Maraqlı

Bir, iki bizimki...

14 May 2013 18:01
0 Şərh     Baxış: 1 967
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Həyatımızı rəqəmlərsiz təsəvvür etmək çətindir. Rəqəmlər doğum günümüzdə, təqvimdə, saatlar, hətta saniyələrdə əks olunur. Bundan başqa, yaşadığımız mənzillərin evi, mindiyimiz avtobusun, başqa nəqliyyat vasitələrinin nömrəsi var. Bəzi şeylərin, misal üçün, qəbzlərin və ya mobil telefonların da nömrələrinin olması mütləqdir.

Ezoterik Vahid Dadaşovun sözlərinə görə, rəqəmlər insanı hər tərəfdən əhatə edir. Hələ qədim zamanlardan hesab olunur ki, rəqəmlərin insanın həyatına təsiri qaçılmazdır. İnsanın dünyaya gəldiyi gün, həftə və ilin rəqəmləri ilə onun xasiyyətini, maraqlarını, bacarıqlarını, həyatda üzləşə biləcəyi problemləri öyrənmək olur. V.Dadaşov deyir ki, rəqəmlərin insanın həyata təsirini və mənasını bilməklə onu bir çox bəlalardan qurtarmaq, həyatında yaxşı hadisələrin sayını artırmaq, insanı düzgün yola istiqamətləndirmək mümkündür. "Belə ki, insanın həyatı rəqəmlərlə kodlaşdırılıb. Bu kodu açmaq isə çox çətindir. Lakin rəqəmlər haqqında ümumi informasiyanı bilib onun təsirindən faydalanmaq müsbət nəticə verər. Misal üçün, bəzi rəqəmlər və onların kombinasiyası uğurlu, bəzilərinki isə uğursuz hesab olunur. Bu baxımdan da 13, 666 rəqəmlərindən ehtiyat edənlər, 8, 7, 3 kimi rəqəmləri isə uğurlu sayanlar kifayət qədərdir. Həm də bu rəqəmlər öz mənalarını əsrlər boyu dəyişmir".

Müsahibimizə görə, bəzi adamlar 13 rəqəmindən elə qorxur ki, bu rəqəmdən qaçırlar. Nömrəsi 13 olan mənzillərdə yaşamır, belə evlərə qonaq getmir, bu rəqəmi xatırladan yerlərdən qaçırlar. Bəzi insanlar isə həmişə hansısa rəqəmlərin onları təqib etdiyini düşünür və bunda xüsusi məna axtarmağa çalışırlar.

Hər bir rəqəmin öz mənası var. Rəqəmlərin mənasını bilərək həyatımızı qismən də olsa idarə edə bilərik. Məsələn, 1 rəqəmi güc, enerji, həyat, birlik, başlanğıc, kosmos, iradə, aqressiya, liderlik rəmzidir. 1 rəqəmi həmişə bir olmaq, birlik sözü əvəzinə də işlədilir və eyni mənanı ifadə edir. 2 rəqəmi isə bütövün bölünməsi deməkdir. Bu rəqəm həm də əks xüsusiyyətlər, bacarıqlar, istəklər kimi də başa düşülür. Misal üçün, şəxsiyyətin ikiləşməsi, dəyişməsi və s. 2 - gecə və səhər, işıq və qaranlıq, gözəllik və eybəcərlik mənalarını da verir. 3 rəqəmi isə yeni keyfiyyətlərin formalaşması, əksliklərin barışması, dünyanı olduğu kimi qəbul etmək deməkdir. 3 şən, qayğısız, həyatından və özündən razı və saf körpədir. 4 rəqəmi maddiyyat rəmzidir. Bu rəqəm nizam, qayda-qanun, təməl, dayanaqlılıq mənaların verir. Kvadratın dörd tərəfi olduğu üçün 4 rəqəmi də kvadrat kimi başa düşülür. 5 rəqəmi inkişaf, hərəkət, risk, axtarış, azadlıq, səyahət mənalarını verir. 5 rəqəmi uğurlu rəqəm sayılır və daha çox mənəvi maraqları ifadə edir. İnsanlar həmişə öz xeyri üçün bu rəqəmdən istifadə etməyə çalışıblar. Bəzilərinin qorxduğu 6 rəqəmi isə mənəviyyatla maddiyyatın hormoniyası hesab olunur. Bu rəqəm sabitlik, etibarlılıq, ailə və zəhmətkeşlik rəmzidir. 7 rəqəmi isə uğurlu rəqəm sayılır. Bu rəqəmin xüsusi cazibə qüvvəsi var. 8 rəqəmi karyerada yüksəliş, maddi vəziyyətin yaxşılaşması, var-dövlət mənasını verir. Həyatında 8 rəqəmi tez-tez rast gəlinən adamlar mütləq uğurlu olur, maddiyyatla bağlı hər bir işləri alınır. Belə adamların ticarətdən başı çıxır, işgüzar olur, biznesdə müvəffəqiyyət qazanırlar. Ümumiyyətlə, 8 rəqəmi uğur və dəbdəbəni özünə cəlb edən rəqəmdir. Rəqəmlərdən ən böyüyü olan 9 həyatın bütün sahələrində uğur gətirir. Həyatında əsas rəqəmlərdən biri 9 olan insanlar sevgidə, karyerada uğur qazanırlar. Bu rəqəm həm də uzunömürlülük rəmzidir.

