Özbəkistanda Türk tarixi üçün mühüm əhəmiyyət kəsb edən bir kəşfə imza atılıb. Qərbi Göytürk dövrünə aid olduğu bildirilən və üzərində "Türk-Xaqan" ifadəsi yazılmış qədim metal sikkə tapılıb.
Milli.Az xəbər verir ki, Türk pulunu tapan Özbəkistan Elmlər Akademiyası Milli Arxeologiya Mərkəzinin mütəxəssisi Prof. Dr. Qayıbulla Babayarov bu sikkənin hansı Türk xaqanına aid ola biləcəyi, yazının necə oxunduğu və bu tapıntının Türk tarixi baxımından əhəmiyyəti barədə ətraflı məlumat verib.
Çat (indiki Daşkənd) bölgəsində aşkarlanmış bu sikkə, Sogd yazısı ilə yazılmış sikkələr arasında yer alır və "Türk-Xaqan" ifadəsi ilə xüsusi maraq doğurur.
Prof. Dr. Qayıbulla Babayarov bildirib ki, Daşkənd bölgəsindəki qədim şəhər qalıqlarından tapılmış bürünc sikkələr arasında 20-dən çoxu Qərbi Göytürk Kağanlığına aiddir.
Bu sikkələrdən:
3-ü "żpγw" - yəni "Yabğu",
5-i "cpγw x'γ'n" - "Yabğu-Xaqan",
9-u isə "x'γ'n" - "Xaqan" ünvanları ilə hazırlanıb.
Qalan sikkələrin isə yazısız olduğu qeyd olunub.
Ən diqqətçəkən məqam isə budur ki, iki fərqli sikkə növü üzərində Sogd yazısı ilə "tw̐rk x'γ'n" - yəni "Türk-Xaqan" ifadəsi yer alır. Babayarov bu tapıntının xüsusilə önəmli olduğunu vurğulayıb və bunun Türk siyasi kimliyinin sikkə üzərində ilk dəfə açıq şəkildə görünməsi baxımından əlamətdar olduğunu deyib.
Kənan
Milli.Az