Azərbaycanlı samboçular Serbiyanın paytaxtı Novi-Sadda başa çatan gənclər və yeniyetmələr arasında Avropa çempionatında uğurla çıxış ediblər.
Milli.Az xəbər verir ki, Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədovun verdiyi məlumata görə, idmançılarımız yeniyetmələrin turnirində üç "bürünc", gənclər arasında isə bir qızıl, iki gümüş və bir bürünc medal qazanıblar.
Ceyhun Məmmədov bildirib: "Yeganə çempionumuz 98 kq çəki dərəcəsində çıxış edən Tuncay Şamil oldu. Elcan Ələkbərov (58 kq) və Mikayıl Əmirov (71 kq) "gümüş", Hacıbaba İmaməliyev (+98 kq) isə "bürünc" qazandı. Yeniyetmələr arasında isə bürünc medallara Əbdüllətif Musayev (53 kq), Yusif Hüseynov (58 kq) və Elşən Fərzəliyev (+98 kq) sahib çıxdılar".
Federasiya prezidenti qızıl medal sahibinin çıxışını xüsusi qeyd edib: "Tuncay üçün çox şadam. Onun cəmi 20 yaşı var, lakin o, artıq böyüklər arasında ölkə çempionatının bürünc mükafatçısı olmağı bacarıb. Hesab edirəm ki, cüdodan samboya keçid həm onun özü, həm də idman növümüz üçün uğurlu oldu".
Milli.Az





