Küçələrdə avtonom şəkildə hərəkət edən və yemək-bağlama çatdıran robotlar artıq bir çox şəhərin ayrılmaz hissəsinə çevrilib. Lakin bu texnoloji tərəqqi yeni bir problem gətirib - İnsanların müdafiəsiz robotlara qarşı kütləvi hücumları.
Milli.Az xəbər verir ki, ABŞ və Avropanın bir çox şəhərlərində çatdırılma robotlarının qarşısının kəsilməsi, onların aşırılması, təpiklənməsi və hətta içindəki məhsulların oğurlanması halları sürətlə artır. Sosial mediada bu "vandalizm" hərəkətlərini əks etdirən videolar trendə çevrilir.
Mütəxəssislər bu davranışın arxasında bir neçə amilin dayandığını qeyd edirlər. Bəzi insanlar bunu sadəcə "əyləncə" və ya diqqət çəkmək üçün edir, bəziləri isə robotların insanların iş yerlərini əlindən almasına qarşı bir növ "texnoloji etiraz" nümayiş etdirir.
Şirkətlər bu hücumların qarşısını almaq üçün robotları çox sayda kamera və sensorla təchiz edirlər. Bu kameralar vandalizm törədən şəxslərin üzlərini qeydə alır və dərhal mərkəzə xəbər göndərir.
Vandallıq halları şirkətlər üçün əlavə xərc yaradır və texnologiyanın tətbiqini ləngidir. Bəzi bölgələrdə bu hücumlar o qədər sıxlaşıb ki, şirkətlər həmin ərazilərə xidmət göstərməyi dayandırmaq məcburiyyətində qalırlar.
Lalə Qüdrətova
Milli.Az





