Maraqlı

Kristofer Nolanda "İnterstellar" filmi barədə söhbət - FOTO

18 Noyabr 2014 20:56
1 Şərh     Baxış: 2 732
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Dünya şöhrətli amerikalı rejissor Kristofer Nolanın bu yaxınlarda ekranlara çıxan "Interstellar" filmi bütün dünyada böyük marağa səbəb olub. Azərbaycan kinoteatrlarında da izlənilən filmin ssenarisinin yazılmasında və çəkilişlərdə məşhur amerikalı fizik Kip Stiven Torn məsləhətçi kimi iştirak edib.

Milli.Az kult.az-a istinadən bildirir ki, Nolanın indiyə kimi çəkdiyi ən uzun film ünvanını daşıyan "Interstellar" İMDb top 250 siyahısında on ikinci yerə qədər yüksəlib. "The Hollywood Reporter"un Nolan və filmin aktyor-aktrisa heyətindən aldığı müsahibəni təqdim edirik. 

- Kris, "Interstellar"ın ideyası qardaşın və Stiven Spilberqdən gəlir. Tam olaraq nə baş vermişdi? 

- Qardaşımla bütün işlərimizdə bir-birimizi tərifləməyə çox meyilli oluruq. İllər boyunca, hələ onun Kip Torn ilə işlədiyi dövrlərdən bəri "Interstellar"ın ideyası beynimdə dolaşırdı. Hər zaman bunun həyəcanverici bir iş olduğunu fikirləşirdim. Bəzən qardaşınızın Spilberq ilə birgə işləməsi yaxşı şeydir. Mən kino ilə bağlı ilk xatirələrimdən biri atamın məni "2001: Kosmik Odisseya" filminə aparması idi. Planetimizdən ayrılmaq, kainatın ən uzaq nöqtələrinə getmək fərqli və qeyri-adi bir duyğu idi. Sonradan bu artıq məndə ehtirasa çevrildi. Nə vaxtsa bir elmi-fantastik film layihəsinə daxil olsam və layihənin məqsədi kainatı kəşf etmək olacaqdısa, onu əldən buraxmayacaqdım. 

- Bəs "2001: Kosmik Odisseya" kimi filmləri düşünəndə gözün qorxur?

- Artıqlaması ilə. 

- Öhdəsindən necə gəlirsən?

- Gəlmirəm. Sadəcə, əlimdən gələnin ən yaxşısını edirəm. Gözün qorxur, amma eyni zamanda ilham alırsan. Uşaq vaxtı Kubrikin məlum filmindən çox təsirlənmişdim. "Ulduz müharibələri" yeni çıxdığı vaxtlarda "2001: Kosmik Odisseya" yenidən vizyona girmişdi. O vaxt səkkiz yaşım var idi. Filmi başa düşməyəcəyim bəlli idi, amma heç indi də tam baş düşdüyümdən əmin deyiləm. 

- Filmi mütləq başa düşmək lazımdır?

- Məncə, lazım deyil. "2001: Kosmik Odisseya" nadir filmlərdəndir ki, sizə başa düşməli bir şey olmadığını deyir. Çünki o filmi hiss etmək lazımdır. Eyni zamanda, o film bütün dövrlərin ən böyük ilham mənbəyi və istənilən biri ilə danışa biləcəyiniz mövzu oldu. 

- Nolan çəkilişlərdən əvvəl bu filmləri izləməli olduğunuzu deyib?

Mettyu Makkonaxi: Açığı, belə bir "ev tapşırığımız" olmayıb. Ancaq elə lap əvvəldən fərqinə vardığım şeylərdən biri onun tamamilə orijinal bir şey yaratmaq istəməsiydi. Toz fırtınasını xatırlayıram... Yağış yağırdı. Yağışın altında necə toz fırtınası ola bilər? Bu səhnəni çəkirdik və yağış yağırdı. "Toz fırtınası səhnəsi üçün heç ideal vəziyyət deyil" deyə fikirləşdim. O isə "düzdür, deyil, amma daha əvvəl kiminsə cəhd etdiyini fikirləşmirəm, bu, yenilik olsun" dedi. 

- Digər göz qorxudan şey də bunun elm olmasıdır. İnsanlar soxulcan deşiyindən keçərək bir başqa qalaktikaya səyahət edir. Bu, doğrudur?

