ABŞ-ın Florida ştatında yaşayan Mark Monciardo 2018-ci ildən etibarən spirtli içkilərdən tam imtina etsə də, mütəmadi olaraq sərxoşluq halı yaşayır.
Milli.Az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Həkimlərin bildirdiyinə görə, buna səbəb nadir rast gəlinən Avtopivə sindromudur - bu zaman spirt insan orqanizmində, xüsusilə bağırsaqlarda yaranır.
Mütəxəssislərin məlumatına görə, dünyada bu cür halların sayı 100-dən azdır. Sindromun mahiyyəti bağırsaqlarda maya göbələklərinin həddindən artıq artması ilə bağlıdır: onlar qida vasitəsilə qəbul edilən karbohidrat və şəkərləri fermentləşdirərək etanola çevirir. Nəticədə çörək və ya şirniyyat kimi adi qidalar belə qanda alkoqol səviyyəsinin yüksəlməsinə səbəb ola bilər.
Monciardo uzun müddət bu simptomların səbəbini anlaya bilməyib.
O, yorğunluq, lənglik və diqqət dağınıqlığını müəllim və məşqçi kimi gərgin iş rejimi ilə əlaqələndirib.
Lakin zaman keçdikcə hallar daha da ağırlaşıb: nitqdə anlaşılmazlıq, koordinasiya pozuntusu və şüur bulanıqlığı müşahidə olunub.
Bu vəziyyət ciddi nəticələrə gətirib çıxarıb. Kişi işini itirib, həmçinin Nyu-York ştatı ərazisində sərxoş vəziyyətdə avtomobil idarə etmə ittihamı ilə iki dəfə məsuliyyətə cəlb olunub. Bu hallardan biri onun artıq spirtli içkilərdən imtina etməsindən sonra baş verib.
Hazırda Monciardo vəziyyətinə nəzarət etmək üçün ciddi pəhriz saxlayır və müxtəlif qidaların orqanizmə təsirini izləyir. O, avtomobil idarə etməzdən əvvəl mütəmadi olaraq qanda alkoqol səviyyəsini yoxlayır və daim alkotesterlərdən istifadə edir.
Simptomlar həftədə bir neçə dəfə davam etsə də, kompleks müalicə və həkim nəzarəti sayəsində vəziyyətində irəliləyiş müşahidə olunur.
Onun sözlərinə görə, düzgün diaqnoz qoyulması həyatına nəzarət hissini geri qaytarıb:
"Ən çətin olan qeyri-müəyyənlik idi. İndi isə planım var və irəlilədiyimi hiss edirəm", - deyə o bildirib.
Milli.Az





