Maraqlı

Mikayıl Müşfiqi arvadına görə öldürüblər?

27 Sentyabr 2014 19:39
30 Şərh     Baxış: 51 535
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az kult-az-a istinadən Dilqəm Əhmədin yazısını təqdim edir

1937-ci ildə repressiyaya uğrayanlar, əsasən, əksinqilabi fəaliyyətdə və gizli Müsavat üzvü olmaqda ittiham olunurdular. Onlardan biri də Mikayıl Müşfiq idi.

Danılmaz faktdır ki, Azərbaycanda Sovet hökuməti qurulduqdan sonra ölkədə "Gizli Müsavat" təşkilatı yaradılır və tanınmış simalardan bəziləri orada təmsil olunur. Məsələn, Müşfiqin ölümünə şeir yazdığı Cəfər Cabbarlı kimi.

Amma Müşfiq haqqında bunu əminliklə demək mümkün deyil. Çünki onun xanımı Dilbər Axundzadə "Müşfiqli günlərim" kitabında bizə fərqli bir Müşfiqi tanıdır.

D.Axundzadə yazır ki, bir dəfə Müşfiq evə aşırı kədərli gəlir, eyvana çıxaraq siqaretini yandırır, başının ağrıdığını deyir. Səbəb isə yığıncaqda onun "burjua şair" adlandırılmasıdır. Bu dönəmdə "burjua" sözü damğa kimi idi və bu söz həmin şəxsin gələcəkdə faciələrlə üzləşməsini qaçılmaz edirdi.

"Dilbər, bu gün yığıncaqda bəzi bədxahlar məni o qədər tənqid etdilər ki, az qaldı ürəyim yerindən qopsun. Mənə deyirlər, sən xırda burjua şairisən. Bu söz mənə elə toxundu ki... Axı "burjua" sözü deyəndə bizim gənclərin təsəvvürünə zəhmətdən qaçan, insanlıqdan kənar, xalqı, cəmiyyəti, vətənini sevməyən adamlar gəlir. Özün de, mən elə sifətlərə layiqəmmi?"

Bir qədər əvvəldən başlayaq.

Dilbər xanım xatirələrə Müşfiqlə tanış olduğu ilk gündən başlayır. Belə ki, Dilbərin əmisinin arvadı Fəramüş Mikayıl Müşfiqlə tələbə yoldaşı idi. Fəramüş institutu bitirmələri münasibətilə APİ-də təşkil olunan buraxılış gecəsinə bacısı Həcəri və qaynı qızı Dilbəri də aparır.

Dilbər ilk dəfə orada Mikayıl Müşfiqi görür.

"Müşfiqin əynində səliqə ilə tikilmiş qəhvəyi kostyum, ona uyğun üst köynəyi və qalstuk, ayağında qəhvəyi ayaqqabı vardı. Alnının üstünə düşən qara tellərini əli ilə tez-tez arxaya atırdı. Yoldaşlarından fərqli olaraq, Müşfiq həyəcanlı və tutqun idi. Elə bil, bugünkü təntənə onu sevindirmirdi".

Onlar ikinci dəfə "Kommunist" küçəsində rastlaşırlar, aralarında qısa dialoq keçir. Növbəti dəfə isə Dilbərin rəfiqələrindən olan Pirayə Müşfiqdən ona məktub gətirir. Məktubda Dilbərə yazılan iki şeir və səmimi etiraflar vardı.

"O gecə yuxum ərşə çəkildi. Oxuduğum kitablardakı aşiqlərin surətləri bir-bir gözlərimdə canlanmağa başladı. Onların arzuları, düşüncələri, keçdiyi həyat yolları, aqibətləri haqqında düşündüm. Müşfiqi və özümü onlarla müqayisə etməyə başladım..."

Nəhayət, Dilbər razılaşır, gənc aşiqlər tez-tez görüşür, hər görüşdə Müşfiq ona yazdığı şeirləri oxuyur, qəlbini qazanmağa çalışır. Belə görüşlərin birində Müşfiq arzusunu dilə gətirir:

"Bizim bu görüşlər mənim aləmimdə artıq mənəvi bir ehtiyaca çevrilib. Amma nə vaxtacan biz çəkinə-çəkinə, qorxa-qorxa görüşəcəyik?!... İstəyirəm sizə elçi göndərim. Razılıq alan kimi nişan taxaq. Ondan sonra ürəyimiz istəyən vaxt görüşə bilərik. Sən də görüşə gələndə ayağının birini qaçaq qoymazsan".

