Maraqlı

Restoranlarda həşərat və gəmirici problemi: Nə etməli?

2 Aprel 2024 13:38
Baxış: 654
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Restoranda yemək sifariş edirsiniz, üzərində tarakan görürsünüz. Yaxud salonda siçanla rastlaşırsınız. Reaksiyasını təsəvvür etmək çətin deyil. Bəli, müştəri iyrənir. Təbii ki, qidanı yeməkdən və ödənişdən imtina edə bilər. Ən yaxşı halda restoran sifarişi yenisi ilə əvəzləyəcək. Bu da o halda baş verir ki, müştəri oranı tərk etməsin. İtirilmiş müştəri başqalarına da həmin məkana gəlməməyi tövsiyə edə bilər. Beləcə bir və daha çox müştəri itirilir. Müştərinin infeksion xəstəliklərə yoluxması və zəhərlənməsi halları riski daha da artırır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu, restoran üçün daha böyük problemlər yarada bilər. Sanitar-gigiyenik və qida təhlükəsizliyi qaydalarına əməl etməyən, istehlakçıların hüquqlarını pozan xidmət müəssisəsi ciddi tədbirlərlə, cərimələrlə qarşılaşar və bu qədər itkilərə tab gətirməyib müflisləşər. Hətta bağlana da bilər. Restoranlarda çox yayılmış zərərvericilər bunlardır: tarakan, qarışqa, milçək, siçan, siçovul və s.

Onlar qusma, nəcis və ayaqlarında daşıdıqları mikroblarla infeksion xəstəliklər yaymaqla yanaşı, qida zəhərlənməsinə də səbəb olurlar. Sürətlə artan tarakanlar yüzlərlə xəstəliyin, o cümlədən hepatitin yayıcılarıdır. Milçəklər qısa müddətdə hər yeri çirkləndirə bilir. Bir qarışqa restorana girdisə, onun ləpirinin qoxusunu alan yüzlərlə, minlərlə sürü gələcək. Bəzi həşəratlar dənli, paxlalı məhsulların, çərəzlərin və digər ərzaqların içərisində restorana daxil olur. Bunlara güvələr, gənələr və s. daxildir. Onlar məhsulların dadını pisləşdirməklə yanaşı, allergik reaksiyalara da səbəb olurlar.

Gəmiricilər qidaları yeyib azaltmaqla yanaşı, leptospiroz (qaraciyəri, böyrəkləri, əzələləri, kapilyarları, sinir sistemini zədələyən infeksiya) Sibir yarası, quduzluq, bruselyoz kimi xəstəliklərin yayıcılarıdır. Zərərverici problemini öncədən aradan qaldırmaqla gələcəkdə biznesinizi tətikləyəcək daha böyük təhlükələrin qarşısını almış olursunuz. Əvvəlcə onları aşkar etmək lazımdır. Məlumdur ki, zərərvericilər istilik, qida, su olan yerlərə yığışırlar. Əsasən də mətbəxdə sanitar vəziyyət aşağı səviyyədə olduqda münbit şərait yaranır.

Restoranda müntəzəm təmizliyə diqqət etmək vacibdir. Salonda masalar və oturacaqlar tez-tez silinib təmizlənməlidir ki, qida qırıntıları zərərvericiləri cəlb etməsin. Mətbəxdəki əşyalar təmiz saxlanmalıdır. Qida qırıntıları, maye damcıları töküldükdə tez aradan qaldırılmalıdır. Kanalizasiya xətləri, künclər diqqətdə saxlanılmalıdır. Buralar siçan, siçovul, tarakan, gümüş böcəyi və digərlərinin yuvası ola bilər. Dəliklər bağlanmalıdır. Restorana alınan ərzaqların içərisi yoxlanmalıdır. Zibil qutuları həşərat və gəmiriciləri cəlb edir. Onlar məkandan uzaqda olmalıdır. Qutularda torbalardan istifadə edilməlidir. Qapağı sıx bağlanmalıdır.

Restoran və digər ictimai iaşə obyektlərində həşərat və gəmirici problemi varsa, mütləq dezinfeksiya (bakteriyalara qarşı mübarizə), dezinseksiya (həşəratlarla mübarizə tədbirləri) və deratizasiya (gəmiricilərə qarşı mübarizə) tədbirləri həyata keçirilməlidir. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.