Kriminal

Seyidrəsul Nuranəni öldürdükdən sonra 3 gün heç kimin xəbəri olmayıb - detallar - YENİLƏNİB

21 May 2025 23:54
Baxış: 1 156
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

23:54

"Gəlinim mart ayından sonra evə gəlməyib".

Bunu Sabirabadda 16 yaşlı gəlini qətlə yetirməkdə təqsirləndirilən Seyidrəsul Talıbzadənin atası Mirmövsüm Talıbov Oxu.Az-a hadisə ilə bağlı danışarkən bildirib.

M.Talıbovun sözlərinə görə, bir il əvvəl qızla oğlan tanış olub və bir-birini seviblər:

"Bu barədə hər iki tərəf məlumatlı idi. Bir gün oğlum qızla birlikdə gəldi, dedi ki, götürüb qaçmışam. Qızın anası, xalası və nənəsi gəldilər. Dedim ki, soruşun görün, qız getmək istəyir? Qızdan soruşdular, qız dedi ki, getmirəm, mən oğlanı sevirəm. Mən də dedim: Allah mübarək eləsin. Razılaşdıq, evləndilər. Bu vaxta qədər oğlanla qız arasında ciddi problem olmayıb. Hər ailədə xırda söz-söhbət olur, bunlarda da arada olurdu".

M.Talıbov əlavə edib ki, qız mart ayında anasını çağırıb:

"Anası xalası ilə gəldi, dedilər ki, dolana bilmirlər, aparaq. Qızı da götürüb getdilər. Mart ayından sonra qız geri qayıtmayıb".

Atanın sözlərinə görə, bir neçə gün əvvəl oğlu ondan 20 manat pul istəyib:

"Dedi ki, işə gedir. Mən də verdim. Axşam evə qayıtdı, səhər tezdən yenə getdi. Sən demə, polisə təslim olmağa gedibmiş. Dünən günorta mənə xəbər verdilər ki, polis çağırır. Getdim, dedilər ki, oğlun arvadını öldürüb, təslim olub. Biz də bundan sonra bildik ki, qızı 3 gün əvvəl öldürüb".

Gəlinin bir həftə əvvəl ata evindən qayıtması barədə yayılan məlumatlara gəlincə, M.Talıbov bunu təkzib edib:

"Atası da mənim kimi şokdadır, nə danışdığını bilmir. Qızın atası anasından boşanmışdı, başqa ailəsi də var. O qadından da iki uşağı var. Qız atası ilə yox, anası ilə yaşayırdı. Seyidrəsul da qızı anasının yanından qaçırıb".

M.Talıbov bildirib ki, oğlu hazırda Sabirabad Rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindədir:

"Heç kim belə hadisənin olmasını istəməzdi. Niyə olub, nə səbəbə olub, biz də bilmirik. Öz aralarında olan məsələdir. Oğlum məndən pulu alıb gedəndən sonra xəbər yayıldı. Gedib gördüm ki, camaat Kürün qırağına yığışıb. Onda bildik ki, gəlini oğlum öldürüb və Kür çayına atıb".

-------------
20:00

Sabirabad rayonunda 16 yaşlı gəlinin həyat yoldaşı tərəfindən qətlə yetirilməsi ilə bağlı bəzi məqamlar məlum olub.

Oxu.az-ın məlumatına görə, Seyidrəsul Talıbzadə 2009-cu il təvəllüdlü Nuranəni ötən il qaçırıb. Əvvəlcə qızın atası onların evlənməsinə razı olmayıb. S.Talıbzadənin atasının təkidindən sonra qız anasının vasitəsilə qoşulub qaçıb. Qızın atası onun arxasınca getsə də, qızı geri qaytara bilməyib.

Məlumata görə, S.Talıbzadənin ailəsi Sabirabadda ağır seyidlərdən sayılır və tikinti biznesi ilə məşğuldur. Rayon ictimaiyyəti onu "Mirmövsüm ağa" kimi tanıyır və hörmət edirmiş. Qızın atasının isə S.Talıbzadənin atası Mirmövsüm Talıbova borcu olub. Buna görə də qızın atası İlkin Ələsgərov qızını geri ala bilməyib.

Məlumatda o da qeyd edilir ki, hadisədən bir həftə əvvəl S.Talıbzadə ilə Nuranə arasında mübahisə olub. Mübahisə isə rəsmi nikaha görə olub. Belə ki, Seyidrəsul Nuranə ilə söhbət edərkən ona: "Səni istədiyim vaxt çıxarıb küçəyə ata bilərəm, heç kim də mənə heç nə edə bilməz", - deyib. 16 yaşlı gəlin isə bu söhbətdən sonra S.Talıbzadədən rəsmi nikah tələb edib. S.Talıbzadə gəlinlə razılaşmayıb və ona dini kəbinin olduğunu deyib. Nəticədə qadın evi tərk edərək Şirvan şəhərinə - atasının evinə gedib. S.Talıbzadə və atası M.Talıbov bir neçə gün gəlini evə qaytarmaq üçün gəlsələr də, qızın atası buna razılıq verməyib. Sonuncu dəfə yox cavabı alan oğlanın atası İ.Ələsgərovdan borcunu tələb edib və ona bir gün vaxt qoyaraq evi tərk edib. Həmin gün axşam saatlarında S.Talıbzadə Nuranəni hədə-qorxu ilə götürüb Sabirabada, öz evinə gətirib.

Hadisədən üç gün sonra isə 16 yaşlı gəlin xüsusi amansızlıqla öldürülüb. Qadının meyiti bir gün evdə saxlandıqdan sonra izi itirmək üçün Kür çayına atılıb. Daha sonra qızın atasına məlumat verilib.

Məlumatda o da bildirilir ki, 2009-cu il təvəllüdlü qız qoşulub qaçandan sonra onun atası anasından ayrılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.