1932-ci ilin aprelində onlar nişanlanırlar. Nişanda Hüseyn Cavid həyat yoldaşı Müşgünaz xanımla, Əhməd Cavad həyat yoldaşı Şükriyyə xanımla, həmçinin məşhur müğənni Bülbül də iştirak edirdi. Eyni zamanda dövrün gənc şair və yazıçılarından Səməd Vurğun, Süleyman Rüstəm, Mehdi Hüseyn (xanımı Fatma ilə), Rəsul Rza (Nigar Rəfibəyli ilə birgə), Məmməd Rahim (xanımı Mələklə) nişana təşrif buyurmuşdular.

1933-cü ilin iyunun 20-də isə onlar ailə həyatı qururlar.

"Evləndiyimiz vaxt Müşfiq "Azərnəşr"də redaktor vəzifəsində və 18 saylı məktəbdə müəllim işləyirdi. Qazancı da pis deyildi. Balaca otağımızda Müşfiq dağ şəlaləsi kimi coşub-daşır, yazıb-yaradırdı. Müşfiqin bütün varlığı şeirlə nəfəs alırdı. O, məni yuxudan şeirlə oyadar, şeirlə söhbət edər, axşamlar şeirin xoş zümzümələri ilə yatırardı"...

Dilbər Axundzadə xatirələrində təkcə özünün yaşadıqlarını yazmırdı. Həmçinin Müşfiqlə birgə oxuyan, Müşfiqin dərs dediyi, Müşfiqin müəllim, dost bildiyi insanların da şair haqqındakı topladığı xatirələrindən bəhs edir, özlərinin də iştirakçısı olduğu dönəmin yazıçı və şairlərinin həyatlarından qısa bilgilər verirdi. Məsələn, Səməd Vurğunun toy mərasiminin necə keçdiyini də xatirələrdən oxuyuruq. 

Dilbər Axundzadə təkcə Müşfiqlə olan sevgilərindən deyil, həmçinin Müşfiqin uşaqlığından, tələbəliyindən, ilk kitablarının çapından, onun ədəbi dərnəklərdəki fəallığından yazır.

***

Xızı şəhərində Müşfiqin ev-muzeyi fəaliyyət göstərir. Orada olanlar bilir ki, Müşfiqə aid əşyalar, kitablarla yanaşı bir tar da var. Bugün üçün hansısa musiqi aləti çox şey ifadə etməsə də, Müşfiqin yaşadığı dönəmi bilənlər bilir ki, Sovet hökuməti bütün köhnə adətlərə, o cümlədən, tara da qarşı çıxmışdı...

"Bir gün Qurban müəllim bizə halı çox pərişan gəldi. O, öz kədərini büruzə vermək istəmirdisə də, biz bunu hiss edirdik. Müşfiq dedi:

- Qurban müəllim, halınız birtəhərdir, yoxsa qəlbinizə dəyən olub?

O, incik səslə cavab verdi:

- Yəqin, sən də eşitmiş olarsan, tarı bir musiqi aləti kimi qadağan etmək istəyirlər..."

Müşfiq məşhur tarzən Qurban Primovla dost idi. Müşfiq dönəmin gənc şairi kimi köhnəliklə mübarizəni dəstəkləyirdi. Məsələn, latın əlifbasına keçidlə bağlı şeir də yazmışdı. Amma tarın qadağan edilməsi onun üçün bir faciə idi. Çünki Müşfiqin özü də tarı çox sevirdi. Yaxşı ifa etməyi bacarmasa da, Dilbər xanım da tar çalmağı bacarırdı.

Evdə edilən bu kədərli söhbətdən sonra Qurban Primov "Yetim segah"ı ifa edir, Müşfiq isə bu ifada məşhur "Oxu tar" şeirini yazır... Tar isə təbliğata baxmayaraq qadağan olunmur.