Ezoterikin dediyinə görə, bir neçə rəqəmlərin vəhdəti isə nisbətən fərqli məna verir. Misal üçün, 6, 8, 9 rəqəmlərinin vəhdəti insanın həyatına müsbət təsiri ilə seçilir. Bu baxımdan "168", "7788", "8888" və "8998" kimi rəqəmlərin kombinasiyası daha uğurlu hesab olunur. "1 rəqəmi digər rəqəmlərlə birgə işlənildikdə uğur gətirir. 1 həm də "uduş" deməkdir. Bu rəqəm başqa uğurlu rəqəmlərin təsirini daha da qüvvətləndirir. Misal üçün, 1888, 198, 1898, 1389, 8181, 1818. İki rəqəmi isə başqa rəqəmlərlə işlənildikdə rahatlıq mənasını verir. Uğurlu rəqəm olan 3 başqa rəqəmlərlə yanaşı gəldikdə həyat, inkişaf mənasını verir. 3 rəqəmi ilə olan kombinasiyalar çox məşhurdur. Məsələn, 328 - biznesdə rahat pul qazanmaq deməkdir".

Onun sözlərinə görə, 4 rəqəmi ilə başqa rəqəmlərin işlənməsi isə təhlükəlidir. Çinlilər 4 rəqəmindən xüsusilə qorxurlar. Onlar 4-ü ölüm kimi başa düşürlər. Ən uğursuz rəqəm vəhdəti isə 24 hesab olunur. Belə ki, 24 rahat ölüm deməkdir. Ümumiyyətlə, sonu 4 ilə bitən rəqəmlər təhlükəli hesab olunur. Bəzən bu səbəbsiz ölüm kimi də başa düşülür. 5-in iştirakı ilə olan rəqəmlər isə "olmaz", "niyyətin baş tutmayacaq", "olmayacaq" mənasını daşıyır. Bu baxımdan 45 rəqəmi ölüm olmayacaq deməkdir. Lakin 5 rəqəminin uğurlu rəqəmlərlə işlənilməsi yaxşı bir şeyin və ya uğurun olmayacağını, işlərinizin baş tutmayacağını, hər şeyin pis nəticələnəciyini göstərir. Məsələn, 51 "uduş olmayacaq" mənasını verir. "6-nın başqa rəqəmlərlə birləşməsi isə var-dövlət, gəlir deməkdir. 6-lıqda həm də uğurlu hesab olunan iki 3 rəqəmi yerləşir. 6 malik olduğunuz var-dövlətin iki dəfə artmasıdır. Məsələn, 368, 186 kimi rəqəmlər sizin daim yaxşı gəlirinizin olduğuna işarə edir. 68 isə çoxlu pul deməkdir. 7 rəqəminin digər rəqəmlərlə işlənilməsi əminlik mənasını verir. Uğurlu rəqəmlərlə o, müsbət məna daşıyır. Bu baxımdan, 17 - udacağına əmin ol, 78 - varlı olacağına əmin ol deməkdir. Amma bu rəqəmi uğursuz rəqəmlərlə istifadə etmək olmaz. Uğursuz rəqəmlərlə 7-nin işlənilməsi "hər şeyin pis nəticələnəcəyinə şübhə etmə" deməkdir. Bu baxımdan 74, 57 kimi rəqəmlərin kədərli mənası var. 74 - mütləq ölüm gözlənilir, 57 - olmayacaq, ümid bəsləmə deməkdir".

8 rəqəmininsə başqa rəqəmlərlə vəhdəti uğurludur. Məsələn, 18 - uğurlu uduş, 88 - var-dövlət mənasını verir. 9 rəqəmi də çox uğurlu hesab olunur. Bu rəqəm digər rəqəmlərlə işləndikdə "sağlamlıq" və "uzunömürlük" mənasını verir.

V.Dadaşov xüsusilə də bir-birinin əksi olan rəqəmlərə fikir verməyi məsləhət görür. Dediyinə görə, 12 və 21, 32 və 23 rəqəmlər xüsusi sayılır. "Eləcə də bir-birini təkrarlayan rəqəmlərin həyatımızda rolu böyükdür. Misal üçün, 11:1, 12:12, 23:23, 00:00".

Ekspress.az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.