- Əgər bir soxulcan deşiyi yaratmaq mümkündürsə, insanların o deşikdən keçməsi də mümkündür. Aralarında ucsuz-bucaqsız məsafə olduğu üçün qalaktikalar arasında səyahətin ən mümkün yollarından biri budur. Qalaktikamıza ən yaxın ulduz belə min illik məsafədə yerləşir. Kipin soxulcan deşikləri nəzəriyyəsi üzərindəki riyazi ehtimalları və bunun ola biləcəyinə dair fikirləri sizə hadisənin gerçək ola biləcəyinə dair bir yol təqdim edir. Film elə bu nəzəriyyəyə əsaslanır. Layihəyə qoşulanda Kim və Conatan bir-birindən fərqli nəzəriyyələr üzərində işləyirdilər. Mənim ən böyük töhfələrimdən biri "yaxşı, bunların hamısını istifadə edə bilməyəcəyik. Birini seçmək məcburiyyətindəyəm" demək oldu. 

- Səni bəyəndilər təbii olaraq...

- Eynilə. Mənim işim rejissor olaraq tamaşaçını ovcumun içinə alıb, əlimdə saxlaya biləcəyim bir film çəkməkdən ibarət idi. Kip ilə bir yerdə işləyərkən mənə ən çox ilham verən şeylərdən biri ona sual verərkən həmin an cavablandırmaması idi. Bir az tək qalıb hesablamalar aparmaq üçün bir neçə gün sərf edərdi. Bu müddətdə başqa alimlərlə danışır və araşdırmalar aparırdı. Bütün bu proseduradan sonra yanımıza ətraflı izahı ilə gəlirdi. Mənim sonu gəlməyən suallarımdan heç vaxt bezmədi. 

- Filmin elmi tərəfləri ilə bağlı prosesdə hamınız iştirak etmisiniz? Thorne ilə görüşdünüz? Ondan nə soruşdunuz?

Enn Heteuey: Filmin elmi tərəflərinə diqqət yetirib, başa düşməyə çalışdım. Ancaq Kip ilə trubada ifa etməkdən savayı xüsusi bir şey danışdığımızı xatırlamıram. İkimiz də bir vaxtlar trubada ifa etmişik. 

Cessika Çesteyn: Xatırlayıram ki, çəkiliş setində çox mürəkkəb və qarmaqarışıq tənlik yazırdım. Əsas məsələ, nə yazdığımı və nə haqda danışdığımı bilirmiş kimi görünməli idim. Bir təhər bu "XYZ3" tənliyini xatırlamağa çalışırdım və Kip gəlib "əslində, bu tənlik üç lövhə uzunluğundadır" demişdi. 

Mettyu Makkonaxi: Kip ilə elədiyin heç bir söhbətdə dəqiq cavab ala bilməzsiniz. O, bir suala cavab verəndə daha çox sual verməli olursan. Hər cavab yeni sual doğurur. Beləcə, uzanır. Məsələn, zaman xətlərinin əyilməsinə dair danışmışdıq. Nəzəri olaraq işıq sürətindən daha sürətli getmək haqqında. 

- Çəkilişdən sonra fəlsəfi və ya dini baxımından hər hansı emosional dəyişiklik yaşadınız?

Mettyu Makkonaxi: Mənim bu məsələlərə baxış bucağımı genişləndirdi bir az.

1977-ci ildə çəkildiyim "Contact" filmindən sonra kainata, ətraf aləmə olan baxışım xeyli genişlənmişdi. Mən elmi fantastik film izləməyən biri olmuşam. Uşaq vaxtı da elmi fantastik əsərlər oxumurdum. Nəyin konkret olduğunu, hal-hazırda nələrə sahib olduğumuza dair fikirləşirdim və ya, məsələn, dənizin altında nə olduğunu fikirləşirdim. Heç vaxt bundan daha irəliyə getməmişdim. 

- Elədiyin bəzi araşdırmalar məni heyran elədi. 2.5 milyon ulduz haqqında məlumat bazasına sahib olan NASA-ya getdin. Səni təəccübləndirən bir şeylər oldu?

- Bu tip şeyləri çox önəmsəmirik, sonra "SpaceX"ə gedəndə görürük raket inşa edirlər. Dünyadan ayrılacaqlar. Bizim nəslimiz dünyamızdan ayrılma, günəş sistemindəki yerimizi kəşf etmə, qalaktikanı və kainatı kəşf etmə məsələsində çox passiv davrandı. Filmi çəkərkən hər şey daha asan gəldi, hər şey haqqında daha fərqli düşünməyə başladım. Baxışım dəyişdi. Ölçülərlə, ucsuz-bucaqsız məsafələrlə, nəhəng planetlərlə, bir soxulcan deşiyinin necə görünə biləcəyi ehtimalı ilə, qara dəliyin nə ola biləcəyinə dair mübahisələr, müzakirələr etməliyik. Bu məsələləri bacardıqca praktik şəkildə araşdırmaq lazımdır. Belə sualların həlli, məsələlərin həlli daha yaxın görünür. Bu da çox həyəcanverici bir şeydir. 