Evlilik dönəmində onlar sevgi dolu həyat yaşayırlar. Müşfiq yaradıcılıqda uğurla irəliləyir, artıq onu hər kəs tanıyır, şəxsi həyatlarında isə hər şey qaydasında gedirdi. Müşfiq yaradıcılıq fəaliyyətini təkmilləşdirmək üçün tanış olduğu insanlardan bəhrələnir, hətta bir əsərinə görə qaraçıların alaçığına qədər gedib çıxır.

Belə günlərin birində, o, ən əziz adamlarından birini itirir. Ölümünə şeir yazdığı Cəfər Cabbarlını. O dönəmlərdə əsərləri haqsız tənqidə məruz qalanlardan biri də Cəfər Cabbarlı idi.

Bir dəfə iclasların birində Cəfər növbəti dəfə haqsızlığa məruz qaldığına görə bərk əsəbiləşir və onun bu halını görən Müşfiq dramaturqu evinə gətirir. Cəfəri evlərinə ötürəndən sonra Müşfiq Dilbərə deyir:

"Məni düşündürən tamam başqa bir şeydir. Cəfərin ürəyi xəstədir. Ona görə də mən onu qoruyuram. Əsəbiləşən vaxtı tək buraxmıram. Həkimlər ona dəyərli məsləhətlər verirlər, heç bilmirəm əməl edəcəkmi?"

Təəssüf ki, Cəfər Cabbarlı ürək ağrılarına dözə bilmir...

***

Mikayıl Müşfiqin yaradıcılığını bilənlərə bəllidir ki, gənc şair Sovet hökumətini kifayət qədər tərifləyib, Dilbər xanımın xatirələrində bu fakt vurğulanıb. Üstəlik, nəzərə alaq ki, Müşfiqin vaxtında Sovet Azərbaycanında yeni quruculuq dönəmi idi, gənc şair və müəllim dövrün ab-havasına uyğun olaraq bu yeniliklərə biganə qala bilməzdi. Lakin Müşfiqin mühacirətdəki müsavatçılarla əlaqə qurmaq və əksinqilabi fəaliyyətdə bulunmaq ittihamı ilə güllələnməsi göstərir ki, bu, onun ölümü üçün qurulmuş oyun idi. Çünki tarixi faktlara görə repressiya illərində yerli hökumətlərə filan sayda, filan statuslu insanların güllələnməsi, sürgün edilməsi əmri verilmişdi.

Repressiyaya məruz qalan ziyalılar arasında mühacir müsavatçılarla əlaqədə olan, yaradıcılığında ezop dilində buna yer verənlər vardısa da, Müşfiq kimi gənclər isə sadəcə saya görə öldürülmüşdü.

Amma məhz niyə Müşfiq sualı da haqlı olaraq ortaya çıxır?

Bəzi versiyalara görə, Dilbər Axundzadə gözəl qadın olduğuna görə, onu əldə etmək üçün Müşfiqi aradan götürmək istəyiblər. Burada hətta Mircəfər Bağırovun da adı hallandırılır. Digər versiyaya görə, Müşfiqin gənc yaşında ikən ölkədə tanınması, ard-arda uğur qazanması onun həmkarları tərəfindən qısqanılmasına və satılmasına səbəb olub.

Həqiqət isə odur ki, Müşfiq öldürüləndən sonra Dilbər Axundzadənin başına da min bir müsibət gətirildi.

1937-ci il noyabrın 1-də onun həbsi üçün də qərar çıxarılır, iki aylıq əzab-əziyyətli işgəncələrə dözməyən Dilbər xanım psixi gərginlik keçirir. O, 28 fevral 1938-ci ildə 1 saylı Əsəb Xəstəlikləri Xəstəxanasına müalicəyə göndərilir. Getdikcə qarabasmalar görən Dilbər xanımın vəziyyəti daha da çətinləşir. Buna görə də 7 mart 1939-cu ildə Respublika prokurorluğunun xüsusi işlər şöbəsi D.Axundzadənin həbsdən azad olunması üçün təqdimat yazır. 10 mart 1939-cu ildə NKVD-nin rəis müavini Kərimovun imzaladığı qərara əsasən D.Axundzadə həbsdən azad edilir və istintaq işi arxivə verilir...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.