Maraqlı

"Tarkovski ilə porno arasında məsafə elə də çox deyil"

6 Dekabr 2014 19:42
0 Şərh     Baxış: 2 135
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Qızıl Palma" mükafatlı məşhur türk rejissor və ssenarist Nuri Bilgə Ceylan 1959-cu ildə doğulub. Atası Mehmet Emin Ceylan aqrar sənaye mühəndisi, anası Fatma Ceylan isə evdar qadın idi. Uşaqlığını ata yurdu Yenicədə keçirən Nuri Bilgə məktəbi bitirdikdən sonra Boğaziçi Universitetinin "Elektrik - elektronika mühəndisliyi" fakültəsinə daxil olur. Səkkiz illik tələbəlik dövrü xeyli proqressiv keçir. Nuri Bilgə bu dövrlərdə fotoqraflıqla məşğul olur, çəkdiyi qeyri-adi kadrları ilə digərlərindən fərqlənirdi. Onun fotoları həmin dövrün bir çox tanınmış incəsənət jurnallarında dərc olunur. Boğaziçi Universitetini bitirdikdən sonra "Memar Sinan" Universitetində iki il kino təhsili alır.

Nuri Bilgə Ceylan çəkdiyi filmlərin bütün işlərini, demək olar, özü görür. Ssenari üzərində dəqiqliklə işləyir, rejissorluq edir, prodüserliyi ilə də özü məşğul olur. Kinoya ilk addımını "Koza" adlı qısa filmi ilə atan rejissor bu filmlə Kann Kino Festivalına qatılır. 1997-ci ildə ilk uzunmetrajlı "Qəsəbə" filmini çəkir. Rejissora bütün dünyada məşhurluq qazandıran ilk filmi isə 2002-ci ildə çəkdiyi "Uzaq" filmi olur. Film Kann Kino Festivalında "Böyük Jüri" mükafatını qazanır. Baş rolun ifaçıları Muzaffer Özdemir və Mehmet Emin Toprak isə "Ən yaxşı aktyor" mükafatını bölüşürlər.

2006-cı ildə çəkdiyi "İqlimlər" filmində Nuri Bilgə Ceylan xanımı Ebru Ceylan ilə kameranın qarşısına keçərək baş rolları ifa edirlər. 2008-ci ildə keçirilən Kann Kino Festivalında Nuri Bilgə "Üç meymun" filmi ilə "Ən yaxşı rejissor" nominasiyası üzrə mükafata layiq görülür. Rejissorun ən uğurlu filmlərindən biri hesab olunan "Bir zamanlar Anadoluda" 64-cü Kann Kino Festivalının "Böyük Jüri" mükafatını qazanır.

Nəhayət, sonuncu filmi "Qış yuxusu" isə builki 67-ci Kann Kino Festivalında festivalın baş mükafatı olan "Qızıl Palma" mükafatını qazanır və Nuri Bilgə Ceylan Yılmaz Güneydən sonra bu uğura imza atan ikinci türk rejissoru olur.

Ötən ay İngiltərə kinoteatrlarında ekranlara çıxan "Qış yuxusu" filmi ingilis kino tənqidçiləri tərəfindən yüksək qiymətləndirilib. İngiltərənin "The Guardian" qəzetinin müxbiri Peter Bredşou Nuri Bilgə Ceylanla film barəsində söhbətləşib.

Milli.Az kult.az-a istinadən həmin müsahibəni təqdim edir.

Kann Kino Festivalında türk rejissor Nuri Bilgə Ceylanın qaranlıq və insanı qara-qara düşünməyə vadar edən son filmi "Qış yuxusu"nu izlədikdən bir neçə gün sonra görüşümüz baş tutacaqdı. Görüş vaxtına az qalmış hava tutulur və yağış başlayır. Sahildə görüşəcəkdik, ancaq yağış şiddətləndiyi üçün qapalı bir yerdə daldalanmağa məcbur oluruq. Ceylan bir az yaraşıqlı və bir az da qaraqabaq adamdır. Tez-tez öz filmlərində rol alan rejissor mənə qarşı da rahat ev sahibi kimi davranır. Söhbətə başlamadan əvvəl mənə türk qəhvəsi sifariş verir.

