiya" qəzeti "A Company" şirkətinin mətbuat xidmətinə istinadən yazır ki, şirkət gözlədiyindən iki dəfə artıq sifariş alıb.
Xristian-Pravoslav dinindən olan fəallar filmin ölkədə nümayiş etdirilməsinə qarşı çıxıblar. Bundan əvvəl, onlar filmin kirayəsinin qadağan olunması üçün mədəniyyət naziri Vladimir Medinskiyə müraciət etmişdilər.
Milli.Az