Məişətdə istifadə etdiyimiz bir çox elektron cihazı söndürdüyümüzü düşünsək də, onlar "gözləmə" (standby) rejimində enerji sərf etməyə davam edirlər. Mütəxəssislər bu cihazları "vampir cihazlar" adlandırırlar.
Milli.Az xəbər verir ki, televizor, oyun konsolu, mikrodalğalı soba və ya qəhvə maşını kimi cihazlar pultla və ya düymə ilə söndürülsə də, əgər şnur elektrik yuvasındadırsa (rozetka), daxili dövrələr və kiçik LED işıqlar enerji çəkməyə davam edir. Bu "gizli" istehlak ay sonunda faturanın əhəmiyyətli hissəsini təşkil edə bilər.
Çoxumuz telefonu şarjdan çıxardıqdan sonra adapteri rozetkada saxlayırıq. Adapter telefona bağlı olmasa belə, daxilindəki transformator işləməyə davam edir və cüzi də olsa enerji sərf edir. Evdəki bütün adapterlərin (telefon, planşet, noutbuk) daimi rozetkada qalması faturanı süni şəkildə artırır.
Modemlər il boyu 24 saat fasiləsiz işləyən nadir cihazlardandır. Gecə istifadə olunmadığı saatlarda modemi açıq saxlamaq həm enerji itkisidir, həm də cihazın ömrünü qısaldır.
Müasir televizorlar və oyun konsolları sürətli açılma üçün "hazır vəziyyətdə" qalırlar. Bu rejim cihazın sanki tam işləyirmiş kimi enerji sərf etməsinə səbəb olur.
Bütün cihazları tək-tək çıxarmaq çətindirsə, düyməli uzadıcı (setevoy) alın və yatmazdan əvvəl tək bir düymə ilə bütün enerjini kəsin.
İşiniz bitən kimi şarj cihazlarını çıxarın.
Köhnə nəsil soyuducu və paltaryuyan maşınlar yeni "A+++" sinifli cihazlardan 2-3 dəfə çox enerji sərf edir.
Lalə Qüdrətova
Milli.Az