196 dəqiqəlik "Qış yuxusu" filmində bol fikir axını var. Filmi həzm etdikdən sonra, sanki bir ceyranı mədəmə ötürmüş və son dəfə udqunmam üçün müəyyən zamana ehtiyacım var imiş kimi hiss etdim. Film qarmaqarışıq və Çexov tərzi tragikomik dramdır: ləzzətli, bəzən solğun və daima maraq doğuran. Ailəsindən qalan pansionatı idarə etmək üçün aktyorluğu buraxıb Anadoluya gələn Aydın, onun İstanbuldakı keçmiş həyatı üçün darıxan həyəcanverici aktrisa ilə deyil, özünü bəyənmiş bir pansionat sahibi ilə evləndiyini görən gənc və gözəl Nihal. Bundan başqa, qardaşının təkəbbürü və yerli bir qəzetdə hər həftə yazdığı köşə yazıları ilə hiss elətdirmədən məzələnən Aydının bacısı Necla da onlarla birlikdə yaşayır.

Nuri Bilgə Ceylan Çexovun "Üç bacı" pyesindən deyil, bəzi başqa kiçik hekayələrindən, xüsusilə də, filmin əsərdən köçürülmə kimi görülməsindən qorxduğu üçün deməyə çəkindiyi bir hekayədən ilham aldığını bildirir: "Bu haqda danışmaq istəmirəm. O, bir çıxış nöqtəsi idi. Əsas ideyanı təşkil edən kiçik bir dialoq. Tam olaraq "bir hekayə var idi" deyə bilmərik, amma bir həyat qavrayışı var idi".

Hər zaman bir yerdə işlədikləri xanımı Ebru Ceylan ilə birgə film və ideyanı, təxminən, altı il ərzində inkişaf etdiriblər. "Əvvəl obrazlarla başladıq, sonra hekayəni davam etdirdik, - deyir. - Çox qarışıq proses idi. İlk bir ay yalnız danışır, müzakirə edirdik. Sonra filmin skeleti üzərində müzakirə apardıq, ardınca isə dialoqlara keçdik. Dialoq yazmaq mərhələsi, xüsusilə, çətin idi. Çünki dialoqları ayrı-ayrı yazırdıq. O, öz versiyasını yazdı, mən isə öz versiyamı. Bəzən onun yazdıqları məni təəccübləndirdi, bəzən də mənim yazdıqlarım onu heyrətə gətirdi. Nəhayət, mübahisə etdik və axırda dava elədik".

Rejissor hazırlıq prosesinin çox narahatedici olduğunu deyir. Ancaq yenə də xanımı ilə birlikdə yazmağa davam edir, çünki bilir ki, onun böyük şöhrətindən təsirlənmədən qarşısına çıxa bilir.

Bəs aktyor seçimi? Həmişə ağlında teatr keçmişi olan və uzun müddət İngiltərədə yaşamış "Bergerac" və "Eastenders" kimi televiziya seriallarında işləyən Haluk Bilginer var idi? Ceylan başını yelləyərək təsdiqləyir: "Fikrimdə təkcə onu canlandırırdım. Ssenarini bitirdiyimiz vaxt məşğul olduğu üçün rolu qəbul etmədi. Çoxdan planlaşdırılan həftədə üç gecə oynadığı rolu var idi. Başqa aktyorlar axtardım, fikrim hələ də onda idi. Nəhayət, razılaşdı. Biz də işimizi onun proqramına uyğunlaşdırdıq. Ancaq onun boş olduğu vaxtlar işlədik. Həmişə ağlımda, sadəcə, o var idi".

Əsas obraz simpatik biri olmalı idi? Ən sonda onun üçün kədərlənməli idik? Ceylan suala cavab vermək üçün başını yavaşca əyir: "İnsan çox mürəkkəb varlıqdır. Bu mürəkkəbliyi olduğu kimi göstərməyə çalışdım. Hamımız mürəkkəb varlıqlarıq. Bir gün deyirsən ki, bu, çox yaxşı adamdır. Ancaq ertəsi gün həmin adam çox qəddar biri ola bilir. Məsələn, atam. Hamı onun çox sevimli biri olduğunu düşünür, amma anama görə çox çətin adamdır. Sadəcə, anama görə".