- Səncə, zamanda səyahət məsələsinə bu qədər zəhmət sərf etməyə dəyər?

- Bu film ərsəyə gələnədək qazandığımız təcrübə beynimdə "bunu etməliydik, ya etməməliydik" sualına heç yer qoymur. Demək istədiyim odur ki, bəli, zəhmətə dəyər. Zamanda səyahət insanların yaxın zamanlarda bacaracağı bir işdir. Ümid edirəm ki, yaxın zamanda baş verər, mən də buna şahidlik edə bilim. 

- Yaxşı, onda belə deyək... Fikirləşin ki, bir kosmik gəmi ixtira etdim...

Cessika Çesteyn: Mən minməyəcəyəm! Burda qalıb popkorn yeyəcəyəm. 

Mettyu Makkonaxi: Sən, onsuz da, popkorn yeyirsən. Mən bu gün minə bilərəm? Ya bu gecə? Qayıdış bileti olmadan? "Əlvida" deyəcəyim çox az adam var. Bu riski gözə alıram. Ancaq bilirsiniz ki, filmin mərkəzindəki sual budur: Ehtiyatımı gördüm, hesablamalarımı apardım deyək. Sabah günorta getməyim lazım olduğunu desəniz, nə deyəcəyimi bilmirəm. 

Enn Heteuey: Ərimi də gətirə bilərəm? (gülürlər)

- Ən çox nədən ötrü darıxardınız?

Kristofer Nolan: Külək və hava. 

Enn Heteuey: Xəfif bir meh. 

Mettyu Makkonaxi: Nədən ötrü darıxardım? Yer üzündəki maneələri sevirəm. Onlar hiss edilə biləcək şeylərdir. Burdakı ölümlülük üçün darıxardım. 
 

- Metyu, bizə bir az da Nolanla ilk görüşünüzdən danışa bilərsən?

Mettyu Makkonaxi: Həmin vaxt Yeni Orleandaydım. Mənimlə görüşmək istədiyini eşitdim. Filmin adı haqqında, mövzusu haqqında heç bir məlumatım yox idi. Bir şənbə səhəri görüşdük. Ofisinə getdim və düz üç saat söhbət elədik, amma film haqqında hələ bir kəlmə də danışmamışdıq. 43 yaxşı fərdlər olaraq kim olduğumuzu danışdıq, ikimiz də ata olduğumuz üçün atalıq kimliyi barəsində danışdıq, uşaqlarımız haqqında danışdıq. Başqa filmlər haqqında söhbət elədik. Ofisdən çıxan kimi öz-özümə "indi bu, nə demək idi?" dedim. Deyəsən, məni yaxından tanıyıb, kim olduğumu bilmək istəmişdi.

Kristofer Nolan: Sırf layihə haqqında danışmamağımın səbəbi detalları bölüşmədən əvvəl insanlar haqqında necə fikirlərə sahib olduğunu bilməyin önəmli olduğunu düşünməyimdir. Bir-birimizlə necə yola gedəcəyimizi təxmin eləmək istəyirdim. 

- Film istehsalının sizin üçün ən çətin hissəsi hansıdır?

Kristofer Nolan: Qəti şəkildə bu işin ən çətin hissəsi filmin tamaşaçıya təqdimetmə hissəsidir. Digər məsələlərdə çətinliyə düşəndə çıxış yolu tapmaq daha asan olur. Ancaq layihənin sonuna doğru çıxış yollarının hamısı bir-bir bağlanır və demək olar ki, tükənmiş olur. 

- Filmlərini hələ də rəqəmsal deyil, "35mm"lə çəkməkdə israr edirsən. Nə vaxtsa fikrini dəyişəcəksən?

Kristofer Nolan: Ümid edirəm ki, dəyişməz. Açığı, bilmirəm. "35 mm"i sevirəm və istifadə etməyə davam edəcəyəm. Onun əsas xüsusiyyəti çox keyfiyyətli olmasıdır. İlk başlarda ona görə bundan istifadə edirdim. Hələ də istifadə etməyimin səbəbi keyfiyyətidir. 

- Öz sahənin peşəkarısan. Bir çox məsələlərdə də keçmişə bağlısan. Sənin marağını keçmiş daha çox çəkir, yoxsa gələcək?

Kristofer Nolan: Məncə, həmişə gələcək yönümlü seçim etməlisiniz. Bu daha praktikdir. Həmişə gələcəyə çatmaq istəyirik, gələcəyə toxunmaq istəyirik. Ancaq mən həmişə təcrübələrimə dəyər vermişəm. Yəni novatorluğu, gələcəyə yönümlü şeylər sınamağı, daima irəli hərəkət etməyi sevirəm, amma təcrübələrə əsaslanan ənənələrimi də davam etdirmək istəyirəm.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.