Filmin adına keçək. "Çətin və uğursuz Qış yuxusu" - "Böyük yuxu" ola bilər? Böyük yuxu, ölüm kimi yəni? Nuri Bilgə Ceylan gülümsəyir: "Bilirsən ki, filmin ilk versiyasının uzunluğu dörd saatdan çox idi. Həmin versiyada bacı obrazı bu sözləri deyir: "Burada qış yuxusundaymışıq kimi yaşayırıq".

Daha sonra davam edir: "Əslində, "Qış yuxusu" riskli ad idi. Distribüterlər daxil ətrafımda olan heç kim bu adı istəmirdi. Astagəl rejissordan uzun bir film olduğunu dedilər. "Filmin adına "yuxu" sözünü qoyma, hamı səni məsxərəyə qoyacaq", - deyirdilər. Ancaq mən meydan oxumağı sevirəm. Bunun əks-effekt verəcəyini düşündüm. Çünki gözləntiləri azaltmaq yaxşı şeydir. Əgər müddəti gözə alıb baxacaq olsalar, film onlar üçün daha rahat gələcəkdi. Beləcə, distribüter israrla filmin adını "Qış günəşi" qoymağımı istəməsinə baxmayaraq, mən "Qış yuxusu"nu seçdim. 

Filmin gözlənilməyən aydınlığı və içindəki yumor ünsürləri tamaşaçıları təəccübləndirdi. Bəli, bu, doğrudur. Filmdə hər tamaşaçının tuta bilməyəcəyi qara yumor elementləri var. Nuri Bilgə Ceylan nə vaxtsa komediya filmi çəkməyi fikirləşə bilər?

Onun dərin səsi "Xeyr, xeyr, xeyr!" - deyə yumşaqca yüksəlir: "Mən elə adam deyiləm. Komediyaları sevmirəm. Gülməyi də çox sevmirəm". Bunu deyərkən qəhqəhə ilə gülür. "Bir daha təkrar edirəm, - qəhqəhə çəkərək gülür. - Xeyr! Bəzi insanlar onları əyləndirən filmlərə baxmağı sevə bilər, amma mən melanxolik şeyləri daha çox sevirəm. Ancaq təbii ki, dostlarımın yanında gülürəm".

Ona hansı rejissorlara heyran olduğunu soruşanda Yasudziro Odzu və Rober Bressonun adını çəkir. Bu vaxt rejissorun möhtəşəm filmlərindən biri olan "Uzaq" filmindən bir səhnəni xatırlatmaq üçün uyğun an olduğunu fikirləşirəm. Həmin səhnədə qonağı ilə birlikdə Andrey Tarkovskinin "Stalker" filminə baxan adamı görürük. Biri yuxuya gedəndən sonra digəri sakitcə pornoya baxır. Bu səhnə ilə kino tarixinin ən böyük ustalarına olan münasibətimizi tənqid etmək istəmisiniz?

Nuri Bilgə Ceylan isə bu səhnənin tənqid olmadığını deyir: "Türkiyədə bu səhnəni səhv başa düşdülər. Əksəriyyət adam dostunu yuxuya vermək üçün Tarkovskinin filmini qoyduğunu düşündü. Ancaq bu, özü ilə itirdiyi idealları arasında bağı təsvir etmək üçün idi. Əslində, o, həqiqətən, Tarkovskini izləmək istəmişdi".

Və məni bir az təəccübləndirən sözlərlə davam edir: "Tarkovski ilə porno arasında məsafə elə də çox deyil. İkisi də ehtiyacdan doğur. Bir insan itirdiyi idealları ilə əlaqə qura bilmədiyini hiss edir və nəticədə masturbasiya eləyir. Masturbasiya bəzən dünyanı unutmaq mənasına gəlir".

"Qış yuxusu"nda bir az "duyğusuz yumor" var. Ancaq əsasən, qaranlıq şeylərdir. Xüsusilə bir səhnə: Nihalın Aydının kənddəki mülklərindən birində qalan həyata küsmüş kirayənişinin qəzəbini yatışdırmağa çalışdığı səhnə. Ceylan: "Bu xəyal qırıqlığı və həqiqətləri görməklə bağlıdır, - deyir. - Nihalın həyatın həmişə xoşbəxtlikdən ibarət olmadığını başa düşməsini istədim". Düzdür, əslində, həyat elə deyil. Yenə də Ceylanın işlərində az da olsa, xoşbəxtlik var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.